Tarixin 1990-cı ili – Naxçıvanın 17 noyabrı...

 

Bu həm də üçrəngli bayrağımızın əbədi qayıdış  günüdür

 

Müstəqil Azərbaycanın 1918-ci ildə dövlət rəmzi kimi qəbul edilən bayrağı nə az, nə cox - düz  70 il sonra - 1988-ci  ilin 17 noyabırında Azadlıq meydanında (onda Lenin meydanı)   qaldırıldı. 100  minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman bu meydanda toplaşmışdı. Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi Azərbaycan xalqını ayağa qaldırmışdı.

 

Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı idi.  O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycan uğrunda savaşın təməlini qoydu. Meydan dağıldıqdan sonra  həbs olunanlara qarşı irəli sürülən ittihamlardan  biri  “əksinqilabi üçrəngli bayrağın qaldırılması” ittihamı idi. İndi o ittiham və həbslərdən uzun bir vaxt keçsə də, xalq və dövlət bu  günü ən yeni tariximizin şərəfli bir səhifəsi kimi-17 noyabr- Milli Dirçəliş Günü kimi yad edir!

Amma ikinci dəfə müstəqilliyimizi qazanmaq ərəfəsində üçrəngli bayrağımızın ilk dəfə rəsmiləşdirilməsi tarixi iki il sonraya-1990-cı ilin 17 noyabrının və Naxçıvanın taleyinə yazılıbmış. 1990-cı il iyulunda doğma Azərbaycana gəlişini ailə üzvlərindən başqa heç kimin bilmədiyi keçmiş sovet rəhbəri Heydər Əliyevin çox keçmədən doğulub-böyüdüyü Naxçıvana dönüşü olduqca böyük siyasi hadisə kimi qarşılandı. 20 Yanvar Bakı qırğınları ilə bağlı ittifaqrespublika rəhbərlərini ciddi tənqid etdiyinə görə ciddi siyasi təqiblərə məruz qalması  bu böyük insanı  yenidən  doğma vətən torpağına  gətirmişdi. Onu Naxçıvan şəhərindəki mərkəzi meydanda minlərlə  insan ən əziz adamı kimi qarşılamışdı. Ayaqları altında qurbanlar kəsilən ümummilli lider Heydər Əliyev  blokada şəraitində yaşayan naxçıvanlıların son ümid yeri olmuşdu.

Həmsöhbətim — Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirir ki, onda hadisələrin necə cərəyan edəcəyini müəyyənləşdirmək olduqca cətin idi. Adamlar çaşqınlıq içərisində idi. Hadisələrin gedişi və Naxçıvana münasibət  ancaq ümidsizlik yaradırdı. Naxçıvan o zamankı ittifaqrespublika rəhbərlərinin nəzərində arzuedilməz bir məkana çevrilmişdi. Belə bir məqamda dünya miqyaslı siyasətçi və tanınmış dövlət xadimi Heydər Əliyevin Naxçıvana dönüşü adi hadisə deyildi. Digər tərəfdən o, siyasi təqiblərə, vaxtilə yetişdirib  partiyasovet orqanlarında yüksək vəzifə kürsülərinə çəkdiyi “partiya-sovet xadimlərinin” laqeydliyi ilə üzləşmiş və onların haqsız böhtanlarına məruz qalmışdı.

Naxçıvanda hadisələrin hansı məcrada getdiyinə yığcam bir nəzər salsaq görərik ki, muxtar respublika Azərbaycandan təcrid edilmiş, blokada şəraitinə salınmış bir vəziyyətdə yaşasa da, bütün ağrı-acılara sinə gərir və haqq mübarizəsini davam etdirirdi. 1990-cı ilin 19-20 yanvar gecəsində “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” Naxçıvan MSSR Ali Sovetinin qərarı ilə “Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan” Naxçıvan MSSR SSRİ-in tərkibindən çıxaraq özünü müstəqil respublika elan etmişdi.

Adamların siyasi coşğunluğu səngimək bilmirdi. Belə bir vaxtda Azərbaycan SSR xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri keçirildi. 1990-cı il 30 sentyabr seçkilərində seçkilərin birinci turunda Heydər Əlirza oğlu Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR-nin xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən Naxçıvan şəhərinin seçiciləri tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatı seçildi. Bütün bunlar hələ başlanğıc olmaqla ən yeni tariximizin olsa-olsa ön hissəsi idi. Qarşıda hələ çox böyük işlər dururdu.

Birmənalı olaraq Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqın  tələbi idi. O vaxtlar Culfa Rayon Partiya Komitəsinin birinci katibi işləyən mərhum Ənvər Hüseynovun çox boyük inamla söylədiyi fikirlər indiki kimi yadımdadır: “Heydər Əliyevin dönüşü  təkcə Naxçıvanın yox, həm də bütün Azərbaycanın xilası olacaq. Ən yaxın günlərdə Naxçıvan çox böyükmisli görünməyən tarixi qərarlara imza atacaq. O gün çox yaxındadır. Biz bunları görəcəyik, biz  bu hadisələrin təkcə şahidi yox, həm də iştirakçıları olacağıq”.

Bu söhbətimizdən bir gün sonra, 17 noyabr 1990-cı ildə  Heydər Əliyevin sədrliyi ilə on ikinci çağırış Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası keçirildi. Həmin sessiya Heydər Əliyevin sədrliyi ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul etdi.

Siyasi Maarif  Evində (indi Naxçıvan Şəhər İcra Hakimiyyəti) işinə başlayan  Naxçıvan Muxtar Respublikası Ali Məclisi birinci sessiyasının iştirakçıları  sırasında “AzərTAc”ın (onda “Azərinform”) xüsusi müxbiri kimi mən də var idim.  O vaxt Naxçıvan MSSR Ali Sovetinin şöbə müdiri (sonralar Naxçıvan MR-n təhsil naziri) Nazim Əkbərov tarixi sessiyanı belə xatırlayır:

 - Sessiya indiyədək keçirilən iclaslardan əsaslı şəkildə fərqli olduğundan buna çox ciddi hazırlıq tələb olunurdu və işlər sürətlə gedirdi. İlk dəfə biz Moskva və Bakıdan fərqli bir görməyə çalışırdıq, çünki o zamankı Ali Sovetin Rəyasət Heyətinin vəzifəsi Sov. İKP Mərkəzi Komitəsinin qəbul etdiyi siyasi xətti qanun halına salmaqdan ibarət olduğundanbu strategiyataktika yalnız Moskvada müəyyən edildiyindən bizə, yəni yerli ali sovetlərə düşən SSRİ Ali Soveti tərəfindən qəbul edilən qanun və digər qanunvericilik aktlarını kiçicik redaktə etmək, onu “yerliləşdirmək” idi. Bir çox hallarda “SSRİ” sözü yerinə — müvafiq olaraq “Azərbaycan SSR”, “Naxçıvan MSSR”, “SSRİ Ali Soveti” yerinə — “Azərbaycan SSR Ali Soveti”, “Naxçıvan MSSR”, SSRİ Ali Soveti Rəyasət Heyəti" əvəzinə — “Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti”, “Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyəti”, “SSRİ qanunları və qanunvericilik aktları” yerinə — “Azərbaycan SSR qanunları və qanunvericilik aktları”, “Naxçıvan MSSR qanunları və qanunvericilik aktları” yazılırdı.

Bu dəfə isə mənzərə başqa idi. Azərbaycan SSR rəhbərliyi hələ də müstəqil qanunlar qəbul etmək istəmirdi. Naxçıvan MSSR isə SSRİ tərkibində qalmaq fikrində deyildi. Olduqca ciddi bir ziddiyyət mövcud idi. Azərbaycan rəhbərliyi Naxçıvanın siyasi iradəsinə müdaxilə edə bilmirdi. Heydər Əliyevin həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan MSSR Ali Sovetinə deputat seçilməsi, üstəlik, bir neçə nəzərdə tutulmayan adamın Naxçıvandan Azərbaycana deputat seçilməsi Bakıda rəhbərliyi çətin vəziyyətə salmışdı.

Nazim Əkbərov sözünə davam edərək deyir ki,  noyabrın 17-də sessiya öz işinə başladı. Bu vaxt çox qəribə, indiyədək mümkün olmayan bir hadisə baş verdi. Arxivdə Ali Sovetin sessiya, Rəyasət Heyətinin iclas sənədləri ilə birlikdə həm də Naxçıvan MSSR-in Dövlət Bayrağı, simvolik bayrağı və Naxçıvan MSSR-in təltif edildiyi keçici qırmızı bayraqlar da saxlanılırdı. Bayraqlar xarab olmasın deyə xüsusi tikilmiş örtüklər altında saxlanılır, sessiyalarda, təntənəli mərasimlərdə çıxarılıb iclas salonuna qoyulurdu.

Sessiya günü səhər mən arxivə girib Naxçıvan MSSR Dövlət bayrağını Siyasi Maarif Evinə aparmaq istədikdə, bayrağı tapa  bilmədim. Vaxt keçir, bayraq isə tapılmırdı ki, tapılmırdı. Onun oğurlanması praktiki baxımdan mümkün idi, lakin izsiz-tozsuz yoxa çıxması mümkün  deyildi. Əlacsız qalıb gilənarı rəngdə, məxmərdən tikilib ətrafı saçaqlı simvolik bayrağı götürüb Siyasi Maarif Evinə getdimonu səhnəyə qoydum. Sonralar ağlıma gəldi ki, bayraq sessiyanın işini pozmaq üçün “oğurladılıb”, bunun başqa cür izahı yoxdu.

Deputatların təklifi ilə ağsaqqal deputat kimi Heydər Əliyev sessiyanın sədri seçildiöz yerini tutdu. Noyabr ayının ortası olmasına baxmayaraq zalda hava bayırdan da soyuq idi. Heydər Əliyevin də üşüdüyü hiss olunurdu, kostyumda idi.

Nəhayət, sesiyanı açdıqdan sonra o bildirdi ki,  gündəlikdə Naxçıvanın və o cümlədən Azərbaycanın dövlət rəmzləri, birinci növbədə bayraq məsələsi durur.  Üç təklif var: biri odur ki, Azərbaycanın milli bayrağı Naxçıvanda qaldırılsın və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında bu bayrağı qəbul etmək məsələsi qoyulsun. İkincisi, bu gün qərar qəbul eləyirik və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırırıq ki,  Azərbaycanın dövlət rəmzlərinə baxsınlar. Üçüncüsü  Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin qərarı ilə Azərbaycan Demokratik Respublikası üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edirik və Azərbaycanın ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda, Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında qərar qəbul etsin.

İclasda 3-cü təklif qəbul olundu  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi  qəbul olundu!  Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının ali qanunvericilik orqanından xahiş etdi ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında məsələyə baxsın və Azərbaycan Respublikasının milli - tarixi ənənələrinə uyğun olaraq yeni dövlət rəmzləri - bayrağı, gerbihimni qəbul olunsun.  Qərar  yekdilliklə qəbul olundu.

Beləliklə, həmin gün Naxçıvan MR Ali Məclisinin birinci sessiyası özünün birinci iclasını tarixi qərarlar qəbul etməklə başa çatdırdı. Bu, Azərbaycan tarixində bu vaxtadək rast gəlinməyən inqilabi hadisə idi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Naxçıvan parlamenti SSRİ-nin tərkibindən çıxmaq barədə qəbul etdiyi qərarı ilə SSRİ-nin xəyanətkar iqtidarına vurduğu zərbədən daha ağırını məhz həmin gün respublikanın adını, bayrağını dəyişməklə daha da irəli apardı. Bu, Heydər Əliyev şəxsiyyətinin, onun siyasi təcrübəsinin uğurlu nəticəsi idi. Lakin ən mühüm olanı bu idi ki, Naxçıvan kimi uzaqucqar, həm də Azərbaycandan təcrid edilmiş, blokada şəraitinə salınmış  qədim Azərbaycan torpağında həqiqi liderlə xalq birliyinin nələrə qadir olduğu əyani şəkildə üzə çıxmışdı. O zaman ağlıma “El bir olsa, zərbi kərən sındırar” zərb-məsəli gəlmişdi və ürəyimdən bu əlavə keçmişdi: “Elin güvəndiyi də elinə-obasına sahib çıxsa, zərbi təkcə kərən yox, lap nəhəng dağı da yerindən oynadar!”

...Onda çoxlarımızın, bəlkə də, ilk dəfə gördüyümüz üçrəngli bayraq gurultulu alqış sədaları altında iclas zalına gətirildi. Bu 1918-ci ildə müstəqil Azərbaycanın dövlət rəmzi kimi qəbul edilən bayrağımızın Naxçıvandan başlayan ilk rəsmi addımı idi. Çünki 1990-cı il yanvarın 19-dan 28-dək bu bayraq Naxçıvan MSSR Ali Sovetinin binası üzərində dalğalanmışdı. Lakin Azərbaycan rəhbərliyi bu bayrağı qəbul etmək istəmirdi.

Deputatların həmin gün sevincgöz yaşları içərisində bir-birlərini təbrik etmələri, bəlkə də, tariximizin ən dəyərli, qürurverici anları idi. Ənvər müəllimin dediyi kimi, Naxçıvan artıq çox böyükmisli görünməyən tarixi qərarlara imza atmaqda idi. Sonralar Naxçıvana ulu öndərlə görüşə gəlmiş “Xalq qəzeti”nin (ondaKommunist”) müxbirləri Qüdrət PiriyevElman Qədirli ilə gəldiyimiz qənaət bu gün də əhəmiyyətini itirməyib: “Naxçıvan Azərbaycanın yeni müstəqillik yoluna çıxan azadlıq qatarının lokomotiviilhamvericisi idi!”

Həmsöhbətim Nazim Əkbərov o tarixi günü bir daha xatırlayaraq söyləyir ki, ertəsi gün həftənin bazar günü idi. Biz idarəyə yığışıb dünənki sessiyanı müzakirə edirdik. Məsələ çox ciddi idi. Naxçıvan Azərbaycan rəhbərliyinin iradəsinin ziddinə qərarlar qəbul etmişdi. Həm də elə qərarlar ki, bu qərarların hər biri SSRİ-nin məhvinə verilən fərmanlar kimi səslənirdi. Mübarizliyi ilə məşhur Pribaltika respublikalarının belə edə bilmədiyini Naxçıvan parlamenti həyata keçirmişdi.

 Həmin sessiyada  Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adındakı “Sovet Sosialist” sözləri də çıxarıldı və  muxtar respublikanın yeni adı qəbul olundu: “Naxçıvan Muxtar Respublikası”. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırıldı. Naxçıvan MR Ali Məclisinin birinci sessiyasında müzakirə olunan mühüm məsələlərdən biri də 1990-cı il 20 Yanvar faciəsinə verilən siyasi qiymət idi. 1990-cı ilin 21 noyabrında Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərarı qəbul etdi.

 Beləliklə, Naxçıvan Muxtar Respublikanın Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq üçrəngli bayrağımız təsdiq edildi. 1995-ci ildə qəbul edilmiş Konstitusiyada üçrəngli bayraq təsbit edildi  ən nəhayət, 2009-cu ildə ölkə Prezidentinin 17 noyabr sərəncamı ilə  9 Noyabr Bayraq Gününün elan edilməsi ilə rəsmi haqqını tapdı. İndi bu bayraq milli kimliyimiz, şan-şöhrətimizdir.

 

Namiq ƏHMƏDOV,

əməkdar jurnalist,

Həzən bəy Zərdabi mükafatçısı

 

Xalq qəzeti.- 2013.- 17 noyabr.- S.3.