Sənətini həyatı
qədər sevirdi
Həsən Məmmədov-75
Böyük sənətkar idi Həsən
müəllim. Onu hamı
tanıyır və sevirdi. Ən yaxşı
filmlərimizin baş
qəhrəmanları ona
həvalə olunurdu.
O, Azərbaycanın professional kino aktyorluq məktəbinin görkəmli
nümayəndələrindən idi. Yaratdığı rolların hər
birində onun ürək çırpıntıları
aydın duyulur.
Qəhrəmanlarına öz ürəyinin
hərarətini vermişdi.
Onları sevə-sevə yaratmışdı,
ona görə də tamaşaçılar
da onları sevmişdi. Həmin obrazlar milli
kino sənətimizin çox qiymətli nümunələri kimi hörmət və məhəbbətlə yad
edilir. Bu gün xalq artisti
Həsən Məmmədovu
xatırlayarkən kino
sənətimizin böyük
bir dövrünün
ən yaxşı filmləri göz önündə canlanır.
Bu filmlər müxtəlif
janrlı, fərqli tarixi dövrləri əhatə edən dəyərli sənət
əsərləridir. Həmin filmlərdə onun yaratdığı qəhrəmanlar
tariximizin məşhur
şəxsiyyətləri, müasir dövrün insanlarıdır. Onlar
arasında Dədə
Qorqud da var, Bəxtiyar da, Şadlinski də, Qaraş da və...
Həsən Məmmədov milli kinomuzun inkişaf dövrü olan 60-cı illərdə sənətə
gəlmişdi. Özü ilə də
kinomuza yeni qəhrəman obrazı gətirmişdi. Onun kino
yaradıcılığı Qaraşla (“Böyük dayaq”) başlamışdı.
Bu, böyük sənətin ilk sınağı
olsa da, Həsən Məmmədov
bu sınaqdan uğurla çıxdı
və o, aktyorun gələcək məhsuldar
fəaliyyəti üçün
çox güclü stimul yaratdı. Əslində, Həsən müəllim
ilkin olaraq başqa ixtisas dalınca gedib. Əvvəlcə Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən
çıxıb və
bir müddət müxtəlif teatrların
yardımçı heyətində
aktyorluq edib. Bununla da onun sənətə
marağı artıb
və o, aktyor olacağını qətiləşdirib.
Beləcə, 1958-ci ildə Mirzağa
Əliyev adına
Azərbaycan Dövlət
Teatr İnstitutunun
dram və kino aktyorluğu fakültəsinə
daxil olub. Tələbəlik illərində müəyyən
fasilələrlə Dövlət
radiosunda diktor işləyib (1960-1961). Məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-ci ildə bitirib və təyinatla Akademik Milli
Dram Teatrına göndərilib.
Elə həmin il sentyabr
ayının 10-da bu qədim sənət ocağının aktyor truppasına üzv olub. Bu ildən başlayaraq on il
ərzində kino çəkilişləri ilə
əlaqədar olaraq müxtəlif müddətlərə
dəfələrlə teatrdan
işdən çıxıb
və yenə kollektivə qayıdıb.
İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov
1972-ci il fevral ayının 2-də
köçürmə yolu
ilə Akademik Teatrdan çıxaraq “Azərbaycanfilm” kinostudiyasına
işə qəbul edilib. O, kinoda artıq məşhurlaşmışdı,
“Böyük dayaq”da oynamışdı. “Bir cənub şəhərində” filmində
Muradı yaratmışdı.
Bu qəhrəman elə o vaxt aktyorun özü ilə, bəlkə də, həmyaşıd olardı. Nədənsə, çoxları da
bu fikirdədirlər ki, filmdə, elə bil, Həsən
Məmmədov heç
rolda deyil, özünü oynayır.
Çünki Muradın xarakteri
elə Həsən Məmmədovun özü
ilə üst-üstə
düşürdü. Sadə, səmimi, məhəllədə
hamının hörmətini
qazanmışdı. Atasını itirəndən sonra ailənin bütün qayğılarını çəkən
Murad qarşılaşdığı
situasiyalardan bəzən
baş çıxara
bilmir. Çünki
bu “cənub şəhəri”nin həmin məhəlləsinin
öz qanunları var.
Bacısının nişanlısı
Ukraynadan özünə
həyat yoldaşı
gətiribsə, mütləq
o qızın qardaşının
qəzəbinə tuş
gəlməlidir. Murad bilir
ki, bu qanunlar
artıq köhnəlib,
belə hadisələri
yoluna qoymağın başqa üsullarını
da tapmaq olar. Anası isə bu qanunlar mühitində yaşadığından oğlunu
bu işə təhrik edir. Baxmayaraq ki, hadisənin pis nəticə verəcəyini də bilir. Doğrusu, Muradın taleyinə
biganə qalmaq olmur. Onun düşdüyü vəziyyətə acıyırsan
və hər şeyin müsbət sonluqla bitəcəyinə
ümid bəsləyirsən.
Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, “Azərbaycanfilm”də istehsal olunmuş “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu bəy Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məhəmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Zirvə” (Kamil) filmlərində aparıcı rollar oynayıb. Bunlar onun oynadığı filmlərin bir qismidir.
Həsən Məmmədov milli kinomuzun ən məhsuldar işləyən aktyorlarından olub. Elə il olmayıb ki, o, bir və ya bir neçə filmə çəkilməmiş olsun. Hamısı da baş rollar idi. Daha çox dramatik, psixoloji yönümlü rollarda çəkilirdi. Amma komik rolları da ustalıqla ifa edib. Məsələn, “Alma almaya bənzər” filmindəki sürücü bu tipli rollardandır.
Son illər çox
az-az çəkilirdi. Həmişə də gileylənir, kinoya münasibətin dəyişdiyini bildirirdi.
Bir ara
teatra da gəldi, burada bir neçə tamaşada rollar oynadı. Amma o, kinosuz yaşaya
bilmirdi. “Təhminə” də Zaurun atası professor Zeynallını oynadı.
Amma bu da onu
razı salmamışdı.
“Qırmızı qatar”
da həkim, “Mənim ağ şəhərim”də Mahmud dayı,
“Həm ziyarət, həm ticarət” də Əlimurad, “Hökm”də Tuz Nəsrəddin kimi rolları da onun son illər yaradıcılığının məhsullarıdır.
İşləmək istəyirdi, çəkiliş
meydançaları üçün
çox darıxırdı. Milli Akademik Dram Teatrında da çox rollar
oynadı. Haqqında kitablar
yazılıb, çoxsaylı
məqalələr dərc
olunub.
Dövlətimiz onun xidmətlərini çox yüksək qiymətləndirmişdi. “Xalq artisti” fəxri adına layiq
görülmüşdü. “Şöhrət” ordeni ilə təltif olunmuşdu.
“ İstintaq” filmindəki roluna görə SSRİ Dövlət
mükafatı almışdı.
“Axırıncı aşırım”
filmindəki Abasqulu bəy Şadlinski roluna görə ona ümumittifaq kinofestivalında ən yaxşı kişi
rolu üçün mükafat verilmişdi. Çox idi mükafatları.
Bütün bunları Həsən
müəllim öz gərgin zəhməti hesabına qazanmışdı.
O, öz xalqına sədaqətlə xidmət
etdi. Özündən sonra onu ürəkdən sevən
tamaşaçılara nə
qədər filmlər
qoyub getdi. Və bu gün həmin
filmlərin qəhrəmanları
bu xalqın övladlarına çox şeylər danışır,
onları şər qüvvələrdən qorunmağa
çağırır.
Bu böyük
sənətkar 2003-cü ilin
26 avqustunda həyatla vidalaşdı. Onun məzarı
II Fəxri Xiyabandadır.
Biz onu itirsək
də, xatirəsi əbədi olaraq sənətsevərlərin yaddaşında
yaşayacaq.
Mehdi
MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.- 2013.- 3 noybr.- S. 7.