Mədəniyyətlərası
dialoq xalqları yaxınlaşdıran güclü vasitədir
Məlum olduğu kimi, artıq ikinci dəfə Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. İlk dəfə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və himayəsi ilə 7-9 aprel 2011-ci ildə Bakıda təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha təcdiq etdi ki, bu, dünya xalqlarının mədəniyyətlərinin inteqrasiyasına güclü təsir imkanlarına malikdir.
Cənab Prezident I Forumdakı çıxışında demişdir: “Mən ümid edirəm ki, Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi xarakter alacaqdır. Bundan sonrakı illərdə də Azərbaycanda belə tədbirlər keçiriləcək və mən tam əminəm ki, hər bir belə tədbir böyük məna daşıyır. Sadəcə olaraq, görüşüb fikir mübadiləsi aparmaq kifayətdir ki, artıq müsbət bir impuls verilsin. Nəzərə alsaq ki, bugünkü tədbirin çox dəqiq və konkret nəticələri olacaq, mən buna əminəm, əlbəttə ki, bu, xalqları daha da birləşdirəcək və insanlar arasında dostluq, mehriban qonşuluq əlaqələrini daha da gücləndirəcəkdir”.
Dövlət başçısının bu müdrik, uzaqgörən fikirləri artıq özünü doğrultmuşdur Əvvəlcə birinci forum haqqında bəzi məlumatları nəzərə çatdırmaq istərdik. Həmin forumda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə yaxın ölkədən nazir, dünyanın nüfuzlu beyin mərkəzlərinin və media qurumlarının nümayəndələri, ümumilikdə, dünyanın bütün qitələrindən 500-ə yaxın xarici ölkə nümayəndəsi iştirak etmişdir. Forum çərçivəsində “Sülh və dialoqa nail olmaq üçün mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik”, “Mədəniyyətlərarası dialoqu mənalı etmək: mədəniyyət, incəsənət və irs”, “Qadınlar mədəniyyətlərarası dialoqun vacib iştirakçıları kimi”; “Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası əlaqələrə təsiri”; “Dünya dinləri arasında mədəniyyətlərarası dialoq”, “Mədəniyyətlərarası dialoqun və əməkdaşlığın inkişafına dair yeni təşəbbüs və layihələrin təqdimatları”na dair sessiyalar keçirilmişdir.
Qadınların mədəniyyətlərarası dialoqun təbliğində roluna həsr olunmuş sessiyada 2008-ci ilin 10-11 iyun tarixində Bakıda Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın nəticələri və gələcək perspektivləri müzakirə edilmişdir. Bu sessiyada Mehriban xanım Əliyevanın çıxışı forum iştirakçılarının geniş marağına səbəb olmuş və dialoqun təbliğində beynəlxalq səviyyədə qadınların vacib rolunu ifadə etmişdir.
Forum çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Avstriya Federal Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Yəhudilər, xristianlar və müsəlmanlar: Mədəniyyətlərarası dialoq orta əsr əlyazmalarında” sərgisi və milli səviyyədə mədəniyyətlərarası dialoqa həsr edilən fotomüsabiqə, “Mədəniyyət paytaxtlarının dialoqu” layihəsi çərçivəsində Azərbaycan və Litva sənətçilərinin birgə çıxışı ilə “Küləyin nağılları” tamaşası təşkil edilmişdir.
Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri, məşhur incəsənət xadimləri forumun keçirildiyi ərəfədə Bakıda olmuş, Azərbaycanın milli mənəvi dəyərləri, adət ənənələri, kulinariyası ilə yaxından tanış ola bilmişlər. Qitələrarası mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədilə forum çərçivəsində Azərbaycan tərəfindən “5 A - Mədəniyyətlərarası Əməkdaşlıq Platforması” təklif edilmişdir. Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində “A” hərfi ilə başladığını nəzərə alaraq simvolik olaraq yeni platformanın adı “5 A” kimi göstərilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə keçdiyini və beynəlxalq arenada xüsusi əks-səda doğurduğunu, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkəmizin tolerant mədəniyyətinin və tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması, İslam dünyası ilə qərb sivilizasiyası və digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində ölkəmizin vacib rolunu nəzərə alaraq, bu tədbirin iki ildən bir keçirilməsi barədə xüsusi fərman imzalamışdır.
Budur, artıq may ayının 29-dan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakıda ikinci dəfə öz işinə başlayır. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edirlər. Forum çərçivəsində Azərbaycanın Şərqlə-Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcəkdir. Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, o cümlədən Əfqanıstanın mədəniyyət və informasiya naziri Səyid Makdum Rahin, Banqladeşin mülki aviasiya və turizm naziri Məhəmməd Faruk xan, Burundinin gənclər, idman və mədəniyyət naziri Adolf Rukenkanya, Litvanın mədəniyyət naziri Sarunas Birutis, Montenegronun mədəniyyət naziri Branislav Mikunoviç, elm naziri Sanca Vlahoviç, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 28 may.- S. 7.