Muxtar respublikanın abad
yaşayış məntəqələrinin sırası
genişlənir
Culfa rayonunun Teyvaz kəndində kompleks
quruculuq işləri
aparılmışdır
Muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, şəhər və kəndlərin simasının nəzərəçarpacaq dərəcədə yeniləşməsi bir məqsədə - əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Kəndlərdə müasir infrastrukturun yaradılması - yeni məktəb binalarının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyalarının tikilməsi, abad yolların salınması isə yaşayış məntəqələrinin inkişafına səbəb olmuşdur. Bu inkişaf və tərəqqi Culfa rayonunun kəndlərini də əhatə etmişdir. Oktyabrın 31-də Culfa rayonunun Teyvaz kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Teyvaz kənd tam orta məktəbinin yeni
binasının açılışı olmuşdur
Təhsilin inkişafı dövlətin və xalqın etibarlı gələcəyinin təminatıdır. Müasir tədris infrastrukturu isə bu inkişafı şərtləndirən amildir. Bu mənada muxtar respublikamızda məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir.
Oktyabrın 31-də Culfa rayonunun Teyvaz kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Məktəbin direktoru Əsgər Abbasov çıxış edərək demişdir ki, muxtar respublikada təhsil sahəsində aparılan quruculuq işləri Culfa rayonunu da əhatə etmişdir. Bu gün rayonun ucqar dağ kəndi olan Teyvazda yeni məktəb binası istifadəyə verilir. Məktəb binasında yaradılan şərait kollektivi daha yaxşı işləməyə ruhlandırır, təhsilin keyfiyyətini yüksəltməyə, qarşıya qoyulan vəzifələrin daha məsuliyyətli yerinə yetirilməsinə sövq edir. Əsgər Abbasov yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin sədri Teyvaz kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün ölkəmizdə təhsilin inkişafına xüsusi qayğı göstərilir. Çünki təhsil hər bir dövlətin gələcəyidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır”.
Ali Məclisin Sədri demişdir: Bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq kifayətdir. Bu gün Azərbaycanda gənclərə göstərilən qayğı, yaradılan şərait ölkəmizin gələcəyinə xidmət edir. İntellektli, savadlı və vətənpərvər gənclik isə məktəblərdə hazırlanır. Məktəblər təkcə təhsil verən müəssisələr deyil. Onlar həm də ölkənin gələcəyinə xidmət edən bir sahədir. Ona görə də məktəblərdə yaxşı təhsil verməklə yanaşı, şagirdlərin əsl vətəndaş kimi formalaşdırılması da diqqət mərkəzində saxlanılmalıdır. Müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməli, gənclərin yaxşı təhsil almasına, eləcə də onların vətənpərvər və milli ruhda böyüməsinə çalışmalıdırlar.
Ali Məclisin sədri kollektivə bu vəzifələrin yerinə yetirilməsində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 110 şagird yerlikdir. Binada 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompyuter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və bufet vardır.
Müəllimlərlə görüşən Ali Məclisin sədri məktəb binasının tikintisinin Teyvaz kəndinin həyatında mühüm hadisə olduğunu bildirmiş, yaradılan şəraitdən səmərəli istifadə olunmasının, intellektli və vətənpərvər gənclərin yetişdirilməsinin əhəmiyyətini qeyd etmişdir. Müəllimlər göstərilən qayğıya yüksək təhsil uğurları ilə cavab verəcəklərini bildirmişlər.
Məktəbin həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, açıq idman qurğuları quraşdırılmışdır.
Teyvazda yeni Kənd mərkəzi
tikilmişdir
Oktyabrın 31-də Teyvaz kənd mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Taleh Cəfərov çıxış edərək demişdir ki, Teyvaz kəndi muxtar respublikanın müasirləşən, abadlaşan kəndlərinin sırasına daxil olmuşdur. Göstərilən qayğı kənd sakinlərinin məşğulluğunun təmin olunmasına, onların rifah halının yüksəldilməsinə və fərdi təsərrüfatların genişləndirilməsinə səbəb olmuşdur. Bu gün Teyvaz kəndində heyvandarlıq və arıçılıq inkişaf etdirilir. Bununla yanaşı torpaq sahələri əkilir,yeni meyvə bağları salınır. Taleh Cəfərov yaradılan şəraitdən bəhrələnərək qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini bildirmişdir.
Ali Məclisin sədri Teyvaz kəndində yeni sosial obyektlərin istifadəyə verilməsini, abadlıq, quruculuq işlərinin aparılmasını kəndin gələcək inkişafında müstəsna əhəmiyyətə malik olduğunu bildirərək demişdir: Hər bir kənd yaşayış məntəqəsində yolun abadlaşdırılması, idarəetmə strukturlarının və xidmət təşkilatlarının fəaliyyətinin yaxşılaşdırılması, insanların problemlərinin həlli həmin kəndin gələcək inkişafına hesablanmış tədbirlərdir. Teyvaz kəndində də bu işlər uğurla yerinə yetirilmiş, kənd müasir görkəm almışdır. Vaxtilə kənddə inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmış, idarəetmə strukturlarının fəaliyyəti təmin edilmişdir. Kənd tamamilə qazlaşdırılmış, elektirik enerjisinin fasiləsiz verilişi təmin olunmuş, mənzillərə içməli su xətləri çəkilmişdir. Bu gün isə yeni məktəb binası, feldşer-mama məntəqəsi, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Eyni zamanda kəndə fiber-optik kabel çəkilmiş, rabitə xidmətinin səviyyəsi xeyli yüksəldilmişdir. Bu da kənddə abunəçilərə yüksək səviyyədə telefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətləri göstərməyə imkan verəcəkdir.
Ali Məclisin sədri yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə bir daha sakinləri təbrik etmiş, onlara firavan həyat arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, binada rabitə evi, Teyvaz və Milax kəndlərini əhatə edən polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və mədəniyyət evi yerləşir. Kənd kitabxanasında 8700-dən çox kitab vardır. Onlardan 955 ədədi latın əlifbası ilə çap olunmuşdur.
Binanın həyətində də abadlıq
işləri aparılmış, yaşıllıqlar
salınmışdır.
Teyvaz kəndində tibbi xidmətin
səviyyəsi yüksəldilmişdir
Həmin gün Teyvaz kəndində feldşer-mama məntəqəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov feldşer-mama məntəqəsinin istifadəyə verilməsini sakinlərin sağlamlıqlarının qorunması baxımından əhəmiyyətli olduğunu bildirərək demişdir ki, tibb işçiləri insanlara yüksək xidmət göstərməli, təmizliyə, gigiyenik qaydalara ciddi diqqət yetirməlidirlər. Culfa Rayon Mərkəzi Xəstəxanası da feldşer-mama məntəqəsinin nümunəvi fəaliyyət göstərməsi üçün hərtərəfli köməklik göstərməlidir.
Tibb bacısı Çinarə Hüseynova kənd sakinlərinin sağlamlığının qorunmasına göstərilən hərtərəfli dövlət qayğısına görə səhiyyə işçiləri adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin sədri feldşer-mama məntəqəsində yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılmışdır. Burada hər cür şərait yaradılmış, peyvəndləri saxlamaq üçün məntəqəyə soyuducu, təcili yardım və peyvənd çantaları, lazımi dərman vasitələri verilmişdir. Məntəqədə 3 tibb işçisi çalışır. Yaradılan şərait əhaliyə göstərilən ilkin tibbi xidmətin yüksək səviyyədə təşkilinə imkan verəcəkdir.
Xidmət mərkəzi sakinlərin
gündəlik məişət tələbatını ödəyəcək
Həmin gün Teyvaz kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir.
Ali Məclisin sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.
Mərkəzdə ərzaq və sənaye malları mağazası, ət satış yeri, qadın gözəllik salonu və bərbərxana yerləşir. Yaradılan şərait gündəlik ərzaq və sənaye mallarına olan tələbatın kəndin özündə ödənməsinə imkan verəcəkdir. Xidmət mərkəzində 4 nəfər işlə təmin olunmuşdur.
Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin sədri demişdir ki, bu gün ölkəmizdə sabitlik və sürətli sosial-iqtisadi inkişaf vardır. Ona görə ki, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti davam etdirilir. Teyvaz kəndində sakinlərin məşğulluğunun və rahat yaşayışının təmin olunması sahəsində görülən işlər də bu siyasi xəttin bəhrəsi, eləcə də Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Kənd sakinləri göstərilən dövlət qayğısından lazımınca bəhrələnməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.
Muxtar respublikamızda böyük quruculuq işlərinin həyata keçirildiyini qeyd edən sakinlər Teyvaz kəndində əhalinin rahatlığı üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, bu gün Teyvaz kəndi abad yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə qurulanlar, yaradılanlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmizdə bu siyasi xəttin növbəti dəfə dəstəklənməsi isə xalqımızın xoşbəxt gələcəyindən xəbər verir.
Teyvaz kənd məscidi təmir olunmuşdur
Muxtar respublikada dini dəyərlərin yaşadılması sahəsində həyata keçirilən tədbirlər çərçivəsində bu il Teyvaz kənd məscidi əsaslı təmir olunmuşdur.
Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məscid binasına baxmış, burada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, binanın fasadında və interyerində təmir işləri aparılmış, qadınlar üçün ayrıca ibadət yeri ayrılmış, mehrab qurulmuşdur. Məscidin həyətində də abadlıq işləri görülmüş, içməli su və qaz xətti çəkilmişdir.
Ali Məclisin sədri dini-mənəvi dəyərlərin qorunub-yaşadılmasının mühüm əhəmiyyətə malik olduğunu qeyd etmiş, muxtar respublikamızda yeni məscid binalarının tikilərək və təmir olunaraq əhalinin istifadəsinə verilməsinin islami dəyərlərimizin yaşadılmasına xidmət etdiyini bildirmişdir.
Xalq qəzeti.- 2013.- 1 noyabr.-
S. 7.