Məcburi köçkünlər öz ata-baba yurdlarına dönəcəkləri günü inamla və səbirsizliklə gözləyirlər

 

 

1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Laçın - 1992-ci il 18 may, Kəlbəcər - 1993-cü il 2 aprel, Ağdam - 1993-cü 23 iyul, Cəbrayıl - 1993-cü il 23 avqust, Füzuli - 1993-cü il 23 avqust, Qubadlı - 1993-cü il31 avqust, Zəngilan - 1993-cü il 29 oktyabr) ərazisi işğal olunmuşdur.

 

Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycandakı ata-baba torpaqlarından, işğal edilmiş rayonlardan 1 milyon nəfərdən çox azərbaycanlı daimi yaşayış yerlərindən məhrum olaraq qaçqın və məcburi köçkünə çevrilmiş, respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.

 

Azərbaycanın 900 yaşayış məntəqəsi, 130 min 939 ev, 2 min 389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 təhsil, 798 səhiyyə ocağı, 1510 mədəniyyət müəssisəsi dağıdılmış, 5 min 198 kilometr avtomobil yolu, 348 körpü, 7 min 568 kilometr su və 76 min 940 kilometr elektrik xətti sıradan çıxarılmışdır.

 

Ermənistanın hərbi müdaxiləsi nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq əlil olmuşdur. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə 12 muzeyi, 6 rəsm qalereyasını, 927 kitabxananı, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 18 məscid dağıdılmışdır.

 

Axıradək tam müəyyənləşdirilməmiş məlumata görə, işğal nəticəsində Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir.

 

Tarix boyu insanlar tərəqqiyə yol açan dəyərləri qiymətləndirib, belə hadisələri anmış, onların şəninə tədbirlər düzənləmişlər. Lakin insanlığa zidd, bəşər övladına bəla gətirən hadisələri bütün Azərbaycan xalqı kimi, kəlbəcərlilər də heç vaxt unutmayacaqdır.

 

Məlumat üçün bildiririk ki, Kəlbəcər rayonunun işğalı nəticəsində 128 kənd, 1 şəhər, 1 qəsəbə işğala məruz qalmış, 11125 yaşayış evi, 500 ictimai bina, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 172 mədəniyyət obyekti, 625 kilometr uzunluğunda avtombil yolları, 62 ədəd körpü, 92 kilometr su kəməri, 820 kilometr elektrik xətti, 37852 hektar meşə sahəsi, 4 tarixi abidə, İstisu sudoldurma zavodu, Şorbulaq civə zavodu, xalçaçılıq kombinatı və digər sənaye obyektləri, 100000 baş şəxsi mal-qara, 500000 baş davar ...işğal altında qalmışdır. Ümumilikdə, rayona 20 milyardd ABŞ dollarından çox maddi zərər dəymiş, 224 hərbi, 258 mülki şəxs şəhid olmuş, 111 nəfər əsir alınmış - itkin düşmüşdür.

 

Müstəqil Azərbaycan dövlətinin banisiqurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqların azad edilməsi, öz ata-baba yurdlarından qovulmuş soydaşlarımızın, o cümlədən kəlbəcərlilərin doğma yurd yerlərinə qaytarılması istiqamətində yürütdüyü siyasət ulu öndərin layiqli davamçısı, müasir Azərbaycanımızın Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Prezident İlham Əliyevin daimi diqqət və tükənməz qayğısı ilə 2003-2013-cü illərdə Kəlbəcər rayon əhalisinin sıx məskunlaşdığı Bakı, Mingəçevir və Gəncə şəhərlərində, Goranboy, Qəbələ, Bərdə, Yevlax rayonlarında və digər bölgələrdə rayonun məcburi köçkünlərinin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində çox böyük işlər görülmüşdür.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 noyabr 2009-cu ildə Goranboy rayonu ərazisində salınmış 596 ailəlik qəsəbənin, 27 fevral 2010-cu ildə Qəbələ rayonu Zarağan qəsəbəsində 192 ailəlik, 10 noyabr 2010-cu ildə Yevlax şəhərində 615 ailəlik və 21 yanvar 2012-ci ildə Goranboy şəhərində yaşayış məhəllələrinin açılışında iştirak etmişdir.

 

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramının uğurlu icrası nəticəsində Kəlbəcər rayonu üzrə nəzərdə tutulan tədbirlər əsasən yerinə yetirilmiş və müsbət nəticələr əldə edilmişdir.

 

Belə ki, respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün inşa olunmuş yeni qəsəbələrdə Kəlbəcər rayonundan olan 1764 ailə mənzillə təmin edilmişdir. Hazırda Gəncə şəhərində 1500 ailə üçün yeni yaşayış məhəlləsinin tikintisi başa çatmaq üzrədir. Göygöl rayonu ərazisində 600 ailə üçün qəsəbə salınması məqsədi ilə 60 hektar torpaq sahəsi ayrılmış, layihələndirmə işləri yekunlaşmışdır.

 

Son 10 ildə hər biri 200 yerlik 2 mədəniyyət evi, hər biri 80 yerlik 2 uşaq bağçası tikilmiş, 1 uşaq bağçası əsaslı təmir olunmuş, Bakı şəhərində 4 sinif otağı olan incəsənət məktəbi tikilərək gənc istedadların istifadəsinə verilmişdir. Gəncə şəhəri Gülüstan qəsəbəsində Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evinin 220 yerlik iclas zalı əsaslı təmir olunmuş, müasir avadanlıqla təchiz edilmişdir.

 

Ötən dövrdə Kəlbəcər rayon mərkəzi xəstəxanasının binası əsaslı təmir olunmuş, istilik sistemi quraşdırılmış, ən müasir tibb avadanlıqları ilə təchiz edilmiş, məcburi köçkünlərin içməli su probleminin həlli üçün 20,5 min metr uzunluğunda müxtəlif diametrli borularla su xətti çəkilmiş, 23 ədəd su nasosu alınmış, 19 su artezian quyusu qazılmış, 4810 məcburi köçkün ailəsinin evinə təbii qaz xətti çəkilmişdir.

 

Kəlbəcərdən olan köçkünlərin müvəqqəti məskunlaşdığı 231 ictimai binanın kanalizasiya, sudaxili elektrik xətləri, dam örtükləri, dəhlizləri, qapı-pəncərələri əsaslı təmir olunmuş, 1500 fərdi evin dam örtüyü dəyişdirilmiş, 14 ədəd elektrik transformatoru, 12,4 min metr uzunluğunda elektrik naqili yenisi ilə əvəz edilmiş, 15 ədəd xeyir-şər mağarı hazırlanıb, qab-qacağı və digər avadanlıqları ilə birlikdə məcburi köçkünlərin istifadəsinə verilmişdir. 10 yerdə xeyir-şər yerləri əsaslı təmir olunmuş, qab-qacaq və digər zəruri inventarlarla təmin edilmişdir.

 

Son 10 ildə 340 kəlbəcərli yeni fərdi sahibkar fəaliyyətə başlamışdır. Orta aylıq əmək haqqı 7,8 dəfə, pensiyaların orta məbləği 9,2 dəfə yüksəlmiş, 1962-si daimi olmaqla 2006 yeni yeri açılmışdır. Bu dövrdə ümumi məhsul buraxılışının həcmi 4,1 dəfə, kənd təsərrüfatı üzrə ümumi məhsul 3 dəfə, sahibkarlıq subyektlərinin sayı 10,9 dəfə artmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 43 sahibkara 471 min manat məbləğində güzəştli kredit verilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarına bu müddət ərzində 232,8 min manat məbləğində yardım edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Kəlbəcər rayonu üzrə son 10 ildə 3500 şagird yerlik 25 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 780 şagird yerlik 3 məktəb binası tikilmiş, 4467 şagird yerlik 32 məktəb binası əsaslı təmir olunmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkünlərə edilən güzəştlər və imtiyazlar onların həyat səviyyəsinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayır. Kəlbəcər rayon sakinlərinə verilən aylıq yemək xərci müavinətinin məbləği 2003-cü ilə nisbətən 3,5 dəfə artırılmış, rayonun 17,8 min abonentinin istifadə etdiyi elektrik enerjisi, təbii qaz, içməli su və digər kommunal xidmətlərin dəyəri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Təbii qazla təmin olunmayan şəhər və rayonların ərazilərində müvəqqəti məskunlaşmış 10990 ailəyə payız-qış mövsümündə 40 litr neft yanacağı verilir. Büdcə təşkilatlarında çalışan işçilərə istifadə etmədikləri məzuniyyətlərə görə 325,8 min manat məbləğində kompensasiya ödənilmişdir. Büdcə müəssisələrində çalışmış, özlərindən asılı olmayan səbəblərə görə yerini itirmiş 1043 nəfər kəlbəcərli məcburi köçkünə hər ay orta aylıq əmək haqqı ödənilir.

 

2003-2013-cü illərdə dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan rayonun 1383 nəfər məcburi köçkün sakininin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə kəlbəcərlilərin əməyi və xidməti fəaliyyətləri qiymətləndirilərək ötən dövrdə 5 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 11 nəfər “Tərəqqi” medalı ilə təltif olunmuş, 5 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

 

Dövlət qayğısı nəticəsində köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində nə qədər görülsə də, respublikamızın müxtəlif bölgələrində məskunlaşmış köçkünlərə, o cümlədən kəlbəcərlilərə nə qədər gözəl şərait yaradılsa da, onlar yenə də doğma yurd həsrətilə yaşayır və oraya qayıdacaqları günü səbirsizliklə gözləyirər.

 

Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətində deyilir: “Sazın, sözün xiridarı, yüzlərlə ağsaqqalı, ağbirçəyi olan bu camaat ağı qaradan yaxşı seçir, bilir ki, torpaqlarımızın xilası, el-obamızın öz yurduna qayıtması, bütövlükdə ərazi bütövlüyümüzün bərpası yalnız Sizinlə birlikdə mümkündür”.

 

Bəli, ata-baba yurdlarına dönməkdə israrlı olan məcburi köçkünlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prinsipial mövqeyini birmənalı şəkildə dəstəkləyir və müdafiə edirlər. Bu mövqe dəfələrlə bəyan edildiyi kimi, beynəlxalq norma və prinsiplərə əsaslanır. Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək missiyasını öz üzərinə götürmüş beynəlxalq təşkilatların problemə ikili standartlarla yanaşması 20 il ərzində problemin həllini, demək olar ki, nəticəsiz qoymuşdur. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi 4 qətnamənin qeyd-şərtsiz yerinə yetirilməsinə işğalçı Ermənistan dövlətini məcbur etmək əvəzinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin “müharibə yolverilməzdir, tərəflər öz aralarında razılığa gəlməlidir, yaxud münaqişə siyasi yolla həll edilməlidir” kimi ikibaşlı bəyanatlarla kifayətlənməsi “Paraya dəymə, bütövü kəsmə, doğra, doyunca yeel misalını, xatırladır. Əslində, həmsədrlərin beynəlxalq aləmdə Ermənistan dövlətinin siyasətinin işğalçı mahiyyətini açmaq, insanları real vəziyyətlə məlumatlandırmaq istiqamətində fəaliyyəti daha düzgün olardı.

 

Yaranmış vəziyyətdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində beynəlxalq miqyasda həyata keçirilən tədbirlər özünü həmişə zərərçəkən, əzabkeş, rəzil obrazında dünyaya tanıtdırmağa çalışan ermənilərin əsl simasının açılmasında böyük rol oynayır. Bu cür tədbirlər ayrı-ayrı ölkələrin, hətta erməni lobbisinin güclü olduğu Amerika Birləşmiş Ştatlarının əksər ştatlarında Xocalı qətliamını soyqırımı kimi tanıtmağa imkan vermişdir.

 

Bununla əlaqədar, dünyada böyük əks-sədaya səbəb olmuş “Xocalıya ədalət” kampaniyasının təcrübəsindən istifadə etməklə, ayrı-ayrı rayonların erməni silahlı qüvvələri tərəfindən işğalı, bu ərazilərdə ermənilərin törətdikləri kütləvi vəhşilik və vandalizm hallarının dünya ictimaiyyətinə çatdırılması üzrə işin təşkili də böyük səmərə verərdi.

 

Yəqin ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də öz münasibətlərini bildirəcəklər. Məsələnin həllinə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, həmçinin Kəlbəcərdən, Cəbrayıldan, Laçından, Şuşadan və əraziləri işğal olunmuş digər rayonlardan seçilmiş Milli Məclis deputatlarının cəlb edilməsi də məqsədəuyğun olardı. Məsələn, həmin deputatların Avropa Parlamentinin iclaslarına məqsədyönlü ezam olunması və iştirakının təmin edilməsi, ATƏT-i təmsil edən ölkələrin nümayəndələri ilə birgə mətbuat konfranslarının keçirilməsi və s. tədbirlərin təşkili münasib sayıla bilər.

 

Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkələrində Azərbaycan Respublikasının şəfirliklərində həmin ölkələrdə fəaliyyət göstərən yerli və beynəlxalq KİV əməkdaşları və əraziləri işğal altında olan rayonların nümayəndələrinin bilavasitə iştirakı ilə görüşlərin təşkil edilməsi də məqsədəuyğun olardı. Təbii ki, bələ görüşlər elə rayonların ərazilərinin işğalı günlərində keçirilməsi münasib sayıla bilər.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti və inamla həyata keçirdiyi daxilixarici siyasət kəlbəcərlilərin ürəyincədir. Kəlbəcərlilər torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Ali Baş Komandanın bu istiqamətdə atacağı hər hansı addımı və qəbul edəcəyi hər bir qərarı birmənalı şəkildə dəstəkləyir və müdafiə edirlər.

 

Rüstəm AĞABƏYLİ

 

Xalq qəzeti.- 2013.- 3 noyabr.- S. 5.