Xəzər rayonunda dövlət gənclər siyasəti uğurla həyata keçirilir
Hər bir xalq öz
inkişafının gələcək perspektivlərini sağlam və intellektual
nəslin formalaşmasında görür.
Son illər dünyanın ən sürətlə
inkişaf edən ölkələrindən
birinə çevrilən Azərbaycanda gəncliyə dövlət
qayğısı gələcəyə hesablanmış uğurlu siyasətdir. Gənclərlə iş sahəsində görülən tədbirlər
Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini təsdiq
etməsində böyük rol oynamışdır. Azərbaycanda
təməli ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş
dövlət gənclər siyasətinin Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclərimiz ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və
mədəni həyatında fəal iştirak
edir, ölkədə baş verən bütün
proseslərin mərkəzində dayanırlar.
Bu günlərdə Xəzər Rayon Gənclər və İdman İdarəsində (XRGİİ) 9 ayın yekunlarına həsr olunmuş iclasda uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq yeni nəslin hərtərəfli inkişafına yaradılmış şəraitdən söhbət açılmış və bildirilmişdir ki, gənclərimiz təhsil, idman, elm, mədəniyyət və s. sahələrdə dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasının mühüm yer tutduğu xüsusi vurğulanmış, dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilməsi barədə ətraflı söhbət açılmışdır.
XRGİİ-nin rəisi Vüqar Əliyev rayonda bu sahədə əlaqədar təşkilatların birgə fəaliyyəti nəticəsində gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət -ənənələrinə dövlət dilinə və rəmzlərinə hörmət ruhunda tərbiyə olunması, istedadlı gənclərin aşkar edilməsi istiqamətində mütəmadi olaraq “Dəyirmi masa”lar, seminarlar, görüşlər və müsabiqələrin keçirildiyini vurğuladı. Rayonda idarə müəssisə və təşkilatlarda 58 nəfərdən ibarət gənclərlə iş üzrə nümayəndələrin təyin olunması bu sahədə görülən işlərin səmərəliyini daha da artırmaq məqsədini daşıyır.
Gənclərin hərtərəfli inkişafına yönəldilmlş infastrukturun yaradılması - təhsil müəssisələrinin təmir olunması, yenilərinin tikilərək gənclərin istifadəsinə verilməsi, burada müasir standartlı idman bazalarının qurulması istiqamətində aparılan işlər ötən aylarda da davam etdirilmişdir. Rayonun qəsəbələrində Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində müasir təhsil standartlarına uyğun tikilib istifadəyə verilən məktəblərdə əlavə fənn kabinetləri, laboratoriyalar, kompyuter otaqları, kitabxanalar, idman zalları, yeməkxanalar və akt zalları təhsilin səviyyəsinin daha da yüksəlməsinə xidmət edir. Rayonun Şüvəlan qəsəbəsində hər cür lazımi şəraitlə təmin olunmuş “Gənclər evi” artıq tikilmiş və bu yaxında istifadəyə veriləcəkdir. Son 4 il ərzində Mərdəkan qəsəbəsində azarkeş tutumu 6700 nəfər olan “Dalğa Arena” stadionu, Şüvəlan qəsəbəsində azarkeş tutumu 3500 nəfər olan “Azal” stadionu, Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən 600 tamaşaçı yeri olan stadion, Şağan Olimpiya İdman Kompleksi, Zirə qəsəbəsində yeni idman kompleksi, Binə idman zalı, Ağır Atletika Akademiyası istifadəyə verilmişdir. Qəsəbədə gənclər arasında sağlam həyat tərzinin, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə yeni idman qurğuları tikilir. Qala,Türkan, Buzovna qəsəbələrində idman zallarının inşası nəzərdə tutulmuşdur.
2013-cü ildə rayonun 551 gənci ali məktəblərə qəbul olunmuşdur. Onlardan 13 nəfəri 600-dən yuxarı bal toplamışdır. İstedadlı gənclərin stimullaşdırılması məqsədilə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunmuş və idman sahəsində nailliyyətlər əldə etmiş gənclər rayon rəhbərliyi tərəfindən hər il mükafatlandırılırlar.
Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramına uyğun olaraq gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi məqsədilə Dövlət Bayrağı Gününə həsr olunmuş “Mənim Bayrağım” adlı bədii qiraət və rəsm müsabiqələri, “Mənim doğma ana dilim” mövzusunda inşa yazı müsabiqələri, gənclər arasında vətənpərvərlik ruhunun, qəhrəmanlıq nümünələrinin təbliğ olunması məqsədilə “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”, mövzusunda inşa yazı və rəsm müsabiqələri, dəyirmi masalar, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Mahir nişançı” adlı güllə atıcılığı üzrə rayon turnirləri, hərbi hissələrdə gənclərlə əsgər və zabit heyətinin görüşləri və digər tədbirlər bu sahədə görülən işlərin səmərəliliyindən xəbər verir. Rayonda böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. “Cəsurlar” hərbi idman və turizm, “Şahin ” hərbi idman oyunları, “Vətənin müdafiəsinə hazıram”, poliatlon çoxnövçülüyü, güllə atıcılığı üzrə rayon çempionatları orta məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsi, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədi daşıyır. Bu il payiz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında Xəzər rayonunun komandası ümumi hesabda III yeri tutmuşdur. Rayonun yetirməsi Məhəmməd Əhmədov şəxsi hesabda I yeri qazanmışdır. Rayonda hər il ənənəvi olaraq keçirilən və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş beynəlxalq cüdo turniri bu il də yüksək səviyyədə keçirilmişdir. Yarışda Rusiya, Qazaxıstan, Türkiyə və Gürcüstandan, həmçinin ölkəmizin əksər zonalarından 50-yə yaxın komanda iştirak etmişdir.
Narkomaniyaya qarşı mübarizə, yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işlərinin aparılması məqsədilə “Gənclər narkotiklər əleyhinə”, ”Narkotiklərə qarşı mübarizə", “ QİÇS -ə qarşı mübarizə”, “Cinayətkarlığa qarşı mübarizə” mövzularında gənclərlə maarifləndirmə tədbirləri, dəyirmi masalar, “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda rayonun ümumtəhsil müəssisələri arasında keçirilən rəsm və inşa müsabiqələri yeniyetmə və gənclərin böyük marağına səbəb olmuşdur.
Rayonda erkən nikahların qarşısını almaq üçün bu mövzuda gənclərlə və valideynlərlə görüşlərin keçirilməsi, məşğulluq probleminin həllinə kömək göstərilməsi məqsədilə təşkil edilən mini əmək yarmarkaları, “Karyerada ilk addım”, “Öz biznesini necə başlamalı”, “Gənc sahibkar” mövzusunda seminarlar, “Dəyirmi masa”ların keçirilməsi gənclərə qayğının daha bir təzahürüdür. Müasir peşələrə olan tələbatı nəzərə alaraq gənclər kompyuter mühasibliyi, ingilis dili və bərbər peşə hazırlığı kurslarına cəlb olunur, internat evlərində yaşayan gənclərin məşğulluğuna köməklik göstərilməsi və peşə seçiminə dair məlumatlandırılması məqsədilə seminarlar keçirilir.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili xüsusilə diqqət mərkəzindədir. Yay tətili ərzində bir qrup gəncin Azərbaycanın rayonlarında - Quba, Nabran, İsmayıllı, Şəkidə istirahəti, Qala Dövlət Tarix Etnoqrafiya Qoruğuna ekskursiyası təşkil olunmuş, onların rəqs, musiqi, kompyuter və s. dərnəklərdə məşğulluğu təmin olunmuşdur. Çimərlik futbolu, voleybolu üzrə turnirlərdə, bilik olimpiadalarında, “Breyn Rinq” , “Xəmsə” milli intellektual oyunlarında, müxtəlif müsabiqələrdə, rəsm sərgilərində iştirak etməklə gənclər, həm asudə vaxtlarını səmərəli keçirir, həm də bacarıqlarını inkişaf etdirərək paytaxt və respublika miqyaslı analoji tədbirlərdə iştirak üçün hazırlıq keçirlər. Qeyd edək ki, “Breyn Rinq” üzrə rayonun komandası yarışın Bakı şəhər mərhələsində I, vətənpərvərlik klubları arasında keçirilən yarışlarda isə II yeri tutmuşdur. Gənclərin maarifləndirilməsi tədbirləri sırasında prezident seçkilərlində ilk dəfə səs verən gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə keçirilən tədbirləri xüsusi qeyd etmək lazımdır. Xəzər Rayon Gənclər və İdman İdarəsi MDB Parlamentlərarası Assambleyası demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı ilə birgə təşkil etdiyi “Azərbaycanın ictimai həyatında gənclərin rolu” mövzusunda “Dəyirmi masa” da bu baxımdan əhəmiyyətlidir.
Rayonda gənclərin idmana cəlb olunması məqsədilə təqvim üzrə mütəmadi olaraq birinciliklər, spartakiadalar, çempionatlar keçirilir. Şahmat üzrə yarışlar və ənənəvi olaraq Gənclər Gününə həsr olunmuş beynəlxalq ustaların iştirakı ilə şahmat üzrə seansların, Bədən Tərbiyəsi və İdman Günü münasibətilə stolüstü tennis üzrə rayon kuboku, sambo güləşi üzrə açıq rayon birinciliyi, kütləvi sağlamlıq yürüşü, qızlar arasında mini-futbol, 11-12, 13-14 yaşlı yeniyetmələr arasında futbol üzrə “Sevinc” kuboku uğrunda rayon birinciliyi, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş futbol üzrə Xəzər rayon çempionatı, idarə, müəssisə və təşkilatlarda çalışanlar, həvəskarlar arasında Xəzər rayon spartakiadası keçirilmişdir. Bu il rayonun komandası 1999-2000-ci il təvəllüdlü futbolçular arasında keçirilən paytaxt birinciliyinin və Bakı şəhər kubokunun qalibi olmuşdur. 2012-2013-cü tədris ili ərzində keçirilən Bakı şəhər məktəblilərinin spartakiadasının ümumi yekun nəticələrinə görə Xəzər rayonunun komandası III yeri tutmuşdur. Rayonun 21 idmançısı beynəlxalq yarışların mükafatlarına layiq görülmüşlər. Rayonun yetirməsi Mikayıl Rəhmanov yunan-Roma güləşi üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatında qızıl, İlkin Rəhimli şahmat üzrə məktəblilər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanmışlar.
XRGİİ-nin rəisi Vüqar Əliyev dövlət gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə görülən işlərin rayonda əlaqədar təşkilatlar tərəfindən davam etdirildiyini, qarşıda bu sahədə bir sıra tədbirlərin planlaşdırıldığını bildirdi.
Leyla QURBANOVA,
Xalq qəzeti.- 2013.- 2 noyabr.- S. 10.