“Ulu öndər və incəsənət xadimləri”
adlı tədbir çərçivəsində
zəmanəmizin görkəmli rəssamı Tahir Salahovun 85
illik yubileyi qeyd edilmişdir
Noyabrın 29-da “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən
Tahir Salahovun ev-muzeyində ümummilli lider Heydər Əliyevin
90 illik yubiley tədbirləri silsiləsindən “Ulu öndər
və incəsənət xadimləri” adlı mərasim
keçirilmişdir.
Ulu öndərin mədəniyyətimizin
qorunması, təbliği, incəsənət xadimlərinə
göstərdiyi diqqət və qayğısından bəhs
edilən tədbirdə müasir Azərbaycan rəssamlıq
məktəbinin görkəmli nümayəndəsi, dünya
şöhrətli sənətkar, SSRİ-nin və Azərbaycanın
xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının
vitse-prezidenti, Avropa Elm və İncəsənət
Akademiyasının (AEİA) həqiqi üzvü Tahir Salahovun
85 illik yubileyi qeyd edilmişdir.
Mərasimdə
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev,
təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə,
xalq yazıçısı Çingiz Abdullayev və
başqaları çıxış edərək ulu öndər
Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin
inkişafı naminə gördüyü əvəzsiz
işlərdən söz açmışlar.
Bildirilmişdir
ki, ulu öndər hər zaman böyük sənət
adamları, o cümlədən görkəmli rəssam Tahir
Salahovla çox yaxın dost olmuş və onların
münasibəti qarşılıqlı ehtiram və hörmət
əsasında qurulmuşdur.
Tədbirdə sənətkarın
zəngin yaradıcılığından, Azərbaycan təsviri
sənətinə verdiyi dəyərli töhfələrdən
söz açılmışdır.
Bildirilmişdir
ki, Tahir Salahov əsərlərində həm
özünün daxili aləmini, həm də mənsub
olduğu xalqının ruhunu – onun amallarını, hisslərini
və duyğularını əks etdirir.
Vurğulanmışdır ki, Prezident İlham Əliyevin
müvafiq sərəncamı ilə yaradılmış
ev-muzeyində Tahir Salahovun Azərbaycan dövlətinə
bağışladığı öz rəsm əsərlərindən
və şəxsi arxivindən ibarət kolleksiya
nümayiş olunur.
Tədbirdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin xalq rəssamı
Tahir Salahova ünvanladığı təbrik məktubu
oxunmuşdur.
Mərasimdə
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli
Kitabxanasının direktoru Kərim Tahirov “Tahir Salahov.
Biblioqrafiya” kitabını təqdim etmişdir.
Mədəniyyət
və Turizm Nazirliyinin Milli Kitabxana ilə birdə
hazırladığı bu dəyərli toplu görkəmli sənətkara
həsr edilmiş ilk biblioqrafik mənbədir.
“Tahir Salahov və
Abşeron” yeni turist marşrutunun təqdim olunduğu tədbirdə
“Tahir Salahovun rəsmləri xalçada” mövzusunda sərgi
də maraqla qarşılanmışdır.
Sonda tədbir
iştirakçıları ulu öndər və Tahir Salahova
həsr olunmuş fotosərgi və sənətkarın zəngin
və çox şaxəli yaradıcılıq nümunələri
ilə tanış olmuşlar.
AzərTAc
Xalq qəzeti.-
2013.- 30 noyabr.- S.4.