100 yaşlı
“Arşın mal alan”
Dünya şöhrətli bəstəkar Üzeyir bəy Hacıbəylinin üçüncü operettası olan “Arşın mal alan”ın bu ilin 25 oktyabrında 100 yaşı tamam oldu. Bu əlamətdar hadisə YUNESKO-nun xəttilə beynəlxalq aləmdə də təntənə ilə qeyd edilir.
28 yaşlı
şuşalı gəncin yaratdığı “Arşın mal alan” yer
kürəsini dolaşaraq bəşəriyyətə
sevinc, Azərbaycanımıza isə
başucalığı gətirir.
Bütün dünyada
şöhrət qazanmış bu
operettanın mövzusu doğma
Qarabağımızın tacı sayılan qədim Şuşa şəhərindən
götürülsə də, əsəri Üzeyir
bəy Sankt- Peterburq
Konservatoriyasında oxuyarkən qələmə
almışdı.
Ü.Hacıbəyli
“Arşın mal alan”
operettasını tamamladıqdan sonra onu ilk dəfə Sankt-Peterburq Konservatoriyasının direktoru, görkəmli rus
bəstəkarı Aleksandr Qlazunova çalmışdır. A.Qlazunov əsəri
çox bəyənmiş və onu “bütün Rusiyada ilk operetta”
adlandırmışdır.
“Arşın mal alan”a verilən yüksək qiymətdən sonra Üzeyir bəy əsərin
partiturası ilə librettosunu vəd etdiyi kimi Bakıya,
dostları Müslüm Maqomayevə və
Hüseynqulu Sarabskiyə göndərir. Onlar da operettanı tamaşaya
hazırlayırlar.
25 oktyabr
1913-cü ildə, cümə günü
Bakıda Hacı Zeynalabdin Tağıyevin
teatrında “Arşın mal alan” operettasının premyerası olmuşdur. İlk tamaşanın yaradıcı heyəti
belə idi: Əsgər - Hüseynqulu Sarabski,
Gülçöhrə - Əhməd Ağdamski,
Soltan bəy - Ələkbər
Hüseynzadə, Süleyman - Hənəfi
Terequlov, Asya - Gülsabah xanım, Telli -
Olenskaya.
Əsərin rejissoru - Hüseynqulu Sarabski, dirijoru isə Müslüm
Maqomayev olmuşlar. “Arşın mal
alan”ın ilk tamaşasından sonra mətbuatda həm müsbət, həm də
mənfi rəylər dərc olundu.
“Arşın mal alan” bütün
dövrlərdə maraqla
qarşılanmış, sevilmiş, dünya səhnələrində böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Hələ Üzeyir
bəyin özünün
sağlığında bu əsər
şöhrət tacına sahiblənmiş, müxtəlif
dillərə tərcümə olunmuşdur. Bəstəkar özü yazırdı ki,
“Arşın mal alan” birinci tamaşaya qoyulan günlərdən bir
neçə ay sonra
demək olar ki,
SSRİ xalqlarının hamısının, o
cümlədən rus, gürcü,
erməni, özbək, tacik, yunan, fars, ingilis,
fransız dillərinə tərcümə edilərək
oynanılmışdır.
Hazırda
isə “Arşın mal alan”
ın dünya şöhrəti daha geniş miqyas almış, 70-ə yaxın xarici dilə çevrilmiş,
50-dən çox ölkədə, 150
teatrın səhnəsində tamaşaya qoyulmuş, Amerikanın 13 ştatında,
Polşanın 16 şəhərində, Çində, Çexiya və Slavakiyada,
Bolqarıstanda, Fransada, Türkiyədə,
Yunanıstanda, İranda və başqa Avropa, Asiya, Afrika ölkələrində səhnə həyatı
yaşamışdır.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti
dekadası zamanı oynanılan “Arşın mal
alan” operettası haqqında Moskva mətbuatında bir-birindən
maraqlı, əhəmiyyət kəsb edən resenziyalar
dərc olunmuşdur. Məqalələrin birində
“Arşın mal alan”
haqqında belə yazılmışdır: “Azərbaycanlılar
nə gözəl “gülüş”
ustalarıdırlar. Bu tamaşada o qədər həqiqi
iti fikir və gülüş, həm artistlərin oyununda, həm orkestrin
melodiyalarında, həm rəssamın ürəkaçan və
parlaq dekorasiyalarında coşqun
şənlik vardır ki, “Arşın mal alan” tamaşasına
baxarkən tamaşaçı qəşş edircəsinə
gülür”. Resenziyanın sonunda
müəllif yazırdı: “Bizim rus komediya
teatrımızın(“Satira” teatrı, Operetta)
“Arşın mal alan”dan özləri üçün
çox şey
götürə bilərlər”.
“Arşın mal alan” əsəri 100 ildir ki, dünya
səhnələrini dolaşır.
Operetta bu illərdə teatrlarda
uğurla tamaşaya qoyulmaqla yanaşı, həm də hələlik
dörd dəfə də ekran
həyatı yaşamışdır. 1917-ci il
inqilabından əvvəl Piron
qardaşlarının “Filma” səhmdar cəmiyyətində
işləyən rejissor B.Svetlov
bu əsər ilə maraqlanmış, onu lentə çəkmişdir. “Arşın mal alan” filminin
ilk tamaşası 3 yanvar
1917-ci ildə olmuşdur. Filmdə H.Sarabski (Əsgər), Ə.Ağdamski (Gülçöhrə),
Ə.Hüseynzadə (Soltan
bəy), Y.Nərimanov
(Cahan xala), M.Əliyev (Süleyman), A.Olenskaya (Asya), H.Terequlov (Vəli), Y.Olenskaya (Telli) çəkilmişdilər. O illərdə
filmlər səssiz olduğu üçün
əsərin musiqisindən
əsər-əlamət yox
idi. Ümumiyyətlə, film zəif alınmışdır. Üzeyir bəy Hacıbəylinin
tələbi ilə müəllifdən icazəsiz
çəkildiyi üçün
film qadağan edilmiş
və ekrandan çıxarılmışdır. “Arşın
mal alan” ikinci dəfə 1937-ci ildə ABŞ-da lentə alınmışdır. Erməni əsilli Amerika
kinorejissoru R.Mamulyan bu əsəri ekranlaşdırmış və
heç yerdə də Ü.Hacıbəylinin
adı göstərilməmişdir. Yalnız filmin Şərq
motivləri əsasında
çəkildiyi vurğulanmışdır.
Bəs bu
operetta ABŞ-a necə gedib
çıxmışdır? 1915-ci ildə Tiflisdə yaşayan Sedrak Maqalyan isimli bir erməni Üzeyir bəy Hacıbəylinin yanına
gələrək, onun
“Arşın mal alan” əsərini erməni dilinə tərcümə etmək
istədiyini bildirmişdir. Hətta Üzeyir bəylə
müqavilə də bağlanmışdır. O, operettanı erməni dilinə çevirib, səhnəyə
qoymuşdur.
Əsər Bakıda, Gürcüstanda
və başqa şəhərlərdə göstərilmişdir. 1921-ci ildə
Gürcüstanda Sovet
hakimiyyəti qurulduqdan
sonra S.Maqalyan xaricə mühacirət edir. Gedərkən özü ilə “Arşın mal alan”ı da
aparır.
O, əvvəlcə Türkiyədə,
sonra Yunanıstanda yaşayır və “Arşın mal alan”
operettasının hesabına
dolanır. Daha sonra ABŞ-a köçür. Orada da bu əsəri tamaşaya qoymaqla küllü miqdarda gəlir əldə edir. Bu operettadan qazandığı çoxlu
pulların sayəsində
o qədər varlanır
ki, çoxmərtəbəli
bir otel tikdirir və ona “Arşın mal alan” adını
verir.
1925-ci ildə Üzeyir bəy ABŞ-dan Okorokov familiyalı
bir bakılı musiqiçidən məktub
alır. Okorokov vaxtilə Bakıda
violonçel çalan
olmuşdur.
Məktubda o, Üzeyir
bəyə bildirir ki, burada Maqalyan
familiyalı birisi sizin “Arşın mal alan” operettanızı
özəlləşdirərək çoxlu pullar qazanır. Mənə vəkalətnamə göndərsəniz
halal pullarınızı
alıb sizə yollayaram. Lakin o dövrün təzadları
üzündən Okorokovun
məktubu cavabsız qalır. Ermənilər isə daha da azğınlaşaraq,
ABŞ-da tamaşaya qoyduqları “Arşın
mal alan”ı həyasızcasına “erməni
operettalarının kraliçası”
adlandırırlar və
onun süjeti, musiqisi əsasında film çəkərək mənimsəyirlər.
1942-ci ildə, İkinci
Dünya müharibəsi
dövründə Azərbaycanın
tanınmış ədəbiyyat
və incəsənət
xadimləri İranda olarkən, ermənilər
tərəfindən Amerikada
çəkilmiş həmin
“Arşın mal alan” filminə baxırlar. Titrlərdə Üzeyir bəy Hacıbəylinin adına rast
gəlmədiklərindən hiddətlənir, Bakıya
dönən kimi bunu Üzeyir bəyə çatdırırlar. Ü.Hacıbəyli bu xəbərdən
çox təsirlənir
və müəllif hüquqlarının müdafiəsi
üçün Azərbaycanın
o zamanki rəhbəri
Mir Cəfər Bağırova
məktub göndərir. M.C.Bağırov
məktubu alan
kimi Üzeyir bəyə zəng çalır və bildirir ki, bu
məsələnin həlli
üçün Moskvaya
müraciət etmək
lazımdır.
Ü.Hacıbəyli dərhal SSRİ-nin xarici işlər
naziri V.M.Molotova məktub yazır. Aradan bir neçə
gün keçdikdən
sonra, gecə vaxtı Üzeyir bəyin evinə zəng olur. V.M.Molotovun köməkçisi olduğunu
bildirir və Ü.Hacıbəylidən belə
gec telefon açdığı üçün
üzrxahlıq edərək
söyləyir ki,
Molotov yoldaş sizin məktubunuzla tanış
oldu və tapşırdı məlumat
verim ki, SSRİ müəllif hüquqlarının
müdafiəsi üzrə
beynəlxalq konvensiyaya
daxil olmadığı
üçün sizin
hüquqlarınızı müdafiə
etmək iqtidarında
deyilik.
Lakin
aradan iki həftə keçdikdən
sonra gecə saat 1-də Üzeyir bəyin evinə Moskvadan yenə də zəng olur. Bu dəfə SSRİ Kinematoqrafiya Komitəsinin sədri Bolşakov gecə vaxtı narahat etdiyi üçün Üzeyir
bəydən üzr diləyərək bildirir
ki, indicə İ.V.Stalin yoldaşın
yanından gəlirəm. Yoldaş Stalin sizin məktubunuzdan
xəbərdardır. Və göstəriş verdi sizə çatdırım ki, müəllif hüquqlarınızı
müdafiə etmək
məqsədilə təcili
olaraq Bakı kinostudiyasında “Arşın
mal alan” filmi çəkilməli və
bütün dünya ekranlarına göndərilməlidir. Bununla da Üzeyir
bəyin hüquqlarını
müdafiə etmiş
olarıq.
Elə
də edirlər. 1943-cü ildə
müharibənin qızğın
çağında “Arşın
mal alan” filmi üzərində gərgin iş başlayır. Nəhayət, 1945-ci ildə S.Rəhmanın
ssenarisi əsasında
R. Təhmasibin və N.Leşşenkonun rejissorluğu
ilə eyniadlı film
üçüncü dəfə
lentə çəkilir
və planetin hər bir tərəfində
müvəffəqiyyətlə göstərilir. Beləliklə
də, Üzeyir bəy Hacıbəylinin müəllif hüquqları
bərpa edilir və bütün dünyada “Arşın mal
alan”ın əsl sahibi, əsl müəllifi hamıya bəlli olur.
26 iyun 1946-cı ildə
“Arşın mal alan” filminə görə Ü.Hacıbəyli,
R.Təhmasib, N.Leşşenko,
R.Behbudov, L.Bədirbəyli,
Ə Hüseynzadə, M.Kələntərli,
L.Abdullayev Stalin mükafatına
layiq görülmüşlər.
“Arşın mal alan” filminin çəkilişi üçün
dövlət beş milyon rubl ayırmışdı. Bu filmin
ekranlarda nümayişindən
isə o zamankı araşdırmalara görə
dövlətə bir milyard iki yüz
min rubl məbləğində
gəlir gəlmişdir. Valyuta hesabı isə
sirr olduğu üçün açıqlanmamışdır.
1965-cı ildə
“Arşın mal alan” əsərinə
yenidən müraciət
edilərək T.Tağızadənin
rejissorluğu ilə dördüncü dəfə
rəngli film çəkilmişdir. Burada əsas rolları
H.Məmmədov (Əsgər),
L.Şıxlinskaya (Gülçöhrə),
H.Yegizarov (Süleyman),
A. Qurbanov (Soltan bəy), N.Məlikova (Cahan xala), S.İbrahimova
(Telli) və b. oynamışlar.
Azərbaycan mədəniyyəti
tarixində xüsusi yerə məxsus “Arşın mal alan”
adlı sənət incisi, şedevr bütün cahanı fəth edərək, Azərbaycanımızı dünyada
tanıtdı.
Əsərin 100 illiyi ərəfəsində
operetta ABŞ-ın Los-Anceles
şəhərində də
uğurla səhnəyə
qoyuldu.
Bu, mədəniyyətimizin
əlçatmaz, ünyetməz
zirvəsi olan Üzeyir bəy Hacıbəylinin bəşəri,
həmişəyaşar yaradıcılığının
bariz nümunəsidir. Dünya durduqca Üzeyir
bəy də, onun hər zaman
yeni və ölməz irsi də var olacaqdır. Şöhrət
tacı isə “Arşın mal alan”ın
başının üstündən
heç vaxt enməyəcəkdir.
Səadət QARABAĞLI
üzeyirşünas
Xalq
qəzeti.- 2013.- 7 noyabr.- S.6.