Naxçıvan Muxtar Respublikası

2013-cü ilin yanvar-sentyabr aylarında

 

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq reallaşdırılan iqtisadi siyasət nəticəsində muxtar respublika iqtisadiyyatının potensial imkanları daha da yüksəlmiş, dayanıqlı iqtisadi sistem formalaşmışdır. Muxtar respublika iqtisadiyyatının dinamik inkişaf templəri ulu öndərimizin 90 illiyi ilə əlaqədar  Heydər Əliyev ili” elan edilmiş 2013-cü ilin doqquz ayı ərzində də qorunub saxlanmışdır.

 

Ümumi inkişaf

 

İlin əvvəlindən muxtar respublikada 1 milyard 586 milyon 996 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 10,6 faiz üstələyir. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye, ikinci yeri isə 22,5 faizlik payla tikinti sahəsi tutmuşdur. 2013-cü ilin yanvar-sentyabr aylarında hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 3685,5 manat (4697,3 ABŞ dolları) səviyyəsində olmuşdur. Ümumi daxili məhsulun 63,6 faizi maddi istehsal sektorunun payına düşmüşdür.

2013-cü ilin yanvar-sentyabr ayları ərzində 2012-ci ilin müvafiq dövrünə nisbətən sənaye məhsulunun həcmi 13,1 faiz, əsas kapitala yönəldilən investisiyalar 9,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,9 faiz, nəqliyyat sektorunda yük daşınması 10,2 faiz, informasiya və rabitə xidmətləri 6,6 faiz, o cümlədən mobil rabitə xidməti 6,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 15,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 16,5 faiz, ixracın həcmi 5,1 faiz, əhalinin gəlirləri 5,9 faiz, hər bir nəfərə düşən gəlirlər 3,7 faiz, orta aylıq əməkhaqqı isə 4 faiz artmışdır.

 

Sənaye

 

2013-cü ilin  yanvar-sentyabr aylarında 702 milyon 164 min manat həcmində sənaye məhsulu istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artım qeydə alınmışdır. Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 47 milyon 826 min manatlıq, qeyri-dövlət sektorunda isə 654 milyon 338 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 93,2 faizi özəl sektorun payına düşmüşdür.

İlin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə 65 layihə  üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 87 istehsal və xidmət obyektinin qurulması hazırda davam etdirilir. Sənaye sahəsinin inkişafı ixracın da həcminə müsbət təsir göstərmiş və 2013-cü ilin ilk doqquz ayı ərzində 190 milyon 960 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac istiqamətində göndərilmişdir.

 

Tikinti-quruculuq

 

Cari ilin ötən dövrü ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 802 milyon 853 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki  göstəricidən 9,8 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 708 milyon 101 min  manatı və ya 88,2 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.

2013-cü ilin yanvar-sentyabr ayları  ərzində muxtar respublikada 362 müxtəliftəyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş, hazırda 300 müxtəlif təyinatlı obyektin inşası və ya təmiri aparılır.İlin əvvəlindən, ümumilikdə, 15 inzibati binanın tikintisi və ya yenidən qurulması başa çatdırılmış, 28 inzibati binanın isə tikintisi, yenidən qurulması və ya əsaslı təmiri işləri hazırda davam etdirilir.  Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri  ucqar yaşayış məntəqələrini də əhatə edir. Cari ilin yanvar-sentyabr aylarında 6 kənd mərkəzinin inşası başa çatdırılmış, hazırda 14 kənd mərkəzinin inşası işləri davam etdirilir.

Muxtar respublikada 3 yaşayış binasının tikintisi, 2 yaşayış binasının yenidən qurulması, 10 yaşayış binasının əsaslı təmiri, 4 yaşayış binasının isə təmiri başa çatdırılmışdır. 6 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması, 5 yaşayış binasının əsaslı təmiri, 1 yaşayış binasının isə təmiri hazırda davam etdirilir.

Ötən dövr ərzində 10 qazanxananın tikintisi, 7 yaşayış binasında istilik xətlərinin yenidən qurulması başa çatdırılmışdır. 3 qazanxananın tikintisi,  4 yaşayış binasında isə istilik xətlərinin yenidən çəkilişi işləri hazırda davam etdirilir. Cari ilin ötən dövrü ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 357 min 228 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2012-ci ilin yanvar-sentyabr aylarındakı müvafiq göstəricidən 10 min 542 kvadratmetr və ya 3 faiz çoxdur.

 “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. Layihə çərçivəsində 1 oktyabr 2013-cü il tarixə Naxçıvan şəhərində 195 kilometr uzunluğunda kanalizasiya və 217,5 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Bundan əlavə, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi istiqamətində, ümumilikdə, 272,2 kilometr uzunluğunda içməli su və 191,8 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmiş, 18 subartezian quyusunun tikintisi hazırda davam etdirilir.

 

Kənd təsərrüfatı

 

2013-cü ilin yanvar-sentyabr aylarında 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,4 dəfə artaraq 182 milyon 176 min manata, heyvandarlıq məhsullarının həcmi isə 64,3 faiz artaraq 76 milyon 522 min manata çatmışdır.

 “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 217 ədədi 2013-cü ilin yanvar-sentyabr aylarında olmaqla, cəmi 1096 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmiş və bu dövr ərzində 193 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Aqroservis xidmətləri şəbəkəsinin işinin təkmilləşdirilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası fəaliyyətə başlamışdır. Ötən dövr ərzində məhsul istehsalçıları 3 min 961 ton mineral gübrə ilə təmin olunmuşlar.

2013-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 127 hektar sahədə əkin aparılmışdır ki, bu da 2012-ci ilin məhsulu üçün əkilmiş sahədən 9  hektar çoxdur. Bu dövr ərzində taxılçılıq əsas əkinçilik sahəsi olmaqla diqqət mərkəzində saxlanılmışdır. 2013-cü ilin məhsulu üçün 35 min 324 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 25 min 869 hektarını buğda, 9 min 455 hektarını isə arpa təşkil etmişdir. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 359 hektar artmışdır. Taxıl zəmilərindən 102 min 960 ton məhsul toplanmışdır ki, bu da 2012-ci illə müqayisədə 1,1 faiz çoxdur. Artan əhali tələbatını təmin etmək məqsədilə cari ilin ötən dövrü ərzində Naxçıvan şəhərində taxılın saxlanılması üçün tutumu 9 min ton olan  üç yeni bunker yaradılmışdır. 

 2013-cü ildə 2957 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2012-ci ildə əkilmiş sahədən 126 hektar çoxdur. 1 oktyabr 2013-cü il tarixə 2957 hektar sahədən 41297 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 5 faiz üstələyir.  1 oktyabr 2013-cü il tarixə 109468 ton dənli və dənli-paxlalı, 3878,9 ton dən üçün qarğıdalı,  694,9 ton dən üçün günəbaxan, 63584 ton tərəvəz, 37833,9 ton ərzaq üçün bostan məhsulları, 37846,7 ton meyvə, 9392,2 ton üzüm toplanmışdır. Bir neçə növ məhsul üzrə yığım hazırda davam edir.

Aqrar sektorun inkişafında mühüm təsir vasitəsi olan soyuducu anbarların yaradılması işi davam etdirilir. Cari ilin ötən dövrü ərzində tutumu 50 ton olan  1 soyuducu anbar istifadəyə verilmiş, soyuducu anbarların ümumi sayı 16-ya, ümumi tutumu isə 11 min 770 tona çatdırılmışdır. Bundan əlavə, hazırda tutumu 200 ton olan 1 soyuducu anbarın yaradılması işləri aparılır.

Cari ilin ötən dövrü ərzində 2 yeni heyvandarlıq təsərrüfatı yaradılmış, hazırda 2 heyvandarlıq təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir. Ötən dövr ərzində  muxtar respublikaya 337 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.

1 oktyabr 2013-cü il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 108 min 118 baş, qoyun və keçilərin sayı isə 657 min 97 baş olmuşdur ki, bu da 1 oktyabr 2012-ci il tarixə olan göstəriciləri hər iki halda 1,7 faiz üstələmişdir. 2013-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 14686,7 ton ət, 66262,1 ton süd istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 3,4 və 1,5 faiz çoxdur.

İlin ötən dövrü ərzində 7 yeni quşçuluq təsərrüfatı yaradılmış, 1 quşçuluq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi işləri başa çatdırılmış, hazırda 11 quşçuluq təsərrüfatının yaradılması və 2 quşçuluq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2 arıçılıq təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir. Balıqçılıq sahəsinin inkişafı istiqamətində 1 balıqçılıq təsərrüfatının genişləndirilməsi və yeni balıq cinsinin yetişdirilməsi üzrə  işlər aparılır.

Ümumilikdə, cari ilin ötən dövrü  ərzində kənd təsərrüfatı sahəsi üzrə təsərrüfat subyektlərinə 9 milyon 772 min manata yaxın həcmdə kreditin verilməsi təmin olunmuşdur.

Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq, 2013-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada  259 milyon 329 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çoxdur.

İlin ötən dövrü ərzində muxtar respublikada 230 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmışdır.

 

Nəqliyyat

 

Hazırda Naxçıvan-Şahbuz-Batabat, Hacıvar-Vayxır-Sirab, Şəkərabad-Hacıvar, Qıvraq-Püsyan-Xanlıqlar, Ağbulaq-Gömür avtomobil yollarının yenidən qurulması, Biləv-Xurs-Nəsirvaz, Düylün-Çənnəb-Məzrə avtomobil yollarının təmiri davam etdirilir.  Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, C.Məmmədquluzadə, Ə.Əliyev və N.Tusi küçələrində avtomobil yollarının yenidən qurulması davam etdirilir.

Şərur rayonunun Sərxanlı kəndində 1,5 kilometr uzunluğunda, Dəmirçi kəndində 0,8 kilometr uzunluğunda, Babək rayonunun Şıxmahmud kəndində 2,8 kilometr, Culfa rayonunun Kırna kəndində 4,2 kilometr uzunluğunda avtomobil yollarının və Şahbuz rayonunda 20 kilometr uzunluğunda Ayrınc-Qızıl Qışlaq-Güney Qışlaq-Kükü avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, Şərur rayonunun Şahbulaq və Kəngərli rayonunun Xok kəndlərinə giriş avtomobil yollarının, Şərur rayonunun Xanlıqlar kəndində avtomobil yolunun yenidən qurulması hazırda davam etdirilir.

Ordubad rayonunun Gənzə kəndində avtomobil yolunda və Şahbuz rayonunun Aşağı Qışlaq-Yuxarı Qışlaq avtomobil yolunda  istinad divarlarının tikintisi başa çatdırılmışdır. Şahbuz rayonunun Keçili kəndində avtomobil yolunda istinad divarının tikintisi davam etdirilir. Şahbuz rayonunda doqquz, Şərur və Ordubad rayonlarının hər birində  iki körpünün tikintisi, Şərur rayonunda bir körpünün təmiri başa çatdırılmışdır. Şahbuz rayonunda dörd, Babək və Ordubad rayonlarının hər birində bir körpünün tikintisi,  Babək rayonunda isə bir körpünün təmiri aparılır.

Cari ilin ötən dövrü ərzində muxtar respublikada müasir avtomobil yollarının çəkilişində istifadə olunması məqsədilə 6 ədəd yükləyici ekskavator, 3 ədəd yük avtomobili, 4 ədəd vərdənə, 1 ədəd avtoqreyder, 1 ədəd asfaltyayan, hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması və əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanına yeni müasirtipli maşın-mexanizmlər gətirilmişdir. Bu dövr ərzində dəmir yolu nəqliyyatının ahəngdar işi təmin olunmuşdur.

Ötən dövr ərzində muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz, sərnişin daşınması isə 9,4 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 34 milyon 896 min manat gəlir əldə edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 8,9 faiz çoxdur.

 

Rabitə və İKT

 

Bu dövr ərzində Naxçıvan şəhərinin Tumbul kəndində 512, Şərur rayonunun Sərxanlı kəndində 384, Həmzəli kəndində 128, Gümüşlü kəndində 96, Babək rayonunun Şəkərabad kəndində 576, Ordubad rayonunun Çənnəb kəndində 32, Culfa rayonunun Kırna kəndində 384 və Şahbuz rayonunun Badamlı qəsəbəsində 128 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmışdır.

Şərur rayonunun Gümüşlü, Sərxanlı, Babək rayonunun Şəkərabad, Ordubad rayonunun Çənnəb, Culfa rayonunun Kırna və Şahbuz rayonunun Ağbulaq kəndlərində yeni poçt bölmələri istifadəyə verilmişdir. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 1443 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulmuş, 1 oktyabr 2013-cü il tarixə hər yüz ailəyə düşən  stasionar telefon aparatlarının sayı 67-yə çatmışdır.

1 oktyabr 2013-cü il tarixə aktiv istifadə olunan mobil telefonların sayı 445812 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonlarının sayı isə 104 ədəd olmuşdur.

2013-cü ilin ötən dövrü ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2012-ci ilin müvafiq dövründəki göstəricini 6,6 faiz üstələyərək 35 milyon 49 min manat olmuşdur. Ümumi xidmətlərin 85,8 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2012-ci ilin müvafiq dövründəki  göstəricidən 6,4 faiz çoxdur.

 

Energetika

 

Enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər istiqamətində cari ilin ilk 9 ayı ərzində Şərur rayonunda 20,5 meqavat gücündə Arpaçay Su Elektrik Stansiyasının tikintisi başa çatdırılmışdır. Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, Şərur rayonunda 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyasının inşası işləri hazırda davam etdirilir. İcrası uğurla davam etdirilən enerji layihələri deməyə əsas verir ki, yaxın illərdə muxtar respublikada daxili tələbatın ödənilməsi tamamilə su elektrik stansiyalarının işi hesabına təmin olunacaqdır ki, bu da istehsal prosesinin ən rentabelli formasıdır.

Ordubad rayonunda 110/35/10 kilovoltluq “Ordubad” elektrik yarımstansiyasının tikintisi və avadanlıqlarla təchiz edilməsi işləri başa çatdırılmışdır. Muxtar respublikada 32 ədəd müxtəlifgüclü transformator yarımstansiyasının quraşdırılması və 67 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi işləri başa çatdırılmışdır.

Enerji təhlükəsizliyinin əsas tərkib hissəsi kimi istehlakçıların təbii qazla təminatı prosesi təsərrüfat fəaliyyətinin inkişafında mühüm rol oynayır. 1 oktyabr 2013-cü il tarixə 80 min 798 əhali abonenti təbii qazla təmin olunmuşdur. Bu dövr ərzində Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərinin tikintisi başa çatdırılmışdır.

 

Sahibkarlıq, məşğulluq

 

 Naxçıvan şəhərində biznes forumların, işgüzar görüş və konfransların keçirilməsini, həmçinin yerli məhsulların tanıdılmasını və satışının təşkilini təmin etmək məqsədilə  Biznes Mərkəzi yaradılmışdır.

Sahibkarlıq subyektlərinin qeydiyyatı çərçivəsində        2013-cü ilin ötən dövrü ərzində  muxtar respublika üzrə 22 hüquqi və 925 fiziki şəxs qeydiyyata alınmışdır.

Bank və kredit təşkilatları tərəfindən sahibkarlara 33 milyon 196 min manatdan artıq həcmdə kreditlərin verilməsi təmin olunmuşdur.

2013-cü ilin ötən dövrü ərzində muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 5,9 faiz artaraq 1 milyard 192 milyon 143 min manata, onun hər bir nəfərə düşən həcmi isə 3,7 faizlik artımla 2768,5 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 375,8 manata çatmışdır ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 4 faiz çoxdur.

 2003-cü il oktyabr ayının 1-dən 1 oktyabr 2013-cü il tarixədək muxtar respublikada 58876 yeni iş yeri yaradılmışdır ki, bunun da 42430-u və ya       72,1 faizi daimi  iş yerləridir. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində yaradılmış 1767 yeni iş yerinin 1632-si və ya 92,4 faizi daimi iş  yerlərinin payına düşür.

 

Humanitar sahə

 

Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ötən dövrü ərzində də sosial siyasətin mühüm tərkib hissəsi olan elm və təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron Kitabxanası istifadəyə verilmişdir. Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanasının, Naxçıvan Dövlət Texniki Kollecinin binalarının təmiri başa çatdırılmış, Naxçıvan Özəl Universitetində yeni infrastruktur obyektlərinin tikintisi, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq korpusunun yenidən qurulması davam etdirilir.

Şərur rayonunun Sərxanlı kəndində 234 şagird yerlik, Ordubad rayonundakı Sabirkənddə 378 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Naxçıvan şəhərində 972 şagird yerlik 10 nömrəli, Şərur rayonunun Dəmirçi kəndində 1026 şagird yerlik, Babək rayonunun Şəkərabad kəndində 306 şagird yerlik, Culfa rayonunun Kırna kəndində 306 şagird yerlik, Şahbuz rayonunun Kükü kəndində 198 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmışdır.

Şərur rayonunun Şahbulaq, Ordubad rayonunun Nəsirvaz, Ələhi və Xurs, Culfa rayonunun Teyvaz, Şahbuz rayonunun Qızıl Qışlaq kəndlərində tam orta məktəb binalarının tikintisi, Naxçıvan şəhərində 11 və 16 nömrəli, Babək rayonunun Cəhri kəndində 1 nömrəli, Şərur rayonunun Xanlıqlar, Ordubad rayonunun Bist və Nürgüt, Kəngərli rayonunun Xok, Sədərək rayonunun Sədərək kəndlərində tam orta məktəb binalarının yenidən qurulması, Culfa rayonunun Ərəfsə və Şurud kəndlərində tam orta məktəb binalarının əsaslı təmiri davam etdirilir.

Ordubad şəhərində 242 yerlik, Sədərək rayonunun Heydərabad qəsəbəsində 144 yerlik uşaq bağçası binalarının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində və Babək rayonunun Babək qəsəbəsində uşaq bağçası binalarının da  tikintisi hazırda davam etdirilir. Naxçıvan şəhərində Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin tikintisi, 3 nömrəli Uşaq Musiqi Məktəbi binasının yenidən qurulması başa çatdırılmışdır. Bundan əlavə, Şərur rayonunda Şərur Peşə Liseyinin tikintisi işləri aparılır.

Ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş abituriyentlərdən 1676 nəfəri bu il tələbə adını qazanmışdır. Bu dövr ərzində 500-700 intervalında bal toplayan tələbələrin sayı bir il öncəyə nisbətdə 45 nəfər artaraq 312 nəfər olmuşdur.

Səhiyyə sahəsində genişmiqyaslı infrastruktur quruculuğu tədbirlərinə uyğun olaraq, Şərur rayonunun Dəmirçi və Sərxanlı, Culfa rayonunun Kırna, Şahbuz rayonunun Kükü kəndlərində həkim ambulatoriyası binalarının, Şərur rayonunun Gümüşlü və Babək rayonunun Şəkərabad kəndlərində feldşer-mama məntəqələrinin tikintisi başa çatdırılmışdır.

Naxçıvan Muxtar Respublika Yoluxucu Xəstəliklər Mərkəzinin, Dəri-Zöhrəvi Dispanserinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə və Profilaktika Mərkəzinin, Babək Rayon Mərkəzi Xəstəxanasının, Şərur rayonunun Xanlıqlar, Babək rayonunun Çeşməbasar, Ordubad rayonunun Bist, Kəngərli rayonunun Xok kəndlərində  həkim ambulatoriyası binalarının tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Şahbuz rayonunun Sələsüz kəndində həkim ambulatoriyası binalarının yenidən qurulması, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, Babək Rayon Cəhri Kənd Sahə Xəstəxanasının əsaslı təmiri davam etdirilir.

1 oktyabr 2013-cü il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 9065 nəfər və ya 2,1 faiz artaraq 433954 nəfərə çatmışdır. Cari ilin ötən dövrü ərzində 7915 körpə doğulmuşdur ki, bu, 2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 157 nəfər çoxdur.

 Bu ilin 9 ayı muxtar respublika həyatının digər sahələri üçün də uğurlu olmuşdur. Qazanılan nailiyyətlər 2013-cü ildə qarşıya qoyulmuş vəzifələrin artıqlaması ilə yerinə yetiriləcəyinə tam əminlik yaradır.

 

Məqalə Naxçıvan Muxtar  Respublikası Statistika Komitəsinin materialları əsasında hazırlanmışdır.

 

Xalq qəzeti.- 2013.- 8 noyabr.- S.5.