Korifey sənətkar

            Onun tabloları qarşısında dayananda adam qəribə hisslər keçirir. İlahi, bunlar insan əlinin yaratdığı necə böyük möcüzələrdir! Yeddi rəngin sintezindən yoğrulmuş bu tabloların hər birində böyük bir dünya yerləsir. Bunlar xalq rəssamı Tahir Salahovun güclü istedadının məhsulu olan çox qiymətli sənət nümunələridir. İllər, əsrlər ötüb keçəcək, bu əsərlər müasir dövrümüzün elçiləri kimi gələcək nəsillərə ötürüləcəkdir. Bu əsərlər bizim bugünkü arzularımız, uğurlarımız, problemlərimiz haqqında gələcək nəsillərə nələrisə çatdıracaq. Əsl sənətin qüdrəti də elə bundadır.

             Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dünya səviyyəli rəssam Tahir Salahovun 85 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin təbrik məktubunda deyilir: “Əsərlərinizdə doğma Azərbaycanın həyatının ahəngi daim hiss olunub. Günəşi, dənizi, nefti, qədim Azərbaycan əfsanələrinin ruhunuAbşeronun ab-havasını tərənnüm edən rəsmləriniz milli mədəniyyətimizin möhtəşəm hadisəsi kimi qəbul edilir. Ərsəyə gətirdiyiniz portretlər, peyzajnatürmortlar bütünlükdə Azərbaycan rəssamlıq məktəbinə geniş şöhrət qazandırıb. Teatr rəssamı və monumental layihələrin rəhbəri olaraq xidmətləriniz danılmazdır”. Bu, böyük sənətkarın yaradıcılığına verilən yüksək qiymətdir.

            Tahir Salahovun milli ənənələrə söykənən çox qiymətli əsərləri bu gün dünyanın məşhur muzeylərinin daimi eksponatlarına çevrilmişdir. Onu beynəlxalq aləmdə yaxşı tanıyır və sevirlər. Tahir Salahov YUNESKO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidentidir. 1997-ci ildən Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilmişdir. Elə buna görə də çox zaman onu “incəsənətin səlahiyyətli səfiri” də adlandırırlar.

            Tahir Teymur oğlu Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssamlıq ixtisası üzrə bitirib. 1960-1961-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi vəzifəsində çalışıb. 1963-74-cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışıb. Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib. 1980-1992-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasını idarə edib. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib.

              Sənətsevərlər onu realist rəssam kimi tanıyırlar. O elə bir sənətkardır ki, həyatın sərt məsuliyyətli məqamlarını kətan üzərində böyük ustalıqla canlandıra bilir. T.Salahov seçdiyi sənətdə fikrin, düşüncənin sözsüz ifadəsinin qüdrətini yarada bilir. Onun tablolarını izlədikcə bir daha əmin olursan ki, sənətkar əsərlərini kətan üzərinə həkk edərkən, sadəcə, göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Daha çox əsərinin fəlsəfəsini qavramasına diqqət yetirir. Təxminən 50 il öncə sənətkarın Ümumittifaq Rəssamlıq Sərgisində nümayiş etdirilən iki əsəri – “Bəstəkar Qara Qarayevin portretiTəmirçilərzamanında yüksək dəyərini alıb. Tretyakov qalereyasının ziyarətçisi olanların bəstəkarın portreti qarşısında ayaq saxlayıb uzun müddət bu rəsmi heyranlıqla seyr etmələri böyük rəssamın sənətinə yüksək qiymət kimi dəyərləndirilməlidir.

            O, ilk dəfə 1964-cü ildə səhnə əsərinin tərtibatını vermişdir. Bu, V.ŞekspirinAntoni Kleopatrafaciəsi olmuşdur. Sonra rəssam “Hamlet” (1968-ci il), Cəfər Cabbarlının eyni adlı pyesi üzrəAydın” (1972-ci il) tamaşaları, Ü.HacıbəylininKoroğlu” (1973-cü il) operası, A.ƏlizadəninBabək” (1985-ci il) baleti, C.ƏlibəyovunGülüstanda ölüm” (1988-ci il) pyesi üçün dekorasiyalar yaratmışdır.

           Sənətkarın fırçasının məhsulları olanSəhər eşelonuRezervuar parkıadlı sənaye peyzajları, “Abşeron qadınlarıAydantabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri istər peşəkarlar, istərsə sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

            Sənətkarın özünü rəssam kimi sınadığı ilk əsəri kətan üzərində əks etdirdiyiGecə növbəsindən qayıdanlaradlı diplom işi olub. Məhz bu tablo təsviri sənətdəsərt üslubdeyilən yeni istiqamətin ilk nümunələrindən biridir. T.Salahovun sözügedən əsərilə əmək mövzusu təsviri sənətə yol tapa bilmişdi. Rəssamın doğma diyara həsr etdiyi bir neçə əsərinin reproduksiyaları 2008-ci ildə buraxılan iki təqvimə daxil edilib. SöhbətKöhnə Bakı”, “Səhər ovu”, “Nardaran qarpızları”, eləcə Abşeron triptixi - “Atəşgah”, “Xəzər bu günQız qalasıəsərlərindən gedir.

           T.Salahovun son illərə aid işlərinə gəlincə, sənətkarın yaradıcılığında ayrıca bir dövr təşkil edən əsərləri onun portretlər qalereyasını daha da zənginləşdirib. Rəssamın şah əsərlərindən biri müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin portretidir. İkinci əsər isə dünya şöhrətli həmyerlimiz Mstislav Rostropoviçin monumental portretidir.

          Böyük sənətkar saysız-hesabsız mükafatlar alıb. Fırça ustası Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinciüçüncü dərəcəli ordenlərinə, müstəqil Vətənimiz Azərbaycanın ali mükafatı olanİstiqlal” ordeninə, Bolqarıstan, Polşa, Monqolustanbaşqa ölkələrin ordenlərinə, müxtəlif medallaramükafatlara layiq görülüb.

            Mahir fırça ustasını öz sıralarında görmək arzusunda olanlar da az olmayıb. Belə ki, həmyerlimiz Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə yanaşı, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də həmyerlimiz Tahir Salahovdur. O həm də Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.

           Bakıda yaşadığı dövrdə isə Azərbaycan Rəssamlar İttifaqının sədri, respublika Ali Sovetinin deputatı olub və 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib.

         Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 27-də Tahir Salahova “Heydər Əliyev” ordenini təqdim etmişdir.

         Tahir Salahov Azərbaycan Rəssamlıq Akademiyasında bakalavrlar və magistrlər buraxılışı üzrə dövlət komissiyasına sədrlik edir. Heydər Əliyev Mükafatı Komissiyasının üzvüdür. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə daxildir. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvüdür.

         Sevimli sənətkarımızi 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Elçin ORUCOV,

rəssam,   əməkdar mədəniyyət işçisi

Xalq qəzeti.- 2013.- 30 noyabr.- S.10.