Heydər Əliyev və
dünya
azərbaycanlılarının
həmrəyliyi
Azərbaycan xalqı bütün tarixi boyu böyük sınaqlardan keçib. Tarixi Azərbaycan torpaqlarının şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonrakı dövr ərzində, eləcə də bütün iyirminci əsr boyu belə sınaqlar daha çox olub. Əsrin əvvəllərində, hələ erməni dövlətinin mövcud olmadığı zamanlarda ilk erməni-azərbaycanlı ziddiyyətləri yaradılıb, xalqımız günahsız qurbanlar verib. 1918-ci ildə Azərbaycanın əzəli torpağı olan İrəvanda qondarma erməni dövləti yaradılıb, bu ərazinin azərbaycanlı - türk əhalisinə qarşı genişmiqyaslı soyqırım və etnik təmizləmə siyasəti aparılıb, türksüz Ermənistan formalaşdırılmasına başlanılıb.
Ermənistanın
böyük himayədarı Rusiya sonrakı illərdə də ermənilərlə
birgə azərbaycanlılara qarşı milli
diskriminasiya siyasəti aparıb. 1923-cü
ildə yerli əhalinin iradəsinin ziddinə
olaraq münbit
torpağı və əlverişli təbii şəraiti olan Qarabağın dağlıq hissəsində
Dağlıq Qarabağ Muxtar
Vilayəti yaradılıb.
Nəhayət, 1988-ci ildə özünün
güclü himayədarlarına arxalanan Ermənistan yenidən Azərbaycandan torpaq qoparmaq iddiasına
düşərək Dağlıq Qarabağda
separatçı hərəkata başlayıb. Münaqişə
genişlənərək müharibəyə çevrilib
və Azərbaycan ərazilərinin 20 faizinin
işğalı ilə nəticələnib. Amma
bu, Azərbaycanın hələ yenicə
müstəqillik qazandığı, özünün
silahlı qüvvələrinin olmadığı bir dövrə təsadüf edib.
Kəmfürsət düşmənlər məhz bu vəziyyətdən isitifadə edərək
Azərbaycan torpaqlarını işğal
edə biliblər.
Ancaq tarix iyirminci
əsrdə Azərbaycana iki dəfə
müstəqil dövlət qurmaq
imkanı da yaradıb. Doğrudur,
birinci dəfə - 1918-ci ildə
binası qoyulan müstəqil Azərbaycan
uzun müddət yaşaya
bilməyib, 23 aydan sonra
Rusiyanın işğalına məruz qalıb.
Xalqımızın 1991-ci ildə qazandığı ikinci müstəqillik şansı isə olduqca müqəddəs bir
nemət kimi qorunmaqdadır. Həqiqətdir ki, bu müstəqillik çox
çəkmədən - 1993-cü ildə bir
tərəfdən erməni təcavüzü, digər tərəfdən
isə xarici qüvvələr tərəfindən
qızışdırılan daxili
qarşıdurmalar nəticəsində az
qala itirilmək təhlükəsi ilə
üzləşmişdi. Amma
xalqımızın dahi oğlu,
ümummilli lider Heydər
Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə
ölkə böyük bir
fəlakətdən xilas edildi.Azərbaycan
müstəqilliyini qoruyub saxlaya
bildi. Bu, şübhəsiz
ki, Heydər Əliyevin milli
maraqların konturlarını dəqiq cızan uzaqgörən
siyasəti, şəxsi cəsarəti və müdrikliyi
sayəsində mümkün oldu.
Heydər
Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyini təhdid
edən erməni təcavüzünü dayandırması,
1994-cü ilin mayında atəşkəs
haqqında müqavilənin imzalanmasına nail
olmasıdır. Məhz bundan sonra
Prezident Heydər Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyin qurulub möhkəmləndirilməsinə, iqtisadi tərəqqi yaradılmasına və
sosial-mədəni problemlərin həllinə başladı.
Uzaqgörən siyasətçi bu illərdə
Azərbaycanın taleyüklü problemlərinin,
o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həllində milli
birlik və həmrəyliyin böyük rol oynaya biləcəyini nəzərə alaraq dünyanın müxtəlif ölkələrinə
səpələnmiş, bir-biri ilə
lazımi əlaqələrə malik olmayan soydaşlarımızın milli dövlətçilik və azərbaycançılıq
ideyaları ətrafında cəmləşdirilməsini vacib hesab etdi.
Bu, həm
də ona görə vacib
idi ki, təxminən bir əsrlik təcrübəyə malik erməni diasporu bütün dünyada, əsasən
də Qərb ölkələrində tarixi
saxtalaşdıraraq sülhsevər Azərbaycan dövləti,
eləcə də türk dünyası əleyhinə
qarayaxma siyasəti aparırdı. Yenicə müstəqillik qazanmış, hələ
daxili problemlərini belə yoluna qoymağa macal tapmamış Azərbaycan Respublikası
ayrı-ayrı Avropa ölkələrində,
ABŞ-da nüfuzdan
salınır, erməni məkri hər şeyi
özünün eybəcər rənginə
boyayıb təqdim edirdi. Məhz bunun nəticəsi idi ki, 1992-ci ildə Ermənistanın
təcavüzünə məruz qalmış Azərbaycan
ABŞ Konqresinin embarqosuna
məruz qalmışdı. ABŞ Konqresi
qəbul etdiyi “Azadlığa dəstək
aktı”na 907-ci düzəliş əlavə edərək Azərbaycanı
müstəqilliyin, azadlığın möhkəmləndirilməsi
üçün ABŞ-ın maddi və mənəvi dəstəyindən məhrum
etmişdi.
Ulu öndər Ermənistanın təcavüzünə,
erməni diasporunun təxribatlarına
layiqincə cavab vermək üçün
Azərbaycan diasporunun yaradılması
ideyasını irəli sürür və
səfər etdiyi xarici
ölkələrdə mütləq azərbaycanlılarla görüşür, milli
himrəylik, milli birlik
naminə birləşmənin labüdlüyünü təbliğ edirdi. Əslində
milli birliyin
yaradılması məsələsi Heydər Əliyevi daim düşündürürdü.
O, hələ Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri
olarkən, 1991-ci il dekabrın 16-da
imzaladığı fərmanla 31 dekabrı Dünya
Azərbaycanlılarının Həmrəylik və Milli Birlik günü elan etmişdi. Sonradan
xalqın tələbi ilə Azərbaycan Respublikasının
Prezidenti vəzifəsinə gələn
Heydər Əliyev bu ideyanı daha geniş şəkildə
həyata keçirməyə başladı.
Bu
gün cəsarətlə demək olar ki, dünya
azərbaycanlılarının həmrəyliyi, onların vahid təşkilatlar çərçivəsində
cəmləşməsi və təşkilatlanaraq milli diaspora çevrilməsi
ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Heydər Əliyev bu
müqəddəs ideyanın gerçəkləşməsi
naminə vaxtını və imkanlarını əsirgəməmiş,
dünya azərbaycanlılarının ümummilli ideyalar, Azərbaycan
dövlətçiliyi kimi müqəddəs
qayə ətrafında sıx birləşməsi üçün hər şeyi
etmişdi. Sonralar
ümummilli lider 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibətilə
xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən
birində deyirdi: “Dünya
Azərbaycanlılarının Həmrəylik Gününun
dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi
olaraq artıq xoş ənənəyə
çevrilmişdir. Qədim
və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini,
tərəqqisini və milli birliyini əks etdirən, onu
müstəqil dövlətçilik uğrunda
müqəddəs və məsuliyyətli mübarizəyə
səfərbər edən həmrəylik günü
hər bir azərbaycanlı üçün inam və
ümid anıdır. Hal-hazırda
dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır,
işləyir, fəaliyyət göstərir. Buna
baxmayaraq, onların milli-mənəvi
varlığını yaşadan yeganə
bir dövlət var. Bu, müstəqil, suveren
Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının
birliyi və həmrəyliyi
ideyasının əsasını da məhz
Azərbaycan dövlətçiliyinə, xalqımızın
dilinə, dininə, milli-mənəvi varlığına və
ümumbəşəri dəyərlərə hörmət,
onların daim qorunmasına, yaşamasına
qayğı təşkil edir”.
Heydər
Əliyev dünya azərbaycanlılarının
qarşısında duran vəzifələri
dəqiq və aydın müəyyənləşdirirdi: onlar ilk növbədə öz milli kimliklərini dərk
və hifz etməli, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi
adət-ənənələrini, tarixini yaşatmalı, inkişaf etdirməlidirlər. Dünyada yaşayan
soydaşlarımız, eyni zamanda, ana Vətənlə
əlaqələrini möhkəmləndirməli, Azərbaycan
dövlətinin, cəmiyyətinin problemləri ilə
yaşamalı, onların həlli üçün
mənəvi məsuliyyət daşımalı, Azərbaycanın
ən böyük problemi
olan Ermənistanın təcavüzü
məsələsinin dünyada ədalətli
mövqedən, obyektiv təbliği
istiqamətində ardıcıl işlər görməlidirlər.
Azərbaycan hökuməti də Vətənimizin
get-gedə artan maddi və
mənəvi potensialından, siyasi nüfuzundan bütün dünya azərbaycanlılarının bəhrələnməsinə
şərait yaratmalı, onların milli və
vətəndaş hüquqlarının qorunması üçün istifadə etməlidir. Bu vəzifələrin
uğurla icrasını təmin etmək üçün ulu
öndər ilk növbədə Xaricdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin
(sonradan Diasporla İş üzrə Dövlət Komitəsi)
yaradılması haqqında fərman verdi,
2001-ci ilin noyabrında isə Dünya Azərbaycanlılarının birinci qurultayını keçirdi.
Bu tədbir xarici
ölkələrdə yaşayan
soydaşlarımızın təşkilatlanması, ümummilli ideyalar ətrafında
birləşməsi və təcavüzkar düşmənə
qarşı mübarizəsinin təşkili baxımından böyük hadisə idi.
Məhz bundan sonra dünya ölkələrində saxtakar erməni təbliğatına ilk sarsıdıcı zərbələr
endirilməyə başlandı.
Ümummilli liderin Azərbaycan diasporu ilə bağlı ideyalarının həyata
keçirilməsi sonralar Prezident
İlham Əliyevin də başlıca
qayğılarından birinə çevrildi.
Prezident ulu öndərin
işini davam etdirərək
ardıcıl və qətiyyətli addımlar atdı.
2006-cı ilin martında Dünya
Azərbaycanlılarının ikinci
qurultayı keçirildi. Bu tədbirdə Prezident İlham Əliyev
Heydər Əliyevin ideyalarını daha da inkişaf etdirərək
təkcə dünya azərbaycanlılarının
birləşdirilməsi ilə kifayətlənməməyi,
Azərbaycan və türk
diasporlarının birləşərək amansız və məkrli
düşmənə qarşı vahid cəbhədə
mübarizə aparmasını tövsiyə etdi.
Məhz bu yeniləşən və zənginləşən
diaspor siyasətinin nəticəsi idi ki, ikinci
qurultayın dünya ictimaiyyətinə və
dövlətlərinə müraciətində erməni təcavüzü
və vəhşiliyinə layiqli qiymət
verildi. Sənəddə deyilirdi: “1992-ci ilin
fevralında azərbaycanlıların qədim tarixi
məskənlərindən biri olan Xocalı şəhəri erməni
silahlı qüvvələri tərəfindən mühasirəyə
alınmış, qocalar, qadınlar və
uşaqlar da daxil olmaqla min
nəfərə yaxın insan xüsusi amansızlıq və işgəncələrlə
qətlə yetirilmişdir. Xocalı
soyqırımı daim özünü
dünya xalşqlarına məzlum
göstərməyə çalışan erməni millətçilərinin
riyakarlığını, insanlıq və bəşəriyyət
əleyhinə yönəlmiş mahiyyətini bir
daha açıb göstərmişdir”.
Sonrakı
mərhələdə Prezident İlham Əliyevin riyakar
və saxta erməni siyasətinə
qarşı müdafiə deyil, hücum mövqeyindən
çıxış etmək siyasəti diaspor
təşkilatlarımız tərəfindən də uğurla icra edilməyə
başlandı. Bununla da
2003-cü ildən etibarən istər Azərbaycan
diplomatiyası, istərsə
də diaspor təşkilatlarımız
ermənilərin yalançı təbliğatına bir-birinin ardınca ağır zərbələr
endirməyə başladı. Bu sahədə
dövlətmizin başçısı hələ Azərbaycanın
Avropa Şurası Parlament
Assambleyasındakı nümayəndə heyətinin rəhbəri
olarkən ciddi addımlar atmışdı.
AŞPA-nın, demək olar ki, hər bir iclasında yeni bir erməni məkr və
hiyləsinin üstü
açılır, bu və ya digər erməni saxtakarlığına
tutarlı cavab verilir,
müvafiq qətnamə və qərar qəbul
edilirdi. Sonradan erməni
hiyləgərliyinin, Avropa xalqlarına yalan və böhtan dolu saxta tarix
sırınması faktlarının ifşası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
diplomatiyası və diasporunun bir nömrəli vəzifəsinə çevrildi. Bu uğurlu siyasət dünya ermənilərinin saxta
“erməni soyqırımı” ilə bağlı
iddialarının ayrı-ayrı ölkələrin, xüsusən
də ABŞ-ın parlamentindən üzüqara
şəkildə geri qayıtmasında da mühüm rol oynadı. Azərbaycan və türk diasporunun erməni
uydurmalarına qarşı birgə mübarizəsi bu məsələdə də öz
gücünü göstərmiş oldu. Birləşmiş diaspor
təşkilatlarımızın ABŞ-da
“erməni soyqırımı”nın müzakirəyə
çıxarılmasına qarşı keçirdiyi
birgə etiraz tədbirləri,
şübhəsiz ki, təsirsiz
ötüşmədi.
Ulu öndər öyrədirdi ki, gücümüz
birliyimizdədir. Birliyimiz, həmrəyliyimiz
ən kəsərli silahımızdır. Azərbaycan
torpaqları üzərində özlərinə oyuncaq dövlət yaradıb tarixi
ərazilərimizə qarşı yeni iddialar irəli sürənlərə
cavabı da bu silahla verəcəyik. Prezident
İlham Əliyev dünya
azərbaycanlılarına müraciətində qeyd edib: “Hazırda
qarşımızda ölkəmizin ərazi bütövlüyünü
bərpa etməkdən vacib vəzifə yoxdur. Bu, bizim
ümummilli işimizdir.
Məhz bu amil bizi dövlətimizin müdafiə qabiliyyətinin
artırılmasına, silahlı qüvvələrin gücləndirilməsinə
xüsusi diqqət yetirməyə sövq edir. Biz yenidən qan
tökülməsinin, dağıntıların və humanitar faciələrin
qarşısının alınması üçün
hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə
çalışırıq. Lakin Azərbaycanın
bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməz
qalır: Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir və münaqişə ölkəmizin
ərazi bütövlüyü çərçivəsində
həllini tapmalıdır... Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür.Ona görə də harada yaşamağımızdan asılı olmayaraq milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər
kimi, hər birimizin
düşüncəsinə hakim kəsilməlidir.”
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2013.- 19 noyabr.- S.8.