Azərbaycan alternativ enerji sahəsində əməkdaşlığı genişləndirir

  

Dünən Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə  Dövlət Agentliyində  ölkəmizdəki diplomatik korpus nümayəndələrinin iştirakı ilə “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mövcud vəziyyət: nailiyyətlər və hədəflər” mövzusunda “dəyirmi masa” keçirildi.

 

Dövlət Agentliyinin sədri Akim Bədəlov tədbir iştirakçılarını salamlayaraq 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 13 şirkətin imzaladığı “Əsrin müqaviləsi” ilə Xəzər neftinin Avropadünya bazarlarına çıxarılmasına imkan yaradıldığını, üç dənizi birləşdirən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkildiyini və bununla da, Azərbaycanın neft-qaz sənayesinin sürətli inkişafının iqtisadiyyatın digər sahələrinin də tərəqqisinə böyük imkanlar açdığını vurğuladı. Ölkəmizin  ümumi daxili və adambaşına düşən məhsul istehsalına görə dünyanın ən öndə gedən dövlətlərindən biri olduğunu diqqətə çatdıran natiq hazırda Cənubi Qafqazın iqtisadiyyatının 80 faizinin Azərbaycanın payına düşdüyünü  bildirdi.

 

Qeyd olundu ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malikdirbu ehtiyatlar 50-100 il bundan sonra da daxili tələbatımızı ödəməklə yanaşı, bir sıra dünya ölkələrinin enerji təhlükəsizliyinin təminatında da yaxından iştirakımıza imkan yaradır. Bununla belə,  Azərbaycan Prezidenti  İlham Əliyev bu tükənə bilən enerji ehtiyatlarının gələcək nəsillər üçün də saxlanması məqsədilə, eləcə də ümumi evimiz olan Yer kürəsində qlobal iqlim dəyişikliklərinin qarşısının alınması, ekoloji tarazlığın qorunması, xalqımızın və ölkəmizin rifahı naminə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən  istifadə etməyi mühüm vəzifə kimi qarşıya qoymuş,  müasir dünyamızın qlobal inkişaf meyillərini, çağırışlarını vaxtında, uzaqgörənliklə dəyərləndirərək 2004-cü il oktyabrın 21-də  özünün şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.

 

Dövlət Proqramından irəli gələn vəzifələrin ardıcıl və səmərəli həyata keçirilməsini təmin etmək, sürətləndirmək məqsədilə dövlət başçımızın 1 fevral 2013-cü il tarixli fərmanı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradıldığını diqqətə çatdıran natiq qeyd etdi ki,  adıçəkilən qurum alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Az müddət keçməsinə baxmayaraq, günəş və külək enerjisindən elektrik enerjisi almaq məqsədilə ölkəmizdə böyük işlər görüldüyünü bildirən A. Bədəlov qeyd etdi ki, cari ilin may ayından elektrik enerjisi istehsalına başlayan Qobustan hibrid stansiyasında artıq 1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək “Azərenerji”yə təhvil verilmişdir.

 

Bakıda və regionlarda da çoxsaylı layihələrin həyata keçirildiyini, bəzilərinin isə icrasına başlandığını faktlarla diqqətə çatdıran agentlik sədri bildirdi ki, yaxın illərdə Azərbaycanın ayrı-ayrı bölgələrində alternativ enerji istehsal edən 10 hibrid stansiyasının inşası planlaşdırılır və artıq bu məqsədlə müvafiq layihələrin işlənməsinə start verilmişdir. Bütövlükdə isə qarşıdakı illərdə ölkəmizdə  istehsal olunan illik elektrik enerjisində  günəş, külək və bioqaz kütləsindən alınan enerjinin payının 15 faizə çatdırılması nəzərdə tutulmuşdur. A. Bədəlov daha sonra qeyd etdi ki, əldə edilən uğurlar həm də beynəlxalq qurumlarla işgüzar əlaqələrin qurulması nəticəsində mümkün olmuşdur. Belə ki, BMT-nin “Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı” layihəsi çərçivəsində səmərəli əməkdaşlıq hazırda  davam etməkdədir. Artıq Avropa İttifaqı, Almaniya, İsveç, Sloveniya, Çexiya, Slovakiya, Ukrayna, Argentina, Türkiyə, Litva  və digər ölkələrlə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələri qurulmuşdur.

 

Tədbirdə agentliyin əməkdaşı Cəmil Məlikov geniş təqdimatla çıxış edərək görülmüş işlər, qarşıda duran hədəflər, eləcə də ayrı-ayrı layihələr barədə tədbir iştirakçılarına ətraflı  məlumat verdi.  Əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsinin aparıldığı “dəyirmi masada çıxış edənlər Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətini həyata keçirən Dövlət Agentliyinin yaradılması və fəaliyyətini yüksək dəyərləndirdilər, quruma gələcək işlərində yeni-yeni uğurlar arzuladılar.

 

Tədbirin sonunda diplomatların və KİV nümayəndələrinin sualları ətraflı cavablandırıldı.

 

Mirbağır YAQUBZADƏ,

 

 Xalq qəzeti.- 2013.- 2 noyabr.- S. 7.