ŞƏKİ: İnsan əli tarixi də
zənginləşdirir, təbiəti də
Azərbaycan tarixinin çox dəyərli
səhifələrini yazmış Şəkinin bu gün
müasir tariximizin silinməz xarüqələrini
yaratması hamının gözü qabağındadır. Ölkəmizdə keçirilmiş
prezident seçkilərindən bir neçə gün sonra bu şəhərin
2701 yaşının qeyd olunması sevinci sevincə qatmışdı.
Çoxsaylı qonaqların da iştirak etdiyi yubiley tədbirləri Xan
sarayı başda olmaqla
Şəkinin bir çox
görməli yerlərində davam etdirildi. Çal-çağır, milli adət-ənənə, zəngin
Şəki mətbəxi, unudulmaz təbəssümlü
anlar və ən nəhayət,
Çövkən yarışları qonaqların və rayon sakinlərinin ürəyincə oldu. Ancaq ən çox qabardılan məsələ Şəkinin
bugünkü inkişafı və tərəqqisi
idi.
Bu diyarın tərəqqisini və gündən-günə daha da müasirləşdirilməsini sübut edən daha çox fakt və rəqəmlərlə isə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun başçılığı ilə keçirilən 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclasında tanış olduq. Elxan müəllim qeyd etdi ki, bu ilin avqust ayı Şəki üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Avqust ayının 14-də cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə umummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarətdən sonra Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak etmiş, əsaslı təmiri başa çatmış XVIII əsrə aid tarix-memarlıq abidəsi - “Şəki xanlarının evi” ilə tanış olmuşdur. Dövlətimizin başçısı Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: “Şəkinin Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm yəqin ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Burada əlbəttə ki, təbiət və memarlıq, qədim və tarixi binalar, Şəkinin şəhərsalma qaydaları gözəl bir mənzərə, bir vəhdət yaradır. Təsadüfi deyil ki, Şəkinin mədəniyyəti ilə maraqlananların sayı getdikcə artır. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı. Şəkinin tarixi o qədər zəngindir ki, bu tarixə nəyisə əlavə etməyə ehtiyac yoxdur. Yəni, bu tarix qorunmalıdır. Əlbəttə, yeni binaların tikilməsi də lazımdır. Çünki hər bir şəhərdə olduğu kimi, burada da yeni binalar tikilməlidir. Qədimi üslubda tikilməlidir ki, bu, Şəkinin özünəməxsus simasına ziyan vurmasın. Amma görürəm, şəhərin tarixi mərkəzində, bax, bu bərpa işləri çox böyük zövqlə və həssaslıqla aparılır ki, Şəkinin nadir şəhərsalma ansamblını qoruyaq. Biz də bunu bərabər edəcəyik.”
Başçı qeyd etmişdir ki, 2013-cu ilin 9 ayında ilkin hesablamalara görə faktiki qiymətlərlə 267 milyon 750 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 88,4 faiz təşkil edir. Adambaşına faktiki qiymətlərlə 1494 manatlıq, yaxud 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 80 faiz məhsul istehsal olunmuşdur. Rayon üzrə orta aylıq əmək haqqı 233 manat təşkil etmişdir. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. 2013-cü ilin 9 ayında Şəki rayonunda 972 yeni iş yeri açılmışdır ki,onların da hamısı daimi iş yerləridir. 2013-cü ilin 9 ayında Şəki rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi 192 milyon 235 min manat olmuşdur. Bu 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. Hazırda rayonda 23 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 15-i kiçik müəssisədir. Rayonda istehsal və qeyri istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyanın həcmi 60 milyon 716 min manatdır ki, bunun da 71,1 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir.
Ötən illərdə olduğu kimi, bu ilin 9 ayında da məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2013-cü ilin məhsulu üçün 81051 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir. Son statistik məlumatlara əsasən, 219 min ton taxıl istehsal olunmuş ,hər hektardan orta məhsuldarlıq 27 ,3 sentner təşkil etmişdir.Gələn ilin taxıl məhsulu üçün rayonda 80500 hektar sahədə payızlıq taxıl əkini proqnozlaşdırılır.
Baş Küngüt kənd tam orta məktəbin, 28 saylı uşaq bağçasının əsaslı təmiri başa çatdırılmış, şəhər 17 nömrəli orta məktəbin yeni binası tikilərək istifadəyə verilmişdir. Bundan əlavə Şəki rayon təhsil şöbəsi üçün yeni inzibati binanın, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evinin tikintisi demək olar ki, başa çatdırılmışdır. Şəhər 14 saylı uşaq bağçasının binasının tikintisi, 9 və 17 saylı uşaq bağçalarının əsaslı təmiri üçün layihələndirmə işlərinə başlanmışdır. Baş Göynük kənd 1 nömrəli orta məktəbin , 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbin və 180 şagird yerlik Göybulaq kənd ümumi orta məktəbin tikintisinə başlanmışdır. Şin kəndində 280, Baş Şabalıd kəndində isə 120 şagird yerlik tam orta məktəblərin tikintisinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulmuşdur.Bundan əlavə şəhər icra hakimiyyəti başçısının təşəbbüsü ilə Şəkinin respublika əhəmiyyətli yolları üzərində yerləşən kəndlərin girişlərində memarlıq elementlərindən istifadə olunmaqla kəndlərin adları yazılmışdır. Yaxın vaxtlarda Şəkinin bütün kəndlərinin girişlərində milli -memarlıq uslubunda lövhələrin vurulması nəzərdə tutulur.
Şəki Paylayıcı Elektrik Şəbəkəsi rəhbərliyinin şəhər icra hakimiyyəti, yerli bələdiyyələr və icra nümayəndələri əməkdaşlığı sayəsində istehlak olunmuş elektrik enerjisinin dəyərinin ödənişində müsbət irəliləyiş əldə edilmişdir. Turan qəsəbəsi, Bideyiz və Baş Zəyzid kəndləri təbii qazla təchiz olunmuş, Cəyirli, Qayabaşı, Sarıca, Qozlubulaq, Çayqaraqoyunlu, Bolludərə, Qaratorpaq və Şəkikənd kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmişdir.
Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. 2012-2013-cü dərs ilinin buraxılış imtahanlarının yekunlarına görə 36 məktəbin nəticələri 70 faizdən , 23 məktəbin nəticələri 80 faizdən yuxarıdır. Məzunlardan 133 nəfərin attestat qiymətlərinin hamısı 5 olmuşdur. Sevindirici haldır ki , Şəki təhsilinin tarixində ilk dəfə olaraq 11 nəfər qızıl medalla təltif olunmuşdur. Bu şagirdlərin sayı keçən il 2 , ondan qabaqkı il isə 1 nəfər olmuşdur.2013-cü ildə Şəkinin orta umumtəhsil məktəblərini bitirmiş 1917 məzundan 1197 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş , onlardan 680 nəfəri tələbə adını qazanmışdır. Bu məzunlardan 145 nəfəri 500 -dən, 55 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir. Məktəblərin maddi- texniki bazasının yaxşılaşdırılması istiqamətində geniş iş aparılır. Əgər 2003-2010-cu ildə Şəkidə cəmi 20 məktəb tikilib istifadəyə verilmişdisə, son iki il yarım ərzində 20 məktəb tikilib və yaxud əsaslı təmir olunmuşdur.
Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2013-cü ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Rayonun Aşağı Göynük kəndində sahə xəstəxanası , Baş Göynük kəndində isə həkim məntəqəsi istifadəyə verilmişdir.
Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın turizm potensialının daha geniş təbliğ edilməsi məqsədilə Almaniyanın qabaqcıl şirkətləri ilə danışıqlar aparılmış, beynəlxalq təcrübəyə malik olan ekspertlər Şəkiyə dəvət edilmişdir.
Elxan Usubov sonda qeyd etdi ki, rayonumuzda son illər ərzində bütün sahələrdə əldə edilən uğurlar davam etdiriləcək, yeni nailiyyətlərin qazanılması üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir.
İnanırıq ki, həmişə olduğu kimi, bu dəfə də Şəkidə eşitdiyimiz vədlər, proqnozlar real həyatda öz təsdiqini tapacaq.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 2
noyabr.- S. 8.