Prezident İlham
ƏLİYEV: Ölkəmizin hərtərəfli
inkişafı,
xalqımızın rifahı üçün əlimdən
gələni əsirgəməyəcəyəm
Cənubi
Qafqazın lider dövləti olan müstəqil Azərbaycan
Respublikası ötən illər ərzində
özünün demokratik, iqtisadi, mədəni inkişafı
ilə daim diqqət mərkəzində olmuş, qlobal və
regional əhəmiyyətə malik mühüm layihələri
həyata keçirməklə və
bir sıra digər möhtəşəm yeniliklərə
imza atmaqla dünya dövlətləri üçün
nümunə göstərmişdir.
Məlum olduğu kimi, bir sıra ölkələrdə
inauqurasiya mərasiminə milyonlarla dollar həcmində vəsait
sərf olunur və bu da həmin ölkələrin ictimaiyyəti,
siyasi dairələri tərəfindən bəzən
narazılıqla qarşılanır. Böyük səs çoxluğu
ilə üçüncü dəfə Azərbaycan
xalqının etimadını qazanaraq Prezident seçilən
cənab İlham Əliyev həmin
gün Milli Məclisdə – deputatların, hökumət
üzvlərinin və ölkə ictimaiyyəti nümayəndələrinin
qarşısında and içərək təvazökarlıq,
sadəlik nümunəsi nümayiş etdirdi. Bununla da Azərbaycan
Prezidenti respublikamız ilə eyni dövrdə müstəqillik
qazanan dövlətlər üçün hər cür təmtəraqdan və
dəbdəbəli mərasimdən uzaq olan sadə bir
andiçmə nümunəsi formalaşdırdı. Nəticədə Azərbaycan
siyasi-ictimai arenada tətbiq etdiyi müsbət təcrübələr
silsiləsindən növbətisini dünyaya nümayiş
etdirdi və sivil, demokratik inkişaf
yolu tutan ölkələr
üçün bu təcrübələrdən faydalanmaq
örnəyi yaratdı.
Qürurla deyə bilərik ki, Azərbaycan
Respublikası da müasir dünyanın qabaqcıl təcrübəsindən
faydalanaraq demokratiya yolu ilə uğurla addımlayır, bu sahədə
böyük nailiyyətlər qazanır. 9 oktyabr prezident seçkiləri
bunun ən bariz nümunəsidir. Seçkilərin nəticələri,
seçki prosesinin yüksək səviyyədə keçməsi
demokratiyanın təntənəsi, siyasi sistemin demokratik tələblər
çərçivəsində dayanıqlı fəaliyyətinin
nəticəsiydi. Ona görə də prezident seçkilərinin
şəffaf, ədalətli, azad şəkildə
keçirilməsi gözlənilən
idi. Azərbaycan xalqının iradəsini tam şəkildə
əks etdirən seçkilərin gedişi və onun nəticəsi
adıçəkilən prosesi müşahidə etmiş
beynəlxalq müşahidəçiləri, əcnəbi
ekspertləri, politoloqları, siyasətçi və
deputatları da razı salmışdır. Onların Azərbaycanın siyasi-demokratik
mühiti barədə dediyi xoş sözlər hər birimizi
qürurlandırır. Avropa Şurası Parlament
Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər
Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Assambleyası, ABŞ Müstəqil
Siyasi Monitorinq Mərkəzi, Türk Dövlətləri
Əməkdaşlıq Şurası, Avropa Strateji Kəşfiyyat
və Təhlükəsizlik Mərkəzi, Avropa
Akademiyası, Beynəlxalq “İDEES” təşkilatı, Latin
Amerikası və Karib dənizi ölkələri siyasi
partiyalarının təşkilatı (COPPAL), Qara Dəniz
Ölkələri Vətəndaş Dialoqu, Rusiya İctimai
Palatası, Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu, “Ədalətli
Seçkilər Uğrunda” təşkilatı, Beynəlxalq
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı və digər
qurumlar, həmçinin Fransa, İtaliya, Hindistan, Pakistan,
Bolqarıstan və digər ölkələrdən olan
müşahidəçi missiyaları Azərbaycanda
seçkilərin demokratik, ədalətli, şəffaf və
obyektiv keçirildiyini bəyan edərək, demokratiya
sınağından uğurla çıxan ölkəmizi təbrik
etdilər.
Ulu öndər Heydər Əliyevin siyasi xəttinin
daha da zənginləşdirilərək davam etdirilməsi nəticəsində qazanılan
möhtəşəm uğurların bu şəkildə qiymətləndirilməsi,
Azərbaycan xalqının növbəti beş ildə də
cənab İlham Əliyevi dövlət başçısı
seçməsi dünya ölkələrinin liderləri tərəfindən
rəğbətlə qarşılandı. Bu münasibətlə Azərbaycan Prezidentinə telefonla zəng
edən və ona təbrik məktubu ünvanlayan bir sıra
ölkələrin dövlət başçıları onu
prezident seçkilərində qazandığı inamlı qələbə
münasibətilə təbrik etmiş, xalqımızın
rifahı naminə prezidentlik fəaliyyətində uğurlar
arzulamışdır. Məsələn, Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin ölkə rəhbərimizə
ünvanladığı məktubda qeyd edir ki, “Seçkilərdə
inamlı qələbəniz Sizin yüksək siyasi
nüfuzunuza, Sizin rəhbərliyinizlə həyata
keçirilən, ölkənin sosial-iqtisadi inkişafına,
onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə
yönəlmiş fəaliyyət xəttinin əhali tərəfindən
fəal dəstəklənməsinə dəlalət
edir”. Qardaş Türkiyə
Cümhuriyyətinin Prezidenti Abdullah Gül dövlət
başçımıza ünvanladığı məktubda
deyir: “Azərbaycanda keçirilən prezident seçkiləri
nəticəsində bu ən yüksək vəzifəyə
yenidən seçilməyiniz münasibətilə Zati-alilərinizi
öz adımdan və Türk xalqı adından ürəkdən
təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər
diləyirəm. Seçkilərin həmişəki kimi əmin-amanlıq
və dinc şəraitdə uğurla keçməsindən
böyük xoşbəxtlik duyduq. Nəticələrin Azərbaycan
xalqına xeyirli olmasını arzu edirəm”.
Ötən 10 il belə deməyə əsas
verir ki, Azərbaycan Respublikası növbəti beş ildə
də uğurla inkişaf edəcək, dövlətimiz daha da
qüdrətlənəcəkdir. Çünki ötən illər
ərzində qlobal təlatümlərin, maliyyə
böhranının hökm sürdüyü, bəzi ölkələrdə
müxtəlif səbəblərdən kütləvi
çaxnaşmaların, qarşıdurmaların
yaşandığı, qanlı toqquşmaların, müharibələrin,
inqilabların baş verdiyi, zəif siyasi sistemlərin
dağıldığı bir vaxtda dövlət
başçısının apardığı çox
uğurlu siyasət nəticəsində xalqımız və Azərbaycan dövləti
bütün risklərdən, bəlalardan, təhlükələrdən qorundu. Xalq sülh, əmin-amanlıq,
təhlükəsizlik şəraitində yaşadı,
bütün istiqamətlər üzrə aparılan islahatlar,
irəli sürülmüş təşəbbüslər
ölkəmizi daha da gücləndirdi və onun inamlı
inkişaf dinamikası saxlanıldı. On il ərzində Azərbaycanda
ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,7 dəfə artdı. Ölkənin
strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollar
oldu. Ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya
qoyuldu, xarici ticarət dövriyyəsi 6,4 dəfə,
qeyri-neft ixracı 4,5 dəfə artdı. Həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
əhalinin rifah halı əhəmiyyətli dərəcədə
yaxşılaşdı, orta maaş 5,6 dəfə, orta pensiya
9,2 dəfə artdı, 1,2 milyon iş yeri açıldı
ki, onun 900 mini daimi iş yeridir. Bu dövrdə yoxsulluğun səviyyəsi
5,5 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər
azaldı.
Bütün bunlar Prezident İlham Əliyevin
verdiyi bütün vədləri yerinə yetirməsi ilə
mümkün olmuşdur. 2003-cü ilin payızında
prezidentliyə namizəd olan İlham Əliyevin “Xalqın mənə
etimad göstərəcəyi təqdirdə mən
bütün azərbaycanlıların prezidenti olacağam” ifadəsi
çox qısa bir müddətdə həyatda öz təsdiqini
tapmışdı. Onun 2008-ci ildə prezidentliyə namizəd
olarkən söylədiyi “Biz səsləndirilən vədlərə
və bəyanatlara əsaslanan fəaliyyəti deyil, əməli
işlərə, real tədbirlərə əsaslanan fəaliyyəti
üstün tuturuq” ifadəsi də qısa müddət ərzində
reallığa çevrilmişdi. Azərbaycanda bütün
azadlıqlar – siyasi, söz, mətbuat, sərbəst
toplaşmaq, vicdan azadlıqları təmin edilmiş,
bütün demokratik proseslər müsbət istiqamətdə
getmişdir. İqtisadi uğurlarla bərabər, siyasi
islahatların aparılması ölkəmizin uğurlu
inkişafını şərtləndirmişdir. Məhz buna
görə də Azərbaycan xalqı son 10 il ərzində
görülmüş işlərə yüksək qiymət
verərək ulu öndər Heydər Əliyevin siyasi xəttini
uğurla davam etdirən cənab İlham Əliyevi dəstəklədi.
Azərbaycan daxili siyasətdə olduğu kimi
xarici siyasətdə də möhtəşəm nailiyyətlərə
imza atdı. Beynəlxalq münasibətlərin dəyişməsi,
sürətlə qloballaşan dünyada yeni məsələlərin,
yeni çağırışların ortaya
çıxması fonunda mütəmadi qaydada Azərbaycanın
xarici siyasətinə müəyyən düzəlişlər
edilərək, müasir dövrün tələblərinə
uyğunlaşdırıldı. Azərbaycan Prezidenti İlham
Əliyevin andiçmə mərasimində qeyd etdiyi kimi, son
on il ərzində bizim beynəlxalq əlaqələrimiz
böyük dərəcədə güclənmişdir,
genişləndirilmişdir. Respublikamız son on il ərzində 39 ölkədə
səfirlik açmışdır və hazırda səfirliklərin
sayı 57-yə çatmışdır. On ildə 28 ölkə
Azərbaycanda öz səfirliyini açmış və beləliklə,
Bakıda xarici ölkələrin səfirliklərinin sayı
53-ə çatmışdır. Prezident İlham Əliyev
demişdir ki, Azərbaycan beynəlxalq təşkilatlarla
münasibətlərdə öz prinsipial mövqeyini daim
müdafiə edir, qoruyur və bütün tərəflərlə
qarşılıqlı, bərabərhüquqlu tərfdaşlıq
münasibətlərini inkişaf etdirir: “Bizim
dostlarımızın sayı artır. Azərbaycan ilə əməkdaşlıq
etmək istəyənlərin sayı artır. Azərbaycan
dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan
etibarlı tərəfdaş kimi tanınır. Bizim
sözümüzün imzamız qədər qüvvəsi
vardır. Nəzərə alsaq ki, bizə qarşı həm
dünya erməniliyi, eyni zamanda, Azərbaycanın
uğurlarını qəbul etmək istəməyən, bunu
həzm edə bilməyən qüvvələr daim kampaniya
aparır, bu inamı qazanmaq o qədər də asan məsələ
deyildi”.
Bəli, bir vaxtlar beynəlxalq münasibətlər
sistemində Azərbaycan qarşısında ciddi maneələr
var idi. Xarici siyasət strategiyamızın uğurlu nəticələrindən
ən birincisi də budur ki, bu gün ölkəmizlə tərəfdaş
olmaq istəyən beynəlxalq subyektlərin, dövlətlərin
sayı durmadan artır. 155 dövlətin dəstəyi ilə
BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz
də rəsmi Bakının dünya miqyasında “dostlar düşərgəsi”
qazanmasının nəticəsidir. Dövlət
başçımızın dediyi kimi, bu, bizim böyük
siyasi, diplomatik qələbəmiz, müstəqil Azərbaycanın
böyük uğurudur. Hazırda ölkəmiz BMT Təhlükəsizlik
Şurasında sədrlik edir və son iki il ərzində biz
bu təşkilatda öz prinsipial mövqeyimizlə, ədalətli
addımlarımızla və beynəlxalq hüquqa olan
hörmətimizlə daha da böyük nüfuz qazana
bilmişik.
Prezident İlham Əliyev andiçmə mərasimindəki
çıxışında ölkəmizin strateji hədəflərini
bir daha bəyan etdi. Təbii ki, bu hədəflər
arasında ən önəmli məsələ Dağlıq
Qarabağ münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həlli
məsələsidir. Azərbaycanın uğurlu xarici siyasəti
nəticəsində bu gün dünya birliyi torpaq
bütünlüyümüzü tanıyır, Ermənistan
silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz
işğal etdikləri ərazilərdən
çıxmasını tələb edir. BMT kimi mötəbər
beynəlxalq qurumun Təhlükəsizlik
Şurası sədrinin 6 bəyanatında, eləcə də
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və
884 saylı qətnamələrində, ATƏT-in qərarlarında,
Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq
Təşkilatının, Qoşulmama Hərəkatının
və digər beynəlxalq təşkilatların qətnamələrində
Ermənistanın işğalçılıq siyasəti kəskin
şəkildə pislənilir, ən əsası isə Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi və sərhədlərinin
toxunulmazlığının zəruriliyi
vurğulanır. Andiçmə
mərasimində bu məsələyə toxunan dövlət
başçımız demişdir: “ Azərbaycanın
mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət
üzərində qurulubdur. Bizim əzəli
torpağımız olan Dağlıq Qarabağ bu gün siyasi
və hüquqi cəhətdən də Azərbaycanın
ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində
heç bir güzəştdən söhbət gedə bilməz.
Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma
erməni dövlətinin yaradılmasına imkan verməyəcək,
icazə verməyəcəkdir. Bizim birmənalı
mövqeyimiz bir daha demək istəyirəm ki, tarixi ədalətə
və beynəlxalq hüquq normalarına söykənir”.
Azərbaycanın həyata keçirdiyi
möhtəşəm xarici siyasət Ermənistanı dalana
dirəyib. Ermənistan rəhbərliyinin
işğalçı və yırtıcı siyasəti,
onların qaniçən, gözü doymayan mahiyyəti
ölkəni fəlakətlə üz-üzə qoyub. Azərbaycan Prezidenti qətiyyətlə
bəyan edir ki, biz təcavüzkar dövləti bütün regional layihələrdən
təcrid etmişik, bundan sonra da onları təcrid olunmuş
vəziyyətdə saxlayacağıq. Bu taktika və bu siyasət
öz bəhrəsini verir, ölkədə depopulyasiya meyilləri
güclənir, demoqrafik böhran yaşanır. Bu böhran
getdikcə dərinləşəcəkdir. Çünki nə
qədər çox əmək qabiliyyətli insan ölkəni tərk edirsə,
iqtisadiyyatın dirçəlməsi imkanları da o qədər
azalır. İqtisadiyyatın inkişafı məsələsinə
gəlincə isə, ümumiyyətlə, belə perspektiv
yoxdur. Orada tamamilə staqnasiya dövrü yaşanır. Ermənistan
bütün sahələrdə tənəzzülə
uğrayıb, Azərbaycan isə hər sahədə, o
cümlədən ordu qurucuğu sahəsində böyük
uğurlar qazanıb. Təkcə onu demək kifayətdir ki,
son on ildə ölkəmizin hərbi büdcəsi 20 dəfə
artıb. Azərbaycanda möhtəşəm hərbi sənaye
kompleksi formalaşıb. Hazırda 750 adda hərbi təyinatlı
məhsul istehsal olunur. Yəni Ermənistanla Azərbaycan
arasında balans artıq pozulub. Bu gün Azərbaycan büdcəsi
Ermənistanın büdcəsindən 10 dəfə
böyükdür, hərbi büdcəmiz də düşmən
ölkənin büdcəsindən 10 dəfə daha
çoxdur. Bu gün
güclü Azərbaycan dövləti Ermənistan rəhbərliyinə ciddi mesaj göndərir: Siz öz
xalqınızın gələcəyini, Ermənistanın
müstəqil ölkə kimi yaşamasını
düşünürsünüzsə, düzgün addım
atın!
Ölkəmiz enerji strategiyasını da
uğurla həyata keçirir və növbəti illərdə
bu sahədə tarixi nailiyyətlər əldə ediləcəkdir. Azərbaycanın qətiyyəti və
tərəfdaş dövlətlərin dəstəyi nəticəsində
2006-2007-ci illərdə Bakı – Tbilisi – Ceyhan neft kəməri
və Bakı – Tbilisi – Ərzurum qaz kəməri istifadəyə
verilmişdir. İlk dəfə olaraq Xəzər dənizinin
neft-qaz ehtiyatları dünya bazarları ilə birləşmişdir. Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, enerji siyasətimizlə bağlı olan təşəbbüslər
və reallaşan layihələr çoxdan regional çərçivələrdən
çıxıb. Bu gün Azərbaycan qlobal enerji
bazarında etibarlı, ciddi ölkə kimi tanınır.
Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində
həlledici rol oynayır. Yeni qaz yataqlarının kəşf
edilməsi nəticəsində Azərbaycan dünya
miqyasında böyük qaz ölkəsinə
çevrilmişdir. Azərbaycanın
təsdiq edilmiş qaz ehtiyatları üç trilyon kubmetrə
bərabərdir ki, bu da 100 il boyunca Avropanı qazla təmin
etməyimizə imkan verir. Azərbaycanın
təşəbbüskarı olduğu TANAP və TAP boru kəməri
layihəsi dünya miqyaslı, strateji əhəmiyyətə
malik olan layihələrdir. Ölkəmiz qlobal enerji
bazarında çox etibarlı və ciddi bir tərəfdaş kimi tanınır. Dövlət
başçımız demişdir ki, bu gün enerji məsələsində
Bakıda verilən qərarlar dünyanın enerji xəritəsində
müsbət dəyişikliklərə səbəb olur:
“Bizim qərarlarımız, Bakıda verilən qərarlar
enerji təhlükəsizliyi məsələlərində həlledici
rol oynayır. Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə,
cəsarətli addımlarımızla və müstəqil
siyasətlə biz yaratmışıq. İki neft və qaz kəmərinin
tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini
yarada bilmişdir. Bu gün enerji xəritəsinin
yaradılması, o xəritəyə düzəlişlərin
edilməsi məsələləri də Azərbaycanda həll
olunur”.
Hər bir vətəndaşımız fəxrlə
deyə bilər ki, bu gün Azərbaycan birmənalı, cəsarətli,
xalqın iradəsinə əsaslanmış, milli maraqlar
üzərində qurulmuş siyasət həyata keçirir.
Bu, bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə
bağlı sözümüzü böyük nikbinliklə
deyək. Prezident İlham Əliyev andiçmə mərasimindəki
çıxışında bir daha bəyan etdi ki, Azərbaycan
daha da güclü ölkə olmalıdır. Çünki
bizim məqsədimiz daha
qüdrətli Azərbaycan dövləti qurmaqdır.
Bütün hədəflərə çatmaq üçün
bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti
dəstəkləyir. Azərbaycan xalqı öz taleyinin
sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər
güclü olmamışdır. Dövlət
başçımız qətiyyətlə demişdir: “Mən bundan sonra da ölkəmizin
hərtərəfli inkişafı, xalqımızın
rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm,
doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət
edəcəyəm”. Son
seçkilər bir daha göstərdi ki, əslində bu, Azərbaycan
xalqının ümumi arzusu, istəyidir.
Rauf
KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 5 noyabr.- S.3.