Qəbələ:
Şöhrəti dünyanı dolaşan
diyar...
... Həmsöhbətimin stolunun üstündə Avropanın müxtəlif ölkələrində nəşr olunmuş bir neçə nəfis jurnal var idi. Tərtibatdan da bilinirdi ki, əksəriyyəti turizm mövzusundadır. Heç birinin adı mənə tanış gəlməyən həmin mətbuat vasitələrini kimin oxuduğunu öyrənmək istədim. Cavab ürəkaçan idi : Bu jurnalları əlinə götürən istənilən adam oxumaqdan əvvəl üz qabığındakı şəkilləri görür.
Həmin şəkillərdə
isə Qəbələnin turizm obyektləri
və təbiəti əks olunub. Baxın, peşəkarlıqla
çəkilmiş şəkillərin hər birində bu qədim diyarın bir mənzərəsi
göz oxşayır. Əcnəbilər bizim təbiətimizi də, tarixi
abidələrimizi də, ənənələrimizi də,
insanlarımızın qonaqpərvərliyini də sevirlər.
Qəbələyə gələn istənilən qonaq buradan ayrılanda sağollaşmaq əvəzinə,
“görüşənədək” - deyib gedir. Halbuki, əvvəllər
belə hadisələrlə çox təsadüfi
hallarda rastlaşardıq. İndi
Qəbələ təkcə Azərbaycanın və azərbaycanlıların
şəhəri deyil, dünyanın və
bütün xalqların şəhəri kimi tanınır. Beynəlxalq festivallar
zamanı burada, az qala, bütün
xalqların təmsilçilərini görmək mümkündür.
Dünya miqyaslı tədbirlərin
burada keçirilməsi isə artıq
şəhərimizin ənənəsinə çevrilib.
Rayon icra
hakimiyyəti başçısının müavini
Abil Ağasəfov bu
fikirləri söyləməklə yanaşı, əlavə
etdi ki, Qəbələnin
bu şəkildə inkişaf
etdirilməsinin təşəbbüskarı ulu
öndər Heydər Əliyev idi. Heydər
Əliyev Azərbaycanın ağır illərində hər
dəfə bizim rayona
gələndə deyirdi ki,
biz Qəbələni Qafqazın və
dünyanın ən gözəl şəhərlərindən
birinə çevirəcəyik. O, Qəbələnin möhtəşəm
bir inkişaf mərhələsi
yaşayacağına inanırdı və həmin inamı Prezident İlham Əliyev günün reallığına çevirdi. İlham
Əliyev Qəbələnin bu
inkişafını təmin etdi. Heydər
Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı Mehriban
xanım Əliyeva isə bizim şəhəri
dünya mədəniyyətinin əsas mərkəzlərindən
birinə çevirdi. Beynəlxalq
aeroport, dünya
standartları səviyyəsində olan avtomobil yolları, ən ali
səviyyəli turizm obyektləri, ən
mötəbər beynəlxalq tədbirlərin keçirilməsinə
imkan verən möhtəşəm saraylar, idman kompleksləri,
xüsusən, avropalıların daha çox maraqlandığı “Tufan”
dağ-xizək yay- qış istirahət
kompleksi, mədəniyyət mərkəzləri,
ən müasir
səhiyyə-sağlamlıq ocaqları və bir çox amillər Qəbələnin
əsl Avropa şəhəri, əsl dünya mədəniyyət mərkəzlərindən
biri kimi nüfuz qazanmasını təmin etmişdir.
Bu şəhər öz
tarixi şöhrətini sürətlə
bərpa etməkdədir. Şəhərimizi indiki
səviyyəyə qaldıranlar isə Qəbələyə
deyil, Azərbaycan tarixinə xidmət
edirlər.
Rayon icra hakimiyyətinin
başçısı Səbuhi Abdullayev əsl
Heydər Əliyev siyasi kursunun
yetirməsidir. Onun nə zamansa
həyata keçirilən tədbirlər,
reallaşdırılan layihələr
barədə
danışdığını görən olmayıb. Arqumenti də belədir ki,
biz dövlətin və cənab dövlət
başçımızın üzərimizə qoyduğu vəzifələri,
tapşırıq və tövsiyələri yerinə yetiririk. Görülmüş işlər barədə
isə rüblük, yarımillik və ya illik hesabatlarla şura
iclaslarında çıxış edirik.
Ona görə də gördüyümüz
işlər haqqında danışmağı o
qədər də məqsədəuyğun
saymıram.
Səbuhi
müəllim rayon rəhbərliyinin həyata
keçirdiyi tədbirlər və
görülən işlər barədə danışmasa da, dövlət başçımızın
Qəbələnin inkişafına ayırdığı diqqət
və qayğı barədə əhatəli söz
açdı: - Rayonumuzun ictimai həyatında
baş verən əsas əlamətdar
hadisələr Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin
fevral ayının 28-də və avqust ayının 14-də Qəbələyə
səfərləri olmuşdur. Səfər
zamanı ölkə başçısı bir
çox mühüm sosial və iqtisadi xarakterli obyektlərin
açılışında iştirak etmiş, inşaat işləri
davam edən tikintilərdə işin gedişi ilə
tanış olmuşdur. Görülmüş
işlər barədə fikirlərini bildirən ölkə
başçısı qarşımıza yeni-yeni
vəzifələr qoymuşdur.
İcra hakimiyyətinin
başçısı qeyd etdi ki, bu ilin doqquz ayında rayonumuzun ictimai həyatında
baş verən bütün
əlamətdar hadisələr hər bir
qəbələlidə qürur hissi yaradır. Hesabat dövründə Qəbələ 4 ölkənin
prezidentlərinin iştirakı ilə Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının III zirvə toplantısına, Qəbələ
V Beynəlxalq Musiqi Festivalına, “MDB-nin mədəniyyət paytaxtları - 2013”
dövlətlərarası proqramının təntənəli
açılşına, “Qəbələ mürəbbə
festivalı”na, “İbtidai təhsil-yeni
baxışlar, təcrübələr və perspektivlər” mövzusunda konfransa, “Gənc
xilasedici və yanğınsöndürən”
adlı respublika və beynəlxalq
birinciliyinə ev sahibliyi
etmişdir. II Qəbələ Kuboku futbol oyunları və
digər idman tədbirlərinin
keçirilməsi də məhz hesabat
dövründə baş vermişdir.
Eləcə də Qəbələ rayonu
ilə Ukrayna Respublikasının Rovno vilayəti arasında regionlararası əməkdaşlıq
haqqında anlaşma protokolu
imzalanmışdır.
İndi haqqında söz açmaq istədiyimiz faktlar
barədə rayon rəhbəri
danışmaq istəməsə də biz
bir çox məqamları
öyrəndik. Məsələn, öyrəndik
ki, cari ilin ötən dövrü ərzində iqtisadiyyatın
ayrı-ayrı sahələri üzrə rayonda
212.735 min manatlıq məhsul istehsal edilib ki, bu da
keçən ilin müvafiq
dövrünə nisbətən 5.193 min manat, yaxud 2,5 faiz çoxdur. Ümumi məhsul buraxılışı sənayedə
1 milyon 966 min manat,
yaxud 17,6 faiz, kənd
təsərrüfatında 1 milyon 767 min manat, yaxud 3,9 faiz, tikintidə
273 min manat, yaxud 0,2 faiz, nəqliyyatda 57 min manat, yaxud 2,4 faiz, rabitədə 30 min manat, yaxud 5,1 faiz, ticarətdə 1.100 min
manat, yaxud 5,1 faiz artıb. Bu
dövrdə adambaşına düşən ümumi
məhsul buraxılışı 2.139 manat
təşkil edib ki, bu da keçən ilin müvafiq
dövrünə nisbətən
0,8 faiz çoxdur.
Dövlət siyasətinin əsas istiqamətlərinə əməl
olunması nəticəsində rayon
iqtisadiyyatında qeyri-dövlət
bölməsinin xüsusi çəkisi 71,4 faiz təşkil
edib. İlin 9 ayı ərzində 524 daimi iş yeri
açılıb.
Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və
digər kommunal xidmətləri ilə təminatının
daha da
yaxşılaşdırılması məqsədilə bu sahələr daim diqqət
mərkəzində saxlanılıb. Azərbaycan
hökuməti və Dünya
Bankının maliyyə dəstəyi əsasında Qəbələ
şəhərinin su təchizatı və
kanalizasiya sisteminin
yenidən qurulması istiqamətində 1-ci mərhələ
üzrə işlər davam etdirilib, 2-ci mərhələ üzrə isə tikinti işlərinə başlanılıb. Qəbələ
Telekommunikasiya Qovşağı 9 ay ərzində
proqnoz tapşırığına
104,9 faiz əməl etməklə ötən
ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz, yəni 78,5 min manat artıq gəlir əldə edib. Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının
suvarma suyu ilə təminatı
üçün suvarma
kanalları 375 min kubmetr
lildən, daşqın və
selə qarşı mübarizə məqsədilə isə
828 min kubmetr çay məcrası daş
və qumdan təmizlənib, 258 kubmetr qabion bəndi vurulub, 4.151 kubmetr daş beton bəndi cari təmir edilib.
İlin geridə qalan
ayları genişmiqyaslı tikinti-quruculuq
içləri ilə yadda qalıb. Məsələn, “Qəbələ Mədəniyyət Mərkəzi”, Qaradeyn
kəndində inşa edilən şərab
zavodu, Böyük
Əmili kəndində inşa edilən
1200 başlıq heyvandarlıq kompleksi, Vəndam
qəsəbəsində 1200 başlıq heyvandarlıq kompleksi, 1200 yerlik Heydər Əliyev “Konqres
Holl”, “Karvansaray” oteli, Zaragan
kəndində 2 ədəd 5 mərtəbəli,
155 mənzilli yaşayış binaları , 22 kilometr uzunluğunda Qəbələ-Ağdaş avtomobil yolunun yenidən qurulması, Qəbələ-Oğuz avtomobil yolunun əsaslı təmiri, Kiçik- Pirəlli
kəndində 180 şagird yerlik tam orta
məktəb binası obyektlərində tikinti,
quraşdırma və təmir işləri başa
çatıb, rayonun Nohurqışlaq kəndinə
qaz çəkilişi tamamlanıb və
qeyd edilən obyektlər istismara qəbul
edilərək fəaliyyətə başlayıb.
Təbii
ki, istənilən rayon
və ya şəhər barədə qəzet
materialı hazırlayarkən ilk növbədə
söz açılmalı sahələrdən
biri də təhsil sektorudur. Ötən dövr
Qəbələnin təhsil həyatında
da uğurlu olub. 2012-2013-cü
dərs ilində müvəffəqiyyət
faizi
99,8 faiz,
keyfiyyət göstəricisi isə
59,9 faiz
olub. İmtahana buraxılmış 1375
şagirddən 1374 nəfəri müvəffəq qiymətlərlə tam orta təhsilə dair attestat almağa müvəffəq olub.
Rayon məktəblərinin 5 məzunu
qızıl medala, 2 məzunu
isə fərqlənmə attestatına layiq
görülüb. Ali
məktəblərə qəbul olmaq üçün sənəd verən 795 nəfər məzundan 496 nəfəri tələbə
adını qazanıb. Bu da əvvəlki
illə müqayisədə 46 nəfər çoxdur. Qəbul
olunanların 104 nəfəri 500-dən, 27 nəfəri isə
600-dən yuxarı bal toplayıb.
Təbii iqlim şəraiti, mineral bulaqları, gur şəlalələri, iti axan dağ
çayları, tarixi keçmişi,
“ İpək yolu”nun üstündə yerləşməsi Qəbələnin turizm məkanı kimi inkişaf etməsinə stimul verən
amillərdəndir. Bu gün Qəbələdə
fəaliyyət göstərən 16 otelin
4-ü beşulduzlu,
biri dördulduzlu və ikisi üçulduzludur.
Həmin otellərin hesabına Qəbələdə bir gündə 1500-dən artıq turisti qəbul
etmək imkanı yaranıb. Bütün turizm obyektlərində olan şərait, xidmətin səviyyəsi gələn
qonaqları razı salır. Bunun nəticəsidir ki, 2013-cü ilin 9 ayı ərzində Qəbələyə 35 min 640 nəfər
turist gəlib. Ölkə rəhbərinin
qayğısı, rayon rəhbərliyinin
səyləri əsasında
görülən işlər, həyata keçirilən
və keçiriləcək
layihələr deməyə imkan
verir ki, Qəbələ
çox yaxın zamanda
Beynəlxalq Turizm Mərkəzi kimi dünyada tanınan
bölgələrdən birinə çevriləcək. Bu bir faktdır ki, turizmin Qəbələ rayonunda
sürətli inkişafı ixtisaslı kadrlara
olan tələbatı da
artırıb. Bu məqsədlə 2009- cu ildən
fəaliyyət göstərən Qəbələ Turizm və Otelçilik
üzrə Peşə Tədris Mərkəzində kompyuter operatoru, əməliyyatçı
mühasib, mehmanxana
inzibatçısı, mehmanxana
qeydiyyatçısı, ofisiant, barmen-bufetçi, aşpaz
ixtisasları üzrə qruplar fəaliyyət
göstərir. Hazırda tədris mərkəzində 6
ixtisas üzrə 194 nəfər şagird
dövlət hesabına təhsil alır. Bunlardan 94 nəfəri ümumi orta təhsil
bazasından, 100 nəfəri isə tam orta təhsil bazasından olan
şagirdlərdir. Əhali arasında
meyvəçiliyin və üzümçülüyün inkişaf
etdirilməsi istiqamətində təbliğat işləri genişləndirilir.
Mövcud bağ sahələri
5603 hektar, üzüm
plantasiyaları isə 460
hektardır. Keçən dövr ərzində
bağlarda və plantasiyalarda
aqrotexniki işlər davam
etdirilib, əhalinin əsas hissəsinin məşğulluğu
təmin olunub.
... Mən Səbuhi Abdullayevin rayonun müxtəlif
kəndlərində sakinlərlə görüşlərində dəfələrlə iştirak etmişəm. Həmin
görüşlərin heç birində
kimsə öz şəxsi problemi barədə danışmırdı.
Qaldırılan məsələlər əsasən
yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi,
yolların asfaltlaşdırılması, yeni
məktəb binalarının, səhiyyə, mədəni-maarif
obyektlərinin, körpülərin tikintisi,
artezian quyularının qazılması və
dağ çaylarında sahilbərkitmə
işlərinin aparılması ilə bağlı olurdu. Bu isə o deməkdir ki, Qəbələdə hamı ümumi inkişafın sürətləndirilməsi
üçün nə isə etmək istəyir.
Təbii ki, 2013-cü ilin ən
böyük hadisəsi oktyabrın 9-da keçirilən prezident seçkiləri idi.
Hamıya məlumdur ki, Azərbaycanda keçirilən prezident seçkiləri bir
çox ölkələr üçün
örnək oldu. Seçkilərin Qəbələ
rayonunda da demokratik, ədalətli və şəffaf
keçirilməsi isə mənim
gözlərimin qabağında baş verdi. Bu barədə əhatəli söz
açdığıma görə indi ancaq onu qeyd
edirəm ki, qəbələlilər mövcud siyasi kursu dəstəkləmək üçün
sözün həqiqi mənasında
mükəmməl bir yekdillik,
mütəşəkkillik nümayiş
etdirdilər.
... Dəmiraparançayın
üstündən keçib üzü Vəndam
tərəfə gedəndə
adamı heyrət götürür.
Bu təbiət nə qədər qüdrətli,
nə qədər zəngin imiş, İlahi! Cəmi iki ay əvvəl zümrüd
kimi yamyaşıl olan
meşələrdə indi palitranın bütün rəngləri görünür.
Yamac boyu düzülmüş, hər birinin
xəzanı ayrı bir rəngdə olan ağaclar, sanki, payızın rənglər
simfoniyasını ifa edirlər. Elə bil, bu diyarın təbiəti
də beynəlxalq festivallar şəhərinin
payız akkordlarını zümzümə etmək istəyir.
Ağaclar daha həzin,
daha lirik və dağlara xas şaqraq bir ahənglə
insanların uğurlarını
yarpaqların rəngi qədər zənginləşdirə
bilirlər. Bu dağların payızı
necə əsrarəngiz, necə nağılvari olurmuş...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 6 noyabr.- S.6.