Tikdiklərində izi yaşayan insan
Nəsrulla Kəngərli
— 100
XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, Bakının, Gəncənin, Sumqayıtın simasını gözəlləşdirən nadir tikililərin müəllifi, II Dünya müharibəsinin iştirakçısı, SSRİ Nazirlər Soveti mükafatının laureatı, əməkdar inşaatçı Nəsrulla Kəngərlinin anadan olmasının 100 illiyi tamam olur. Ölkənin memarlar ailəsi, yetirmələri, doğmaları və yaxından tanıyanlar bu nurlu, əməlpərvər insanın unudulmaz xatirəsini 22 ildir ki, ürəklərində yaşadırlar.
Nəsrulla Yaqub Paşa oğlu Kəngərli 1913-cü il noyabrın 25-də Naxçıvan şəhərində
Azərbaycana bir çox
hərbçi və ziyalı bəxş etmiş
məşhur Kəngərlilər ailəsində doğulmuşdur. Babası İsmayıl ağa rus-türk
müharibəsində hünər göstərmiş 200 nəfərlik
süvari döyüşçüyə
rəhbərlik etmiş, şücaətinə
görə çar hökuməti ona poruçik rütbəsi
və Naxçıvanda mülk vermişdir. Atası Yaqub Paşa cəmi dörd sinif oxusa da, elmlərə bələd,
siyasətdən baş çıxaran bir adam kimi
tanınmış, ərəb, fars, rus dillərini və osmanlıcanı bilməsi
ilə seçilmişdi. İran
və Osmanlı ziyalıları ilə əlaqələr saxlayan, zəngin kitabxana yaradan Yaqub Paşa
Kəngərli rus
şərqşünası Konstantin Smirnova “Naxçıvan elinin
tarixi və etnoqrafiyasına dair materiallar”
kitabını yazmaqda kömək göstərmişdir.
1918-ci ilin qanlı erməni
basqınlarının qarşısının
alınmasında ağıl və hünəri ilə fərqlənmişdi.
Belə bir mühitdə və huşyar
ailədə böyüyən Nəsrulla sovet
dovrünün ilk illərində
məktəb təhsili almış, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən
sonra muxtar
respublikanın kəndlərində dərs demişdi.
Yaqub Paşa isə sovet quruculuğunda fəal
iştirak etsə də İran
vəTürkiyə ilə əlaqə saxlamaqda
şərlənib 1939-cu ildə güllələnmişdi.
Ailə Qazaxıstana sürgün olunmuş, yalnız 1964-cü ildə vətənə
qayıda bilmişdi.Təhsil alması ilə bağlı
Naxçıvandan kənarda olması Nəsrullanı bu sürgün və cəzadan
xilas etmişdi.
O,1932-ci ildə Gəncə Toxuculuq İnstitutuna daxil olmuş, 1 il sonra təhsilini Bakıda Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsində
davam etdirmişdi.
Gənc memar 1941-ci ildə fəaliyyətini
yarımçıq qoyaraq II Dünya müharibəsinə getmiş,
416-cı Azərbaycan diviziyasının tərkibində Qafqazdan Berlinədək yol
keçmişdi. Cəbhədən orden-medallarla qayıdan Nəsrulla Kəngərli
46 il “Azərdövlətmemarlayihə”,
“Bakışəhərbaşlayihə”, “Azərdövlətlayihə”
institutlarında çalışaraq ömrünü
sevimli məşğuliyyətinə həsr
etmişdir. Bu dövrün istedadlı və
aparıcı memarları olan Mikayıl Hüseynovun, Ənvər Qasımzadənin, Davud Axundovun və
başqalarının sırasında peşəkarlığı,
çalışqanlığı ilə seçilən Nəsrulla
Kəngərli tezliklə bir sıra diqqətçəkən
layihələrin müəllifi kimi tanınmışdır.
Bakıda Nizami küçəsində,
İnşaatçılar prospektində, Nərimanovun heyəlinin
ətrafındakı yaşayış binaları klassik və müasir
memarlığın sintezi nümunələri
kimi memarı şöhrətləndirmişdir.
Neftçilər və Azadlıq prospektlərində, şəhərin
digər yerlərində tikilmiş məktəb
binaları da milli
memarlıq elementlərinin zənginliyi,
yaraşıqlığı və möhtəşəmliyi
ilə bu gün də
baxanları heyran qoyur.
Bakıda Mərkəzi Univermağın, Tibb Universitetinin korpusunun və
idman kompleksinin, Gəncədə
Dəmiryol vağzalının, Xankəndində inzibati binanın layihələri Azərbaycan
memarlığının seçilən nümunələri
sırasında yer alaraq
Nəsrulla Kəngərli adına böyük
nüfuz gətirmişdir.
Onun layihələndirdiyi binaların tam siyahısı çox
uzundur. Təkcə onu
demək kifayətdir ki, Sumqayıt şəhərinin
ən gözəgəlimli binaları da daxil olmaqla, baş planını Nəsrulla Kəngərli
layihələndirmişdir. Bu ağır
və orijinal işə görə memar SSRİ Nazirlər Sovetinin
mükafatına layiq görülmüşdür.
Onun, nədənsə, həyata vəsiqə
ala bilməmiş əsərlələrindən
Kənd Təsərrüfatı Nazirliyinin
binası, Ticarət evi, inzibati
korpus və s. parlaq memar təxəyyülünün
məhsulu kimi indi də
xatırlanır.
Nəsrulla müəllim
həm də təhsil aldığı fakültədə uzun illər dosent olmuş, milli
memarlığımızın bugünkü
davamçılarını hazırlayan say-seçmə ustadlardan biri olmuşdur. Azərbaycan
memarlığının çoxəsrlik ənənələrinin
qorunub müasir üslublar ilə qovuşdurulmasında bu yetkin sənətkarın
da danılmaz xidmətləri olmuşdur. Zəhməti müxtəlif təltif
və mükafatlara layiq
görülmüşdür. Azərbaycanın əməkdar inşaatçısı
Nəsrulla Kəngərli 1991-ci ildə dünyasını dəyişsə
də, böyük sənətini
davamçılarına, şöhrətini
memarlığımıza, yurdevərliyini və nəslinin
şərəfini uca tutmasını isə
övladlarına yadigar qoyub
getmişdir.
Böyük oğlu Tələt geoloq alim, Aqşin və
Aydın isə tanınmış həkimdirlər. Bu yazını hazırlayarkən görüşdüyümüz Aydın Kəngərli
atası ilə bağlı iki məsələni
açıqladı:
– Atam
sənətini həddən artıq çox
sevirdi. Bircə faktı deyim
ki, müharibədən qayıdanda Berlindən
gətirdiyi yeganə “qənimət” memarlıq albomu olmuşdu. Tez-tez bu toplunu
vərəqləyir, dağıdılmış gözəl binalara görə təəssüflənirdi.
O, öz layihələrinin həyata
keçirilməsinə ciddi nəzarət
edir, çox vaxt tikintilərdən toz-torpaq
içində gəlirdi. Bu insan memarlığa milli
varlığımızın əzəmətli görüntüsü, milli
kimliyimizin güc və
qüdrəti kimi baxırdı.
Bir də atam ömrü boyu Azərbaycanın
müstəqilliyi ideyasını qəlbində yaşatmışdı.
Nə yaxşı ki, o
günü görmək ona
qismət oldu. Bu sevinc, sanki, nəslimizin
başına açılmış oyunların
ağrı-acısını ona unutdurdu. Dünyadan ölkəmizin
taleyi sarıdan nigaran
köçmədi...
Bu yerdə yada düşür ki, sovet zamanında xalqımızın köklü maraqlarını yaşatmaq
işinə xidmət edənlərin qeyrəti və milli namusu, nəhayət, bizi tanrısal haqqımıza qovuşdurdu.
Nəsrulla Kəngərli belə insanların ən
yaxşılarından biri olmuşdur:
arzuları, əməlləri və xidmətləri ilə.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2013.- 24 noyabr.- S.5.