Binəqədi rayonunun sosial-iqtisadi
inkişafı:
real vəziyyət və perspektivlər
Abadlıq-quruculuq
və yüksəliş...
Bu gün
respublikamızın bütün şəhər
və kəndlərində müşahidə edilən
abadlıq-quruculuq və yüksəliş Binəqədi rayonunda da özünü
qabarıq büruzə verir. Mövcud
potensialın səmərəli reallaşdırılması, əmək
ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi,
ən başlıcası, Azərbaycan Prezidenti
İlham Əliyevin imzaladığı dövlət
proqramlarından, fərman və sərəncamlarından irəli
gələn vəzifələrin böyük
əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən
əsas məqamlar sırasındadır.
Xatırladaq ki, rayon icra
hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun
Binəqədiyə rəhbərliyə gəlişindən sonra bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib
hazırlanmış və uğurla
reallaşdırılmışdır. Yaşayış
məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi,
küçə və məhəllədaxili
işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi,
sosial təyinatlı obyektlərin-məktəblərin,
uşaq bağçalarının, xəstəxanaların,
mədəniyyət evlərinin tikintisi və
bərpası, müasir avadanlıqlarla təchiz
edilməsi ilə bağlı qısa müddətdə xeyli iş görülmüşdür.
Bununla bağlı ötən 9 ayda sosial-iqtisadi sahələrdə əldə
edilən göstəricilərindən bir
qisminə diqqət yetirək.
Dövlət
başçısı İlham
Əliyevin 22 aprel 2013-cü il tarixli müvafiq
sərəncamı ilə
ayrılmış vəsait hesabına Xocəsən və
Biləcəridə 97600 kvadratmetr, digər
mənbələr hesabına isə mikrorayon
və qəsəbələrində 153800 kvadratmetr
asfalt örtük
çəkilmişdir.
Rayonda bu ilin
ötən ayları ərzində
xidmət sahələrinə daxil olan binalarda 28425 kvadratmetrə
yaxın yumşaq dam örtüyü cari, 58845
kvadratmetr isə
əsaslı təmir edilmişdir. Bundan başqa, 2545 kvadratmetr pəncərə dəyişdirilmiş,
141 binanın girişində əsaslı təmir işləri
aparılmış və 212 giriş
qapısı dəyişdirilmişdir.
On ay ərzində
19167 metr yeni kanalizasiya xətti
çəkilmiş, 2800 metr xətt simlə, 38000 poqonometr xətt mexaniki üsulla təmizlənmişdir. Binaların
zirzəmisində 1375 metr içməli su
xətti və 1225 metr kanalizasiya xətti
dəyişdirilmişdir. Eyni zamanda, 9-cu mikrorayonda və
Biləcəri qəsəbəsi 5057/68-ci məhəllədə
ümumilikdə 346 ədəd işıq dirəyi
quraşdırılmışdır.
Liftlərin təmiri,
habelə yenilərinin quraşdırılması da diqqət mərkəzində
saxlanılır. Sözügedən dövrdə xidmət sahəsinə
daxil olan 790 liftin 30-u əsaslı təmir edilmiş,
71-i isə yenisilə əvəzlənmişdir. Payız-qış
mövsümünə hazırlıqla əlaqədar müvafiq tədbirlər
planına əsasən su-kanalizasiya təsərrüfatında
da bir sıra işlər
görülmüşdür. Qəsəbə
və mikrorayonlarda 132715 metr
içməli su xətti çəkilmiş, 74 ədəd su nasosu və mühərriki
əsaslı təmir edilmiş, 78 siyirtmə
yenilənmişdir. Binəqədi-Xırdalan yolunda
yeni su nasos
stansiyası tikilmişdir. Hazırda burada
quraşdırma işləri həyata keçirilir.
Rayonda ötən aylar ərzində
binaların su təchizatının keyfiyyətinin
artırılması məqsədilə 17950 kubmetr
içməli su anbarı yuyularaq
zərərsizləşdirilmişdir.
2013-2014-cü ilin payız-qış mövsümü
ərəfəsində məişət qazının təchizatını
daha da
yaxşılaşdırmaq məqsədilə vahid
şəbəkə üzrə cari
hazırlıq işləri görülmüşdür.
Qaz İstimar Sahəsinin daxili
imkanları hesabına fərdi yaşayış evlərinin həyətyanı
sahələrindən keçən, istismara
yararsız qaz xətlərinin yenilənməsi
üçün ümumilikdə müxtəlif
diametrli 16672 metr qaz xətti
çəkilmiş, 79 ədəd
qaztənzimləyici şkaf
quraşdırılmış və 1150 ədəd mexaniki qaz sayğacı smartkart tipli sayğacla əvəz olunmuşdur.
Bundan başqa, Xocəsəndə yeraltı qaz xəttinin ləğvi ilə əlaqədar
90 metr yeni xəttin çəkilmiş və qaztənzimləyici
şkafın quraşdırılmış, Biləcərinin Y.Hüseynov küçəsində və Hərbi
şəhərcikdə məhəllədaxili qaz
xətləri yenidən qurulmuşdur.
Dərnəgül yaşayış massivində, Binəqədi-Biləcəri
şossesində qaz
xətlərinin çəkilişi başa
çatdırılmışdır. M.Ə.Rəsulzadə,
Biləcəri, Binəqədi qəsəbələrində yeni qaz xətlərinin
çəkilişi işləri
isə davam etdirilir.
Rayonda əhalinin fasiləsiz və keyfiyyətli
elektrik enerjisi ilə
təmin edilməsi, istilik təsərrüfatının xidmət
ərazilərində çatışmazlıqların aradan qaldırılması istiqamətində
də müsbət nəticələr əldə edilmişdir.
İnsan amilinə mühüm önəm verilir
Azərbaycan
Prezidenti İlham
Əliyevin icra
strukturları qarşısında ilk
gündən müəyyənləşdirdiyi ciddi
tələblərdən biri də məhz
vətəndaşların qəbulu, onların ərizə və
şikayətlərinə ciddi şəkildə
yanaşılması ilə bağlıdır. Binəqədi Rayon İcra Hakimiyyəti
də fəaliyyətini bu tələblər
çərçivəsində quraraq vətəndaşların
qəbulunun təşkili, onların müraciətlərinə
vaxtında baxılması, icra
aparatında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görür. Rayon rəhbərliyinə
ünvanlanan müraciətlər
cavabsız qalmır, vətəndaşların problemlərinin
aradan qaldırılması üçün mütəmadi tədbirlər
həyata keçirilir.
Başçının
yerlərdə keçirdiyi səyyar
görüşlərdə səsləndirilən şikayət
və təkliflərlə bağlı Tədbirlər Planı tərtib
edilərək aidiyatı qurumlara və cavabdeh şəxslərə verilir.
Adıçəkilən planda
hər bir məsələnin
reallaşdırılması ilə bağlı konkret vaxt müəyyənləşdirilir, məsələlərin
icrası vəziyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsi
tərəfindən nəzarətdə saxlanılır.
İcra hakimiyyəti aparatında sakinlərin müraciəti üçün “1646” xidməti səmərəli
fəaliyyət göstərir. Adamlar icra hakimiyyətinə gəlmədən
müraciətlərini daha çevik və operativ
şəkildə telefonla çatdıra
və məlumat ala bilirlər. “1646” xidməti bütün mobil operatorlardan və stasionar telefonlardan eyni vaxtda 30 zəngi qəbul edə bilir. Rayon icra hakimiyyətinin vəzifə
və səlahiyyətlərinə
aid xidmətə daxil
olan müraciətlər
qanunvericilik bazası üzrə “Sual-cavab bloku”na əsasən
cavablandırılır.
Təkcə bu
ilin oktyabr ayı ərzində
“1646" xidmətinə 1933 zəng daxil olmuş, 1409 zəng birbaşa cavablandırılmış, 662 əks əlaqə yaradılmış və
357 şikayət vərəqəsi
hazırlanmışdır. Bundan əlavə, sözügedən xidmətin
səviyyəsi 80 faiz,
icraçılıq səviyyəsi 93,3 faiz təşkil etmişdir.
İdarəetmədə yenilik: pilot layihə
Binəqədidə reallaşdırılır
Avropa Komissiyasının
“İNOGATE” Proqramı
çərçivəsində reallaşdırılan “Şərqi
Avropa və Mərkəzi Asiyanın İnşaat Sektorunda Enerjiyə Qənaət Təşəbbüsü” layihəsinin
Azərbaycanda icrası
üçün
Bakı Şəhər
İcra Hakimiyyətinin
təklifi əsasında Binəqədi rayonunun ərazisi (Naxçıvani
küçəsi, 27) seçilmişdir.
Bu, son vaxtlar Binəqədidə
gedən abadlıq-yenidənqurma
işlərinin sürətli gedişi və əldə olunan müsbət nəticələrlə bağlıdır.
Layihənin həyata
keçirilməsinin əsas
komponentlərindən biri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) yaradılmasını
nəzərdə tutur.
Avropa təcrübəsində bu
qurum Kondominium adlanır. Kondominium latınca birgə
mülkiyyətçilik, vahid
obyektə, daha çox isə evə, həmçinin daşınmaz əmlaka sahiblik deməkdir. Bu
anlayış bir
çox ölkələrdə,
o cümlədən ABŞ-da geniş yayılmışdır.
Xatırladaq ki,
təklif qəbul ediləndən sonra layihə üzrə beynəlxalq ekspertlər Bakı şəhərinə
ezam olunmuş, layihə üçün
pilot binaya baxış
keçirilmiş, binanın
enerji auditi aparılmış və burada istifadə olunan enerjinin böyük hissəsinin itkiyə getdiyi aşkarlanmışdır. Mütəxəssislər tərəfindən enerji sərfiyyatında qeyri-rasionallığın
mövcudluğu üzə
çıxarılmışdır.
Bildirilmişdir ki, səmərəlilik artırılarsa,
işlədlən enerjinin
təxminən 50 faiz qənanət edilməsi mümkün olar.
Azərbaycanda
sözügedən MMMC-lərin
yaradılmasına 2009-cu ilin
ikinci yarısında başlanmışdır. Belə ki, Azərbaycan Prezidenti 27 avqust 2009-cu il tarixli “Azərbaycan
Respublikası Mənzil
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimlənmə
məsələləri haqqında” və 24 may 2010-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının
təmin edilməsi barədə” fərmanları ilə Mənzil Məcəlləsinin icrası
üzrə yerli icra hakimiyyətləri qarşısında bir sıra vəzifələr
müəyyən etmişdir.
Xatırladaq ki, Mənzil
Məcəlləsinin 10.0.9-cu maddəsilə mənzil mülkiyyətçiləri müştərək
cəmiyyətinin təşkilinin
və fəaliyyət
qaydasının müəyyənləşdirilmədiyi, habelə çoxmənzilli binanın
sahə mülkiyyətçiləri
tərəfindən idarəsi
üsulu seçilmədiyi
təqdirdə bu iş dövlətin vəzifələrinə aid edilmişdir.
Pilot lahiyə olaraq
rayonda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin
yaradılması və
həmin cəmiyyətlər
vasitəsilə idarəetmənin
təşkilinin formalaşdırılması
nəzərdə tutulur.
Bununla bağlı Binəqədi Rayon İcra
Hakimiyyəti başçısının
“Azərbaycan Respublikası
Mənzil Məcəlləsinin
icrası ilə əlaqədar tədbirlər
haqqında” 27 may 2013-cü il tarixli sərəncamına
əsasən komissiya yaradılmış, komissiyaya
mikrorayonlarda, xüsusilə
rayon icra hakimiyyəti
tərəfindən əsaslı
təmir olunan və fasadları üzlənmiş binalarda,
habelə abadlaşdırılmış məhəllələrdə maarifləndirmə,
izahat və təbliğat işləri
aparılması tapşırılmış,
habelə çoxmənzilli binaların
mülkiyyətçilərinə binanın idarəedilməsi
üsullarının seçilməsi,
həmçinin idarəetmə üsulu seçilmiş binalarda müvafiq sənədlərin
hazırlanması, dövlət
qeydiyyatına alınması
məsələlərinə hərtərəfli
dəstək və kömək göstərilməsi
tövsiyə edilmişdir.
Mənzil
təsərrüfatlarının yeni metodlar əsasında
idarə edilməsinin
əsas çətinliklərindən
biri çoxmənzilli
binaların ümumi istifadə yerlərinin əsaslı təmirə
ehtiyacı olması ilə əlaqədardır. Məhz buna görə də Binəqədi Rayon İcra Hakimiyyəti əsas diqqəti bu istiqamətə yönəltmişdir. Belə
ki, son ilyarım ərzində 268 binanın
zirzəmisində su və kanalizasiya xətləri əsaslı
təmir edilərək
dəyişdirilmiş, 44 çoxmənzilli
binada əsaslı təmir işləri başa çatdırılmış,
5 binada isə işlər davam etdirilir. Bundan başqa, həyətlərdə abadlıq
işləri aparılır, binaların pəncərələri
dəyişdirilir, liftlər
yenilənir, dam örtükləri
əsaslı təmir
olunur, ərazilərə
asfalt örtük salınır, həyətlər
işıqlandırılır.
Artıq 8-ci mikrorayonda
S.S.Axundov 4, İ.Dadaşov
91 və 91a binalarının
sakinləri tərəfindən
mənzil mülkiyyətçiləri
müştərək cəmiyyəti (MMMC) təsis edilərək sənədlər
qeydiyyat üçün Ədliyyə
Nazirliyinə təqdim
olunmuşdur.
Son olaraq...
...Rayonda görüləsi
işlər, həyata
keçiriləsi layihələr
hələ çoxdur.
Lakin yuxarıda qeyd edilənlər bir daha göstərir ki, Binəqədi öz inkişafının
keyfiyyətcə yeni və məhsuldar dövrünü yaşayır.
Əldə olunmuş bütün
uğurların əsasında
Prezident İlham Əliyevin rayona xüsusi diqqət və qayğısı, onun reallığa söykənən, düşünülmüş,
rasional sosial-iqtisadi siyasəti dayanır.
Hazırda Binəqədi
rayonunun hər bir sakini dövlət başçısının rəhbərliyi
altında qazanılan
uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş
və tərəqqi kursunu ürəkdən dəstəkləyir.
Vaqif
BAYRAMOV
Binəqədi Rayon İcra Hakimiyyəti
və Azərbaycan Respublikasının
Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə
təqdim olunur.
Xalq qəzeti.- 2013.- 24 noyabr.- S.4.