Qloballaşan dünyada Azərbaycan ədliyyəsinin rolu

 

Hər il noyabr ayının 22-si Azərbaycan Respublikasında ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu bayram xalqımızın ümummilli lideri Heydər Əliyevin ədliyyə sisteminə, hüquq peşələrinə verdiyi önəmin bariz nümunəsi kimi onun tərəfindən 11 noyabr 2000-ci il tarixli fərmanla təsis edilmişdir. Odur ki, ədliyyə işçiləri öz peşə bayramlarını həmişə xüsusi qürur hissi və fəxarətlə qeyd edirlər.

 

Bu il bayram həm də onunla əlamətdardır ki, Azərbaycan Respublikasında ədliyyə orqanlarının yaradılmasının 95 illiyi ilə üst-üstə düşür. 1918-ci il noyabr ayının 22-də Azərbaycan Demokratik  Respublikasının Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edilməsi ilə başlayan Azərbaycan ədliyyəsinin tarixinə bu gün ən dolğun, parlaq və məzmunlu səhifələr yazılır.

 Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün və hakimiyyət uğrunda mübarizənin doğurduğu siyasiiqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi, insan hüquqlarının kütləvi şəkildə pozulması, idarəçilik və qanunçuluq böhranı dövlətçiliyimizi məhv olmaq reallığı ilə üz-üzə qoymuşdu. Məhz belə bir ağır vəziyyətdə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan ümumilli liderimiz Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğu, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanıldı.

Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradıldı, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edildi, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirildi və onun qarşısında yeni vəzifələr qoyuldu, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırıldı.

Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyə sistemi daha da inkişaf etmiş, onun normativ bazası daha da təkmilləşdirilmiş, o cümlədən ədliyyə orqanlarında qulluq keçmə haqda qanun, nazirliyin yeni əsasnaməsi qəbul edilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmiş, ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında proqram xarakterli fərmanlar imzalanmışdır.

 Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyətinə, onun yeni funksiya və vəzifələrinə uyğun olaraq qabaqcıl xarici və ölkədaxili təcrübədən geniş istifadə olunmaqla Ədliyyə Nazirliyi haqqında əsasnamə hazırlanmışdır.

Ədliyyə sisteminin inkişafına xüsusi diqqət göstərilərək, nazirliyin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 18 aprel 2006-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında əsasnamə” təsdiq edilmişdir.

Ədliyyə Nazirliyinin yeni funksiya və səlahiyyətlərini, onun cəmiyyətdə rolunu əks etdirən və bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan bu əsasnamə nazirlik tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirilməsini şərtləndirir.

Hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların və digər normativ hüquqi aktların layihələrini hazırlayır, qanunvericilik aktları layihələrinin hüquqi ekspertizasını həyata keçirir, normativ hüquqi aktların uçotunu və qeydiyyatını aparır, əhalinin hüquqi maarifləndirilməsində iştirak edir, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini aparır, notariat orqanlarının və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının fəaliyyətinə rəhbərlik edir, məhkəmələrin və digər orqanların qərarlarının icrasını, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını təmin edir, ölkə əhalisinin dövlət reyestrinin aparılmasını və sənədlərin leqallaşdırılmasını həyata keçirir. Bundan başqa, nazirlik qeyri-kommersiya hüquqi şəxsləri tərəfindən alınmış qrant müqavilələrinin (qərarların) uçotunun aparılmasını həyata keçirir, bununla bağlı mövcud qaydaların pozulmasına görə inzibati məsuliyyət məsələlərini həll edir və digər funksiyaları həyata keçirir.

 

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” respublikanın bölgələrində iqtisadi inkişafı sürətləndirməklə yanaşı, yerlərdə vətəndaşlara göstərilən hüquqi yardımın yüksəldilməsini də vacib məsələ kimi önə çıxarmışdır.

Bu prizmadan 2006-2007-ci illər bütövlükdə ədliyyə sisteminin, o cümlədən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin müasir tələblərə uyğun təkmilləşdirilməsi ilə əlamətdar olmuşdur. Məhz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-ci il tarixli fərmanının bu baxımdan çox böyük əhəmiyyəti vardır. Dövlət başçımızın imzaladığı bu xüsusi fərman və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsində yeni mərhələ olaraq, ədliyyə sistemində miqyaslı islahatlara yeni start verdi.

Qeyd olunan fərmanla regional ədliyyə şöbələrinin yaradılması Azərbaycan ədliyyə sistemində bir yenilikdir. Dövlət başçısının fərmanında regional ədliyyə şöbələrinin yaradılması qərara alınarkən yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması məqsədi əsas götürülmüşdür.

Eyni zamanda, Azərbaycan Respublikası ədliyyə nazirinin əmri ilə regional ədliyyə şöbələri haqqında əsasnamə təsdiq edilərək onların fəaliyyət istiqamətləri, vəzifə və hüquqları, habelə fəaliyyətinin təşkili qaydaları müəyyənləşdirilmişdir.

Regional ədliyyə şöbələrinin fəaliyyəti yerlərdə ədliyyə orqanlarının işininbu orqanlar tərəfindən əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinin, bələdiyyələrin fəaliyyətində qanunçuluğun tələblərinə daha ciddi əməl olunmasının təmin edilməsinə, vətəndaşların yerli ədliyyə orqanlarının, bələdiyyələrin və Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinin daha operativ baxılıb həll edilməsinə şərait yaradır. Bu isə öz növbəsində yerlərdə qanunçuluğun daha da möhkəmlənməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiə olunmasına xidmət edəcəkdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” isə milli ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər sisteminin uğurlu davamıdır. Dövlət Proqramı aktuallığına, əhatə etdiyi məsələlərin miqyasına, ədliyyə sahəsində həllini gözləyən problemlərə kompleks yanaşma mexanizmlərinə görə xüsusilə fərqlənir. Dövlət Proqramında qeyd olunduğu kimi, ölkəmizdə hüquq sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ədliyyə orqanlarının fəaliyyətinin son dövrün tələbləri səviyyəsində qurulmasını, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasını, regionlarda hüquq infrastrukturunun genişləndirilməsini, yeni nəsil hüquqşünasların formalaşdırılmasını zəruri edir. Dövlət Proqramının imzalanması da məhz ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiyakommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqimaddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədini daşıyır.

Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində məhkəmələrdə idarəetmə imkanlarının gücləndirilməsi, vahid elektron şəbəkə yaradılmaqla sənəd dövriyyəsi və informasiya mübadiləsinin asanlaşdırılması üzrə tədbirlər görülmüş, bununla əlaqədar Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası ən müasir avadanlıqla təchiz olunmuş, 2010-cu ildə bütün məhkəmələrin texnikiproqram təminatı nəzərdə tutulmuşdur.

Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər nüfuzlu beynəlxalq hüquq təsisatları tərəfindən də təqdir olunur. Belə ki, Azərbaycan Ümumi Məhkəmələr Hakimlərinin Assosiasiyasının “Hakimlərin Beynəlxalq Assosiasiyasına” üzvlüklə bağlı müraciəti əsasında təşkilatın nümayəndələri Azərbaycana gəlmiş, məhkəmələrin fəaliyyəti ilə tanış olmuş, uğurla həyata keçirilən məhkəmə-hüquq islahatı nəticəsində qazanılmış nailiyyətləri təqdir etmiş və ölkəmiz 70-dən çox dövləti birləşdirən həmin mötəbər quruma seçilmişdir. Bu mühüm hadisə məhkəmə fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinə, qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə əlavə töhfə olmuşdur.

Azərbaycan ədliyyə və məhkəmə sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində atılan məqsədyönlü addımlar ölkəmizdə möhtərəm Prezidentimiz  İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür.

 

Kəmaləddin HƏSƏNOV,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

Gəncə regional ədliyyə şöbəsinin rəisi

 

Xalq qəzeti.- 2013.- 21 noyabr.- S.6.