Zəhmətkeş alim, vətənpərvər ziyalı

 

Əslində, hər bir insan yaşadığı ömür tarixini özü yazır: arzudan, qayədən, niyyətdən keçib reallığa qovuşan əməlləri ilə, onu tanıyanların, xatırlayanların qəlbində buraxdıqları isti, məhrəm izlərlə, duyğularla. Gedişindən, gərdişindən baş açmağın çox çətin , bəlkə də bir qəhrəmanlıq olduğu indiki qarışıq zəmanədə örnək ola biləcək ömür yaşayaraq tarix yazmağın özübir ayrı fədakarlıq və insani hünərdir. Elə dünyamızı mənalandıran, şəhd-şirə verən, hər birimizdə yaşamaq şövqünü alovlandıran da ətrafımızda bu cür insanların olmasıdır. Qeyri-ixtiyari düşünürsən ki, dünyanın ləngərini saxlayan, insan adına xəlq olunmuş dəyərlərin səfini-sahmanını qoruyan, həqiqət tərəzisinin ədalət daşını düşməyə qoymayan tanıdığımız bu cür insanlardır. Onların sırasında respublikanın tanınmış ziyalılarından, zəhmətkeş hüquqşünas-alimlərindən biri olan İsaxan Vəliyevin xüsusilə yeri var.

 

İsaxan Vəliyev Azərbaycanın qədim mədəniyyət, elm-maarif ocağı olan Şamaxıda dünyaya göz açmışdır. Hüquqşünas peşəsinə yiyələnmək arzusu onu Bakıya gətirmiş və imtahanları müvəffəqiyyətlə verərək Azərbaycan Dövlət Universiteti (indiki BDU) hüquq fakültəsinin tələbəsi adını qazanmışdır. 1981-ci ildə təhsilini başa vurarkən İsaxanın təyinatı əlaçı tələbə kimi prokurorluq sisteminə verilmiş və əmək fəaliyyətinə Yasamal Rayon Prokurorluğunun müstəntiqi kimi başlamışdır.

Heç şübhəsiz, mükəmməl təhsillə işgüzarlığın, məsuliyyətin, təşəbbüskarlığın və nəhayət, təcrübəli prokurorluq işçilərindən öyrənməklə cilalanmış peşəkarlığın uğurlu vəhdəti öz nəticəsini çox gözlətmədi. 1987-ci ildə İ.Vəliyev Azərbaycan Respublikası Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkildi. Bu, böyük etimadeyni zamanda, gəncliyinə rəğmən İsaxanın qazanmış olduğu yüksək professional vərdişlərin və bacarığın etirafı idi. Amma bu səviyyə  da onun yüksəlişində hələ son zirvə deyil, sadəcə bir pillə oldu. Belə ki, gənc hüquqşünas kimi onun əldə etdiyi nəticələr İttifaq miqyasında yayıldı və 30 yaşlı İsaxan Vəliyev SSRİ Prokurorluğu tərəfindən Bakı şəhər prokuroru təyin edildi. O vaxt o, İttifaq respublikaları paytaxtlarının prokurorları arasında ən cavanı idi. Gənc prokurorun çevik ahəngi, tükənməz enerjisi, hüquq pozuntularına və qanunazidd əməllərə qarşı barışmaz və birmənalı sərt mövqeyi şəhərin hüquq-mühafizə orqanlarının, şəxsi heyətin fəaliyyətində də pozitiv dəyişikliklərə səbəb oldu.

Həmin dövrdə İsaxan Vəliyevin Bakı prokuroru kimi praktiki hüquq sahəsindəki müsbət təcrübəsi geniş təbliğ edilir və öyrənilirdi. Gənc prokurorun uğurlarının kökündə təkcə zəhmətkeşliyi, tələbkarlığı, sırf professional üstünlükləri dayanmırdı. İ.Vəliyevi yaxşı mənada fərqləndirən onun şəxsi məziyyətləri – mənəvi təmizliyi, yüksək ədalət hissi, hüquq pozuntularına qarşı ifrat barışmazlıq duyğusu, yüksək intellekti, hüquqi biliklərini artırmaq əzmi, dövlətə, qanunçuluğa və dövlətçiliyə hədsiz sədaqət hissi idi.

Heç şübhəsiz, öz narahat günlərini, taleyinin çox mürəkkəb bir tarixini yaşayan, Ermənistanın təcavüzkar siyasətinə qeyrətlə sinə gərən, müharibənin məhrumiyyətlərini ürəyində daşıyan bir ölkədə bu cür mübariz, yenilməz xarakterli insanlara ehtiyac vardı. Azərbaycanınölüm, ya olum” dilemması ilə üzləşdiyi bir vaxtda xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyev İsaxan Vəliyevi məhz bu cür keyfiyyətlərinə görə qiymətləndirərək 1993-cü ildə respublika baş prokurorunun müavini vəzifəsinə təyin etdi. Həmin dövr ictimai-siyasi məzmununa və mündəricəsinə görə çox mürəkkəb, ziddiyyətli və təhlükəli dövr idi. Ulu öndər təzəcə qayıtmışdı və ölkə həm daxili, həm də xarici təhdidlərlə üzbəüz qalmışdı. Birillik cəbhə hakimiyyətinin müharibədə yaşatdığı uğursuzluqlar, xarici qüvvələrin fitvası ilə dövlətimizi şimaldan və cənubdan didib-parçalamağa hazır olan separatçı əhval-ruhiyyə, daxildəki revanşist qüvvələrin ölkəni vətəndaş müharibəsinin girdabına sürükləməsi... Azərbaycanın boynundan asılmış problemlər zəncirinin yalnız bir neçə halqası idi. Və İsaxan Vəliyev də yeni vəzifədə ona böyük etimad göstərmiş ulu öndərə kömək etməli idi. Bu işə necə böyük enerji, qətiyyət və ciddiyyətlə qoşulduğunu bədxahlar tərəfindən ona qarşı düzənlənmiş terror hadisəsi də sübut edir.

“Gecə yarısı qətl” kitabının müəllifi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, baş prokurorun sabiq birinci müavini İsa Nəcəfov 2001-ci ildə işıq üzü görmüş sənədli povestində həmin dövrün müəmmalı və qanlı hadisələrinin üzərindən sirr pərdəsini götürərək yazır: “1994-cü il iyulun 20-də Naxçıvani və XI Aşırım küçələrinin kəsişdiyi yerdə partlayış qopdu. “Niva” maşınının qabaq oturacağında əyləşmiş naməlum şəxs “Qaz-31” maşınının açıq pəncərəsinə “F-1” tipli iki əl qumbarası tulladı. Maşında respublika baş prokurorunun müavini İsaxan Vəliyev və onun sürücüsü oturmuşdular... Qumbaraların birinin partlayışı nəticəsində İsaxan Vəliyev, sürücüsüyoldan keçən üç nəfər təsadüfi şəxs, o cümlədən yeniyetmə xəsarət aldı”.

O vaxt bu sui-qəsdin arxasında çox ciddi səbəblər dayanmışdı. Məqsəd ölkəni məhkum olduğu siyasi böhranın, iqtisadi tənəzzülün, sosial xaosun girdabından dartıb çıxaran, onun həqiqi müstəqilliyinə dönməz xarakter verən, müharibəni saxlamağa çalışan, sabitliyi adi yaşam normasına çevirməyə cəhd edən ulu öndər Heydər Əliyevin sədaqətli və mübariz silahdaşlarını vurub sıradan çıxarmaq, ölkədə xof və dərəbəylik mühiti yaratmaq idi. Ancaq Azərbaycanın sonrakı taleyi göstərdi ki, bütün bu cəhdlər əbəs imiş. Tarix özü hər şeyi yerli-yataqlı sahmanladı.

Baş prokurorun müavini kimi İ.Vəliyev həmişə dövlətçilik və qanunçuluq ideallarını uca tutmuş, öz fəaliyyətinin ali qayəsini dövlətin, xalqın və insanların maraq və mənafelərinin məxrəcinə gətirməyi bacarmışdır. Bu, əqidəsi, amalı və əməli bir olan vətəndaş-hüquqşünasın seçimi, sarsılmaz mövqeyi idi.

İsaxan müəllimin hüquq elminə dərin maraq və istəyi hələ hüquq-mühafizə orqanlarında çalışdığı dövrdə də onu rahat buraxmamışdır. 1992-ci ildə o, apardığı elmi araşdırmaları tamamlayaraq “Cinayət hüququ” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Sonralar — Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin siyasi fənlər kafedrasında dosent işlədiyi dövrdə İ.Vəliyev göndəriş əsasında Rusiya Daxili İşlər Nazirliyi Moskva Universitetinin doktoranturasına qəbul olunmuş və 2005-ci ildə həmin təhsil müəssisəsinin Elmi Şurasında “Dövlət hakimiyyəti sistemində prokurorluğun yeri: Rusiya Federasiyası, Azərbaycan Respublikası və Qazaxıstan qanunvericiliyinin müqayisəli təhlili əsasında” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Hüquq elmləri doktoru diplomu Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınmışdır.

Bu gün hüquq elmləri doktoru, professor  İsaxan Vəliyev həm elmi, həm də pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı, ciddi elmi tədqiqatlarla məşğuldur. O, bir neçə monoqrafiyanın, dərs vəsaitinin, 100-ə yaxın elmi məqalənin müəllifidir. “Cinayətin obyektiv tərəfi haqqında”, “Cinayətin əlamətlərinin aşkar edilməsinin cinayət-prosessual formaları” adlı sanballı monoqrafiyaları Moskvada çap olunmuşRusiya hüquq elmi ictimaiyyətinin rəğbətini qazanmışdır. Elə bu günlərdə alimin “Vergilər və vergitutmanın hüquqi əsasları” adlı sanballı dərs vəsaiti işıq üzü görmüşdür. Belə bir qürurverici faktı qeyd etmək də yerinə düşərdi ki, İ.Vəliyev “Cinayət hüququ” ixtisası üzrə Rusiya Federasiyasının biblioqrafik toplusuna adı düşmüş ilk azərbaycanlı hüquqşünas-alimdir. Və yenə də o, Rusiyada müdafiəyə çıxarılan doktorluq işlərində rəsmi opponent kimi iştirak edən azsaylı alimlərimizdəndir. İsaxan müəllim Rusiya Ali Attestasiya Komissiyasının siyahısına daxil olmuş 2 jurnalın redaksiya heyətinin üzvüdür və həmin nəşrlərdə onun yubileyi ilə bağlı yazıları oxuyanda qürur hissi keçirməmək mümkün deyildir.

İsaxan Vəliyev 2007-ci ildən etibarən Milli Elmlər Akademiyasının Fəlsəfə, SosiologiyaHüquq İnstitutunda “Cinayət hüququ və cinayət prosesi” şöbəsinə rəhbərlik edir. Bu vəzifəsində də o, diqqətini ciddi elmi layihələrə yönəltmiş, elmi işlərin keyfiyyət və kəmiyyət göstəricisini əsaslı şəkildə yaxşılaşdırmağa müvəffəq olmuşdur. Onun əməyi AMEA Rəyasət Heyətinin Fəxri fərmanına layiq görülmüşdür.

İsaxan müəllim vətənpərvər ziyalı, alim kimi gənc hüquqşünas-alimlərin yetişdirilməsinin, elmin gəncləşdirilməsinin,  yüksək ixtisaslı elmi kadrların hazırlanmasının da qayğısına qalır. O, onlarca doktorant və dissertantın elmi rəhbəridir və elmin çətin, kəşməkeşli yollarında onlara sidq-ürəklə bələdçilik edir.

Professor İ.Vəliyev məişətdə də, işdə də eyni cür olmağı, insanlarla münasibətdə səmimiyyət və saflığı qorumağı, alim şərəfini həmişə uca tutmağı bacarır. Ümumiyyətlə, insanalim adına yaxşı, qürurvericivarsa, hamısı qəribə bir harmoniyaqanunauyğunluqla İsaxan müəllimin şəxsiyyətində cəmləşib.

O, çalışdığı yüksək məqamlara rəğmən təmiz adını, mövqeyini və ədalət hissini qoruyub saxlamağı bacarmış, vicdan duyğusunu əxlaqi kateqoriya kimi bütün dəyərlərin fövqünə qaldırmağı bacaran hüquqşünaslardandır.

İsaxan müəllim fəal həyat mövqeyi olan alimdir. O, mütəmadi olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar, ölkədəki hərtərəfli inkişafquruculuq haqqında maraqlı məqalələrlə çıxış edir, mətbuatda aparılan elmi-nəzəri diskussiyaların fəal iştirakçısı olur.

Kiminsə haqqında söz deyərkən bu işə bir neçə bucaqdan yanaşmalı olursan: öncə vətəndaş kimi, sonra insan, dost, yoldaşı, daha sonra ailə başçısı, peşə sahibi kimi... Bu mənada professor İsaxan Vəliyev vətəndaş kimi prinsipialmövqeyi bəlli, insan kimi alicənab və təvazökar, dost kimi sadiq və etibarlı, yoldaşı kimi səmimi və mehriban, ailə başçısı kimi ailəcanlı, hüquqşünas kimi isə istedadlı və peşəkardır.

Ən başlıcası isə odur ki, İsaxan Vəliyev haqqında söz deyərkən “Nədən yazım, nədən danışım? - kimi cavabı müşkül suallarla qarşılaşmırsan. Əksinə, nələrisə unuda biləcəyinin, nələrinsə üzərindən keçəcəyinin narahatlığı təqib edir səni.

Elə bu kiçiksöz payı”nda olduğu kimi...

 

Rəna MİRZƏZADƏ,

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə

Dövlət Dəstəyi Şurasının üzvü, fəlsəfə elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2013.- 15 noyabr.- S.7.