Güclü xalq,
güclü dövlət,
güclü lider vəhdəti
Bir çox milli özünəməxsus keyfiyyətlərin və ümumbəşəri ideyaların varisi olan Azərbaycan xalqının milli-mənəvi dəyərləri və ümumbəşəri ideyaları varislik amili vasitəsi ilə nəsildən-nəslə keçmişdir. Müasir dövrdə Azərbaycan xalqının varisi olduğu zəngin mənəvi keyfiyyətləri ümumbəşəri ideyalarla zənginləşmə mərhələsindədir.
Müstəqil
Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
əsas ideyasının azərbaycançılıq
olduğunu vurğulamış və bildirmişdir ki, hər bir
azərbaycanlı öz milli mənsubiyyətinə görə
qürur hissi keçirməli, azərbaycançılığı - Azərbaycan
dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini,
adət-ənənələrini yaşatmalıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini,
milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni
zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafının təmin olunması
deməkdir. Bu gün ölkəmizin strateji inkişaf
kursunu yeni dövrün tələblərinə uyğun şəkildə,
yüksək dinamizmlə həyata keçirən Prezident
İlham Əliyev fəaliyyəti ilə milli ideyalara sadiqliyin
mükəmməl nümunəsini yaratmışdır.
Xalqın siyasi iradəsi milli müqəddəratı
təyin
edən əsas faktor oldu
Azərbaycanda
dövlətçilik ənənələrinin varisi olmaqla
yanaşı, milli birliyimizin, mütəşəkkilliyimizin və
milli ideologiyamızın-azərbaycançılığın
təməli olan Heydər Əliyev məktəbinin ideoloji
varisi olan cənab İlham Əliyevin XXI əsrin siyasi lideri
olacağı və müstəqil dövlətçiliyimizin
zəminində yaranmış bugünkü ənənələrimizi uğurla davam və
inkişaf etdirəcəyinə xalqın heç bir
şübhəsi yoxdur. Məhz buna görə
müstəqil Azərbaycanın tarixinə əlamətdar
hadisə kimi daxil olaraq, yeni minillikdəki tarixinə həkk
olunan daha bir demokratik, ədalətli və şəffaf
seçkilərdə ölkə vətəndaşları
növbəti dəfə Heydər Əliyev siyasi kursunun təntənəsinə,
bu kursun son on ildə Azərbaycana gətirdiyi
böyük nailiyyətlərə səs vermişlər. Xalq
ümummilli liderin siyasi xəttinə sadiq olduğunu və bu
siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevə
inandığını, güvəndiyini, etimad göstərdiyini,
onu hər zaman dəstəklədiyini növbəti dəfə
nümayiş etdirmişdir.
2013-cü il
oktyabrın 19-da keçirilmiş andiçmə mərasimində
dövlət başçısı prezident seçkilərinin
Azərbaycanın demokratik inkişafına yeni təkan verəcəyini
vurğulamışdır: “Prezident seçkiləri Azərbaycan
xalqının iradəsini tam şəkildə əks
etdirmişdir. Seçkilər şəffaf, ədalətli,
azad şəkildə keçirilmişdir və seçkilərin
nəticələri Azərbaycan xalqının iradəsini əks
etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində
görülmüş işlərə öz yüksək
qiymətini vermişdir.
On il
bundan əvvəl birinci dəfə Prezident vəzifəsinə
seçiləndə söz vermişdim ki, əgər xalq mənə
etimad göstərərsə, mən ulu öndər Heydər
Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində
qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident
seçkilərində Azərbaycan xalqının mütləq
əksəriyyətinin öz səsini bu siyasətə verməsi
bir daha onu göstərdi ki, son on il ərzində verilən
bütün vədlər icra edildi. Azərbaycan xalqı
görülmüş işlərə öz qiymətini,
öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə
bağlı öz fikirlərini, arzularını ifadə
etdi".
Dövlətin
tərəqqisinə böyük töhfələr vermiş
nüfuzlu siyasi lider cənab İlham Əliyevin şəxsində
Azərbaycan xalqı bir daha sülhə, sabitliyə, tərəqqiyə
səs vermiş, ulu öndərin əsasını qoyduğu
milli dövlətçilik ənənələrinə
sadiqliyini nümayiş etdirmişdir. Heydər Əliyev ideyalarını yeni
dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən,
təkmilləşdirən xarizmatik lider ötən on ildə
özü də yeni bir idarəçilik məktəbinin
banisinə çevrilmişdir.
Uğurların əsasında güclü
lider fenomeni dayanır
Son on ildə Azərbaycan
dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da
möhkəmlənmiş, ölkəmizin dünyadakı
nüfuzu artmışdır. Dövlətimizin
başçısının uğurlu fəaliyyət modeli
bütün dünyanın qabaqcıl ölkələri tərəfindən
qəbul olunmuş, Prezident İlham Əliyev görkəmli
dövlət xadimi kimi beynəlxalq miqyasda böyük
nüfuz qazanmışdır. Əsası ümummilli lider tərəfindən
qoyulan daxili sabitlik sahəsində qazanılmış uğurlar
milli birliyin möhkəmləndirilməsi istiqamətində
daha da inkişaf etdirilmiş, dönməzliyə
çevrilmişdir. Prezident İlham Əliyevin
həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış,
məqsədyönlü iqtisadi siyasət nəticəsində
ölkəmizdə böyük uğurlar qazanılmış,
demokratik inkişaf, suverenlik və özünütəminetmə
prinsiplərinə söykənən müstəqil Azərbaycan
dünyada ən sürətlə inkişaf edən
ölkələr arasında ən qabaqcıl yerlərdən
birini tutmuşdur. Şübhəsiz, bütün bu nailiyyətlərin
əsasında güclü lider fenomeni dayanır. Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik
etdiyi on il ərzində ictimai-siyasi həyatın bütün
sahələrində sürətli inkişaf müşahidə
olunmuş, Azərbaycanın iqtisadi və hərbi
potensialı güclənmiş və əhalinin həyat səviyyəsi
əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Bugünkü milli inkişafın fundamental əsaslarını
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
strateji kursun Prezident İlham Əliyev tərəfindən
müasir dövrün qanunauyğunluqlarına müvafiq surətdə
qətiyyətlə və böyük uğurla davam etdirilməsi
təşkil edir. Müasir Azərbaycanın
gerçəkliklərini ölkəmizin beynəlxalq
münasibətlər sisteminin nüfuz və güc
iyerarxiyasında sürətli şəkildə irəliləməsi,
möhkəm təməllərə söykənən
ictimai-siyasi sabitliyin təmin olunması, müxtəlif
inkişaf modellərinin uğurla tətbiqi, sosial-siyasi
islahatların mütəmadi qaydada həyata keçirilməsi
təşkil edir.
Gələcəyə hesablanmış
uğurlu siyasət
Prezident İlham
Əliyevin həyata keçirdiyi və gələcəyə
hesablanmış uğurlu xarici siyasət nəticəsində
Azərbaycan regionun lider dövlətinə çevrilmiş,
beynəlxalq birlikdəki yerini daha da möhkəmləndirmiş,
söz sahibinə çevrilmişdir. Bakıda keçirilən
beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan
dövlətinin dünyada artan nüfuzunu bir daha təsdiq
edir. Azərbaycanda artıq müxtəlif xarakterli - siyasi,
idman, səhiyyə, iqtisadi və sair tədbirlər
keçirilir. Ölkəmizin mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən
biri olmasını bütün dünya qəbul edir. Bugünlərdə
Bakıda keçirilən III Beynəlxalq forumu yüksək səviyyədə
keçmişdir.
Forumda
çıxış edən Prezident İlham Əliyev
demişdir: “Bu gün Bakıda siyasi, iqtisadi, enerji məsələləri
ilə yanaşı, humanitar məsələlər də
yüksək səviyyədə müzakirə edilir. Qeyd etməliyəm
ki, Azərbaycanda son illər ərzində müxtəlif
mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər,
sammitlər, beynəlxalq konfranslar keçirilir. Bakı bir
növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən
birinə çevrilmişdir. Bu il Cənubi Qafqazda və Mərkəzi
Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya
İqtisadi Forumu, Madrid Klubunun toplantısı
keçirilmişdir. Artıq iki dəfə Mədəniyyətlərarası
Dialoq Forumu keçirilmişdir. Bakı Beynəlxalq Humanitar
Forumunun da bu sırada öz yeri vardır. Əminəm ki,
forum çərçivəsində aparılacaq diskussiyalar,
fikir mübadiləsi beynəlxalq humanitar əməkdaşlığa
öz töhfəsini verəcəkdir”. Dövlət
başçısı belə tədbirlərin Azərbaycanda
keçirilməsinin təbii olduğunu, bütün dövrlərdə
Azərbaycanda bütün millətlərin, dinlərin
nümayəndələrinin sülh, əmin-amanlıq,
qardaşlıq şəraitində
yaşadıqlarını, Azərbaycanda hökm sürən
ictimai-siyasi quruluşdan asılı
olmayaraq, bütün dövrlərdə Azərbaycanın
dözümlülük, tolerantlıq məkanı
olduğunu, bu gün müstəqil Azərbaycanın öz
siyasətini bu möhkəm təməl üzərində
qurduğunu vurğulamışdır.
Azərbaycanın
bütövlükdə Avratlantik coğrafi arealında
sülh, tərəqqi və əməkdaşlıq
paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya
layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha
qabarıq hiss olunur, nüfuzlu sosioloji mərkəzlər tərəfindən
vaxtaşırı keçirilən rəy sorğularında, beynəlxalq təşkilatların
hesabatlarında bütün sahələrdə əldə
olunan uğurlar təqdir olunur, respublikamızın davamlı
inkişaf yolunda olduğu xüsusi vurğulanır. Azərbaycanın
dünyadakı yüksək siyasi nüfuzunun ən bariz
nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsini misal göstərmək
olar. Azərbaycanın BMT TŞ-nin on qeyri-daimi üzvündən
biri seçilməsi Prezident İlham Əliyevin həyata
keçirdiyi xarici siyasətin uğurlu məntiqi nəticəsi,
ölkəmizin dünyadakı siyasi nüfuzunun göstəricisidir.
Təhlükəsizlik Şurasının
üzvü olmaq təyinatla və növbəlilik prinsipi əsasında
deyil, məhz səsvermə yolu ilə baş verdiyini nəzərə
alsaq, bu zaman Azərbaycana beynəlxalq ictimaiyyətin
etimadının nə dərəcədə yüksək
olduğunu görərik.
Prezident İlham
Əliyevin həyata keçirdiyi məqsədyönlü
siyasət nəticəsində Azərbaycan həm də kosmik
klubun üzvü olmuş, Azərbaycanın ilk telekommunikasiya
peyki orbitə buraxılmışdır. Dövlət
başçısının qeyd etdiyi kimi, ilk peykin orbitə
buraxılması müstəqillik dövründə imza
atdığımız ən böyük uğurlardan biridir,
dövlətimizin qələbəsidir və hər bir Azərbaycan
vətəndaşı bununla fəxr edə bilər.
Əsas məqsəd xalqın
maraqlarını təmin etməkdir
Son on ildə Azərbaycan iqtisadiyyatı 3,4
dəfə artmışdır. Əgər ilk
illərdə bu artım daha çox neft amili sayəsində
olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu
artımı təmin edir. Prezident İlham Əliyev
aparılan siyasətin həm ictimai, həm də iqtisadi sahədə
bir məqsədi - Azərbaycan xalqının
maraqlarını təmin etmək, ölkəni gücləndirmək,
regionda mövqeləri möhkəmləndirmək məqsədini
daşıdığını vurğulamış və
bildirmişdir ki, ölkənin gələcək
inkişafı üçün neft amilindən
asılığı azaltmaqdır lazımdır ki, bunun
üçün də sahibkarların üzərinə
çox iş düşür. Dövlətin
iqtisadi siyasətinin başlıca istiqamətlərindən
birinin, məhz özəl sektorun hərtərəfli dəstəklənməsi,
onun daha da genişlənməsi üçün əlverişli
mühitin yaradılması, bu sahədə müxtəlif yardım
və təşviq mexanizmlərinin tətbiq edilməsi təsadüfi
deyildir. Ötən on ildə özəl
sektorun inkişafı Azərbaycan iqtisadiyyatının neft
sektorundan asılılığının azalması
üçün geniş imkanlar açmışdır.
Daim sahibkarlarla görüşən, onların
qayğıları ilə maraqlanan dövlət
başçısı hər bir yerdə yerli icra
orqanlarının rəhbərlərinə, icra
başçıları, vəzifəli şəxslərə
sahibkarlara kömək göstərmələrini tövsiyyə
edir. Ötən on ildə 1 milyard manat dəyərində
verilən güzəştli kreditlərin iqtisadiyyatın real
sektoruna yönəldilməsi və iş yerlərinin
açılması, yerli istehsalın artırılması,
idxaldan asılılığın azaldılması məqsədlərinə
xidmət etmişdir.
Azərbaycan Respublikasının Prezident İlham
Əliyev “Mən bütün icra orqanlarının rəhbərlərinə
demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə
olun, onlara kömək edin, onların işinə
qarışmayın, onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı sahibkarlığın
inkişafından asılıdır. Biz bu
istiqaməti seçmişik və bu istiqamət bizə
uğurlar gətirir...Mənim sahibkarlardan tələblərim
bundan ibarətdir ki, yaşadıqları bölgələrdə
və fəaliyyət göstərdikləri sahələrdə
yaxşı işləsinlər, vergiləri vaxtında versinlər.
Dövlət qarşısında onların
heç bir borcu olmasın. İş yerləri
yaratsınlar, bizneslərini daha da genişləndirsinlər,
daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar.
Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri
arasında heç bir fərq ola bilməz.
Əlbəttə ki, sahibkarlar müxtəlif sosial layihələrə
qoşulduqda bu, mənim onlara, necə deyərlər,
münasibətimi daha da yaxşılaşdırır”, - deyə
tövsiyələrini vermişdir.
Azərbaycanda yaşayan və fəaliyyət göstərən
hər bir xarici iş adamı da dövlət tərəfindən
sahibkarlara göstərilən diqqət və qayğıdan bəhrələnir.
Biz bu qayğıya əməli işimizlə
cavab verməyə çalışırıq.
Yeni
prioritetlər, yeni hədəflər
Təkcə son on ildə Azərbaycan əsrlərə
bərabər yol keçmişdir. Makroiqtisadi sabitliyin
qorunub saxlanılması və inkişafı, iqtisadiyyatın
şaxələndirilməsi, regionların davamlı və
tarazlı inkişafı cəmiyyətin layiqli həyat səviyyəsinə
yüksəlməsinin nəticəsidir ki, ölkənin əsas
makro iqtisadi göstəricisi olan ümumi daxili məhsul son on
ildə 3,4 dəfə artmışdır.
Dünya Bankının məlumatına əsasən, Azərbaycan
dünya ölkələri arasında ÜDM-in artım səviyyəsinə
görə lider mövqedə olmaqla yanaşı,
dünyanın orta artım göstəricisini 2,6
dəfə qabaqlamışdır. Möhtərəm
Prezidentimiz İlham Əliyevin və həmçinin Heydər
Əliyev Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın daimi diqqət və qayğısı sayəsində
minlərlə ümumtəhsil məktəbləri, uşaq
bağçaları, səhiyyə obyektləri və digər
mədəni-məişət binaları tikilib istifadəyə
verilmiş, təhsil ocaqları müasir avadanlıqlarla, o
cümlədən, texniki vasitələrlə təchiz
edilmişdir.
Azərbaycanın öz ərazi
bütövlüyünü bərpa etməsi hazırda ən
vacib məsələdir. Azərbaycan xalqı əmindir
ki, Azərbaycan öz ərazi bütövlüyünü tam
şəkildə bərpa edəcək, köçkünlər
Dağlıq Qarabağa, digər torpaqlara qayıdacaqlar.
Çünki Azərbaycan tam şəkildə
öz hesabına yaşayır, öz inkişafını, təhlükəsizliyini
təmin edir, getdikcə güclənir,
işğalçı Ermənistan getdikcə zəifləyir.
Azərbaycan Ordusu bu gün dünya miqyasında
güclü ordular sırasındadır. Bu gün Azərbaycan
büdcəsi Ermənistan büdcəsindən on dəfə
böyükdür, hərbi xərclər on dəfə
çoxdur, əhali isə beş dəfə
artıqdır. Xocalı soyqırımını
soyqırımı kimi dünyada bir sıra dövlətlər
tanıyıb və bu proses uğurla davam edir. Prezident
İlham Əliyev Azərbaycanın dünya miqyasında ən
sürətlə inkişaf edən ölkə olduğunu
vurğulamışdır: “Dünyada iqtisadi inkişaf baxımından
Azərbaycan kimi son on il ərzində inkişaf edən ikinci
ölkə yoxdur. Bu amillər bir daha demək istəyirəm
tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər
və iqtisadi hərbi gücümüz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll
edilməsində öz sözünü deyəcək və
Azərbaycan öz ərazi bütövlüyünü bərpa
edəcək, Dağlıq Qarabağda, digər işğal
edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan
bayrağı dalğalanacaq”.
Azərbaycanı hər zaman özünə
yaxın strateji müttəfiq, qardaş ölkə sayan
Türkiyə onun hərtərəfli inkişafına,
bütün sahələrdə əldə etdiyi uğurlara
görə böyük qurur hissi keçirir. Qardaş Azərbaycanın hər bir uğuru,
Türkiyənin və bütün Türk
dünyasının uğurudur. Böyük
Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci Türkiyənin
sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir”,
- demişdir. “Bir millət, iki dövlət”
olan Azərbaycan və Türkiyə xalqlarının dərin
tarixi köklərə, ortaq milli-mədəni və mənəvi
dəyərlərə, zəngin adət-ənənələrə
söykənmiş qardaşlığı əsrlərin
ağır sınaqlarından çıxmışdır.
Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin
mövcud vəziyyətini belə dəyərləndirir:
“Türkiyə-Azərbaycan əlaqələri indi ən
yüksək səviyyədədir. Bu əlaqələr
strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə
əsaslanır. Bizi birləşdirən həm
tarixi köklər, həm mədəni əlaqələr,
bizim keçmişimiz və bugünkü siyasi
maraqlarımızdır. Türkiyə - Azərbaycan əlaqələri,
deyə bilərəm ki, Türk dünyasının daha
sıx birləşməsi üçün həlledici rol
oynayır... Türk dünyasının
birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil
edir”.
Azərbaycanın uğurları bəzi
düşmən dairələr tərəfindən
qısqanclıqla qarşılanır. Dövlətimizin güclənməsi
kimlərisə narahat edir, erməni lobbisini, Azərbaycanı istəməyən
bəzi qüvvələri qane etmir. Seçki
kampaniyasının gedişində erməni lobbisinə
bağlı müxtəlif beynəlxalq dairələrin
sifarişini icra edən “milli vətənpərvər”lərin
uğurlara hər bir vasitə ilə kölgə salmağa
çalışmaları cəhdləri uğursuz
alınmışdır. Çünki demokratiya yolu ilə uğurla
addımlayan Azərbaycanda seçkilərin nəticələri,
seçki prosesinin yüksək səviyyədə keçməsi
demokratiyanın təntənəsinin bir daha sübutu
olmuşdur. Qardaş Azərbaycanın qısa
müddət ərzində dünya miqyasında mühüm
uğurlar əldə etməsi, nüfuzlu söz sahibinə
çevrilməsi Prezident İlham Əliyevin
yürütdüyü iqtisadi siyasətin
düzgünlüyünü, habelə ölkənin və
xalqın milli maraqlarına cavab verdiyini bir daha sübut edir.
Görkəmli dövlət xadimi İlham Əliyevin möhkəm
iradəsi, siyasi uzaqgörənliyi və çevik
taktikası Azərbaycana iqtisadi, hərbi-strateji və sosial
sahədə bundan sonra da aparıcı mövqe
qazandıracağına xalq əmindir. Qardaş Azərbaycanı
qısa zamanda bölgədə və bütövlükdə
Avropa məkanında nüfuzlu dövlətə çevirən
məhz güclü xalq, güclü dövlət,
güclü lider vəhdəti olmuşdur.
Osman GEZEKER,
türkiyəli iş adamı
Xalq qəzeti.- 2013.- 14 noyabr.- S.6.