Bayrağımız milli qürur mənbəyidir
Dünya xalqlarının tarixinə nəzər yetirdikdə
onları bir-birindən fərqləndirən çoxsaylı
cəhətlərlə qarşılaşırıq. Yerləşdikləri
coğrafi məkan, malik olduqları etnik köklər, mədəni,
dini, tarixi-siyasi faktorlar bu fərqliliyi yaradan başlıca səbəblərdir.
İnsan birliklərinin qeyd etdiyim amillər əsasında
toplum və xalq olaraq formalaşmağa başladığı
zamandan bu yana onların mənsub
olduqları özünəməxsus keyfiyyətlərin ifadə
formaları həmişə müxtəlif simvollar və
atributlarda öz əksini tapmışdır. Zənnimcə,
bu atributlardan məna və məzmun etibarilə ən
güclü təsir qüvvəsinə malik olan rəmz - məhz
Bayraqdır. O bayraq ki, xalqın öz düşüncəsində
daşıdığı idealları, onun milli mənsubiyyətini,
siyasi dünyagörüşünün miqyasını, bir
sözlə, millətin bütün özünəməxsus
keyfiyyətlərinin məcmusunu xarakterizə edir.
Lakin tarixi həqiqət ondan ibarətdir ki, hər xalqa ən
ali dəyərlərini özündə
ehtiva edən bayrağını dalğalandıra bilmək nəsib
olmur. Bu baxımdan, Azərbaycan xalqı xoşbəxt
xalqdır. Dövlətçilik ənənələri
hələ antik dövrlərdə mövcud olmuş
etnik-siyasi özünütəşkil mədəniyyətinə
söykənən Azərbaycan xalqının bu gün
müstəqil bayrağa malik olması da onun xoşbəxtliyi
və həm də mənəvi haqqıdır. Çünki o bayrağı yenidən
dalğalandıra bilmək səadəti -
xalqımızın azadlığa bəslədiyi sevgidən
qaynaqlanan əzmkar və davamlı mübarizəsi ilə,
çoxsaylı qurbanlar bahasına gerçəkliyə
dönmüşdür. Bayrağımızı
hər bir azərbaycanlının qürur mənbəyinə
çevirən də bu müqəddəs rəmzin -
xalqımızın mübariz ruhunun məhsulu
olmasıdır. Bu mübariz ruh Azərbaycan
xalqının yenilməz mənəviyyatının
bütün tarixi dövrlərdə zühur edən ən
canlı və ən şanlı təcəssümüdür.
Bu ruh xalqımızın tarixi boyunca nəsildən-nəsilə
ötürülmüş, zaman-zaman öz qüdrətini
daha da artırmışdır. Məhz
mübarizlik və yenilməzlik ruhu sayəsində tarixin
bütün dönəmlərində Azərbaycan dövlətçiliyi
öz kökləri ilə keçmişinə bağlı
olmuş, tarixi ilə birgə yaşamağı, əski
dövrü ilə yeni dövrünün vəhdətini
yaratmağı bacarmışdır. Ona
görə də Azərbaycan dövlətçiliyi milli
siyasət və ideologiyanın ən mühüm simvolu olan
tarixi bayraq ənənəsində də özünün
maddi, mənəvi və siyasi mədəniyyətinin əsas
özəlliklərini, başlıcası isə, ölməz
türk ruhunu bu gün də yaşatmaqdadır.
Ulu türk sivilizasiyasının
üstün keyfiyyətləri həm də onun bayraqyaratma və
bayraqyaşatma ənənəsində öz ifadəsini
tapmışdır. Təqribən 2500 il ərzində
geniş Avrasiya boyunca böyük imperiyalar yaratmış
türklərin tarixi bayraqlarındakı simvollar bu və ya
digər formada sonrakı dövrlərin bayraq ənənələrinə
modifikasiya olunmuşdur. Türk mifologiyasının ulu totemi və
vaxtilə Avrasiyanın ən qüdrətli dövləti olan
Göy Türk imperiyasının rəmzi olan Qurd, Səlcuq
imperiyalarında güc və müdriklik simvolu olan və
sonralar islam sivilizasiyasının “qalxan və
qılıncına” çevrilmiş Qartal və həmişəyaşar
türk ruhunun rəmzi olan Göy rəng uzun əsrlər
müxtəlif konfiqurasiyalarda türk bayraqlarının
atributları olmuşdur. Oğuz türklərinin Qərb
qanadına məxsus dövlətlərinin və onların
varisi olan Osmanlı imperiyasının tarixən mövcud
olmuş 72 bayrağında da həmin ənənələr
ötürülmüş və bugünkü Türk
Cümhuriyyətinin möhtəşəm bayrağını
ərsəyə gətirmişdir. Azərbaycan
dövlətçiliyinin bayraq ənənəsində də
belə bir varislik uzun əsrlər qorunmuşdur. Antik Azərbaycanın ilk böyük dövləti
olan Midiyanın bayrağındakı ikibaşlı Qartal
sonralar Azərbaycan coğrafiyasının qüdrətli
türk dövləti olan Atabəylər imperiyasının
bayrağında, göy rəng üzərində öz əksini
tapmışdır. Ağqoyunlu dövlətində
türklərin ərənlik ruhu döyüşkən
Qoçla, böyük Səfəvi imperiyasında isə
Günəşlə birgə doğulan iri pəncəli
Şirlə simvollaşdırılmışdır. Azərbaycan xanlıqları da öz bayraqlarında
rəmzlərin varisliyini davam etdirmişlər. Məsələn, Qarabağ xanlığının
bayrağı ikibaşlı Qartal simvolu ilə Atabəylər
ənənəsini davam etdirmişdir. XX əsrdə
Arazın həm o, həm də bu tayında müstəqillik
qazanmağa fürsət tapmış Azərbaycan Xalq
Cümhuriyyətinin və Cənubi Azərbaycanın
bayraqları azacıq fərqlə, demək olar ki, eyni rəmzləri
(göy, qırmızı, yaşıl rəng, ağ rəngli
aypara və səkkizguşəli ulduz) öz üzərində
daşımışdır. Üçrəngli
bayrağımız hələ 1918-ci ilin 9 noyabrında Azərbaycan
Xalq Cümhuriyyəti Hökumətinin iclasında Azərbaycan
Cümhuriyyətinin bayrağı kimi qəbul edilmişdi.
Təcavüzkar XI Qırmızı Ordunun gəlişi ilə
endirilmiş bayrağımız düz yetmiş il ərzində unudulmadı, ürəklərdə
yaşadıldı, xatirələrdə
canlandırıldı, yaddaşlarda dərin bir iz buraxdı -
Azadlıq izi.
Nəhayət, 1990-cı ilin noyabrında
ilk dəfə Naxçıvanda ümummilli liderimiz Heydər
Əliyev tərəfindən Azərbaycan Demokratik Cümhuriyyətinin
bayrağı azadlığın astanasında olan Azərbaycanın
dövlət bayrağı kimi qaldırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı
ulu öndər Heydər Əliyevin rəhbərliyi altında
Naxçıvan Ali Sovetinin sessiyasında Naxçıvanda
dövlət bayrağı kimi rəsmən təsdiq edildi.
Həmçinin, Azərbaycan Ali Soveti
qarşısında bu bayrağın Azərbaycanın
dövlət bayrağı kimi qəbul edilməsi haqqında
vəsatət qaldırıldı. Prezident
İlham Əliyevin 2010-cu ildə Dövlət Bayrağı
Meydanının açılış mərasimində qeyd
etdiyi kimi...“O vaxt hələ Sovet İttifaqının
dağılmasına bir ildən çox vaxt qalırdı.
Bizim müstəqilliyə gedən yolumuz o
gündən başlamışdır. Məhz
Xalq Cümhuriyyətinin bayrağının dövlət
bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə
daha da yaxınlaşdırmış və ölkəmizdə
gedən proseslərə güclü təkan vermişdir.”
Nəhayət, 1991-ci ildə Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan
Respublikası Demokratik Cümhuriyyətin varisi elan edildi.
Bununla da Şərqdə ilk türk cümhuriyyətinin
yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin
“Bir kərə yüksələn bayraq bir daha enməz” həqiqəti
öz təsdiqini tapdı. Beləliklə,
xalqımızın ən ali dəyərlərini
- soykökünü, məqsədini və məramını
özündə əks etdirən əski
bayrağımızı yeni Azərbaycan yenidən öz mənəvi
ucalığına yüksəltdi. Azərbaycan
xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən
sonra Demokratik Cümhuriyyətimizin bayrağını yenidən
dalğalandırmaqla öz milli köklərindən,
şanlı tarixindən ayrılmaz olduğunu bir daha təsdiqlədi.
Yaddaşlardan süzülüb, xatirələrdən
canlanıb, ürəklərin içindən
çıxarılıb başlar üzərinə
qaldırılan bayrağımız istiqlalımızı
bütün dünyaya bəyan etdi. Xalqın sevinci və
bayraq sevgisi şair Ramiz Qusarçaylının misralarında
belə vəsf olundu:
Şənini
vəsf etməyə yetər,
qüdrətim
yetər,
Ulduzunu,
ayını göydə
mələklər
öpər,
Hər rəngində
“ya qazi,
ya şəhid”
bir mən bitər,
Sən ey
İstiqlalımın
əbədiyyət
sancağı, -
Azərbaycan
bayrağı !
Bəli, bayrağımız əbədidir. Bir zaman endirilsə də, gizlədilsə də,
görünməsə də, indi o daha ucalarda
dalğalanır. Bu heç də Ginnes
rekordlarında qeyd edilən dirək ucalığında deyil.
O elə bir ucalıqdadır ki, oradan dünyanın Şərqi
də, Qərbi də görür bayrağımızı. Üçrəngli, ay-ulduzlu bayrağımız
bütün atributları ilə müstəqilliyimizi, Azərbaycan
dövlətçiliyini, milli ideologiyamızın
bütövlüyünü və eyni zamanda, ümumbəşəri
ideallara sadiqliyimizi bütün dünyaya nümayiş etdirir.
Bu, həm də xalqımızın dünyaya
hansı ideya ilə çıxdığını, onun
ümummilli xarakterində ehtiva olunan müsbət məziyyətləri
açıq şəkildə dünya birliyinə bəyan
edir. Bayrağımızda əks olunan rənglərin
ifadə etdiyi dəyərlər kompleksi - müasirlik,
türklük və islam dininə mənsubluq
- xalqımızın çağdaş ümumbəşəri-demokratik
dəyərlərə sahibliyini, ümummilli türk köklərinə
bağlılığını, islam inancına sadiqliyini
nümayiş etdirir. Bu qədər ali keyfiyyətlərin
vəhdətdə ifadə olunması, onlara sadiqlik həm də
xalqımızın dünya birliyində yerinin özünəməxsusluğunu,
yetkin bir cəmiyyət olaraq yüksək təkamül səviyyəsinə
çatdığını göstərir. Necə
deyərlər, dünya bizi bayrağımızdan
“görür”. Bayrağımıza bələd
olduqca da, xalqımızı daha yaxından tanıyır, onun
malik olduğu ideya və idealların təkcə bir
coğrafi məkanla məhdudlaşmadığının,
ümumbəşəriliyinin şahidi olur.
Bayrağımız qürur mənbəyimizdir,
and yerimizdir. Müqəddəs bir varlıq kimi
üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən
gələn bu ənənə keçmişimizdə
olduğu kimi bu gün də hər bir vətəndaşımızın
üzərinə ciddi mənəvi məsuliyyət qoyur.
Bu məsuliyyət dövləti, milli
maraqların daim keşiyində dayanmağın ictimai-siyasi əxlaqına
yüksəlir. Fərd - vətəndaşlığın
əxlaqi yükünü öz çiyinlərində hiss
etdikcə, onun dövlətçilik idealları püxtələşir.
O, şəxsi həyatındakı irəliləyişləri
belə öz dövlətinin milli inkişafından
ayrılmaz şəkildə dərk edir. Milli
simvolların öncülü olan Bayraq vətəndaş əxlaqında
məhz bu keyfiyyətləri cilalayır. Bayraqda
təcəssümünü tapan rəmzlər insanın
ictimai-siyasi dünyagörüşünün komponentlərinə
çevrilərək, onun konkret fəaliyyət sferasında məqsədəuyğun
istiqamətləri formalaşdırır və
stimullaşdırır.
1998-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən
təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət
atributlarının təbliği işinin gücləndirilməsi
haqqında” Sərəncamda vətəndaşlarımıza,
xüsusən gənclərimizə dövlət
atributlarına dərin ehtiram hisslərinin
aşılanmasının, cəmiyyətdə vətənpərvərlik
ruhunun möhkəmləndirilməsinin önəmi
vurğulanır, dövlət atributlarının mahiyyətinin
və əhəmiyyətinin əhali arasında geniş təbliğ
olunması, gənc nəslin Azərbaycanın
bayrağına, gerbinə və himninə hörmət ruhunda
tərbiyə edilməsi tədbirlərinin gücləndirilməsi
məqsədilə müvafiq tapşırıqlar müəyyən
edilirdi. Ümummilli liderimiz bayrağımız haqqında
deyirdi: “Azərbaycanın bayrağı sadəcə bayraq
deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin
rəmzidir. Bu bizim müstəqil dövlətimizin
rəmzidir. Ona görə də, gərək
hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc
nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə,
xalqa, dövlətə olan məhəbbətə bərabər
olsun.” Bu günkü Azərbaycan gəncliyi
müstəqilliyimizlə yaşıddır. Ata-babalarının
azadlıq eşqi ilə yoğrulmuş uzun və şərəfli
mübarizə hesabına əldə etdikləri müstəqilliyin
bayrağını müasir gəncliyimiz üçün ən
ali dəyərə çevirən də
məhz nəsillər arasındakı tarixi-mənəvi
bağlılıqdır. Məhz buna görədir
ki, Azərbaycan gəncliyi fəaliyyətinin bütün sahələrində
uca bayrağımıza, onun daşıdığı
ideallara sarsılmaz sədaqətlə xidmət göstərmək
əzmini nümayiş etdirir. Bu
günün vətənpərvər Azərbaycan gənci
harada olmasından asılı olmayaraq,
bayrağımızı təkcə dövlət rəmzi
kimi deyil, tarixi keçmişimizin və milli
varlığımızın təcəssümü kimi, bəşəri
dəyərlərin daşıyıcısı kimi qəbul
edir, ürəyi müqəddəs üçrəngli
bayrağımızla döyünür.
Dövlətçiliyimizin, milli, mənəvi,
əxlaqi dəyərlərimizin daşıyıcısı
olan müqəddəs bayrağımıza ümummilli ehtiram əxlaqının
formalaşdırılması Prezident İlham Əliyev tərəfindən
yürüdülən milli siyasətin də hər zaman
aparıcı istiqaməti olmuşdur. Bayrağımıza
olan ümummilli sevgi və ehtiram 2007-ci ildə hakimiyyətlə
xalqın vəhdətinin yeni bir təzahürü kimi Bayraq
Meydanının yaradılması ideyasına gətirib
çıxardı. Ölkə
başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı
ilə təsis edilmiş Azərbaycan Respublikasının
Dövlət Bayrağı Günü müqəddəs
bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi
dəyərlərimizə dövlət səviyyəsində
olan diqqət və ehtiramın ən yüksək səviyyədə
göstəricisidir. Artıq dördüncü
ildir ki, 9 noyabr Azərbaycanda rəsmi olaraq Dövlət
Bayrağı Günü kimi qeyd edilir. Dövlət
Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi
müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin
varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir
daha sübut etdi. Bununla da Azərbaycanın
hər bir regionunda bayraq meydanlarının yaradılması
kimi yaşarı bir ənənənin əsası qoyulmuş
oldu. Dövlət başçısı 2010-cu ilin 1
sentyabr tarixində Dövlət Bayrağı Meydanının
təntənəli açılış mərasimində
deyirdi: “Bu bayraq bizim milli dəyərimizdir. ...Bu
Bayraq Meydanının yaradılması Azərbaycanın
gücünü, Azərbaycan xalqının öz dövlətinə
sevgisini, dövlət rəmzlərimizə
ehtiramımızı göstərir. ...Necə ki, bu
gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə,
on minlərlə insan hər gün gəzintiyə
çıxır. Bax, bu meydanda, bu bayraq
altında, milli rəmzlər ətrafında insanlar
yığışacaqlar. ...Bu Bayraq
Meydanı Bakının bir mədəniyyət mərkəzinə,
Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir.
Ölkəmizin mərkəzi olan Bakı şəhərində
belə möhtəşəm meydanın yaradılması
doğrudan da böyük hadisədir”. Bu
sözlərlə, Prezident müqəddəs
bayrağımızın kütləvi yerlərdə
dalğalanmaqla insanlarımızın milli birlik,
özünüdərk, həmrəylik, vətənpərvərlik
idealları ətrafında daha sıx birləşməsinə
təkan verəcəyini aydın şəkildə ifadə
edirdi.
Azərbaycan Respublikasının dövlət
bayrağı bu gün bütün dünyada yaşayan azərbaycanlıların
həmrəylik simvoluna çevrilmiş,
soydaşlarımızın bir bayraq altında sarsılmaz
birliyinin yaradılmasında mühüm rol
oynamışdır. Məhz bunun nəticəsidir
ki, dünyanın hansı nöqtəsində
yaşamasından asılı olmayaraq, hər bir vicdanlı
soydaşımız üçrəngli bayrağımıza
sarılaraq azərbaycançılıq ideallarının təbliğində,
Azərbaycan həqiqətlərinin dünya birliyinə
çatdırılması işində yaxından iştirak
edir.
Bayrağımız keçmişimizi bu
günümüzə, bu günümüzü gələcəyimizə
bağlayan bir tarixdir. Bayrağımızda əks
olunmuş milli kimlik - türklük ideyası artıq universal
məzmun kəsb edərək, bütün türk dövlətlərinin
vahid siyasi-ideoloji xəttində özünə yer
almaqdadır. Bu gün Azərbaycan
xalqının öz bayrağına olan sarsılmaz
bağlılığı, sevgisi məhz o bayrağın
tariximizi, milli kimliyimizi bariz şəkildə ifadə etməsindən
qaynaqlanır. Bu baxımdan, 2012-ci ildə
Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatı
tərəfindən qəbul edilmiş Türk Birliyinin vahid
bayrağının da xüsusi əhəmiyyəti vardır.
Üzv dövlətlərin bayraqlarında əks
olunmuş simvolları özündə birləşdirən
Ümumtürk bayrağımız türk xalqları
arasında münasibətlərin daha da dərinləşməsinə
xidmət etməkdə və Türk Dövlətləri
Birliyi ideyasının reallaşmasında siyasi-ideoloji simvol
rolunu oynamaqdadır. Bu bayraq Göy Türk
imperiyasından bu günümüzə qədər mövcud
olmuş və bu gün də var olan suveren türk
respublikalarının milli bayraqlarının başlıca rəmzləri
əsasında yaradılan universal Türk
Bayrağıdır. Böyük Gələcəyin -
Böyük Buluşmanın müjdəsini verən bu bayraq
türk dövlətlərinin hər birinin milli bayrağı
ilə bir cərgədə daha möhtəşəm
görünür! Bu gün ən uca zirvədə
dalğalanan bayrağımız Avrasiyanın bütün
türk uluslarının cazibə mərkəzində
dayanır, dünya türklüyünü vəhdətə
və daha böyük gələcəyə səsləyir.
Bayraq böyük qüvvədir. Bu gün Azərbaycan ordusunun sahib olduğu güc də
onun bayrağımıza olan dərin məhəbbətindən
və sədaqətindən qaynaqlanır. Azərbaycan
əsgəri vətənimizin suverenliyinin və ərazi
bütövlüyünün qorunması ilə bağlı
şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə
başlayarkən müqəddəs bayrağımıza and
içir. Vətən torpağının
bütövlüyü uğrunda şəhidliyə hazır
olan Azərbaycan əsgəri o bayrağa sarılaraq şərəfli
mübarizəyə qoşulur, vətənin
azadlığı uğrunda övladını qurban vermiş
valideynlər şəhid cənazəsinə
bükülmüş müqəddəs bayraqla təskinlik
tapırlar.
Bayraq böyük qüvvədir. Bayraq elə bir qüdrətdir ki, əlində ən
qorxunc bir silah tutan məğlubedilməz əsgər də
ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliboş
20 yanvar şəhidlərimizi bir an belə
tərəddüd etmədən xalqın azadlıq arzusunu
boğmaq və məhv etmək istəyən zirehli
tankların altına apardı. Bayraq elə bir
şərəfdir ki, xalqların ən böyük şərəfə
layiq gördüyü insanlar onun qarşısında diz
çöküb öz xalqına sədaqət andı
içirlər. Bayraq elə bir müqəddəs
varlıqdır ki, onun altında ölmək belə şərəflidir.
Anadolu şairimiz Arif Nihat Asyanın yazdığı kimi:
Ey
şimdi süzgün,
rüzgarlarda
dalğalı;
Barışın
göyərcini,
savaşın
kartalı
Yüksək
yerlərdə
açan
çiçəyim.
Sənin altında doğuldum.
Sənin altında ölecəyim.
İndi cəmiyyətimizdə Azərbaycan
Respublikasının üçrəngli bayrağına
ümummilli sevgi və ehtiram hissi yüksək səviyyədə
formalaşmış, bayrağımız milli özündərk
və həmrəylik simvolu kimi hər bir azərbaycanlının
ürəyinə yol tapmışdır. Azərbaycan gəncliyi, ordusu, sosial statusundan
asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı
bayrağımıza sadəcə dövlət atributu kimi
deyil, sanki öz ürəyi kimi baxır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Dövlət
Bayrağı Meydanının açılış mərasimində
vurğuladığı kimi - “Bizim bayrağımız
qürur mənbəyimizdir. Bizim bayrağımız
canımızdır, ürəyimizdir” .
Bu bayrağın itirilməsi - millətimizin
ürəyinin, deməli, varlığının itirilməsi
deməkdir. Cəmiyyətimizdə milli
özünüdərk amalının, həmrəylik
duyğularının, milli maraqlarımız uğrunda
mübarizə əzminin yüksəlişi onu deməyə əsas
verir ki, xalqımızın ürəyi döyündükcə,
milli bayrağımız da dalğalanacaqdır. Çünki bayrağımız - milli vəhdətimizin
rəmzidir. Bu vəhdət bizim
üçrəngli bayrağımızı daha uca zirvələrə
qaldıracaq və onu ata yurdumuz Qarabağa, Şuşaya və
Xankəndinə daşıyacaqdır. Azərbaycanın
əbədi varlığını təcəssüm etdirən
Bayrağımız bir daha nəinki enməyəcək,
müstəqilliyimizin və tərəqqimizin ulduzu kimi daim
parlayacaq!
Cavanşir
FEYZİYEV
Milli Məclisin
deputatı, fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 9 noyabr.- S.3.