Azərbaycan
Konstitusiyası ölkədə hüquqi
dövlət quruculuğunu təmin etmişdir
1995-ci il noyabr ayının 12 – də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi. Həmin konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə bu ali qanuna əlavə və dəyişikliklər edilmişdir.
Azərbaycan
Respublikasının Konstitusiya layihəsinin
hazırlanması müstəqil dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz buna
görədir ki, bu mühüm sənəd ulu
öndərin möhtəşəm əsəri
adlandırılır. 1995-ci il iyunun 5-də Prezident Heydər
Əliyevin sədrliyi ilə Konstitusiya
Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr
referendumunadək ümummilli lider Azərbaycanın Əsas Qanununun
hazırlanmasına, onun bütün prinsipial
müddəalarının geniş
ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən
rəhbərlik etmişdir. Heydər
Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil,
bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin
də süzgəcindən keçərək qəbul
olunmasına çalışırdı və buna uğurla nail olmuşdu.
Azərbaycan SSR-in sonuncu
konstitusiyası 1978-ci il aprelin 21-də qəbul edilmişdi. Bu konstitusiyanın 73-cü maddəsinə görə
Azərbaycan SSR-in dövlət
dili Azərbaycan dili idi. Bu, o dövr üçün
olduqca cəsarətli
addım kimi dəyərləndirilir. Çünki
SSRİ-nin milli siyasətinin olduqca şovinist bir zəmində qurulduğu dövrdə respublikanın
ali qanununda
belə bir maddənin yer tutması əsl tarixi cəsarət və ədalət demək idi. Sovet milli siyasətinin
tələbləri ilə
tam bir ziddiyət təşkil edən bu
çətin vəzifənin
də öhdəsindən o zamanlar Azərbaycana rəhbərlik
edən Heydər Əliyev uğurla gəlmişdi.
1991-ci il oktyabrın 18-də “Azərbaycan
Respublikasının dövlət
müstəqilliyi haqqında
Konstitusiya Aktı” qəbul edilməsi ilə Azərbaycan Respublikası Azərbaycan
Xalq Cümhuriyyətinin
varisi elan olunmuşdu. Beləliklə,
SSRİ-nin təşkili
haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi
qüvvədən düşmüşdü.
Müstəqil Azərbaycan Respublikasının
ilk konstitusiyasının layihəsini
hazırlamaq üçün
sonrakı illərdə
Prezident Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən
ibarət komissiya yaradılmışdı.
XX əsrdə qazandığımız uğurların,
o cümlədən, müstəqil
dövlət qurmaq əzmimizin köklərini
uzaq və yaxın tariximizdə axtarıb tapmaq lazımdır. Azərbaycanın dövlət müstəqilliyinin
elan edilməsindən
sonra qarşıda duran ən mühüm
vəzifələrdən biri
ölkədə hüquqi,
demokratik, sivil dövlət quruculuğu proqramının həyata
keçirilməsinə nail olmaq idi. 18 il bundan
əvvəl noyabrın
12-də referendum yolu ilə
müstəqil Azərbaycan
Respublikası Konstitusiyasının
qəbul edilməsi və yeni parlamentin
təşkili üçün
seçkilər keçirilməsi
dövlət quruculuğu
sahəsində strateji
proqramın ilk mərhələsi
olmuşdu.
Ümummilli lider
Heydər Əliyevin titanik səyləri nəticəsində 1995-ci il noyabrın 12-də
qəbul edilən Azərbaycan Konstitusiyası
fundamental bir sənəd
kimi demokratik inkişaf, hüquqi dövlətçilik və
insan haqları sahəsində mütərəqqi
dünya təcrübəsinin
başlıca nailiyyətlərini
özündə əks
etdirir. Eyni zamanda, bu konstitusiya Azərbaycanın
müstəqil dövlətçilik
tarixinin çox önəmli bir səhifəsini, 1918-ci ildə
qəbul olunmuş İstiqlal Bəyannaməsinin
məramını özündə
yaşadan, tarixi varislik ənənələrinə
sadiqlik nümayiş etdirən bir tarixi sənəddir.
Müstəqil
dövlətimizin ilk konstitusiyasının
qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi
ilə Azərbaycanın
tarixi inkişafının
yeni mərhələsi
başlanmışdır. Müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası
nəinki ölkənin,
habelə xalqın dövlətçilik iradəsini,
suverenliyini ifadə edən Əsas Qanun olmaqla, cəmiyyətin ictimai-siyasi
institutlarının fəaliyyətini,
dövlətin özünüidarə
sistemini tənzimləyir,
vətəndaş cəmiyyətinin
formalaşmasının və
inkişafının hüquqi
təminatçısı qismində
çıxış edir.
Ümummilli lider Heydər Əliyevin Əsas Qanunumuzla bağlı söylədiyi
“Konstitusiyanın hər
bir müddəası
xalqın iradəsini ifadə edir” fikri bu ali hüquqi sənədin dövlət
və cəmiyyətdəki
roluna verilən ən mühüm qiymətdir.
1995-ci ilin 12 noyabrından
sonrakı dövrə
nəzər salsaq, görərik ki, yeni konstitutsiyanın tələblərinə uyğun
olaraq, 1995-ci ildən başlayaraq Azərbaycan insan hüquq və azadlıqlarının,
demokratik təsisatların
inkişafının təminatı
ilə bağlı bir sıra beynəlxalq
konvensiyalara qoşulmuşdur.
1998-ci il fevralın
10-da Azərbaycanda ölüm
hökmü ləğv
edilmiş və ölkəmiz nəinki
MDB, hətta Şərq
aləmində bu tarixi qərarı ilk qəbul edən dövlət
olmuşdur. O vaxt hətta Avropa Şurasının üzvü
olan bir çox ölkələr
də belə addım atmamışdılar.
1998-ci il iyunun 18-də isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsdiq olunan Azərbaycanda insan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı hüquqi islahatlar prosesində yeni mərhələ açmışdır. 14 iyul
1998-ci il tarixində Azərbaycanda konstitusion müstəvinin
ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi
fəaliyyətə başlamışdır.
Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması,
eyni zamanda, 1995-ci ildə qəbul olunmuş Əsas Qanunun keçid müddəalarından birinə
əməl olunması
demək idi.
Həmin il avqustun 8-də dövlət başçısı
Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən
olan söz azadlığının təminatı
ilə bağlı tarixi bir qərara
imza atmış – ölkədə senzura ləğv edilmişdir.
1999-cu il dekabrın 12-də isə
konstitusiyada təsbit olunmuş mühüm keçid müddəalarından
daha birinə əməl olunmuş – Azərbaycanda ilk bələdiyyə
seçkiləri keçirilmiş,
ölkədə yerli
özünüidarə institutu
fəaliyyətə başlamışdır.
Nəhayət, 2001-ci ilin yanvarında
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilən Azərbaycan demokratik dövlətlər birliyinin
sırasında özünəlayiq
yer tutduğunu sübut etmişdir.
Nəticədə
ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi
ilə hazırlanan və 1995-ci ildə
referendum yolu ilə qəbul edilən konstitusiyada bir sıra normaları və beynəlxalq öhdəlikləri qabaqlayan
əsas hüquqlar və azadlıqlar təsbit olunmuş, Azərbaycanda söz və fikir azadlığının
təmin edilməsi hüquqi baxımdan təsdiqlənmişdi.
Azərbaycanın
müstəqillik dövründə
qəbul etdiyi birinci konstitusiya həm bütün qabaqcıl demokratik ölkələrin qanunvericiliyində
təsbit olunan, həm də beynəlxalq hüquq və normalarda nəzərdə tutulan insan hüquq və azadlıqlarının
geniş əhatəsini
özündə əks
etdirən ilk hüquqi
sənəd olmuşdur. Azərbaycanın dövlətçilik tarixində hüquqi dövlətin və qanunun aliliyinin prioritetliyi, demokratik ənənələr həmin
vaxta qədər mövcud olmamışdı.
Buna görə də ümummilli liderin memarı olduğu konstitusiyada insan hüquq və azadlıqlarının
mahiyyətinin təsbit
olunması onun ən dəyərli və olduqca humanist bir sənəd olduğunu təyin edən amillərdən idi. Beləliklə, Prezident Heydər
Əliyevin rəhbərliyi
ilə demokratik dəyərlərə və
prinsiplərə uyğun
ilk milli konstitusiya hazırlanaraq, 12 noyabr
1995-ci ildə ümumxalq
səsverməsi yolu ilə qəbul edildikdən sonra Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməli qoyulmuşdur.
Tarix Əsas Qanunumuzun nə qədər güclü, kamil bir tarixi
sənəd olduğunu
təsdiqləmiş və
o, əsl demokratik
konstitutsiya kimi tanınmışdır. Möhkəm bünövrə üzərində
ucalan dövlətçiliyimiz
öz demokratik mahiyyəti ilə ümumavropa dəyərlərindən
faydalanmış, xalqımız
öz həqiqətlərini
dünyaya bəyan etmək imkanı əldə etmişdir.
Əsas qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı
olmayaraq, Azərbaycanda
yaşayan bütün
vətəndaşların hüquq
və azadlıqları
təsbit olunmuşdur.
Konstitusiyanın 24-cü maddəsinin
1-ci hissəsində deyilir:
“Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır”.
Azadlıq
– cəmiyyətə zərər
yetirməyən hər
şeyi etmək imkanı olduğu kimi, həm də cəmiyyətin qanunlarına riayət etməkdir. Məhz buna
görədir ki, azadlığın sərhədləri
yalnız qanunla müəyyənləşdirilə bilər. İnsan hüquqlarının və
azadlıqlarının beynəlxalq
hüququn prinsiplərinə
uyğun olaraq təmin edilməsi Azərbaycan Respublikasında
dövlətin ali məqsədi kimi təsbit edilir. Bir çox beynəlxalq
hüquqi sənədlər
Azərbaycan Respublikası
Konstitusiyasının insan
hüquq və azadlıqlarını təsbit
edən 3-cü fəslinin
əsasını təşkil
etmişdir.
Milli
Konstitusiyamızın qəbul
edilməsindən sonrakı
dövr ərzində
ölkənin içtimai-siyasi
həyatının bütün
sahələrini əhatə
edən, dünya standartlarına cavab verən onlarca qanun qəbul edilmişdir. Ən əsası isə
konstitusiyamız müstəqil respublikamızın bugünkü yüksək və dinamik inkişaf səviyyəsinə gəlib
çatmasını təmin etmişdir. Bu illərdə Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara
qoşulmuş, Avropa
Şurasına üzv qəbul olunmuşdur.
Milli Konstitusiyamızın müəyyənləşdirdiyi
kimi, Azərbaycanın yolu
demokratiya yoludur. Son prezident seçkiləri dövründə həyata
keçirilən bütün seçki prosesləri də bunu
aydın göstərdi. Prezident İlham Əliyevin andiçmə mərasimində
qeyd etdiyi kimi, seçkilərin nəticələri, seçki prosesinin yüksək
səviyyədə keçməsi demokratiyanın təntənəsidir.
Azərbaycan həm də sürətli inkişaf
yolunda olan, xarici ölkələrə sərmayə qoyan, dünyanın enerji
təhlükəsizliyinə və beynəlxalq sülhyaratma missiyasına töhfələr
verən dövlətdir. Azərbaycan Konstitusiyası isə
beynəlxalq aləmdə nüfuzu və mövqeyi durmadan artan ölkəmizin hərtərəfli
inkişafının təminatçısıdır.
Fəxrəddin AĞAMİRZƏYEV,
Füzuli Hərbi Məhkəməsinin hakimi
Xalq qəzeti.- 2013.- 23 noyabr.- S.5.