Sabirabadda təhsil
sisteminin müasirləşdirilməsi istiqamətində ciddi
addımlar atılır
Bu gün birmənalı olaraq deyə
bilərik ki, Azərbaycanda təhsil sistemi dövlətin tam
qayğısı altındadır. Bura Heydər
Əliyev Fondunun xətti ilə göstərilən
qayğı və diqqəti də əlavə etsək, təhsil
sahəsi ilə bağlı mənzərə tam
aydınlaşmış olar. Prezident İlham Əliyev, demək
olar ki, rayonlara səfəri çərçivəsində
digər sosial-iqtisadi obyektlərlə yanaşı, mütləq
məktəblərin də açılış, yaxud təməlqoyma
mərasimində iştirak edir. Bu, artıq xoş bir ənənəyə
çevrilib və ictimaiyyət bu mənzərəni çox
tez-tez müşahidə edir.
Sabirabad rayonunda da vəziyyət belədir. Dövlət
başçısı Sabirabada səfərləri çərçivəsində
bir neçə məktəbin, o cümlədən, Mürsəlli
və Qasımbəyli kənd orta məktəblərinin
açılışlarında iştirak etmişdir. Bunlar sabirabadlıların yaxşı
yadındadır. Bu yaxınlarda cənab Prezidentin yenidən
Sabirabada gəlməsi, M.Ə.Sabir adına 1 nömrəli
şəhər orta məktəbi ilə
tanışlığı və verdiyi tövsiyələr
rayonun təhsil işçilərini daha da
ruhlandırmış, respublikanın inkişafı naminə
daha fədakar olmağa sövq etmişdir.
Elə Sabirabad Rayon Təhsil Şöbəsinin
müdiri Elman Bünyatovla söhbətimiz də bu barədədir. Elman müəllim rayonda təhsilə
göstərilən dövlət qayğısı, onun
inkişaf perspektivləri ilə bağlı bildirdi:
– Gənclərin
təkcə mütəxəssis kimi deyil, həm də yetkin vətəndaş
kimi formalaşmasında təhsil sisteminin rolu
danılmazdır. Bu baxımdan ölkəyə
daha layiqli, bilikli, savadlı, çətin anlarda qərar qəbul
etməyi bacaran, rəhbərlik xüsusiyyətlərini
özündə əks etdirən fəal gənclər vermək
üçün məsuliyyətimizi dərk edir və
işimizi bu istiqamətdə qurmağa
çalışırıq. Prezident İlham Əliyevin
dediyi kimi, “Təhsil Azərbaycanın davamlı inkişaf
strategiyasının ən önəmli istiqamətlərindən
biridir... Azərbaycanın gələcək
inkişafı məhz təhsillə bağlıdır.
Təhsilə cəmiyyətin prioritet sahəsi
kimi baxılması, onun islahatyönümlü fəaliyyət
sahəsinə çevrilməsi məhz bu zərurətdən
irəli gəlir”.
Fərəhli haldır ki, ölkə
başçısı tərəfindən təhsilin
inkişafı üçün çoxsaylı
inkişafyönümlü Dövlət Proqramları təsdiq
olunmuş və uğurla həyata keçirilmişdir. Biz də
öz fəaliyyətimizi qəbul olunmuş proqramların
icrası istiqamətində qururuq. Ötən dərs
ilində Sabirabad rayonunda 65 tam orta, 16 ümumi orta, 5 ibtidai
ümumtəhsil məktəbi, Uşaq Gənclər İdman
məktəbi, Uşaq Gənclər Şahmat məktəbi fəaliyyət
göstərmişdir. Rayonun ümumtəhsil məktəblərində
24727 şagird təhsil almışdır. Bu şagirdlərin
təhsili və tərbiyəsi ilə 2495 nəfər pedaqoji
işçi məşğul olmuşdur ki, bunların 1709 nəfəri
( 68,5 faizi) ali təhsilli, 1447 nəfəri
(58 faizi) qadınlardır. Müəllimlərimizdən 5 nəfəri
“Respublikanın əməkdar müəllimi” adına,
8 nəfəri “Tərəqqi medalı”na layiq
görülmüş, 10 nəfəri “Qabaqcıl təhsil
işçisi”dir.
Başa düşürük ki, möhkəm maddi-tədris
baza olmadıqda təhsilin inkişafından danışmaq əbəsdir. Bu məqsədlə
ilk növbədə maddi tədris bazasının möhkəmləndirilməsi
əsas vəzifə kimi qarşımızda durur. Heydər
Əliyev Fondunun vəsaiti hesabına rayon mərkəzində
M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin binası
sökülərək, yerində müasir standartlara cavab verən
layihə əsasında 1200 şagird yerlik məktəb binası
tikilmiş, hörmətli Prezidentimiz məktəbin
açılışında iştirak etmiş və yeni bina
ilə tanış olmuşdur.
Ötən
dərs ilində Təhsil Nazirliyinin vəsaiti hesabına 8
saylı şəhər və Nərimankənd tam orta məktəblərinin
hər biri üçün 480 şagird yerlik yeni məktəb
binaları, Fövqəladə Hallar Nazirliyinin vəsaiti
hesabına Yuxarı Axtaçı kənd tam orta məktəbi
üçün 250 şagird yerlik yeni məktəb binası
istifadəyə verilmişdir.
N.Gəncəvi
adına 5 saylı şəhər,
Qaragünə 1 saylı kənd tam orta, Xəlfəli kənd
tam orta məktəblərinin binaları əsaslı təmir
edilərək istifadəyə verilmişdir. Bununla
yanaşı, Təhsil Nazirliyinin vəsaiti hesabına 6
saylı şəhər tam orta məktəbində əsaslı
təmir işləri görülmüş, 200 şagird
yerlik əlavə sinif otaqları tikilərək istifadəyə
verilmişdir. Qarağac və Kovlar kənd tam
orta məktəblərinin binaları əsaslı təmir
olunmuşdur. Məktəblərin istilik
sistemləri və qazanxanaları əsaslı təmir olunaraq
magistral qaz xəttinə birləşdirilmişdir. Digər təhsil müəssisələrində də
kollektivlərin öz gücləri, kənd icra nümayəndəliklərinin
və bələdiyyələrin köməyi ilə cari təmir
işləri aparılmışdır. Məktəblilərin
dərslik və digər ədəbiyyatla təmin
olunmasında da problemimiz yoxdur.
Ötən dərs ilində şagirdlərimiz 100 faiz dərsliklə
təmin olunmuşlar. Yeni dərs ilində isə 77 adda 38708
nüsxə dərslik məktəblərə
paylanmışdır. 6-cı siniflərdə
kurikulumun tətbiqi ilə əlaqədar yeni orjinal dərsliklər
komplekti və vəsaitlər müəllimlərə
çatdırılmışdır. Dövlət
qayğısı sayəsində Azərbaycan və dünya ədəbiyyatının
inciləri, habelə şagirdlər üçün lazım
olan ensiklopedik və lüğət materialları, habelə
digər ədəbiyyatlar məktəb kitabxanalarına
verilmişdir.
Son illər Dünya Bankının maliyyə
yardımı ilə həyata keçirilən
islahatyönümlü tədbirlərin böyük əksəriyyəti
ümumi təhsilin məzmununun yeniləşməsinə və
mütərəqqi dünya təcrübəsinə
uyğunlaşdırılmasına yönəlmişdir. Təhsil haqqında qanunda
göstərilir ki, ümumi təhsil təhsilalanların
fiziki və intellektual inkişafına, zəruri biliklərə
yiyələnməsinə, onlarda sağlam həyat tərzinə
və sivil dəyərlərə əsaslanan vətəndaş
təfəkkürünün formalaşmasına, milli və
dünyəvi dəyərlərə hörmət hissinin
aşılanmasına, ailə, cəmiyyət, dövlət və
ətraf mühit qarşısında hüquq və vəzifələrinin
müəyyən edilməsinə imkan yaradır. Ölkəmizdə 2004-cü ildən başlayan məzmun
dəyişiklikləri də kurikulum islahatı altında
aparılır. Məzmun dəyişikliklərinin
uğurla aparılması üçün ilk növbədə
müəllim hazırlığı ön planda durur.
Bunu nəzərə alaraq rayonda müəllimlərə fənn
kurikulumları ilə işləmək
bacarığının aşılanması istiqamətində
müəyyən işlər görülmüş, 2008-
2012-ci illər ərzində rayonun 1356 sinif və fənn
müəllimləri 10 günlük hazırlıq treninqlərindən
keçirilmiş və müvafiq sertifikatlar almışlar.
Bu dərs ilində 6-cı siniflərin yeni tədris
planları (kurikulum) ilə işləyəcəyini nəzərə
alaraq rayonun ixtisas müəllimlərinin treninqləri təşkil
edilmiş, onların yarıdan çoxu kurslardan
keçmişlər. Yekunda 593 müəllimin treninqlərdən
keçməsi planlaşdırılmışdır.
Treninqlər N.Gəncəvi adına 5
saylı məktəbdə keçirilmişdir. Məşğələlərin müvəffəqiyyətlə
keçməsi üçün məktəbdə normal şərait
yaradılmışdır. Ötən dərs ilində
V siniflərdə müəllimlərin dərsləri il boyu nəzarətdə saxlanılmış,
onların qarşılıqlı dərs dinləmələri
təşkil edilmişdir. V siniflərdə
kurikulumun tətbiqi ilə tədrisin vəziyyəti rayon təhsil
şöbəsi şurasında müzakirə edilərək
müvafiq tapşırıqlar verilmişdir.
Nazirlər
Kabinetinin 13 yanvar 2009-cu il tarixli qərarı
ilə “Azərbaycan Respublikasının ümumtəhsil
sistemində Qiymətləndirmə Konsepsiyası” təsdiq
edilmişdir. Qəbul olunmuş qiymətləndirmə
sistemi məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni
əhatə edir. Yeni sistemdə şagird
nailiyyətlərinə kompleks şəkildə
yanaşılır, onun əvvəlki illərdə və
buraxılış sinfində nəticələri nəzərə
alınır. Yeni qiymətləndirmə
konsepsiyasının, xüsusilə 2013-cü ildə
edilmiş dəyişikliklərin müəllimlərə,
şagirdlərə və valideynlərə izah olunması
üçün şöbənin məsləhətçi və
metodistləri məktəblərdə olmuş, geniş izahat
işi aparmışlar. Ötən dərs ilində
rayonun 2 saylı məktəb-liseyində, 6 saylı şəhər,
Balahəşimxanlı,Yaxa-Dəllək,Turkədi,
Çiçəklı kənd tam orta, Qaralar, Qaratəpə
kənd ümumi orta məktəblərində şagirdlərin
Təhsil Nazirliyi tərəfindən milli qiymətləndirilməsi
həyata keçirilmiş, şagirdlər, müəllimlər
və valideynlər arasında anket sorğusu
keçirilmişdir.
Ötən tədris ilində tam orta təhsil
haqqında attestat alanların sayı 1980 nəfər,
ümumi orta təhsil haqqında şəhadətnamə
alanların sayı isə 2681 nəfər olmuşdur.
M.Ə.Sabir
adına 1 saylı məktəbin məzunu Nərmin Səlimova
və N.Nərimanov adına 2 saylı məktəb-liseyin məzunu
Turan Babayeva təhsildə qazandıqları nəticələrə
görə qızıl medala layiq görülərək fərqlənmə
attestatı almışlar. Bu il məzunlarımızdan
276-sı müxtəlif ali məktəblərə qəbul
olunmuşdur. Müqayisə üçün qeyd edim ki, qəbul
olunanların sayı 2010-cu ildə 197 nəfər, 2011-ci ildə
212 nəfər, 2012-ci ildə 233 nəfər olmuşdur. Göstəricilərimizin yaxşılığa
doğru dəyişdiyi aydın görünür. Qızıl medal almış məzunlarımız qəbul
imtahanlarında da özlərini doğrultmuşlar. Turan Babayeva 680 balla Tibb Universitetinin müalicə
fakultəsinə, Nərmin Səlimova 491 balla Pedaqoji
Universitetin Azərbaycan dili və ədəbiyyatı fakultəsinə
qəbul olunmuşlar.
Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər) çərçivəsində başladığımız işi davam etdirmişik. Bu məqsədlə rayonun məktəbliləri arasında mütəmadi olaraq fənn olimpiadaları, müxtəlif müsabiqələr, yarışlar keçirilmişdir. Nəticədə xüsusi istedada malik uşaqlar seçilmiş və onlarla sonrakı fəaliyyətlərinin istiqamətləndirilməsi yönündə fəaliyyət planları tərtib edilmişdir. Seçilmiş şagirdlərin adları rayon təhsil şöbəsində yaradılmış “İstedad Bankı”na daxil edilmişdir. Hazırda 26 nəfəri fənlər üzrə, 32 nəfəri ifaçılıq, 16 nəfəri təsviri sənət, 14 nəfəri bədii yaradıcılıq, 2 nəfəri texniki yaradıcılıq, 22 nəfəri idman, 4 nəfəri dekorativ sənət üzrə olmaqla 116 şagirdin adı “İstedad Bankı”na daxil edilmişdir.
Aparılan səmərəli işin nəticəsidir ki, fənn olimpiadalarının respublika turunda göstərici yer tutan şagirdlərimizin sayı 2 nəfər olmuşdur. Nərimanov adına 2 saylı məktəb-liseyin X sinif şagirdi Anar Süleymanlı Azərbaycan tarixi üzrə olimpiadanın respublika turunda III yerə, M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbinin XI sinif şagirdi Nərmin Səlimova Azərbaycan tarixi üzrə olimpiadanın respublika turunda həvəsləndirici yerə layiq görülmüşdür.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində də rayonda müəyyən işlər görülmüşdür. Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud olan) uşaqların təhsilinin təşkili ilə əlaqədar xeyli işlər görülmüşdür. Çalışmışıq ki, ehtiyacı olan uşaqların bir nəfərinin də belə təhsildən yayınmasına yol verilməsin. Beləliklə, 207 nəfər xəstə uşaq fərdi təhsilə cəlb olunmuşdur. Yetim və valideyn himayəsindən məhrum olan uşaqlar da yaddan çıxmamış, hesabat dövründə 7 uşaq qəyyumluğa, 17 uşaq övladlığa verilmişdir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə rəngarəng tədbirlər keçirilmişdir. Bu tədbirlər içərisində rəsm, inşa müsabiqələri və idman yarışlarını göstərmək olar. İnşa müsabiqəsində Zəngənə orta məktəbinin şagirdi Aytac Əzizova rayon mərhələsində I yeri tutmuşdur.
Əlbəttə, bunlar rayonun təhsil sistemində
inkişafı təmin etmək üçün
görülmüş işlərin heç də
hamısı deyil. Bu barədə uzun-uzadı danışmaq
olar. Amma əsas məqsəd cəmiyyət üçün
layiqli vətəndaş yetişdirməkdir və təhsil
işçilərimiz bu böyük vəzifənin öhdəsindən
lazımınca gəlməyə çalışırlar.
Səməd Hüseynoğlu,
Xalq qəzeti.- 2013.- 3 noyabr.- S. 7.