“Erməni
soyqırımı”nda missioner izləri
“Erməni
məsələsi” ilə məşğul olan və bu barədə
məlumatlı hər kəs bilir ki, istər Osmanlı
dövləti ərazisində, istərsə də Azərbaycanda
ermənilərin kütləvi şəkildə yerli xalqa və
hökumətə qarşı təşkilatlanması,
silahlı üsyan, qətl və qırğınlar törətməsi
öz-özlüyündən yaranmamışdı. Doğrudur, bunun yaranma səbəblərindən biri böyük dövlətlərin,
xüsusilə çar Rusiyasının siyasi maraqlarına xidmət edirdi.
Belə ki, rus
imperializmi erməni kartından istifadə
edərək, Osmanlıya daha çox təsir etmək, müharibədə
ermənilərin xəyanəti nəticəsində türklər
üzərində hərbi qələbə qazanmaq,
türk torpaqlarını işğal
etmək və regionda möhkəmlənmək
məqsədini güdürdü.
Belə məqsədyönlü fəaliyyətin arxasında o dövrün Qərb
dövlətləri də Osmanlını
bölüşdürmək üçün
planlar cızır və bu
məsələdə erməni kartından və xristian təəssübkeşliyindən yararlanmağa çalışırdılar.
Ermənilər də böyük dövlətlərin
maddi və mənəvi dəstəyinə
arxalanaraq təbəəsi olduqları
Osmanlı dövlətinə qarşı üsyanlara
qalxır, dinc
əhalini qətlə yetirir və
yurd-yuvasından qovurdular.
Lakin məsələ
tək bununla bitmir. Bu hadisələrin yaranma səbəblərinə
nəzər saldıqda
erməni əhalisinə
Rusiyadan və Qərbdən gələn
maddi, ictimai-siyasi dəstəkdən əvvəl
dini təsirin və xristian təəssübkeşliyinin izlərini
görməmək mümkün
deyildir.
Erməni qriqorian kilsəsinin
dini işlərdən
daha çox, erməni etnik üstünlüyü və
erməni dövləti
yaratmaq cəhdlərinin
mövcudluğu tarixdən
bəllidir. Xristianlığın qriqorianlıq dini təlimi digərlərindən
- provaslav, katolik,
protestant üsulundan fərqli
olaraq yalnız erməni milli mənafeyinə xidmət etməyi və ermənilərin ən qədim xristian millət olduğu iddialarını irəli sürməsi ilə fərqlənir. Bu baxımdan qriqorianlıq təliminin erməni milli identifikasiyasının
inkişafı uğrunda
çalışan və
gerçək dini dəyərlərdən uzaq
bir cərəyan olması qərblilərin
özlərində də
qıcıq doğurur.
Lakin həmişə olduğu
kimi, erməni zalımlığı, qəddarlığının
fövqündə “yazıq,
bədbəxt” erməni
obrazının olması
onların müsəlmanlar
tərəfindən əzilməsi
fikrinin sürətlə
yayılmasına rəvac
vermiş və nəticədə lazımi
məqamda onlar Qərbdən dəstək
almağı bacarmışlar.
Bu dəstək əvvəlcə
Türkiyəyə gələn
ilk protestant missionerlərin dəstəyi ilə müşayiət olunmağa
başladı. 1804-cü ildə “British and
Foreign Bible Society” təşkilatına mənsub olduqları müəyyənləşən missionerlər əvvəlcə
İzmirə sonra isə Anadolunun ucqar bölgələrinə
yayılmağa başladılar.
1819-cu ildə amerikan missionerləri də regionda görünməyə başladı.
1896-cı ildə Amerika
Birləşmiş Ştatlarını
7, İngiltərənin 4 kilsəsinə
mənsub olan missionerlər Osmanlı torpaqlarına yayıldılar. Təkcə ABŞ-dan 176 missioner və onların 869 məhəlli
köməkçisi işə
başladı. Çox
keçmədi ki,
Bursa, İzmir, Merzifon,
Kayseri, Sivas, Trabzon, Ərzurum, Xarput, Bitlis, Van, Mardin, Antep, Maraş, Adana, Diyarbəkir,
Urfa, Tarsus, Malatya və s. şəhərlər
də missionerlərin
oylağına çevrildi.
Bu fəaliyyət əsasən regionun xristian əhalisinin “maariflənməsi” adı
altında aparılır
və nəticədə
ermənilərin gələcək
üsyanının reallaşması
üçün zəmin
yaradırdı. Hərçənd ki, missionerlər erməni üsyanlarını
dəstəkləmədiklərini bildirməklə riyakarlıq
edirdilər. Bu təşviqat fəaliyyəti
üsyanlardan əvvəl
də, sonra da bölgələrdən
gələn hesabatlarda
öz əksini tapmışdı.
Osmanlı hökuməti xalqa və dövlətə xəyanət etmələri
səbəbindən ermənilərə
xəbərdarlıq etmişdi. Hadisələrin böyüməsi ordunu eyni zamanda iki
cəbhədə - həm
ölkənin qərb
sərhədində müharibə
aparmağa, həm də şərqdə yerli müsəlman əhaliyə qarşı
vəhşiliklər törədən
ermənilərə qarşı
mübarizə aparmağa
vadar edirdi. 1915-ci ilin 24 aprelində
erməni komitələri
dövlət tərəfindən
bağlanır və
2345 nəfər erməni
dövlət əleyhinə
fəaliyyət göstərdikləri
üçün tutulur.
Dünya ölkələrində
hər il “erməni soyqırımının
ildönümü” kimi
anılan 24 aprel həmin bu 2345 erməni şovinistin həbs olunduğu gündür.
Osmanlı hökumətinin bu
qətiyyətli qərarına
qarşı çıxan
Eçmiədzin katolikosu
Kevork ABŞ prezidentinə
bu teleqrafı göndərmişdi:
“Hörmətli
prezident, Türk Ermənistanından aldığımız
son xəbərlərə görə,
orada qətliam başlamış və təşkil edilmiş
terror səbəbindən erməni
xalqının mövcudluğu
təhlükə altına
alınmışdır. Belə həssas bir vəziyyətdə böyük Amerikan millətinin əsl hisslərinə xitab edərək, insaniyyət
və xristianlıq dini adına,
böyük dövlətinizin
diplomatik təmsilçilikləri
vasitəsilə dərhal
müdaxilə edərək,
türk fanatizminin şiddətinə atılmış
Türkiyədəki xalqımın
qorunmasını rica edirəm”.
Kevork, bütün
ermənilərin katolikosu.
Bunu o kəs yazırdı
ki, tarix boyu böyük dövlətlər qarşısında
heç zaman tab gətirməyən, tabeçilik
xüsusiyyətlərini götürən
ermənilərin Osmanlıda
ədavətdən uzaq,
təhlükəsiz şəraitdə
yaşamasını bilirdi.
Osmanlı ərazisində uzun
əsrlərdir məskunlaşan
və bu dövlətin hərbi sistemi tərəfindən
zorakılıq edilməyən
ermənilər təkcə
XX əsrin əvvəllərində
türklərə qarşı
elə müsibətlər
törətdilər ki,
yalnız bundan sonra Osmanlı dövləti adekvat addımlar atmağa məcbur oldu.
Xristian missionerləri
din pərdəsi altında
erməni qriqoryan keşişləri ilə
birləşərək Anadoluda
bu dinin təsir vasitəsini, ardıcıllarının sayını
artırmağa çalışsa
da, əslində, əsas məqsədlərdən
biri regionun xaçpərəst əhalisini
narazılığa, üsyana
sövq etmək və Osmanlı dövlətini bu üsyanlarla taqətdən
salmaq və parçalamaq idi.
Amerika tədqiqatçısı
Samuel Uins yazır ki, rus silahlı
qüvvələri işğal
kampaniyasına başlamazdan
əvvəl ölkədə
yaşayan Osmanlı müsəlmanlarının inamını
qırmaq məqsədilə
xristianları səfərbər
etmək üçün
Rusiya çarı agentlərini bu ölkəyə göndərmişdi.
Ortodoks xristianları olan ruslar düşünürdülər
ki, qarşı tərəfdəki eyni din
daşıyıcıları olan yunanlar, Balkanlarda yaşayan slavyanlar və ermənilərlə onları
birləşdirən ümumi
cəhətlər vardır".
Bundan əlavə
S. Uins yazır ki, İngiltərə və Fransa da oradakı missonerlik fəaliyyətini
maliyyələşdirirdi. Bütün
tarix boyu olduğu kimi, həmin ölkələr
öz maraqlarını
həyata keçirmək
üçün xristianlıq
pərdəsi altında
din xadimlərini yerlərə
göndərir, onlar isə həm Xrist, həm də öz ölkələrinin ali məqsədi üçün fəaliyyət
göstərirdilər. Eyni əməliyyat
Osmanlı imperiyasında
da həyata keçirilməli idi.
Xristian dünyası
Osmanlı ərazisində
yaşayan yəhudilərlə
yanaşı, qriqoriyan
ermənilərə də
xüsusi diqqət yetirirdi. Osmanlı
ərazisində aparılan
missionerlik fəaliyyətini
bütövlükdə iki
dövrə bölmək
olar: 1820-1860 və
1860-dan sonrakı dövr.
Birinci dövrdə missiya fəaliyyəti üçün
konkret məkanlar müəyyənləşdirmək və onların əsas hədəflərini
sistemləşdirmək nəzərdə
tutulurdu. 1860-cı ildən sonrakı dövrdə isə missionerlər yəhudi və müsəlmanları
xristianlaşdırmağın son dərəcə çətin
olduğunu anladıqdan
sonra əsas diqqəti ermənilər üzərinə yönəltdilər.
Onların fəaliyyətini
əsasən bu qruplara bölmək olar: Suriya və
Fələstin missionu,
Mərkəzi Türkiyə
missionu, Qərbi Türkiyə missionu, Nasturiaysor missionu, Şərqi Türkiyə
missionu, bolqar missionu. Bunların hamısı imperiyanın
əraziləri olduğundan
həm hərəkət
etmək asan və maneəsiz, həm də ermənilərin əsasən
bu dövlətdə yaşamaları missionerlər
üçün göydəndüşmə
idi. Şübhəsiz
ki, onlar təkcə “İncil”i təbliğ etmirdilər.Məktəb,
kollec, Talas liseyi, internat, Bitlis Protestant liseyi, Bursa Amerika qız liseyi, Mardin qız liseyi, Mardin oğlan liseyi, Adabazarı qız məktəbi, Merzifon qız məktəbi, Xarput (indiki Elazığ şəhərindəki İlahiyyat
məktəbi, Maraş
İlahiyyat məktəbi,
İstanbul Robert kolleci
və digər təhsil müəsisələri
missonerlərin yaratdığı
bir növ “düşərgə” hesab
olunurdu.
Missionerlərdən biri David Brover Eddu o zaman öz
fəaliyyətini belə
ifadə etmişdi. “Biz orada gələcək nəslin liderlərinə
təlim veririk”.
Bəli missionerlər bir neçə onillik keçdikdən sonra, nəhayət ki, istəklərinə çatdılar. Osmanlı dövlətinin
ərazisində kütləvi
erməni üsyanları
başladı. Missioner
D.B. Eddunun bildirdiyi həmin “lider”lər erməniləri öz terrorçu çətələrində
birləşdirərək yerli
və dinc türklərə qarşı
kütləvi qətliamlar
törədərək onminlərlə
günahsız insanın
həyatına son qoydu.
Və bu üsyanlarla xristian dövlətlərin
dəstəyini qazanaraq,
özlərini beynəlxalq
ictimaiyyətə məzlum
imicində təqdim etdilər. Bununla da gələcəkdə
“erməni soyqırımı”
adlanan saxta ittihamlar xarici mətbuatın əsas şüarına çevrildi.
Osmanlının öz vətəndaşlarının
təhlükəsizliyini təmin
etmək cəhdlərini,
ərazi bütövlüyünü
qorumaq üçün
atdığı addımları
“soyqırımı” kimi
tanıtmağa başladılar.
Anar TURAN,
Xalq qəzeti.- 2013.- 3
noyabr.- S. 9.