Mediamızda durum: dünyanı tanıyaq və dünyada tanınaq
Azərbaycan Mətbuat
Şurasında keçirilən “Beynəlxalq münasibətlər
mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində”
adlı “dəyirmi masa”da dünyanı qədərincə
tanımaq və dünyada layiqincə tanınmaqla
bağlı ölkəmizdəki durum ətraflı müzakirə
olundu.
MŞ sədri Əflatun Amaşov bildirdi ki, “dəyirmi masa” şuranın beynəlxalq münasibətlər komissiyasının gerçəkləşdirdiyi “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində nəzərdə tutulan toplantılardan biridir. Şura sədri layihə müddətində Azərbaycanın tanınan, ictimai rəyə təsir göstərən KİV-lərində mövzu üzrə aparılan monitorinq barədə məlumat verdi. Ə.Amaşov diqqətə çatdırdı ki, gerçəkləşdirilən layihə çərçivəsində beynəlxalq mövzuda yazan jurnalistlərin qlobal proseslərə yanaşma tərzinə, mövcud baxımdan nəzərəçarpan peşəkarlıq xüsusiyyətlərinə də diqqət yetiriləcək.
MŞ İdarə Heyətinin üzvü, şuranın beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı, layihənin rəhbəri Cavanşir Feyziyev ölkəmizdəki quruculuq proseslərinin media müstəvisində xarici auditoriyaya daha sistemli yönləndirilməsinin zəruriliyini vurğulayaraq bildirdi ki, bunun üçün müsabiqələr və digər stimullaşdırıcı tədbirlər planlaşdırılır. Beynəlxalq mövzuda yazan jurnalistlər üçün treninqlərin təşkili, onların müəyyən qrupunun təcrübə mübadiləsi üçün qabaqcıl media ənənələri olan ölkələrə göndərilməsi yaxşı olardı. Beynəlxalq proseslərə jurnalistlərdə peşəkar yanaşma tərzi formalaşdırmağa dəstək vermək də nəzərdə tutulur.
Milli Məclisin deputatları Musa Qasımlı, Sahib Alıyev, Rasim Musabəyov və “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov layihə ilə bağlı mülahizə və təkliflərini söylədilər.
“Exo” qəzetinin əməkdaşı Tofiqəxanım Qasımova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktor müavini Elçin Hüseynov diskussiyanı ayrı-ayrı yönlərdə dərinləşdirərək ölkə mediasında beynəlxalq mövzunun peşəkarlıqla işıqlandırılması, Azərbaycan həqiqətlərinin dünya mediasına daha geniş çıxarılması üçün zəruri olan məsələlərə aydınlıq gətirdilər.
“Dəyirmi masa”da beynəlxalq mövzuda jurnalist hazırlığını yaxşılaşdırmaq üçün səslənən təkliflər ümumiləşdirildi.
R.TAHİR,
Xalq qəzeti.- 2013.- 2
noyabr.- S. 8.