Tbilisidə azərbaycanca
“Ədəbi Gürcüstan”
antologiyası çap edilmişdir
Ötən
il Borçalıda yaşayan
soydaşlarımız üçün yaddaqalan hadisələrdən biri
“Ədəbi Gürcüstan (son 350 ilin ədəbi
antologiyası)” kitabının nəşri olub.
1330 səhifəlik antologiyaya son 350 ildə Gürcüstanda
yaşayıb-yaratmış, eləcə də əslən
Borçalıdan olub Bakıda, Azərbaycanın və
digər qonşu respublikaların ərazisində
yaşamış qələm adamlarının əsərləri
toplanıb.
Maraqlıdır ki, kitabın tərtibçiləri uzaq tarixlərdə yaşayıb-yaratmış şair və yazıçıları da unutmamış, onların ya tərcümeyi-hallarını, ya da əsərlərini taparaq kitaba daxil etmişlər. Kitabda təxminən on yeddinci əsrin ortalarından bəri Gürcüstanda doğulmuş azərbaycanlı-türk şair-yazıçıların, həmçinin Azərbaycan dilində yazmış bir çox gürcü, yunan, aysoru sənətkarlarının həyatı və yaradıcılığı barədə bilgilər və əsərlərindən nümunələr verilmişdir.
İki yüzdən çox müəllifin ilk dəfə olaraq cəmləşdiyi bu topluda ədəbiyyatımızın hər kəsə tanış olan məşhur simaları ilə bərabər, indiyədək az tanınmış və ya heç tanınmamış bəzi şair-yazıçıları da təqdim olunub. Topluda istedadlı gənc yazarlara da səxavətlə yer ayrılıb. Bu həcmcə çox böyük topluda on yeddinci əsrdə yaşamış şair-aşıq Ömər, on səkkizinci əsrdə yaşamış şair Kazım, Qul Allahqulu, Güllər Pəri, on doqquzuncu əsrdə yaşamış Xəstə Hasan, Alxas ağa Hacallı, şair Nəbi, sonrakı dövrlərin məşhur ədəbi simaları Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə və başqa qələm adamlarının yaradıcılığından nümunələr verilməsi təqdirəlayiqdir.
Layihənin müəllifi Azərbaycan-Gürcüstan “Varlıq” Mədəniyyət Mərkəzi, antologiyanın sponsoru Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, tərtibçiləri Rafiq Hümmət və Nəriman Əbdülrəhmanlı, redaktoru Rafiq Hümmət, məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, professor Arif Əmrahoğlu, rəyçisi filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli, texniki redaktoru Namiq Valehoğludur.
Təbii ki, “Ədəbi Gürcüstan” antologiyasının araya-ərsəyə gətirilməsi böyük zəhmət bahasına başa gəlib. Amma bu işə könüllü surətdə qoşulan qələm dostlarımız Borçalının gələcək nəsillərinə əvəzsiz bir ərməğan qoyublar.
Paşa ƏMİRCANOV,
Xalq qəzeti.- 2013.- 3
noyabr.- S. 6.