“Qədim qalanın yuxuları”nı danışan kitab

 

Tariximizin bir parçası olan daş kitabələrin oxunmamış, sirli-soraqlı keçmişini araşdırıb, onu oxucuya çatdırmaq istiqamətində atılan hər bir addım təqdirəlayiqdir.

Ən azı ona görə ki, bu sükuta dalmış, daşlaşmış memarlıq abidələrimizin hər biri milli kimliyimizin, tariximizin, mədəniyyətimizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması üçün olduqca vacibdir. “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İRS Publishing House” Çap Evi tərəfindən buraxılmış İçərişəhər memarlıq abidəsinə aid “Qədim qalanın yuxuları” adlı kitab da məhz bu qəbildəndir.

Nəfis tərtibatlı, xüsusi dizayn və zövqlə hazırlanmış, müasir Bakının ən qədim hissəsi olan və UNESCO tərəfindən ümumdünya mədəni irs siyahısına salınmış İçərişəhərə həsr olunan bu kitabda oxucular bəşəriyyətin maddi irsinin qorunduğu məşhur muzey və ekspozisiyalarda nümayiş etdirilən bənzərsiz mədəniyyət nümunələrinin çoxsaylı fotoşəkilləri ilə tanış ola biləcəklər. Onların həmin ekspozisiyalarda tutduğu yer Azərbaycan xalqının dünya sivilizasiyasının inkişafına verdiyi töhfənin əhəmiyyətinin daha bir göstəricisidir. Son minilliklərin hadisələr panoramında Bakının salnaməsi Dünya Tarixi adlı nəhəng mozaikanın parlaq və qiymətli fraqmentidir.

Layihənin rəhbəri, baş redaktor Musa Mərcanlı, elmi redaktoru tarix elmləri doktoru Kamil İbrahimov, elmi məsləhətçisi isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, memarlıq doktoru, professor Cəfər Qiyasidir.

Kitab Bakının Şirvanşahlar dövlətinin inzibati, iqtisadi və mədəni mərkəzinə çevrildiyi orta əsrlər dövrünə həsr edilmişdir. Kitabda İçərişəhərin yaranma tarixi, orta əsrdə bakılıların həyat tərzi, ailə münasibətləri, ev əşyaları, geyimləri, Böyük İpək Yolu üzərində Bakının yeri və digər məqamlar öz əksini tapmışdır.

Bu dəyərli topluda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində saxlanılan eksponatların fotoşəkillərindən istifadə olunmuşdur.

Kitabda yer almış “Şəhər içində şəhər”, “Bakı və bakılılar”, “Qala keşikçiləri”, “Böyük İpək yolu üzərində” və digər sərlövhəli məqalələr oxucunu doğma paytaxtımızla daha yaxından tanış edir.

Kitabda qeyd olunur: “Azərbaycanın çoxsaylı tarixi-memarlıq və maddi mədəniyyət abidələrinin arxasında onun xalqı dayanır. Arxeoloji artefaktlar, memarlıq və mədəniyyət abidələri vasitəsilə bütöv xalqın intellektual, emosional və mənəvi özünəməxsusluğu barədə təsəvvür formalaşır. Bu abidələrin hər biri yarandığı dövrün ictimai-siyasi hadisələrini, ulu nəsillərin arzu və istəklərini, estetik zövqünü əks etdirən daş salnamələrdir. Onların aşkar edilməsi, təsviri, təqdimi və təbliği “İrs” silsiləsinin başlıca məqsədidir. Bu silsiləyə daxil olacaq nəşrlər Azərbaycan respublikasının keçmiş və bu gününün mənzərəsini canlandıracaqdır. Bu seriyadan olan ilk kitab “Qədim qalanın yuxuları” adlanır...

Kitabda yer almış bu və digər fikirlər, tarixi faktlar, fotoşəkillər bir daha xalqımızın tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin qədimliyindən, özünəməxsusluğundan, bizə başucalığı gətirdiyindən xəbər verir.

Azərbaycan və ingilis dillərində çap olunmuş, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “Qədim qalanın yuxuları”ndan bəhs edən kitab İçərişəhərin tarixi ilə maraqlanan hər bir kəsə dəyərli töhfə olacaqdır.

 

AzərTAc

 

Xalq qəzeti.- 2013.- 30 may.- S. 8.