Sumqayıt: inkişaf sürətlənir, həyat gözəlləşir

 

Sumqayıtda aparılan yenidənqurma və abadlıq işləri şəhərin görkəmini xeyli dəyişib. Sürətlə böyüyüb gözəlləşən sahil şəhəri indi artıq Bakı standartlarına xeyli yaxınlaşıb. Burada əhali artımı, iqtisadi inkişaf, sosial sferanın yenilənməsi prosesləri dinamik xarakter daşıyır.

 

Həyata keçirilən layihələrin, bütün şəhəri əhatə edən abadlıq yürüşünün mühüm aspektlərindən biri də Sumqayıtda “Nümunəvi məhəllələr”in yaradılmasıdır. Bununla bağlı xüsusi proqram hazırlanaraq tətbiq edilir. Son iki-üç il ərzində şəhərin bir çox yaşayış massivlərində belə məhəllələr istifadəyə verilib. Əhalinin arzuları nəzərə alınmaqla ərazilərin müasir standartlara uyğun tərtibatı, istirahət guşələrinin yaradılması geniş vüsət alıb.

Bir müddət əvvəl şəhərin 9-cu mikrorayonunun sakinləri yaşadıqları ərazinin abadlaşdırılması məqsədilə əlaqədar təşkilatlara müraciət etmişdilər. Onların istəyinə uyğun olaraq mikrorayonda nümunəvi şəraitin yaradılmasına start verildi. Az bir zamanda ərazidə xeyli görüldü. Geniş bir sahədə yaraşıqlı idman meydançası inşa edildi. Ərazidə xeyli ağac və bəzək kolları əkildi, oturacaqlar quraşdırıldı. Xeyir-şər evi əsaslı təmir olundu. Binaların fasadı, eyvanları səliqəyə salındı. Həyətlərə asfalt döşəndi, daxili yollar təmir edildi, səkilərə yan daşları düzüldü. Mühüm tədbirlərdən biri də illər uzunu zirzəmilərdə yığılıb qalmış çirkab sularının təmizlənməsi, kanalizasiya qurğularının təzələnməsi oldu. İşıqlandırma sistemi də yenilənərək işə salındı. Əhalinin asudə vaxtının səmərəli təşkilinə, gənclərin xoşagəlməz vərdişlərdən uzaqlaşdırılmasına xidmət edən tədbirlər reallaşdırıldı.

“Nümunəvi məhəllə”nin açılış mərasimi əsl bayram kimi qeyd olundu. Tədbiri açan icra hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin sumqayıtlılara diqqət və qayğısı nəticəsində şəhərimizin siması başdan-başa dəyişmişdir. Paytaxt standartlarının tətbiq olunduğu Sumqayıtda həyata keçirilən layihələr hər birimiz üçün böyük önəm daşıyır.

E.Əzizov onu da vurğuladı ki, ölkə başçısının sərəncamları ilə gerçəkləşən layihələr eyni zamanda, sumqayıtlıların üzərinə böyük məsuliyyət qoyur, şəhərin gözəlliklərini artırmaq və ciddi-cəhdlə qorumaq, daha yaxşı çalışmaq missiyasını gücləndirir. Təsadüfi deyil ki, Sumqayıt göz önündəcə dəyişir, çiçəklənən məkana çevrilir. Şəhərin yüksəliş sürəti artır. Natiq vurğuladı ki, yaradılan bu nümunəvi məhəllə heçsonuncu deyil. Gələn ay daha biri istifadəyə veriləcək.

Sakinlərə şəhər rəhbərliyinin təbrikləri çatdırıldı.

Hər dəfə olduğu kimi, bu dəfə də tədbirdə şəhərin bütün əlaqədar təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edirdi. Bu cür tədbirlər məmur məsuliyyətinin artması baxımından önəmlidir. Açıq mikrofon vasitəsilə hər kəs onu narahat edən məsələni diqqətə çatdırır və yerindəcə cavab alır.

Sakinlərdən Fikrət Qasımov, Validə Hüseynova, Vüqar Əbilov, Miryaqub Salahov, Milayət Abışov, Qənbər Hüseynov, Nərminə Hacıyeva, Məhəmməd Mütəllimov, Sadiq Əliyev, Maya Abdulova və başqaları dövlət başçısına şəhərə göstərdiyi diqqətə görə minnətdarlıqlarını ifadə etdilər. Onların söylədikləri problemlərlə əlaqədar müvafiq təşkilatların rəhbərlərinə birbaşa tapşırıqlar verildi və məsələlərin həlli üçün operativ tədbirlər görüləcəyi bildirildi.  Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sonda bildirdi ki, bütün şikayət, arzu və təkliflər nəzərə alınır, cari tədbirlər planına daxil edilirciddi nəzarətdə saxlanılır. Çalışacağıq ki, ortaya çıxan bütün problemləri lazımınca həll edək.

Mərasim maraqlı konsert proqramı ilə başa çatdı.

 

Əli NƏCƏFXANLI,

 

Xalq qəzeti.- 2013.-  6 noyabr.- S.7.