Prezident İlham
Əliyev strateji hədəfləri
fəth edən yeni təfəkkürlü
liderdir
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat
İnstitutu və “Xalq qəzeti”nin birgə təşkil etdikləri
“dəyirmi masa” ətrafında söhbət
Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Son 10 ildə möhtərəm dövlət başçımız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə davam etdirmişdir. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.
Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə cənab İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Son 10 ildə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların bir qisminə nəzər salaq. Sözügedən dövrdə ölkə iqtisadiyyatı 3 dəfə artmış, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmiş, 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatdırılmışdır. Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. İqtisadiyyata bütövlükdə 130 milyard dollardan çox sərmayə qoyulmuş, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötmüşdür. Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olmuşdur. Bu gün Azərbaycan ümumi daxili məhsulla nisbətdə ən az xarici borcu olan ölkələrdən biridir və onun səviyyəsi cəmi 7 faizdir.
Bu və digər uğurlar barədə AMEA-nın İqtisadiyyat İnstitutu və “Xalq qəzeti”nin birgə təşkil etdikləri “Prezident İlham Əliyev strateji hədəfləri fəth edən yeni təfəkkürlü liderdir” mövzusunda “dəyirmi masa”da ətraflı danışılmışdır. “Dəyirmi masa”da AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Ağasəlim Ələsgərov, iqtisad elmləri doktoru, baş elmi işçi Tofiq Hüseynov, institutun direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov, iqtisad elmləri doktoru Gülşən Yüzbaşıyeva, iqtisad elmləri doktoru, professor Rəna Sultanova, Tanrıverdi Paşa, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aqil Əsədov və iqtisad üzrə fəlsəfə doktoru Əbdülsəməd Həsənov iştirak edirdilər.
İsa ALIYEV:
-Azərbaycan
Respublikasının Prezidenti cənab
İlham Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə reallaşan iri miqyaslı yerli və regional layihələr
nəticəsində dövlətimiz öz iqtisadi
uğurları ilə dünyanın dinamik və sürətlə
inkişaf edən ölkələri sırasına daxil
olmuşdur. Təbii
ki, bütün bunlar möhtərəm
Prezidentimizin ardıcıl və qətiyyətli
addımlarının real nəticəsidir. On il
əvvəl “Mən hər bir Azərbaycan vətəndaşının
Prezidenti olacağam” deməklə fəaliyyətə
başlayan dövlət başçımız ötən
dövr ərzində, sözün əsl mənasında,
öz düşünülmüş fəaliyyəti ilə
hər bir kəsin Prezidenti olduğunu sübut
etmişdir. Ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqini
təmin edən iqtisadi kursun qorunub saxlanılması, onun beynəlxalq
arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi,
sosial həyatın bütün sahələrində mütərəqqi
islahatların aparılması istiqamətində çoxsaylı
mühüm, bənzərsiz və analoqu olmayan
addımlar atılmışdır. Məhz bütün bunlara görə, cənab İlham
Əliyev xalqımız tərəfindən
üçüncü dəfə Prezident seçilmişdir.
“Biz Azərbaycanı
güclü dövlətə çevirməliyik. Bu vəzifə
bir müddət əvvəl qarşıya qoyulmuşdur və
biz bu məqsədə doğru irəliləyirik. Azərbaycanda
aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir...”
söyləyən cənab İlham Əliyev ümummilli
liderimiz Heydər Əliyevin
düzgün iqtisadi strategiyasının inamla həyata
keçirilməsini reallaşdırmış və bunun nəticəsində Azərbaycan
dövləti dünyanın ən sürətlə
inkişaf edən ölkəsinə, eyni zamanda beynəlxalq aləmdə
nüfuzlu söz sahibinə çevrilmişdir.
Keçən
müddət ərzində əldə edilmiş iqtisadi
uğurlara makroiqtisadi sabitliyin qorunub saxlanılması və
davamlı iqtisadi artımın təmin olunması, iqtisadi idarəetmənin
səmərəliliyinin yüksəldilməsi, qeyri-neft
sektorunda inkişafın sürətləndirilməsi,
investisiya mühitinin yaxşılaşdırılması və
regionlarda sahibkarlığın, istehsal, sosial infrastrukturların
inkişafı, bu sahədə stimullaşdırıcı
addımların atılması, ölkədə yoxsulluğun
səviyyəsinin əhəmiyyətli şəkildə
azaldılması, milli iqtisadiyyatın dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyası istiqamətində
fəaliyyətin gücləndirilməsi və digər bu kimi
çoxsaylı məsələləri aid etmək olar.
Bütün
bunlar belə deməyə əsas verir ki, cənab İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan
Respublikasında çox güclü və dayanıqlı bir
iqtisadiyyat formalaşmışdır. İstər ümumi
iqtisadi göstəricilərin, istərsə də sənaye,
kənd təsərrüfatı, sosial və s. sahələrə
dair göstəricilərin
dinamik formada dəyişməsi, ilbəil artması ölkəmızin
iqtisadi qüdrətini və inkişaf tempini xarakterızə
edir. Eyni zamanda,
dünyada davam edən iqtisadi böhran nəticəsində
ayrı-ayrı dövlətlərin iqtisadi vəziyyətinin
pisləşdiyini, ÜDM həcminin azaldığını,
investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi
imkanlarının məhdudlaşdığını, bir
çox ölkələrin milli pul vahidlərinin devalvasiya
edildiyini, işsizlik səviyyəsinin
artdığını və bütün bunların Azərbaycanda
ciddi şəkildə hiss edilmədiyini nəzərə
alsaq, ölkəmizin iqtisadi qüdrətini təsəvvür
etmək olar. Göründüyü kimi, Azərbaycanda
ümummilli lider Heydər Əliyev tərəfindən
atılmış qətiyyətli addımların,
bünövrəsi qoyulmuş iqtisadi strategiyanın cənab
İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə
davam etdirilməsi ölkəmizin müasir davamlı və
dinamik inkişafının əsasını təşkil
edir.
Ağasəlim
ƏLƏSGƏROV: -İnstitutun
“Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər”
şöbəsi 2011-2013-cü illərdə “Qloballaşma
şəraitində rəqabətqabiliyyətli
iqtisadiyyatda Avropanın Fransa,
Böyük Britaniya, Almaniya və İtaliya ölkələri
timsalında beynəlxalq iqtisadi əlaqələrin
formalaşması və inkişafı” mövzusunu tədqiq etmişdir. Tədqiqat zamanı xarici
iqtisadi əlaqələrin amilləri, prosesin qiymətləndirilməsi
meyarı müəyyənləşdirilmişdir. Yeri gəlmişkən,
ölkəmizin dünya dövlətləri ilə xarici
iqtisadi əlaqələri əsrlər boyu davam etmişdir. Məlum
olduğu kimi, Azərbaycan 1918-ci il mayın 28-də dövlət
müstəqilliyini bəyan
etmiş, 23 aydan sonra, 1923-cü
il aprel ayının 27-də sovet hakimiyyətinin qurulması nəticəsində
süqut etmişdir. Beləliklə, Azərbaycan
Respublikası 1920-1990-cı illərdə praktiki olaraq
dünya inteqrasiyasından təcrid olunmuşdur.
Çünki sosialist istehsal münasibətləri iqtisadi
inkişafın bazar modelini rədd edirdi.
1991-ci ildə Sovet
İttifaqının dağılması nəticəsində
bütün başqa respublikalarla bərabər Azərbaycan da
dövlət müstəqilliyinə qovuşdu. Bizim
bütün uğurlarımız bu müstəqilliyin nəticəsidir.
Ölkəmiz keçmiş SSRİ-nin tərkib hissəsi
kimi mövcud olduğu dövrdə dünya iqtisadiyyatında
baş vermiş keyfiyyət dəyişikliklərindən demək
olar ki, istifadə edə bilməmişdir. Sovet İttifaqı dağıldıqdan sonra
bütün bu və ya digər müvafiq çətinlikləri
aradan qaldırmaqla yanaşı, yenicə müstəqilliyini
bərpa etmiş ölkəmiz xarici dövlətlərlə
və həmçinin keçmiş ittifaq respublikaları ilə
daha əlverişli və mükəmməl iqtisadi əlaqələr
yaratmağa başladı. Bu əlaqələrin
arealı daim genişlənmişdir. Faktlara diqqət yetirək.
1991-2003-cü illərdə iqtisadi əlaqələrin
coğrafiyası genişlənərək 2003-cü ildə
120 dövləti əhatə etmişdir. Bu müsbət proses
sürətlənərək 2012-ci ildə 158 dövlətlə
həyata keçirilmişdir.
Məlum
olduğu kimi, respublikamız xarici iqtisadi əlaqələri
idxal-ixrac, investisiya qoyuluşu, elmi-texniki əməkdaşlıq,
birgə və birbaşa müəssisələrin təşkili,
işçi qüvvəsinin miqrasiyası, istehsalın beynəlxalq
kooperasiyası, valyuta-maliyyə əlaqələrinin təkmilləşdirilməsi,
turizm, azad ticarət zonalarının yaradılması və dövlət tənzimlənməsi
ilə bağlı sahələrdə uğurla reallaşdırır.
Ötən 21 ildə əmtəə
dövriyyəsi 10,9 dəfə, o cümlədən idxal 5,1 dəfə,
ixrac isə 16,1 dəfə artmışdır.
Göründüyü kimi,
ixrac idxalı üstələmişdir.
Qeyd etmək
lazımdır ki, idxalın və ixracın strukturunda dəyişikliklər
baş vermişdir. Eyni zamanda, idxalın
quruluşunda ərzaq məhsullarının nisbi və
mütləq çəkisinin
azalması və iqtisadi inkişafın əsasını
təşkil edən maşın, avadanlıq, müvafiq
texnika və yeni texnologiyalı mal qruplarının artması
təmayülü diqqəti cəlb edir. Keçən
dövr ərzində idxal edilən ərzaq məhsullarının
payı cüzi artdığı halda, texniki
avadanlığın xüsusi çəkisi sürətlə
yüksəlmişdir. Hazırda respublikamız, hətta bir
sıra ərzaq məhsullarını ixrac edir.
Tofiq HÜSEYNOV:
— Mən ölkə
Prezidenti cənab İlham Əliyevin iqtisadi inkişafla
bağlı konseptual baxışlarını 13 ildən
çoxdur ki, izləyirəm. Moskvada nəşr olunan
“Nezavisimaya qazeta”nın 5 oktyabr 2000-ci il tarixli nömrəsində
işıq üzü görmüş bir yazıda deyilir: “Mən
istəyirəm ki, mülkiyyətçilərin yeni nəsli
meydana gəlsin, onda insanlar iqtisadi cəhətdən azad
olacaqlar. Bu halda onlar məmurdan, böyük adam
deyilən adamdan asılı olmayacaqlar, bu halda onlar hər bir
qərarı müstəqil surətdə qəbul edəcəklər.
Əgər ayrı-ayrı götürülmüş bir
adamın iqtisadi azadlığı yoxdursa, o, fəaliyyət
azadlığından məhrumdur - insanın
azadlığı barədə mənim əsas prinsipim
belədir”.
Bu əminliyi
o şəxs bəyan edə bilər ki, o, həyatı, onun
reallıqlarını tələb olunan səviyyədə
bilsin. 2009-cu ildə nəşr etdirdiyim və 2010-cu ildə
dövlət mükafatına təqdim olunmuş “Azərbaycanda
investisiyalar” adlı kitabıma
bu konsepsiyanı epiqraf seçmişəm. Həmin kitabda cənab İlham
Əliyevə 35 dəfədən
çox istinad olunub. Məqsədim də Prezidentin
konseptual baxışlarının həyatiliyini və
apardığım elmi tədqiqatların nəticələri
ilə üst-üstə düşdüyünü
nümayiş etdirməkdən ibarət olmuşdur.
2003-cü
ildə keçirilmiş prezident seçkilərində qələbə
qazanmış cənab İlham Əliyevin dövlət
başçısı kimi fəaliyyətə
başlaması ölkənin sosial-iqtisadi
inkişafının sürətləndirilməsi,
regionların tarazlı inkişafının təmin edilməsi,
yoxsulluğun azaldılması, yeni iş yerlərinin
açılması və
əhalinin həyat səviyyəsinin daha da
yaxşılaşdırılması sahəsində
görülmüş işlərə yeni təkan verdi.
Birinci regional inkişaf proqramını təsdiq edən cənab
İlham Əliyev bu mühüm sənədi iqtisadi
baxımdan görülən işlərin yeni bir istiqaməti
kimi müəyyənləşdirmişdir. Proqramda
hökumətin iqtisadi siyasətində yeni istiqamətlər
və yeni keyfiyyət dəyişiklikləri təsbit
olunmuşdur. Ölkə başçısı tərəfindən
irəli sürülən “insanların iqtisadi cəhətdən
azad olması”, “tarazlı iqtisadi inkişaf”, “idxalı əvəz
edən iqtisadi siyasət”, “neftdən və neftin qiymətindən
asılı olmayan iqtisadiyyat”, “xarici amillərdən
asılılığın azaldılması” kimi konsepsiylar Azərbaycanın
iqtisadi inkişaf modelini müəyyən etmişdir. Bu konseptual baxışlar iqtisadi islahatları
yeni-yeni ideyalarla zənginləşdirmiş, yeni iqtisadi siyasətin
formalaşmasını təmin etmişdir. Ölkə
Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin məqsədini
təkcə maksimum istehsalın deyil, eyni zamanda, əhalinin maksimum
məşğulluğunun və maksimal alıcılıq
qabiliyyətinin təmin edilməsi təşkil edir. Yeni
konsepsiya üzərində qurulan hökumət siyasəti
yaxın gələcəkdə Azərbaycanın sənayecə
inkişaf etmiş ölkələr sırasına daxil ola
bilməsinə maddi-texniki əsas yaradır.
Bu konseptual hədəflərə
nail olunma səviyyəsini xarakterizə edən bir neçə
statistik informasiyanı diqqətinizə çatdırmaq istəyirəm.
Birinci olaraq “insanların iqtisadi cəhətdən
azad olması” hədəfimə aid qeyd edim ki, əhalinin ev əmlakı
2000-ci ildəki 1,6 milyard manatdan 2011-ci ildə 15,4 milyard manata
qədər, onların minimal gəlirləri 3,5 milyard manatdan
2012-ci ildə 35 milyard manatadək artmışdır.
Əhalinin banklardakı depozitləri 2003-cü ildə 252
milyon manat, 2011-ci ildə 4,1 milyard manat, ötən il isə
5,1 milyard manat olmuşdur. Əgər 2000-ci ildə ölkədə
332 min minik avtomobili (avtobuslar daxil deyil) vardısa, ötən
il onların sayı 959 minə çatmışdır. Hər
min nəfərə düşən minik avtomobillərin
sayı 2,5 dəfə artmışdır.
“Tarazlı iqtisadi
inkişaf” konsepsiyası sahəvi və regional aspektlərdə
həyata keçirilmişdir. Sahəvi tarazlıq inkişaf
konsepsiyası ölkənin qeyri-neft sektorunun prioritet
inkişafını ehtiva edir. 2003-cü ildə bu sektorda 5,2
milyard manat ümumi daxili məhsul yaradılmışdısa,
ötən il bu göstərici 30 milyard manata qədər
artmışdır. Regional aspektə gəlincə isə,
2003-2010-cu illərdə ölkə üzrə 154 sənaye
obyekti tikilib istifadəyə verilmişdir ki, onun da 92 faizi
bölgələrin payına düşür. Həmin obyektlərin
118-i qeyri-neft emal sənaye sektoruna aiddir. Birinci
regional Dövlət Proqramı çərçivəsində
regional inkişafa (Bakı şəhəri istisna olmaqla) 13,2
milyard manat, ikinci proqram çərçivəsində isə
14,3 milyard manat (2004-2012-ci illər ərzində cəmi 27,5
milyard manat) əsas kapitala investisiya yönəldilmişdir ki,
bu da ölkə üzrə investisiyaların üçdə
birindən çoxdur.
2013-cü il prezident
seçkilərindən sonra andiçmə mərasimində
cənab İlham Əliyevin çıxışında gələcək
dövr üçün yeni hədəflər müəyyən
edilmişdir. Onların cərgəsində
iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun
iki dəfə artırılması, sənyeləşmə
siyasətinin davam etdirilməsi,
kənd təsərrüfatının
və ağır sənayenin prioritet inkişafı və
iqtisadi inkişafın
demoqrafik amillə
uzlaşdırılması, ərzaq təhlükəsizliyinin
tam şəkildə təmin edilməsi, informasiya-kommunikasiya
texnologiyaları sahəsində siyasətin davam etdirilməsi
və s. mühüm yer tutur. Bütün bu hədəflər
son nəticədə Azərbaycanın inkişaf etmiş
ölkələr sırasına daxil olmasını təmin
edəcəkdir. Elə dövlət
başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan - 2020: Gələcəyə baxış”
İnkişaf Konsepsiyasının uğurla yerinə yetirilməsi
cənab İlham Əliyevin bəyan etdiyi bu hədəflərə
nail olunacağına təminat verir.
Yeri gəlmişkən,
fürsətdən istifadə edib demək istəyirəm ki,
cənab Prezidentin konseptual
baxışlarının vaxtında və tam məzmunda yerinə
yetirilməsi üçün mərkəzi idarəetmə
orqanlarının fəaliyyətinin koordinasiyasının
gücləndirilməsinə, bütövlükdə dövlət idarəetmə sisteminin
keyfiyyətinin yüksəldilməsinə ciddi ehtiyac
vardır. Ömrünün əlli ilindən çoxunu
ölkəmizin iqtisadi sektorundakı problemlərin elmi və
praktiki həllinə həsr etmiş bir alim kimi qənaətim ondan ibarətdir
ki, inkişaf etmiş ölkə olmaq istəyən Azərbaycanda
2020-ci ildə adambaşına ÜDM-in istehsalı 13 min
dollar yox, ən azı 25 min dollar təşkil etməlidir.
Allahyar MURADOV:
-Qloballaşma və
inteqrasiya şəraitində Azərbaycanın yeritdiyi iqtisadi
siyasət keçid dövrünü yenicə başa vuran
müstəqil dövlətin qabaqcıl dünya ölkələri
sırasına çıxmasına xidmət edir. Bu məqsədlə ölkəmizdə yaxın və
uzaq gələcək üçün fəaliyyət
proqramları işlənib hazırlanır və həyata
keçirilir. Ölkənin həm
regionda inkişafı, həm də dünya
iqtisadiyyatının subyektindən biri kimi fəaliyyət
strategiyası vahid konseptual baxış mövqeyindən həyata
keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə müvəffəqiyyətlə reallaşdırılan
bu proqramlar Azərbaycanın istər qonşu dövlətlərlə,
istərsə də qabaqcıl Avropa dövlətləri və
ABŞ-la iqtisadi, siyasi, mədəni və s. əlaqələrini
də əhatə edir. Son illərdə ölkəmizin
iqtisadi əlaqələrinin coğrafiyası daha da genişləndirilmişdir.
Belə geniş miqyaslı iqtisadi siyasət və
bu sahədəki fəaliyyət
proqramı Azərbaycanın təsərrüfat sisteminin
özəlliklərini nəzərə almaqla bərabər,
onun dünya iqtisadiyyatına inteqrasiya olunması
üçün də lazım olan bütün parametrləri
ehtiva edir.
Azərbaycanda
biliyə əsaslanan yeni iqtisadi inkişaf modelinin qurulması
üçün elm və təhsilin, elmtutumlu sənaye sahələrinin
inkişaf etdirilməsi, insan kapitalının
formalaşması sahəsində təxirəsalınmaz tədbirlərin
həyata keçirilməsini tələb edir.Bilik
iqtisadiyyatı modelinə keçidin zəruriliyini şərtləndirən
bir sıra amillər
vardır. Bilirsiniz ki, hazırda dünya bazarında kəskin
rəqabət gedir və bu rəqabətdə bilik
aparıcı yer tutur. Bu baxımdan hesab edirik
ki, ölkəmizdə bilik iqtisadiyyatı modelinin qurulması
günün və zamanın tələbidir. İlk növbədə
diqqətə çatdırım ki, bilik
iqtisadiyyatının formalaşdırılması daxili
bazarın qorunmasını təmin edəcək, yerli
istehsalın stimullaşdırılması üçün
şərait yaranacaq, iqtisadi
və sosial təhlükəsizlik təmin olunacaq, intellektual
potensial formalaşacaqdır.
Gülşən YÜZBAŞIYEVA:
-Son dövrlər
ölkə Prezidenti İlham Əliyev tərəfindən dəstəklənən
layihələr nəticəsində böyük müəssisələr açılır, qeyri-neft
potensialı daha da artır. Sahibkarlığın
inkişafı üçün bütün imkanlar
yaradılır. İnkişaf, abadlıq, sosial layihələrin
icrası prosesi sürətlə gedir. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi: “Artıq neft və qazın
hesabına bunu artırmaq mümkün olmayacaqdır.
Çünki biz neft hasilatının yüksək həddinə
çatmışıq, ondan çox artırmaq da lazım
deyildir. Hesab edirəm ki, hasilatı bu səviyyədə
saxlamalıyıq ki, daha da uzun müddət ərzində
insanlarımız bundan istifadə etsinlər. Ancaq biz buna
qeyri-neft sektorunun hesabına nail ola bilərik”.
Qeyd olunanların
fonunda müasir dövrdə iqtisadi inkişafın təmin
olunması üçün strukturun regional faktorları daha dərindən
öyrənilməlidir. Regional strukturun sahə
quruluşunun dəyişdirilməsi,
əmək bölgüsünün daha da dərinləşməsi,
istehsal və sosial infrastrukturun inkişaf səviyyəsindən
asılı olaraq əmək və təbii resurslardan istifadə
və yerləşdirilməsində
irəliləyişlərlə müşayiət olunur. Təkrar istehsal əhəmiyyətli
dərəcədə demoqrafik situasiya, əsas istehsal və
qeyri-istehsal fondlarının təkrar istehsal strukturu ilə müəyyənləşdirilir.
Bütün bunlar məhz regionlar səviyyəsində, qarşılıqlı əlaqə
də daha çox hiss olunur.
Regional strukturun
xüsusiyyətlərindən biri də odur ki, az və ya
çox dərəcədə təsərrüfatın
inkişafında paya görə regionları bir-birindən fərqləndirmək
olar. Baş verən proseslərin gerçək
məzmununun dərk edilməsi regionların idarə
olunmasında daha məqbul sayılacaq idarəetmə qərarlarının
qəbuluna imkan yaratmaqla burada həmçinin
işçi qüvvəsi resursları və əsas fondlar nəzərə
alınır. Bütün bunlar isə öz növbəsində
regionda əmtəələrin təkrar istehsalı,
bölgüsü, mübadiləsi və istehlakı prosesində
xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək
lazımdır ki, istehsalın səmərəliliyinin yüksəldilməsi
üçün iş qüvvəsi resursları ilə əsas
fondlar arasındakı pozulmuş tarazlığın yenidən bərpa edilməsi də tələb
olunur. Məqsədli qərarlardan asılı olaraq regional
strukturun səmərəliliyini iqtisadi və sosial-iqtisadi
aspektlərdə nəzərdən keçirmək olar.
Regional inkişaf
dedikdə, region əhalisinin daha yüksək keyfiyyətli həyat standartları ilə təmin
olunması, dayanıqlılıq xüsusiyyətləri olan və
konkret əhatə dairəsində inkişaf etmək
bacarığı başa düşülür. Regionların
tipoloji təsnifatı onların rəqabətqabiliyyətliliyi
və iqtisadi potensialı baxımından da əhəmiyyət
kəsb edir, çünki regionların inkişaf etdirilməsi
baxımından bir sıra əhəmiyyətli faktorlar
mövcuddur. Bunlar
aşağıdakılardır: regionun formalaşması
baxımından ixtisaslaşdırılması; regiondaxili və
milli ixrac bazarlarının həcmi və münasibliyi; regionda
resurs təminatı və qiymətlərin münasibliyi;
regiondakı istehsal güclərin texnoloji səviyyəsi, vəziyyəti
və istismar müddəti; regionun investisiya, innovasiya, intellektual və
iş qüvvəsi potensialı; regionda infrastrukturun
inkişaf səviyyəsi.
Bu səbəbdən
də regionda mənfəətlərin artmasına imkan yaradan
rəqabət üstünlüklərinin müəyyənləşdirilməsi
məqsədəuyğundur, çünki, rəqabət
üstünlükləri istifadə olunmaqla hər hansı
bir digər yerdə əldə olunması mümkün olmayan
üstünlükləri reallaşdıraraq mənfəət əldə etmək
mümkündür. İndiki dövrdə regionların
inkişaf səviyyəsindəki bərabərsizliklərin
aradan qaldırılması yerinə makroiqtisadi regional klaster modelinə keçid
xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, innovasiya
klasterləri, regionların səmərəli innovasiyalı
inkişafının təmin edilməsinin də əhəmiyyəti
var. İqtisadiyyatın sahələr
üzrə quruluşunun (istehsal və real kapital) bazar makrostrukturu sisteminə daxil
olması formalarından biri kimi regional iqtisadiyyat
çıxış edir. Regional kapitalın
bütövlüyü sahələr üzrə texnoloji zəncirlər
həlqası ilə deyil, klaster-ərazi investisiya
qovşaqları vasitəsi ilə müəyyənləşdirilir.
Bu isə ən əhəmiyyətli məsələ kimi diqqəti
cəlb edir. Müasir dövrdə mövcud şərait
regionların yeni tipoloji təsnifatının verilməsinə
tələb edir.
Rəna SULTANOVA:
– “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasına müvafiq olaraq
2012-ci ildə ölkədə yeni yaradılmış və
fəaliyyət göstərmiş müəssisələrin
61,5 faizi Bakı şəhəri, 10,3 faizi Aran, 7,6 faizi
Abşeron, 5,3 faizi Gəncə-Qazax, 5,2 faizi Lənkəran, 3,6 faizi Şəki-Zaqatala,
2,5 faizi Quba-Xaçmaz iqtisadi rayonlarının, qalanları isə
digər regionların payına düşmüşdür.
Ümumilikdə, 2012-ci ildə
ölkə üzrə 100-dən çox sənaye
müəssisəsi istifadəyə verilmişdir.
Əvvəlki
dövrlərdə olduğu kimi, ötən ildə də
ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurlu sənayeləşmə siyasəti
aparılmışdır. Bu
zaman əsas hədəf isə istehsalın və ixracın
diversifikasiyasının sürətləndirilməsi istiqamətinə,
rəqabətqabiliyyətli və ixracyönümlü
innovativ əsaslı texnologiya və malların istehsalına
yönəldilmişdir. Belə ki, 2012-ci ildə
sənayedə fəaliyyət göstərən müəssisələr
və sahibkarlıq subyektləri tərəfindən 33,9
milyard manatlıq, o cümlədən, mədənçıxarma
sənayesində 25,6 milyard manatlıq (75,4 faiz), emal bölməsində
6,4 milyard manatlıq (18,9 faiz), elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi
və təchizatı bölməsində 1,7 milyard manatlıq
(5,1 faiz), su təchizatı, tullantıların təmizlənməsi
və emalı bölməsində isə 191,2 milyon
manatlıq (0,6 faiz) məhsul istehsal olunmuşdur. Ötən il qeyri-neft sənayesi
üzrə istehsal 6,5 milyard manat təşkil
etmişdir. Aparılan məqsədyönlü iqtisadi siyasət
nəticəsində qeyri-neft sektorunda 9,7 faiz o cümlədən,
qeyri-neft sənayesində 7,8 faiz artım qeydə
alınmışdır. Bu dövr ərzində
sənayenin inkişafına yönəldilən investisiya
qoyuluşu 5,6 milyard manat, o cümlədən, qeyri-neft sənayesi
üzrə 2 milyard manat olmuşdur. Ölkədə rəqabətqabiliyyətli
məhsul istehsalının təşkili isə əsasən Sumqayıt Texnoparkında yerləşən
17 müəssisədə həyata keçirilir.
Yeri gəlmişkən,
Azərbaycan Respublikası Prezidenti cənab İlham
Əliyevin sərəncamı əsasında
təsdiq olunmuş “Azərbaycan 2020-ci ildə: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasında ölkə sənayesində
klasterlərin yaranması və bu istiqamətdə rəqabətqabiliyyətli
məhsul istehsalının təşkili tədbirlərinin həyata
keçirilməsi öz əksini tapmışdır. Onu da
vurğulamaq lazımdır ki, texnoloji parkların yaranması
regional innovativ zonalar çərçivəsində həyata
keçirilir, bu da öz növbəsində kiçik və
orta sahibkarlığın stimullaşdırılmasını
nəzərdə tutur.
Bu gün istehsal olunan
məhsulun rəqabətqabiliyyətliliyinin
artırılması, müəssisələrin yeni texnika və
texnologiya ilə təchiz olunması ölkəmizdə belə
texnoloji parkların yaranmasını ön plana çəkir.
Belə ki, dövlət başçısı cənab
İlham Əliyevin bilavasitə təşəbbüsü və
bununla bağlı imzaladığı fərmanlara əsasən,
Bakı şəhərində Balaxanı Sənaye Parkı və
Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır.
Bu da yeni yaranmış sənaye müəssisələrində
innovativ fəallığın sürətlənməsinə
səbəb olacaq.
Hazırda
ölkə regionlarında sənayenin davamlı
inkişafının təmin edilməsi, sənaye məhsullarının
rəqabətqabiliyyətinin artırılmasında beynəlxalq
standartların tətbiq olunması, bu sahədə rəqabət
mühitinin inkişaf etdirilməsi, daxili bazarın
qorunmasının stimullaşdırılması, sənaye fəaliyyəti
üçün müəyyən edilmiş dövlət dəstəyi
mexanizmlərinin təkmilləşdirilməsi və sənaye
kompleksinin inkişafı, ilk növbədə, qanunvericilik
bazasının təkmilləşdirilməsindən
asılıdır.
Beləliklə, sənayedə
struktur siyasəti istehsalın texniki cəhətdən modernləşdirilməsinə,
regionlararası təsərrüfat əlaqələrinin təkmilləşdirilməsinə
və yeni sənaye komplekslərinin yaradılmasının
stimullaşdırılmasına yönəldilməlidir. Hesab
edirəm ki, bu, regionların sosial-iqtisadi inkişafının
təmin olunmasının əsasını təşkil edir. Bu baxımdan iqtisadi rayonlarda rəqabətqabiliyyətli
iqtisadiyyatın formalaşmasında keyfiyyət göstəricilərinin
əldə olunması vacib şərtlərdən biri hesab
olunur ki, bu da daxili bazarın tələbatını ödəyən
və ixracı mümkün olan innovasiya əsaslı məhsul
və texnologiyaların yaradılmasında vacib şərtlərdəndir.
(ardı var)
Hazırladılar:
Əlipənah BAYRAMOV,
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ,
Xalq qəzeti.- 2013.- 16 noyabr.- S.5.