Şəki – Azərbaycanın
qədim mədəniyyət mərkəzi
Şəki Azərbaycanın
qədim mədəniyyət mərkəzlərindən biri olub, bu
gün də həmin ənənəni qoruyub saxlayır. Burada Şərq memarlıq
sənətinin incisi sayılan Xan sarayı, möhtəşəm
Aşağı Karvansaray və Yuxarı Karvansaray binaları, Kiş
kəndindəki qədim alban məbədi
və digər tarixi abidələr bərpa
edilərək qorunub saxlanılır.
Şəkiyə gələn turistlərin ziyarətgahına çevrilmiş həmin abidələr
görənləri heyran edir.
Şəki həmçinin qədim sənətkarlıq mərkəzidir.
Xalq sənətkarlığının bütün növləri burada
yüksək səviyyədə inkişaf
etdirilmişdir. Nəsildən-nəsilə
keçən sənətkarlıq nümunələri turistlərin
böyük marağına səbəb olur, onlar tərəfindən
bu əl işləri həvəslə
alınır.
Hazırda Şəkinin sosial-iqtisadi və mədəni həyatında sürətli inkişaf prosesi gedir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şəkiyə hər gəlişi, bu qədim diyara göstərdiyi diqqət və qayğı, eləcə də maliyyə dəstəyi şəhərin yeni inkişafına təkan verir. Son illərdə möhtərəm Prezidentimiz beş dəfədən çox Şəkiyə səfər etmiş və bu səfərlər zamanı modul tipli elektrik stansiyasının, xalqımızın ümummilli lideri Heydər Əliyev muzeyinin, mərkəzi şəhər xəstəxanasının 100 çarpayılıq cərrahiyyə korpusunun, çoxlu sayda ümumtəhsil məktəblərinin, şərab zavodunun, 14 min tonluq taxıl terminalının, un dəyirmanının və digər obyektlərin təntənəli şəraitdə açılışını etmişdir. Ölkə rəhbərinin hər gəlişi Şəki əhalisi tərəfindən hərarətlə qarşılanır, onları daha böyük quruculuq işləri aparmağa ruhlandırır.
İnişil Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Şəki Azərbaycanın mədəniyyət mərkəzi elan edilmişdi. Bununla əlaqədar şəhərdə bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirilmişdi. 2012-ci ildə Azərbaycanın böyük mütəfəkkir yazıçısı və ictimai xadimi olan Mirzə Fətəli Axundzadənin 200 illik yubiley tədbiri yüksək səviyyədə qeyd olunmuşdu. Ölkəmizin dəyərli tədqiqatçı alimləri, xarici qonaqlar yubilyarın həyat və yaradıcılığı haqqında xoş sözlər demiş, onun xalq qarşısındakı xidmətlərini yüksək qiymətləndirmişlər.
Elə həmin ildə keçirilmiş böyük tədbirlərdən biri də Şəki şəhərinin 2700 illik yubileyi olmuşdur. İnişil həmçinin dünya mədəniyyətinin incilərindən olan Şəki Xan sarayının 250 illik yubileyi də təntənəli şəraitdə qeyd edilmişdi.
Mədəniyyət və turizm nazirinin əmrinə əsasən, “Paytaxtdan bölgələrə” adlı layihənin dördüncü mərhələsi də Şəkidə keçirilmişdir. Bu münasibətlə Şəki Dövlət Rəsm Qalereyasında sərgi təşkil olundu. Sərgidə nümayiş etdirilən müxtəlif mövzulu rəsm əsərləri şəkililər və şəhərə gələn qonaqlar tərəfindən maraqla qarşılandı.
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş “İpək yolu” IV Beynəlxalq musiqi festivalı da öz möhtəşəmliyi ilə yaddaşlara həkk olunmuşdur. Şəhərin yay kinoteatrında Türkiyə, Rusiya, Moldova, Ukrayna, Tacikistan, Qazaxıstan və Özbəkistandan gəlmiş rəqs kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. XIX əsrə aid tarixi memarlıq və mədəniyyət abidəsi olan Aşağı Karvansaray kompleksində, açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı truppasının ifasında dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş etdirildi. Balet festivalın qonaqları və şəhər sakinləri tərəfindən gurultulu alqışlarla müşayiət olundu.
Şəhərin Azadlıq meydanında ABŞ-ın “Filliqar” rok qrupunun konserti möhtəşəmliyi ilə yadda qaldı. Konsertdən əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Viktoriya Sluon rok qrupunun fəaliyyəti barədə tamaşaçılara ətraflı məlumat verdi. Cənubi Koreya Respublikasından gəlmiş musiqi kollektivlərinin konsert proqramları da rəngarəng və maraqlı idi. Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn “İpək yolu” festivalının mədəniyyətlərarası dialoqa töhfə olduğunu vurğulayaraq, ölkəsinin musiqi mədəniyyətində mahnı və rəqslərin əsas yer tutduğunu bildirdi.
“İpək yolu” festivalı Şəki şəhər sakinlərinin və xarici qonaqların yaddaşında dərin iz buraxıb. Dağlar gözəli Şəkiyə gələn xarici ölkələrin tanınmış musiqiçiləri festivaldan xoş təəssüratla ayrılıblar.
Şəki şəhəri 2012-ci ildə TÜRKSOY-un qərarı ilə “Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı” elan olunub. Bu il Şəkidə keçirilən ən böyük tədbir ulu öndəri Heydər Əliyevin 90 illik yubileyi olmuşdur. “Heydər Əliyevin həyatı, fəaliyyəti gənclərə bir örnək və nümunədir” mövzusunda siyasi dərslər, sərgilər, rəngarəng konsert proqramları, müxtəlif idman yarışları və spartakiadalar təşkil edilmişdir. 10 may 2013-cü il tarixdə keçirilən “Gül bayramı” isə şəkililərin xalqımızın ümummilli lideri Heydər Əliyevə olan sonsuz sevgi və məhəbbətinin təzahürünə çevrilmişdir.
Telman ƏLİYEV,
Xalq qəzeti.- 2013.- 3 noyabr.- S. 7.