Zərdabın payız
günləri
Bakı–Qazax avtomagistralının “Ucar dördyolu” deyilən yerindən sola ayrılan şose düm-düz uzanıb Kürqırağına yetişir. 35-40 kilometrlik yolun üstündəki kəndlərin, təxminən, yarısı Ucarın, bir o qədəri də Zərdab rayonunun ərazisində yerləşir. Bu yerləri ölkənin düzənlik ərazisini əhatə edən Aranın mərkəzi hissəsi də saymaq olar. Yolkənarı çöllərdə diqqəti çəkən yulğun kolları və qamışlıqlar bu yerlərin yaşıl bayraqları kimi ötüb-keçənlərə, sanki, əl eləyir. Boz-məxməri yovşanlıqların min bir çalarlı qoxusu isə, elə bil, torpağın əzəli-əbədi ətridir.
Yavaş-yavaş günorta yerinə
səmt alan Günəş ətrafı
gözqamaşdıran bir işığa qərq eləsə
də, bayırda sazaqdır.
Aranın yazı-yayı isti olduğu kimi,
payızı-qışı da soyuqdur. Güneydə – Arazın o tayında Savalanın, Quzeydə isə
Şahdağın başıqarlı zirvələri isti aylarda Arana
axşamlar sərinlik, soyuq
vaxtlarda isə buz nəfəsini
endirir. Min illər boyu babalar-nənələr həyatlarını,
güzaranlarını təbiətin bu sərt
nizamına uyğun qurmuş
– yayı yaylaqda, qışı isə
qışlaqda keçirmişlər. Aranın sərt, quru iqlimi əkin-biçinə
imkan vermədiyindən əhali Kür–Araz ətrafı geniş çöllərdə, əsasən,
köçəri heyvandarlıqla məşğul olmuşdur. Yalnız çaylar
boyunca ensiz zolaqda, Tuqay meşələrin
talalarında, sutarlarda il
rüzisinə yetən taxıl
əkilmişdir. Şoran və susuz çöllər özümidinə dəvətikanı
və yovşandan başqa
bir şey bitirməmişdir.
Ötən əsrin ikinci yarısından Mincəçevir dəryaçasının
tikilməsi və bu yerlərdə geniş meliorasiya-irriqasiya işlərinin
aparılması ilə Kür–Araz ovalığında tariximizdə ilk dəfə aqrar-mədəni inqilab baş vermişdir. Sıx kanallar
və yollar şəbəkəsinin
yaradılması nəticəsində yaşayış çay kənarlarından ətrafa da yayılmış , yarımköçəri
əhali qışlaqlarda oturaqlaşmışdır. Vaxtilə
Kürqırağı 5–10 obadan ibarət
Zərdab rayonu da bu tarixi-demoqrafik prosesdə
yaranmışdır. Keçən onilliklərdə Kürün qıvrıla-qıvrıla
axdığı bu bölgədə
heyvandarlıqla yanaşı, mədəni əkinçilik də
hərtərəfli inkişaf etmişdir. Min illər boyu yaz
və payızın dəmyə otlağına möhtac olan, olsa-olsa, bir balaca taxıl əldə edən, Kür daşanda isə əli
boşda qalan insanlar artıq çoxdandır ki, bol günəşin və
suyun hesabına istədikləri məhsulu
əkib-becərirlər.
Bu
torpağın misilsiz yetirməsi, elm, təhsil, tərəqqi aşiqi
Həsən bəy Zərdabi bir vaxtlar yurdumuzun bu xam torpaqlarının cana gətirilməsi, həmyerlilərinin isə
sivil həyata qouşması üçün zəkasını məşələ
çevirmiş, çətin və
qarşısıalınmaz bir mücadilə
aparmışdı...
Bu düşüncə və mülahizələrlə
əsr yarım əvvəl balaca Həsəni
elm-bilik ardınca böyük
dünyaya aparan yola körpü salıb Zərdab
şəhərinə yetişirik. Düm-düz üzanıb Kürün
sahilinə qovuşan geniş,
yaraşıqlı Heydər Əliyev prospekti
ilə irəlilədikcə son bir neçə ildə Zərdab şəhərinin
necə sürətlə müasirləşdiyinin şahidi olursan. Yeri gəlmişkən deyək ki, vaxtilə Zərdab rayon
mərkəzi kimi
formalaşdırılarkən enli və düz küçələr salmış, onun gələcəyin şəhəri kimi inkişafını da
nəzərə almışlar. Ona
görə də Zərdabın indiki
qurucuları nəyisə uçurmalı, köçürməli
olmurlar. Son illərdə yeni tikilmiş obyetlər, görkəmi müasirləşdirilmiş
tikililər isə şəhərin simasını büsbütün dəyişdirmişdir. Özü də abadlaşan
təkcə rayon mərkəzi deyil, irili-kiçikli bütün yaşayış məntəqələridir.
Rayon Mədəniyyət Evinin
qarşısında Zərdab dahisinin heykəli
önündə dayanıb ustadın ruhuna
rəhmət diləyirik. Sonra Həsən
bəyin bu yaxınlarda təmir edilib yeni tərtibat verilmiş ev muzeyinə gəlib,
millətsevər ziyalının xalq
işinə həsr olunmuş ömür yoluna, öyünclü əməllərinə nəzər
salırıq. Muzeyin materialları və
cəfakeş maarifçinin
bioqrafiyasından bildiklərimiz Zərdabinin burada
keçirdiyi günləri, doğma yurdda məktəb,
xəstəxana açmaq cəhdlərini,
üzləşdyi hədsiz nadanlıq və cəhaləti
yadımıza salır. Kaş o millətsevər insan bir anlığa da olsa Zərdabın bu
günlərini görəydi. Təkcə Heydər Əliyev
Parkına, yaxud Kürqırağı bulvara baxmaq bəs edərdi
ki, dünyadan narahat köçmüş
babamız arzu-istəklərinin geniş miqyasda gerçəkləşdiyinin şahidi olsun...
Milli mətbuatımızın banisinin doğulduğu torpaqda bu gün
onun “Əkinçi”sinin yolunu
davam etdirən eyniadlı qəzet nəşrini
davam etdirir. Redaksiya
rayondakı geniş və hərtərəfli
quruculuq işlərini, sakinlərin
arzu-istəklərini əks etdirməklə yanaşı, Həsən
bəyin Zərdabda 16 illik sürgün
həyatı yaşadığı illərdə rusdilli mətbuata, daha çox isə “Kaspi” qəzetinə
göndərdiyi “Zərdabdan” başlıqlı və digər
çoxsaylı yazılarını oxuculara
təqdim edir. Baş redaktor İsaməddin Əhmədovun Zərdaba
və Zərdabiyə sevgi ilə dilimizə
çevirib çapa
hazırladığı salnamə səciyyəli bu materiallar təkcə Zərdabın
deyil, bütövlükdə ölkəmizin
o dövrkü həyatının
canlı mənzərəsini əks etdirir.
Həsən bəyin 113 il əvvəl qələmə
aldığı bir lövhəyə nəzər
salmaqla və işıqlı Zərdabın
bu gününə onun
qaranlıq dünənindən baxmağa
çalışaq:
“Girişdə –
döşəmədən bir qədər
hündürdə qazmanın divarlarına nazik
ağac bərkidilmişdir ki, toyuqlar bu
ağacların üstündə gecələyirlər.
Qazmanın o biri tərəfində,
buxarının yanında ev sahiblərinin
mitili – yorğan-döşəyi
yığılmışdır. Küncə tüfəng
söykənmişdir, bir az
aralıda atın yəhəri, çul
gözə dəyir. Giriş
qapısının o biri
tərəfində yerə ağac paya basdırılmışdır ki, bu dirəyə də buzovlar bağlanır. Bunların arxa tərəfində– küncdə isə
qamışdan ayrıca bir yer düzəldilmişdir
ki, həmin yerdə də lap
təzə doğulan və zəif quzular yatışır.”
Yenidən
Zərdabın bugününə qayıdıb rayon icra hakimiyyətinə
gəldik. İlin əvvəlindən görülmüş işlər, həyata
keçirilən tədbirlər barədə fakt
və sənədlərlə tanışlıqdan sonra rayon icra
hakimiyyətinin başçısı Lütvəli Babayevlə
görüşüb söhbətləşdik.
Başçı son bir
neçə ildə rayonda aparılan hərtərəfli
quruculuq-abadlıq işlərinin sürət və
miqyasından, diqqətçəkən sosial-iqtisadi
inkişafdan söz açaraq bildirdi:
– Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci ilin
7 oktyabrında Zərdaba səfərinin xoş
təəssüratı ötən bir ildə
zərdablıların əlavə və güclü
quruculuq enerjisinə çevrilmişdir.
Dövlət başçısının bir
ildə rayonumuzla bağlı beş sərancam imzalaması, göstərdiyi maddi və mənəvi
dəstək nəzərdə tutulmuş
layihələri vaxtında və uğurla
həyata keçirməkdə başlıca amil olmuşdur. Bunu
qazanılmış nailiyyətlərin əhatəsi və
çəkisi də təsdiqləyir.
İlin əvvəlindən rayon
iqtisadiyyatının əsas sahələrində 80 milyon manatlığa qədər məhsul istehsal edilmişdir ki, bu da
keçən ilin müvafiq
dövründən xeyli çoxdur.
Həyata keçirilən tədbirlər nəticəsində
bu il rayonda
272 daimi iş yeri yaradılmışdır.
İqtisadiyyatın
aparıcı sahəsi olan kənd təsərrüfatında
dinamik inkişaf davam etdirilmişdir.
Taxılçılıqda uğur daha diqqətçəkəndir. Bu il 5811 hektardan15422 ton arpa, 11323 hektardan 31675 ton buğda, ümumilikdə, 47097 ton
taxıl istehsal
olunmuş, məhsuldarlıq ötən
illə müqayisədə 1,7 sentner, istehsal isə 9 min tona qədər artmışdır. Fermerləri
yüksək reproduksiyalı toxumla təmin
etmək məqsədilə 5 təsərrüfatda 206 hektardan orta hesabla 3 sentner olmaqla 684,4 ton taxıl istehsal olunmuşdur.
2012-ci ilin eyni dövrünə
nisbətən hazırda iri mal 295 baş artaraq 54011-ə, xırda mal
822 baş artaraq
110968-ə, ət istehsalı 283 kiloqram çoxalaraq 3282,2 tona, süd 2,8 ton yüksələrək
16312,2 tona, yumurta
istehsalı min ədəd artaraq
6 milyon 92 min ədədə,
yun istehsalı 700 kiloqram
çoxalaraq 160,5 tona
çatmışdır. “Turac-2008" MMC əhaliyə 10810 baş cücə satmışdır ki, bu da
keçən ilin eyni
dövrü ilə müqayisədə
950 baş çoxdur.
Rayon Suvarma Sistemləri İdarəsi
bu mövsümdə 17134 hektar
taxıl, 15593 hektar yonca,
475 hektar pambıq, 535 hektar
bostan-tərəvəz, 12 hektar çəltik,
1932 hektar həyətyanı, 1168 hektar meşə sahəsinə və çoxillik əkinlərə su
vermişdir. İdarənin həyətində
mərkəzi regional ofis,
17 kənddə isə su birlikləri
üçün inzibati
binalar tikilmişdir. Qoşaoba, Məmmədqasımlı, Məlikumudlu,
Alıcanlı, Bəyimli, Ağabağı, Hüseynxanlı
və digər nasos stansiyalarında 434 kilometr kanallar lildən təmizlənmişdir.
65 hidrotexniki qurğu,
8 hidropost, 3 bina cari, 20 nasos stansiyası əsaslı
təmir olunmuşdur.
Meşəsalma Müəssisəsi
29 hektarda meşə salmış, 23 hektarda palıd səpini aparmış, 2,5 hektarda tinglik, 2 hektarda tingböyütmə sahəsi
yaratmışdır. Ulu öndər Heydər
Əliyevin anadan olmasının 90 illiyinə
– 90 min ədəd ağac təşəbbüsünə uyğun olaraq, ümumilikdə,
rayonda 93 mindən çox
müxtəlif cinsli ağac
əkilmişdir.
“Aqrolizinq”
ASC-nin Aqroservis
filialı bu il 2681 hektarda taxıl biçmiş,
1219 hektarda şum
aparmış, 29 hektar yonca
səpini aparmış, 62 hektarın toxumunu
döymuş, 220 hektarın otunu biçib-dırmıqlamışdır.
Torpaq mülkiyyətçilərinə güzəştli qiymətlə
320 ton azot gübrəsi
və 240 litr amin duzu satılmışdır. 5 yeni
taxıl kombaynının alınması nəzərdə tutulmuşdur.
Müsahibimiz daha sonra
bildirdi ki, rayonda təhsil, səhiyyə və mədəniyyət
sahəsinin inkişafı istiqamətində də xeyli iş görülmüşdür.
Dövlət Proqramına uyğun olaraq
Çallı kəndində 360, İsaqbağı kəndində
220, Aşağı Seyidlər kəndində 80 şagird yerlik məktəb
binalarının tikintisi başa
çatdırılmış və sentyabrın 16-da istifadəyə
verilmişdir. Körpükənd tam orta məktəbinin əsaslı
təmiri başa
çatdırılmış, Zərdab şəhər 3 saylı tam orta məktəbinin
fasadında isə cari təmir işləri
aparılmışdır.
Məktəbəqədər
təhsil müəssisələrinin maddi-texniki
bazasanın inkişaf etdirilməsi istiqamətində
də bir sıra tədbirlər həyata
keçirilmişdir. Zərdab şəhər
3 saylı və Böyük Dəkkə
kənd körpələr evi-uşaq
bağçalarının binalarında əsaslı təmir
başa
çatdırılmışdır. Hər iki
və ya bir valideynini itirən, eləcə də aztəminatlı
ailələrdən olan 324 nəfər uşağa Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsi
məktəbli geyimləri və dərs ləvazimatları hədiyyə
etmişdir. Təhsilin inkişafına
ölkəmizdə göstərilən diqqət və
qayğının sevindirici nəticələrindən
biri kimi, 2013-cü ildə
135 nəfər zərdablı məzun respublikanın müxtəlif
ali məktəblərinə qəbul olunmuşdur.
Rayon rəhbərliyinin təşəbbüsü
ilə respublikanın tanınmış həkimlərinin rəhbərliyi
ilə tibbi
briqadalar rayona gələrək əhaliyə yüksək səviyyədə
xidmət göstərmişdir. Bakı şəhəri OFKO Göz Klinikasından tibb
elmləri doktoru, professor
Çingiz Cərullazadənin rəhbərliyi
ilə həkim briqadası bu ilin may ayında 150 sakini müayinə etmiş,
36 nəfər xəstədə isə cərrahi əməliyyat
aparmışdır. Milli Onkologiya
Mərkəzinin baş direktoru,
akademik Cəmil Əliyevin təşəbbüsü
ilə 23–25 sentyabrda 16 nəfərlik həkim briqadası 1600-dən çox xəstəni müayinə etmiş, lazımi müalicə aparmış
və məsləhətlər vermişdir.
Rayon Mərkəzi Xəstəxanasının
həkim briqadaları isə ötən aylarda
Əlvənd, Şahhüseynli, Şəftəhal,
Məlikli, Kəndəbil, Sarıqaya kəndlərində əhalini
tibbi müayinədən keçirmişlər.
Mərkəzi Rayon Xəstəxanasında avqust
ayından təmir işlərinə
başlanılmışdır. Yerli büdcə vəsaiti hesabına il
ərzində Zərdab Mərkəzi Rayon
Xəstəxanasına 143 min manatlıq yumşaq inventar, yataq ləvazimatı, maşın və
avadanlıq, 30,2 min manatlıq odun alınmışdır. Şahhüseynli,
Kəndəbil, Qaravəlli kənd həkim məntəqələrində
39,8 min manatlıq cari
və əsaslı təmir işləri
aparılmışdır.
Başçı
rayonun mədəni həyatında baş vermiş yaddaqalan hadisələrdən də söz açdı. Lütvəli müəllim
bildirdi ki, mədəni-kütləvi
tədbirlərin dairəsi bu il daha da
genişləndirilmişdir. Əhalinin asudə vaxtının
səmərəli təşkili üçün
Heydər Əliyev
parkında və kəndlərdə maraqlı konsert
proqramları təşkil edilmişdir. Ümummilli lider Heydər
Əliyevin və görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım
Əliyevanın 90 illik yubileyləri ilə
bağlı rayonda geniş
tədbirlər keçirilmişdir.
Görkəmli alimlərdən akademiklər Vasim
Məmmədəliyevin və Teymur Bünyadovun, professor Çingiz Cərullazadənin və
iştirakı ilə elmi-praktik konfrans , Heydər Əliyev Parkında isə “Kitab bayramı” təşkil edilmişdir.
Ulu öndərin 90 illiyi
münasibətilə bu il
“İstedadlar sorağında-2013"
baxış müsabiqəsi də keçirilmiş,
may ayının 27-də qaliblər
mükafatlandırılmış və onların
iştirakı ilə yekun konsert
olmuşdur.
Həsən
bəy Zərdabi Muzeyində ilin birinci yarısında
əsaslı təmir və bədii tərtibat işləri
başa
çatdırılmışdır. İl
ərzində Uşaq İncəsənət
Məktəbində, Mədəniyyət Evində, Mərkəzi
Kitabxanada və Tarix
Diyarşünaslıq Muzeyində cari təmir işləri aparılmışdır.
Mədəni-maarif müəssisələrinə 146 min manatlıq inventar, digər maşın-avadanlıqlar
alınmışdır.
Müsahibimiz rayonun idman həyatında baş
verən sevindirici hadisələrdən də
söhbət açmağı unutmadı. O bildirdi
ki, Stokholm şəhərində
keçirilən şahmat üzrə beynəlxalq
turnirdə 12 yaşlı şahmatçı Talıbxan Talıbxanlı 3-cü yerə
çıxmışdır. Bakıda keçirilən VKC karate növü üzrə
Azərbaycan çempionatında rayon
komandası 7 qızıl, 3 gümüş,
və 3 bürünc medal
qazanmışdır. Odessa şəhərində
keçirilən 6-cı Dünya Kuboku yarışlarında Nərmin Camalzadə
karatenin VKC növü
üzrə 18-35 yaş qrupunda,
48 kiloqram çəkidə qalib olmuşdur.
Başçı
daha sonra bildirdi ki, xidmət sahələrinin,
o cümlədən elektrik
və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli
su təminatının
yaxşılaşdırılması istiqamətində də
müəyyən işlər görülmüşdür.
Əhali sektoru üzrə 1 milyon 720 min kv-saat elektrik
enerjisi istehlak olunaraq, dəyəri
97,8 faiz ödənilmişdir.
Dəli
Quşçu və Dəkkəoba kəndlərinin
və Kür çayının
daşmasından evləri ziyan çəkmiş
ailələr üçün salınmış yeni
qəsəbədə evlərin qazlaşdırılması
tamamlanmışdır. İlin əvvəlindən
Pərvanlı, Yarməmmədbağı, Lələağacı,
Gödəkqobu, Məmmədqasımlı,
Dəkkəoba və Dəli Quşçu
kəndləri istiqamətində ümumilikdə 15,3 kilometr qaz xətti çəkilmişdir.
Dəli Quşçu kəndində 286, Dəkkəoba
kəndində 288 abonentə qaz verilmişdir. Gəlmə, Salahlı,
Hüseynxanlı və Xanməmmədli kəndlərində
də təzliklə evlərdə qaz yanacaq. İl ərzində
11 kənddə qaz xəttinin
açılışı nəzərdə tutulur.
Əhaliyə satılmış qazın dəyəri 105,9 faiz ödənilmişdir.
Rayonda içməli suya olan tələbatın ödənilməsi vəziyyətinin
yaxşılaşdırılması istiqamətində də
müəyyən işlər görülmüşdür.
“Hidro-Lotus” Məhdud Məsuliyyətli
Cəmiyyəti il ərzində müxtəlif diametrli borularla 27942 metr şəhərdaxili
su xətti çəkmiş və 2250 smartkart su sayğacları
quraşdırmışdır. 3000-dən çox
ailənin ekoloji cəhətdən təmiz
içməli sudan istifadə etməsi təmin
olunmuşdur. Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
əvvəlki illərdə 17 ədəd modul
tipli su təmizləyici
qurğu, 194 bulaq tikib istifadəyə vermişdir.
Qaravəlli, Çallı, Xanməmmədli, Əlibəyli,
Hüseynxanlı, Aşağı Seyidlər, Salahlı, Gəlmə,
Allahqulubağı, Sarıqaya, Otmanoba,
Şəftəhal kəndlərində belə qurğular işə salınacaq.
Rayonda olarkən yol təsərrüfatında
aparılan işlərlə də tanış olduq. Ötən
il Zərdab-Yuxarı Seyidlər-Siləyli
avtomobil yolunda 5,4 milyon manat vəsait
hesabına 11 kilometr məsafədə
yüksək keyfiyyətli asfalt örtük döşənmişdir. Nazirlər
Kabineti bu yolun tikintisi üçün 2-ci mərhələdə 6 milyon 450 min manat vəsait ayrmışdır. Hazırda yola asfalt qoyuluşu
davam etdirilir. İndiyədək
Zərdab-Mollakənd avtomobil yolunun 26 kilometrində üst
layın tikintisi başa
çatdırılmışdır. Qarşıdakı 5 ildə
rayonda daha 40 kilometr kəndarası yolların
asfaltlaşdırılması nəzərdə tutulur.
Öyrəndik
ki, tikinti—quruculuq işlərini uğurla
davam etdirmək, zəruri işləri həyata
keçirmək üçün “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın ilkin layihəsində Zərdab
rayonu üzrə hazırlanmış 86 bənddən
ibarət təkliflər nəzərə
alınmışdır.
Səfər
zamanı söhbət etdiyimiz adamlar nədən danışsalar da axırda builki prezident seçkilərindən söz açır, səs verdikləri namizədin
qələbəsini yeni uğurların təməli,
quruculuq və rifahın təminatı kimi dəyərləndirirdilər. Onlar bildirdilər ki, Prezident İlham
Əliyevin həyata keçirdiyi inkişaf
strategiyasını bundan sonrada
dəstəkləyəcək, bütün
qüvvə və bacarıqlarını rayonun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
sərf edəcəklər. Dövlət
başçısının Zərdaba və zərdablılara
göstərdiyi yüksək diqqət və qayğı son illərdə rayonu
sürətli inkişaf yoluna
çıxarmış, əhalinin güzaranını
yüksəltmişdir.
Zərdab, həqiqətən,
bu gün bu torpağın Azərbaycan xalqına bəxş
etdiyi böyük xalq xadimi, tərəqqi aşiqi, əməlpərvər ziyalı Həsən
bəy Zərdabinin arzuladığı, soraq
verdiyi günlərə qovuşmuşdur.
Zərdabın son 10 ildə
qazandığı uğurlar isə
ötən 1 əsrdəki sivil inkişafa bərabər olmaqla,
qədim Aran torpağına XXI əsrin
gerçəkliklərini gətirmişdir. Bu
o deməkdir ki, Zərdab
artıq dünyada yaxşı nə varsa onlara qovuşmuşdur.
Tahir
AYDINOĞLU,
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”
Zərdab–Bakı
Xalq qəzeti.- 2013.- 24 noyabr.- S.6.