Qubanın ağ
alması
rayonda keçirilən ikinci “Alma bayramı”nın rəmzi oldu
Quba respublikamızın ən iri və ənənəvi
meyvəçilik rayonudur. Bu yerlərin torpağı,
havası, suyu lap əzəldən meyvəçiliyin
inkişafına əlverişli zəmin olmuşdur. Bu isə
öz növbəsində meyvəçiliyin min illər boyu
Quba sakinlərinin başlıca məşğuliyyət sahələrindən
biri, bəlkə də birincisi olduğundan xəbər verir.
Yəni, məşhur xalq bayatısında deyildiyi kimi,
Bu yerdə hər bağ alma,
Dərə alma, dağ alma...
Azərbaycan poeziyasında Qubanın alma bağlarını vəsf edən saysız-hesabsız bədii nümunələr mövcuddur. Abasqulu ağa Bakıxanov, Əhməd Cavad, Almas İldırım, Səməd Vurğun, Əliağa Vahid, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli, Əhməd Cəmil, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Qabil və digərlərinin yaradıcılığında dönə-dönə bu mövzuya müraciət olunmuşdur. Xalq şairi Mirvarid Dilbazi isə Qubanı, onun alma bağlarını belə vəsf etmişdir:
Almalı bağların,
məğrur dağların,
Hər halı xoş olan
bu şən çağların,
Çiçəkli, çəmənli,
səfalı Quba,
Quba, gözəl Quba,
vəfalı Quba..
Bol, keyfiyyətli, həm də rəngarəng çeşidli təzə meyvə, meyvə qurusu və meyvə şirələri istehsalçısı kimi Qubanın şan-şöhrəti hər yana yayılmışdır. Qubanın ağ alması, dağ alması, sıqanka, sarıturş və cırhacı kimi ənənəvi alma sortları əsrlər boyu dillər əzbərinə, süfrələr bəzəyinə çevrilib.
Conatan, aşiqi, mürsəli, qəndisinab, şafran və cənnət alma sortlarının hər biri Quba bağlarının həm bəzəyi, həm də ətri və dadıdır. Ruslara, almanlara, fransızlara məxsus rozmarin, simirenko, napoleon, boyki, antonovka, bumayjnı, pepe, kranşteyn, lahdsberq, bilfuru, korolevskaya, poprovka, melbas, vaqnera kimi alma sortları da çoxdandır ki, Quba bağlarında özünə yaşam haqqı qazanmışdır.
Qubalıların anlamında alma keçmiş zamanlarda olduğu kimi, bu gün də səadət simvolu və mənalı həyat rəmzi hesab olunur. Rayonun bir sıra yaşayış məntəqələrində toy mərasimlərində gəlinin dalınca alma atmaq adəti yenə də qalmaqdadır. Qız evindən oğlan evinə göndərilən gəlin xonçalarına metal pullarla bəzədilmiş alma qoyulması adəti də kifayət qədər geniş yayılıb. Qubanın ağ alması həm də alın təri, halal zəhmət, bar, bərəkət, dosta sovqat simvoludur. Maraqlıdır ki, qubalıların dillər əzbəri olan folklor ədəbiyyatında, xüsusən də bayatı və nəğmələrdə də alma mövzusuna tez-tez müraciət olunub. Məsələn:
Qubanın ağ alması,
Yeməyə var alması...
Yaxud,
“Cırhacı”, bağın tacı,
Zinətdir hər ağacı,
Dərib yeyincə canda
Nə dərd qalır, nə acı...
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda, xüsusən də Qubada bağçılığın inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Ümummilli liderin təşəbbüsü ilə 1974-cü ildə “Meyvəçiliyin intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında daha da inkişaf etdirilməsi tədbirləri haqqında” ayrıca hökumət qərarının qəbul olunması ölkəmizdə bağçılıq təsərrüfatının inkişafında, sözün əsl mənasında, yeni mərhələnin başlanğıcı oldu. Həmin qərara əsasən cəmisi bir neçə il ərzində təkcə Quba rayonunda 14 min hektar sahədə intensiv tipli yeni bağlar salındı. Xatırladaq ki, o vaxtadək Azərbaycanın heç bir rayonunda bir hektar belə intensiv tipli bağ sahəsi yox idi. O illərdə Quba ilə yanaşı, Qusar, Xaçmaz və Şəki rayonlarının da hər birində 1000 hektar olmaqla intensiv meyvə bağları salındı. Bu məqsədlə əsasən Macarıstan və Moldovadan respublikaya 20-yə qədər məhsuldar alma sortları gətirildi. 1983-1984-cü illərdə həmin bağların hər hektarından orta hesabla 450-500 sentner məhsul toplanıldı. 1984-cü ildə Quba bağbanları rayonun tarixində ilk dəfə olaraq 100 min tondan çox meyvə toplamağa müvəffəq oldular.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə aqrar islahatlara start veriləndə Qubada 37 kolxoz, sovxoz və digər bu tip dövlət müəssisəsi mövcud idi. İslahat nəticəsində həmin müəssisələrə məxsus olan 13424 hektar meyvə bağı da vətəndaşların xüsusi mülkiyyətinə verilmişdir. Hazırda Qubada 20 min hektara yaxın meyvə bağı vardır ki, bunun da 15 min hektarı alma bağlarıdır. Təkcə son bir neçə ildə rayonda 5000 hektardan çox yeni meyvə bağları salınıb. Hansı ki, həmin bağlarda olan cırhacı, sarıturş, şirvan gözəli, qızıləhmədi, aybı, sinab, qəndisinab, qaraturş kimi ənənəvi meyvə sortları ilə yanaşı, xaricdən gətirilərək rayonlaşdırılmış yüksək məhsuldar sortlar da geniş yayılıb.
Bağçılığın inkişafının elmi əsaslarını işləyib hazırlamaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Qubada Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu fəaliyyət göstərir. 1926-cı ildə yaranan, 60-cı illərin əvvələrinədək Mərdəkanda fəaliyyət göstərən bu institut 1964-cü ildə Qubaya köçürülüb. Hazırda 4 şöbə və 3 laboratoriyadan ibarət olan bu elm ocağında 194 nəfər işçi çalışır. İnstitutun Lənkəranda sitrus bitkiləri filialı, Abşeronda təcrübə stansiyası, Qəbələdə və Zaqatalada isə dayaq məntəqələri fəaliyyət göstərir. İnstitutun əməkdaşları təkcə Quba rayonunda 350 hektardan çox meyvə bağında təcrübə aparırlar.
Hər il Quba bağlarında orta hesabla 100 min tondan
artıq meyvə istehsal olunur. Həmin məhsulun
bir hissəsi elə bağlardan birbaşa emal müəssisələrinə,
bir hissəsi isə bazarlara göndərilir. Təbiidir ki, bazarlara gedən məhsulun da çox
hissəsi ənənəvi meyvə növlərinə aiddir.
Çünki, alıcı get-gedə daha
çox geni dəyişdirilməyən meyvə sortları
almağa üstünlük verir. Son vaxtlar
Qubada ayrı-ayrı sahibkarlar tərəfindən ümumi
tutumu 20 min tona yaxın olan 11 soyuducu-kamera tikilib. Bu da bağbanlara imkan verir ki, istehsal etdikləri məhsulun
bir hissəsini soyuducularda saxlayaraq onu daha sərfəli
vaxtlarda bazara çıxara bilsinlər. Amma
onu da etiraf edək ki, bu imkandan heç də bütün
fermerlər istifadə edə bilmirlər. Yəni,
mövcud soyuducu-kameralar əsasən iri və imkanlı
istehsalçılara məxsusdur və bilavasitə onların
ehtiyaclarına xidmət edir. Xırda
fermerlər, daha doğrusu 5-10 min ton meyvə istehsal edənlər
isə belə imkanlara malik deyil. Yaxşı
olardı ki, bu kateqoriyalardan olan fermerlər üçün
5-10 min tonluq tutumu olan mini soyuducu-kameralar tikilməsi istiqamətində
də müvafiq tədbirlər görülsün.
Quba ənənəvi
bağçılıq rayonu kimi tanınsa da, qubalılar alma istehsalı ilə qədim zamanlardan məşğul
olsalar da, orada “Alma bayramı” keçirmək ənənəsi
yenidir. Ötən il rayonun yeni icra
başçısı Mübariz Ağayevin təşəbbüsü
ilə Qubada ilk dəfə “Alma bayramı” keçirildi. Bu bayram Quba əhalisi üçün həqiqətən
yaddaqalan bir gün oldu. Əslində, elə o gündən
Quba əhalisi növbəti “Alma bayramı”na
hazırlıq görməyə başladı.
Oktyabrın
19-da Qubada keçirilən ikinci “Alma bayramı”na
dəvətlilər sırasında mən də vardım. Tam səmimiyyətlə deyim ki, Qubanı heç
vaxt bu dərəcədə gəlinsayağı bəzənmiş
halda görməmişdim. Bəli, o
gün şəhər başdan-başa gül-çiçək
içində idi. Al bayraqlar, bir-birindən
məzmunlu plakat və şüarlar rayonun təbii gözəlliklərinə
yeni bir rəng qatırdı. Bayramın təntənələrinin
keçirildiyi Heydər Əliyev adına
mədəniyyət və istirahət parkında insan əlindən
iynə atsaydın, yerə düşməzdi. Bayram
libasında olan minlərlə insanın içərisində
veteranlar da, gənclər də, qadınlar da, uşaqlar da
çox idi. Hamı sevinc içərisində
idi. İnsanlar bir-birini təbrik edirdi.
Bir sözlə, Quba öz tarixinin, bəlkə
də, ən sevincli günlərindən birini
yaşayırdı.
Qubada əvvəllər
çox olsam da, son bir il ərzində o tərəflərə
yolum düşməmişdi. Ötən bir il
ərzində Quba şəhərinin belə tanınmaz dərəcədə
dəyişə biləcəyini heç ağlıma belə
gətirməzdim. Şəhərin hər tərəfində
yeni nəfəs, yeni ab-hava çox aydın hiss
olunmaqdadır. Küçələr genişləndirilib,
yollar abadlaşdırılıb, meydanlara yeni dizayn verilib, fərdi
evlər və ictimai binaların fasad hissələri milli
memarlıq üslubunda təmir və restavrasiya olunub. Şəhərin giriş hissəsi isə,
sözün əsl mənasında, başdan-başa yenidən
tikilib. Rayon icra hakimiyyətinin yeni inzibati
binası, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi,
Bayraq meydanı, Heydər Əliyev parkı — bir-birinin
yanında olan bu yeni ünvanlar bütövlükdə
möhtəşəm bir kompleks təsiri yaradır.
“Alma
bayramı”na Heydər Əliyev adına mədəniyyət
və istirahət parkında ulu öndərin abidəsi
önünə əklil və gül-çiçək dəstələri
qoyulması ilə start verildi. Bayrama həsr olunmuş təntənəli
mərasimi giriş sözü ilə rayon icra hakimiyyəti
başçısı Mübariz Ağayev açaraq dedi:
– Son
vaxtlar ölkəmizdə bayram-bayrama qarışıb. 9 oktyabrda keçirilən növbəti prezident
seçkilərində möhtərəm cənab İlham
Əliyev xalqımızın mütləq əksəriyyətinin
etidamadını qazanaraq yenidən ölkə Prezidenti
seçildi. Bildiyiniz kimi, qubalılar da bu
seçkilərdə yüksək siyasi fəallıq
nümayiş etdirdilər. Prezident
seçkilərinin yaratdığı bayram əhval-ruhiyyəsi
müqəddəs Qurban bayramı ilə davam etdi. Onun da ardınca dövlət müstəqilliyimizin bərpasının
22-ci ildönümünü qeyd etdik. Bu gün isə
sizinlə birlikdə növbəti dəfə “Alma bayramı”nı qeyd edirik. Yaranmış imkandan istifadə edərək əziz
qubalılar sizi, bayram şənliklərində bizimlə
birlikdə iştirak edən bütün
qonaqlarımızı bu əziz günlər münasibəti
ilə bir daha ürəkdən təbrik edir, hamıya
möhkəm cansağlığı, xoşbəxtlik və
bol-bol ruzi-bərəkət arzulayıram.
Daha sonra qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri
öz ürək sözlərini söylədilər. Yeri gəlmişkən onu
da deyim ki, o gün paytaxtdan, digər rayon və şəhərlərdən
gəlmiş qonaqlarla yanaşı, Azərbaycanda fəaliyyət
göstərən xarici ölkə səfirliklərinin rəsmiləri də
qubalılarla birlikdə bayram təntənələrində
iştirak edirdilər.
Builki
“Alma bayramı”nı həm də rayonda
istehsal olunan kənd təsərrüfatı məhsullarının
və Quba mətbəxinin geniş təqdimatı kimi də səciyyələndirmək
olardı. “Alma bayramı” həmçinin xalq sənətkarlığı
nümunələrinin, yerli idmançıların və incəsənət
kollektivlərinin nümunəvi çıxışlarına
bir növ ictimai baxış idi. Bu bayram, eyni zamanda, rayonda
yaşayan milli
azlıqların öz adət-ənənələrini
geniş ictimaiyyət qarşısında nümayiş etdirmək
fürsəti idi.
Təbiidir ki, ayrı-ayrı yerlərdə
vaxtaşırı bu cür bayramların qeyd olunması, hər
şeydən öncə, müstəqil Azərbaycan dövlətinin
öz inkişafının yeni bir mərhələsinə qədəm
qoyduğundan xəbər verir. Bir diqqət edin,
Bakıda “Gül bayramı”, Göyçayda “Nar bayramı”,
Qubada “Alma bayramı” keçirilməsi artıq ənənəyə
çevrilib. Heç şübhəsiz, gələcək
illərdə digər rayon və şəhərlərimizdə
də buna bənzər bayramların qeyd olunması ənənə
halını alacaqdır. Bunun nəyi
pisdir?! Cəmi 20-22 il öncə gecədən
səhərədək təşviş və vahimə
içərisində çörək növbəsində
dayanan insanlar bu gün artıq belə məhsul
bayramlarını qeyd edirlər. Razılaşaq
ki, bu bayramlar həm də bolluq və firavanlıq
bayramıdır. Özü də
qubalıların süfrəsi naz-nemətlərlə,
anbarları meyvə-tərəvəz məhsulları ilə
doludursa, deməli, digər rayon və şəhərlərimizdə
də vəziyyət belədir. Bütün
bunlar isə son olaraq onu deməyə əsas verir ki, Prezident
İlham Əliyev tərəfindən irəli sürülən
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramları hər yanda öz bəhrələrini verməkdədir.
Qafar CƏBİYEV,
Azərbaycan Respublikasının əməkdar
jurnalisti
Xalq qəzeti.- 2013.- 2 noyabr.- S. 9.