Heydər Əliyev: Yeni Azərbaycan Partiyası xalqımızı,
müstəqil dövlətimizi xoşbəxt gələcəyə
aparacaq
O, xalqdan güc almış, onun istəyi ilə yaranmışdır
Bu gün Cənubi Qafqazın ən mütəşəkkil və güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü yüksək səviyyədə qeyd olunur. Bu məsələ ilə əlaqədar müasir partiya tarixi predmetinə və ümumiyyətlə, partiyaların tarixinə nəzər salarkən bir neçə mühüm həqiqətin şahidi oluruq. Bu amillər partiyaların yaranma zərurətində, qarşıya qoyulan məqsədlərdə və formalaşdırılan qurumun siyasi istiqamətində özünü daha aydın şəkildə göstərir.
Bəzi məramı
aydın olmayan siyasi
qüvvələrin yaratdığı partiyalar
istisna olmaqla bütün partiyalar məhz
zamanın çağırışına cavab
olaraq ərsəyə gəlir və öz üzərinə düşən vəzifələri
yerinə yetirir. Qətiyyətlə
demək olar ki, regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da
məhz bu klassik tendensiyanın
davamı kimi, zamanın
çağırışlarına cavab
vermək məqsədilə, ölkədəki və
regiondakı ictimai-siyasi proseslərin əks-sədası
olaraq, ən başlıcası isə
xalqın arzu və istəklərinin
reallaşdırılması üçün
yaradılmışdı.
YAP-ın
yaradılması ilk öncə zamanın
tələbi idi. Hər birimiz yaxşı xatırlayırıq ki, Azərbaycan
Respublikası müstəqillik əldə etdikdən sonra böyük
sınaqlarla qarşı-qarşıya qalmışdı. Həmin
dövrdə hakimiyyətdə olan xalqdan uzaq düşmüş,
bacarıqsız insanlar
müstəqilliyi qoruyub saxlamaq
iqtidarında deyildilər. Bununla bərabər,
bəzi xarici dairələrdən dəstək
alan Ermənistan Respublikası təcavüzkar
hərəkətlərini davam etdirir, Azərbaycan torpaqlarını işğal edirdi. Cəbhədəki hərbi
uğursuzluqlar cəmiyyətdə kəskin
etirazlara səbəb olur,
qaçqın və məcburi köçkünlərin
sayının durmadan artması yeni-yeni problemlərin ortaya
çıxmasına rəvac verirdi.
1992-ci ilin mayında Şuşa
və Laçının işğala məruz
qalması ölkədə iqtidar dəyişikliyinə
gətirib çıxardı. “Qarabağ
kartı” ilə hakimiyyətə gələnlər isə
ölkəni daha da bərbad
vəziyyətə saldılar. Təcrübəsizlik, səriştəsizlik və
xəyanət AXC-Müsavat
iqtidarının da sonunu
tezləşdirirdi. Ölkədə xaos, anarxiya, hərki-hərkilik hökm
sürür, xarici
maraqlı dairələrin daxildəki şərəfsiz xəyanətkarlarla
işbirliyi nəticəsində
dağıdıcı-separatçılıq hərəkətlər təhlükəli həddə
çatırdı. Bütün bunlarla yanaşı, sosial-iqtisadi
vəziyyətin günbəgün ağırlaşması nəticəsində
insanların gələcəyə inamı itmək üzrə
idi. Ölkədə un
və ərzaq çatışmazlığı əhalinin
aclıq təhlükəsi ilə üzbəüz qalmasına
səbəb olurdu.
Məhz
belə bir şəraitdə — 1992-ci ilin oktyabrında cəmiyyətimizin parlaq simaları, ziyalılar, ictimaiyyət
arasında böyük hörmətə malik olan insanlar
— 91-lər Yeni Azərbaycan
Partiyası kimi problemləri həll edəcək,
xalqa, millətə, dövlətə dəstək
olacaq bir siyasi qurumun yaradılması üçün o vaxt Naxçıvan
Muxtar Respublikasının Ali
Məclisinin sədri olan Heydər
Əliyevə müraciət ünvanladılar. Onlar bu müraciəti ünvanlayarkən
inanırdılar ki, Vətənini
canı qədər sevən ulu öndər
bu çağrışa biganə qalmayacaq, çox
ağır vəziyyətə düşən Azərbaycanın
fəlakətlərdən xilası üçün
əlindən gələni əsirgəməyəcək. Ulu öndər Heydər Əliyevin müraciətə
cavabında Yeni Azərbaycan
Partiyasının yaradılması obyektiv
zərurətdən doğan addım kimi dəyərləndirildi, belə
partiyanın Azərbaycanın ictimai-siyasi
həyatında fəal iştirak edərək
yeni, müstəqil Azərbaycan dövlətinin
möhkəmləndirilməsində və
inkişafında tarixi rol
oynaya biləcəyi bildirildi:
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi
əldə etməsi tarixi hadisədir və
şübhəsiz ki, bütün
azərbaycanlıları, bütün Azərbaycan
vətəndaşlarını hədsiz dərəcədə
sevindirir. Eyni zamanda, bu əlamətdar
hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan
xalqı qarşısında çox məsul,
mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə
dövlətçiliyin, müstəqilliyin bərqərar
olunmasını, milli-demokratik dövlətin
formalaşmasını, müstəqil Azərbaycanın
suverenliyini, təhlükəsizliyini təmin
etmək və vətəndaşlara azad,
xoşbəxt, firavan həyat şəraiti
yaratmaqdan ibarətdir. Bu
xeyirxah və şərəfli işə
hər bir vətənpərvər öz layiqli töhfəsini
verməlidir”.
Beləliklə,
1992-ci il noyabrın 21-də qədim oğuz yurdu
Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirildi.
Bu məqamda
xatırlatmaq yerinə düşər ki,
bu gün özünü demokrat
adlandıran, ancaq 20 il
ərzində demokratiyanın nə olduğunu
anlamayan o vaxtkı iqtidar bu demokratik
prosesin paytaxtda baş tutmasına imkan
vermədi, təsis konfransının Bakıda keçirilməsinə
şərait yaratmadı. Hələ bu
harasıdır? 1992-ci il oktyabrın 24-də Naxçıvandakı
AXC-Müsavat tör-töküntüləri
dövlət çevrilişinə cəhd göstərdilər.
Lakin bundan xəbər
tutan naxçıvanlılar əliyalın
olsalar da, Heydər
Əliyevin müdafiəsində dayandılar, dövlət
çevrilişinə cəhd edənləri tərkisilah etdilər.
Bütün bunları isə “demokratlar” özlərinin “demokrat”
liderlərinin göstərişinə əsasən edirdilər.
Buna baxmayaraq,
partiyanın ideyaları, ulu öndərin
müdrikliyi, onun cəmiyyətdəki
nüfuzu və rolu bütün
maneələri üstələdi. Qısa müddət ərzində
Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi.
Ulu öndər Heydər Əliyev YAP-ı
yaradarkən qarşıya bir məqsəd
qoymuşdu: Azərbaycanın müstəqilliyini
qorumaq, parçalanmasının
qarşısını almaq, dövlətimizi
yaşatmaq və daha da möhkəmlətmək. Bu
şərəfli missiyanı həyata keçirən ümummilli liderimiz ölkəmizin
siyasi tarix səhnəsindən
silinməsinin qarşısını almış, dövlət
müstəqilliyini daimi və əbədi
etmişdir. Müasir,
müstəqil Azərbaycan və ümumxalq
partiyasına çevrilən YAP ulu
öndərimizin özündən sonra
xalqımıza ən böyük töhfəsi
və əmanətidir.
Əgər
ulu öndər Heydər Əliyev Azərbaycana
qayıtmasaydı və xalqın təkidli xahişi
ilə siyasətə qoşulmasaydı, ölkəmiz fəlakətlə
üz-üzə qalacaq, uçuruma
yuvarlanacaq, parçalanacaq
və milli dövlətçiliyimiz məhv
olacaqdı. Xalqı fəlakətlərlə
üz-üzə qoyan isə səriştəsiz,
qabiliyyətsiz AXC-Müsavat iqtidarı idi.
Silah yolu ilə hakimiyyətə gələn cütlüyün ölkə əhəmiyyətli
vəzifələrə təyin etdiyi
kadrların savadsızlığı, təcrübəsizliyi,
dövləti talayaraq mal-mülk
yığmaq sevdası, təbii
ki, özünün mənfi
nəticələrini verəcəkdi. Onlar hələ 1990-cı
illərin əvvəllərində Bakıda hakimiyyət uğrunda mübarizədə məqbul hesab edilməyən bütün
iyrənc yollara əl atdıqları
günlərdə qədim
diyarımız Naxçıvanda, sözün
həqiqi mənasında, müstəqil bir
dövlətin təməl daşları qoyulurdu.
Bütün bunları xalqa
söykənən, ondan sonsuz
dəstək alan ulu
öndər Heydər Əliyev reallaşdırırdı.
YAP-ın
ölkəmiz üçün əhəmiyyəti
1993-cü ilin iyun
ayında baş verən hadisələrdən
sonra daha yaxşı
anlaşılmağa başlanıldı. Səriştəsiz
və qorxaq AXC-Müsavat
cütlüyü Surət Hüseynovun
Gəncədəki özbaşınalıqlarından təlaşlanaraq
ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Böyük siyasi xadim bu
dəvəti qəbul etmək istəmirdi. Lakin
xalqın və onun ziyalılarının
təkidli xahişini də nəzərə
almamaq mümkün deyildi. Çünki Heydər
Əliyev həmişə xalqın yanında olmuşdur.
Ulu öndər Bakıya gəldi və
ölkədəki xaosa, anarxiyaya,
qardaş qırğınına son qoydu. Müstəqil
dövlət quruculuğu prosesinə start verdi. Heydər
Əliyevin siyasi hakimiyyətə
qayıdışı Yeni Azərbaycan
Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin
əsasını qoydu. Partiya
və onun yüz minlərlə
üzvü dövlət əhəmiyyətli
məsələlərin həlli istiqamətində öz gücünü səfərbər
etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində
öz əksini tapmış dövlətçilik
ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl
prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq
ideologiyasının cəmiyyətə təqdimatı və ulu öndər Heydər Əliyevin müəllifi
olduğu bu ideologiyanın
uğurla həyata keçirilməsi də
Yeni Azərbaycan Partiyasının öz tarixi inkişaf yolunda Azərbaycan
xalqına, dövlətinə bəxş etdiyi
ən qiymətli töhfələrdəndir.
Bu gün də
1991-1993-cü illərin o böhranlı,
ağrılı-acılı, faciəli günlərini qəlbində
Vətən, millət sevgisi olan hər bir azərbaycanlı
böyük təəssüf, dərin kədər
hissi ilə xatırlayır. Bununla belə
o illərin təbəddülatları bir daha təsdiqlədi ki, xalqın inam və
etimadına söykənməyən, onun
iradəsini, istəyini nəzərə almayan
hər hansı siyasi qüvvə Azərbaycan
cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Əksəriyyət
yaxşı başa düşürdü
ki, yalnız ulu
öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət
ustadının rəhbərliyi altında formalaşan
siyasi partiya xalqın
inamını doğrultmaq, respublikanı
üzləşdiyi böyük faciələrdən
xilas etmək iqtidarında ola
bilər.
Bu
il iyunun 7-də “Buta”
sarayında Yeni Azərbaycan
Partiyasının V
qurultayında genişməzmunlu çıxış edən
partiyanın sədri, Azərbaycan Prezidenti
İlham Əliyevin qeyd
etdiyi kimi, ulu öndərin rəhbərliyi ilə Azərbaycan
on il ərzində böyük və şərəfli yol keçmişdir.
1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yadda qaldı. Bu illər ərzində
dövlətçiliyin əsasları qoyuldu.
Azərbaycan dünya birliyinə özünü təqdim edə bildi. Beynəlxalq əlaqələrimiz inkişaf etdirildi. Dünya xəritəsində Azərbaycan
özünə layiq yeri
tuta bildi. Siyasi və iqtisadi islahatlar uğurla aparıldı.
Azərbaycan bir neçə beynəlxalq
təşkilata üzv oldu.
Ölkəmizə böyük həcmdə
investisiyalar cəlb edildi
və bu investisiyalar
hesabına respublikamız, həm o illərdə,
həm də bu gün
inkişaf edir. Ulu öndərin
xüsusi səyi sayəsində Azərbaycan
dünyaya olduğu kimi təqdim edildi və etibarlı tərəfdaş imicini qazandı.
Sonrakı
proseslər də ölkəmizin gələcəyi
baxımından önəmli oldu.
2003-cü ildə demək olar ki, Azərbaycanın gələcək uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf
yolu ilə gedəcəkdik, ya da yenə tənəzzülə
uğrayacaqdıq. Yenə
də mənfur qüvvələr Azərbaycanın
iqtidarını zəbt edəcəkdilər, necə ki, 1992-ci ilin may ayında onu zəbt
etmişdilər. Yəni, bu iki istiqamət arasında seçim,
necə deyərlər, ortada idi. Yeni Azərbaycan Partiyasının mütəşəkkil
fəaliyyəti, öz liderinə sədaqəti,
Azərbaycan xalqının bu siyasətə
verdiyi dəstək hesabına ölkəmiz inkişaf yolunu seçdi və son on il
ərzində bu inkişaf
yolu ilə uğurla
irəliyə gedir. Ötən illər ərzində
respublikamız dünyada ən
sürətli templərlə inkişaf etmişdir. İkinci belə
ölkə dünya xəritəsində
tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin.
Bu uğurlar
çoxşaxəlidir, bütün sahələri
əhatə edir. Həm beynəlxalq, həm
daxili siyasətlə, iqtisadi,
siyasi islahatlarla
bağlı hara baxsan
Azərbaycan uğurla, inamla,
sürətlə inkişaf edir.
2005-ci ilin mart ayında YAP-ın
III qurultayında Azərbaycan Prezidenti, YAP
sədrinin birinci müavini
İlham Əliyevin partiyanın sədri
seçilməsi ilə birlikdə partiyanın həyatında
yeni mərhələ başlandı. Bu ilin iyun
ayında baş tutan
V qurultayda Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım
Əliyevanın YAP sədrinin müavini
seçilməsi də əlamətdar hadisə kimi yadda qaldı. Çünki Mehriban
xanım Əliyeva ötən
10 il ərzində Prezident İlham Əliyevin gördüyü
bütün işlərdə fəal iştirak edib, bütün məsul məsələlərin
həllində onun ən yaxın
silahdaşı olubdur. Məhz Mehriban xanımın yüksək təşkilatçılıq
bacarığı nəticəsində Bakıda keçirilən
“Eurovision-2012” musiqi yarışması bu gün də digər
dövlətlərə nümunə göstərilir. Təsadüfi
deyil ki, bu uğurları rəhbər tutan Avropa Olimpiya Komitəsi Avropa
Oyunlarının Bakıda keçirilməsinə qərar verib.
Sonda Azərbaycan Prezidenti
İlham Əliyevin sözləri ilə
fikirlərimizi yekunlaşdırmaq istərdik. Dövlət
başçımız demişdir ki, bizim artıq güclü dövlətimiz vardır -
müstəqil Azərbaycan dövləti. Bizim
dəqiq konsepsiyamız, inkişaf
proqramımız vardır. Bu proqramın
reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin
sırasına daxil ediləcəkdir. Əgər
gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək, deməliyik:
Biz inkişaf etmiş ölkəyə çevrilməliyik!
İnkişaf etmiş
ölkələrin meyarları vardır. Buna nail
olmaq üçün
həmişəki kimi, cəmiyyətimiz bir nöqtəyə vurmalıdır və cəmiyyətimizin
aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyası növbəti 20 il ərzində
də öz işini uğurla aparmalı,
həmişəki kimi öz işini möhkəm
tarixi və ideoloji əsaslar
üzərində qurmalıdır.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 21 noyabr.- S.5.