2013-cü il diaspor quruculuğu
sahəsində uğurlu olmuşdur
Müsahibimiz
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Nazim İbrahimovdur
- Nazim müəllim, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə diaspor təşkilatlarına, xaricdə yaşayan azərbaycanlılara nə kimi arzularınız, tövsiyələriniz var?
- Bu bayram hər bir azərbaycanlı üçün
xüsusi məna kəsb edən bir bayramdır. Zaman keçdikcə biz Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününün təsis
olunmasının nə qədər uzaqgörən və müdrik bir qərar olduğunu daha aydın
şəkildə görə bilirik. Ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü qeyd edilməsi
haqqında Naxçıvan Ali Məclisində
qəbul olunmuş qərar 50 milyonluq bir xalqın
tarixində mühüm bir
hadisə idi. Azərbaycan xalqının
tarixində əhəmiyyətli bayramlar çoxdur. Bu bayramın başqa bayramlardan fərqi
ondan ibarətdir ki, o daha çox
ideoloji məna kəsb edir.
Azərbaycançılıq ideologiyasının təbliğini,
dünya azərbaycanlılarının həmrəyliyi
və birliyi
ideyalarını təcəssüm etdirir.
Dünya
azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi,
əlaqələrinin möhkəmləndirilməsi,
qarşıya çıxan problemlərin həllində səylərin
birləşdirilməsi və xalqımızın dünyada layiqli yer tutması bu bayramın
ideoloji məzmununu təşkil edir. Bu gün dünyanın hər bir yerində yaşayan azərbaycanlılar
həmrəylik gününü qeyd edir və azərbaycanlıların
yaşadığı bütün ölkələrdə
müxtəlif tədbirlər təşkil
olunur.Dünya Azərbaycanlılarının
III Qurultayında və bu il
keçirilmiş
Dünya Azərbaycanlılarının Onlayn Forumunda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev diaspor təşkilatlarına
çox dəyərli tövsiyələrini
verdi, bir sıra ideyalar səsləndirdi. Hər bir diaspor təşkilatı
cənab Prezidentin tövsiyələrini
yerinə yetirmək üçün daha böyük əzm və
səylə çalışmalıdır.
- Bu il ərzində diaspor qurumlarının gördüyü işlər nədən ibarətdir?
- Diaspor
quruculuğu sahəsində 2013-cü ili uğurlu il hesab etmək olar. Belə ki,
xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması,
onların cəmiyyətə inteqrasiyası və milli maraqlarımızın müdafiəsinə
cəlb olunması, müstəqil Azərbaycan Respublikası
ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və
həmrəyliyin təmin olunması istiqamətində
472 tədbir həyata keçirilmişdir.
Dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən Azərbaycan diaspor
təşkilatları ölkəmizin milli
maraqlarının müdafiəsi işində çox
fəal iştirak edir.
Əsas məsələ ondan ibarətdir ki, diaspor təşkilatları
artıq fəaliyyət göstərdikləri ölkələrin
dövlət orqanları, kütləvi informasiya
vasitələri, siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatları
ilə əlaqələr qurmağa nail olur. Bildiyiniz
kimi, cənab Prezidentin
Dünya Azərbaycanlılarının
III Qurultayında diaspor təşkilatlarına
əsas tövsiyələrindən biri ictimai-siyasi proseslərdə fəal iştirak etmələri ilə bağlı idi. Ona görə də diasporun siyasi partiyalar, dövlət orqanları, eləcə
də QHT və KİV-lərlə əlaqələri çox mühüm əhəmiyyətə
malikdir. Hesab edirik ki, bu
sahədə işin miqyasını daha da genişləndirmək
vacibdir.
- 2013-cü il ərzində keçirilən ən əhəmiyyətli tədbirlər hansılar olmuşdur?
- Bu
il bizim bir çox əhəmiyyətli
tədbirlərimiz keçirilmişdir. Mən
ilk öncə beynəlxalq əhəmiyyət
daşıyan Cənubi Qafqaz Forumunu qeyd etmək istəyirəm.
Belə ki, bu
il may ayının 7 və 8 - də Bakıda Diasporla
İş üzrə Dövlət Komitəsinin
dəstəyi, Madrid Klubunun
və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
birgə təşkilatçılığı ilə keçirilmiş forumun rəsmi
açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak
etmişlər. Forumda Madrid Klubunun,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
üzvləri, dünyanın müxtəlif ölkələrindən
300-dən çox ekspert,
yüksək səviyyəli rəsmilər, sabiq
dövlət və hökumət başçıları,
alimlər iştirak etmişdir.
Cənubi Qafqaz Forumunun
sonuncu günü Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
arasında əməkdaşlıq protokolu
imzalanıb. Daha sonra iyunun 21 - də Bakıda Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor
təşkilatları rəhbərlərinin birinci
forumu keçirilmişdir.
Forumun
işində
dünyanın 44 ölkəsindən 446 nümayəndə
iştirak etmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin forum
iştirakçılarına təbrik məktubu oxunmuşdur. Forumda, həmçinin
Türkiyə, Qazaxıstan və Qırğızıstan
prezidentlərinin də iştirakçılara təbrik məktubları
səslənmişdir. Forumun yekununda Bakı Bəyannaməsi və Azərbaycan
Prezidenti İlham
Əliyevə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan
Prezidenti Almazbek
Atambayevə və Türkiyə Prezidenti Abdullah Gülə müraciət qəbul olunmuşdur. Məlum olduğu
kimi, bizim fəaliyyətimizin
əsas istiqamətlərindən biri də
Xocalı soyqırımının dünya
ölkələri tərəfindən rəsmi şəkildə
tanınmasına nail olmaqdır. Bu səpkidə fəaliyyətimizin nəticəsidir
ki, ABŞ-ın Nyu-Meksiko,
Arkanzas, Oklahoma, Tennensi, Pensilvaniya və
digər ştatlar Xocalı
soyqırımını rəsmən tanımışdır.
Daha sonra bu ilin
yanvarın 26-da Amerika Azərbaycanlılarının
şəbəkəsi (USAN) və ABŞ-da
yaşayan azərbaycanlılar Prezident Barak Obama Administrasiyasının Xocalı qətliamını
və müharibə cinayətlərini, eləcə də
faciə qurbanlarını tanıması məqsədilə ağ evin rəsmi veb-səhifəsində
petisiya yerləşdirmişlər. Xarici ölkələrdə
yaşayan həmvətənlərimizin,
Azərbaycan diaspor fəallarının,
kütləvi informasiya vasitələrinin,
qeyri-hökumət təşkilatlarının və yerli ictimaiyyətin aktiv fəaliyyəti
nəticəsində petisiyaya toplanılan
imzalar vaxtından əvvəl
toplanmışdır. Fevralın 26 - da
petisiyanı imzalayan hər bir kəsə Ağ Evdən
gələn cavab məktubunda
ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı
müharibə zamanı insanların faciəli
ölümünə dərindən təəssüfləndiyi
vurğulanmışdır.
“2013-cü
ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
sərəncamına uyğun olaraq dekabrın
2 və 3 - də “BakuTel-2013" XIX Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya
texnologiyaları sərgisi çərçivəsində Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Dünya Azərbaycanlıların Onlayn
Forumu" layihəsi təqdim edilmişdir. Prezident İlham Əliyev onlayn videokonfrans sistemi vasitəsilə Azərbaycan diaspor nümayəndələri
qarşısında çıxış edərək onlara öz tövsiyələrini
vermiş, fəaliyyətlərində yeni uğurlar
arzulamış və onlayn videokonfrans sistemi vasitəsiləAzərbaycan
diaspor nümayəndələri ilə təmasda
olmağından məmnunlugunu bildirmişdir. Bu il bizim üçün əhəmiyyətli olan digər tədbir isə, komitəmizin təşkilatçılığı
ilə xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara
və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə Azərbaycan
dili, ədəbiyyatı, tarixi,
mədəniyyəti və coğrafiyasının tədris
edilməsi, soydaşlarımızın milli
ruhda tərbiyə olunmasına xidmət
etmək məqsədilə distant təhsil
üzrə layihənin reallaşması olmuşdur.
- Son zamanlar Rusiyada yaranmış vəziyyət haqqında rəhbərlik etdiyiniz komitənin mövqeyini öyrənmək istərdik.
- Son
zamanlar Rusiyada miqrantlara
qarşı göstərilən təzyiqlər tərəfimizdən
narahatlıqla qarşılanmışdır. Bu
problemləri yerindəcə araşdırmaq və həll etmək
üçün əməkdaşlarımız
Rusiya Federasiyasına ezam
olunmuşdur. Həqiqətə
sığmayan yanlış məlumatlar nəticəsində miqrantlara qarşı olan aqressiv münasibətlərə etiraz əlaməti olaraq diaspor təşkilatları bəyanatlarla
çıxış etmişdir. Məişət
zəminində baş vermiş
adi bir qətl hadisəsinin
Rusiya kütləvi informasiya
vasitələrində etnik kontekstdə
ictimailəşdirilməsi bizi çox narahat edir. Biz o
zaman da məsələyə
dair mövqeyimizi çox açıq şəkildə ifadə
etdik və bildirdik ki, cinayətkarın milliyyəti olmur. Hər hansı bir
şəxs cinayət törətməkdə şübhəli
bilinirsə, onun bu
cinayəti törətdiyi qanunauyğun
şəkildə sübuta yetirilməlidir.
Hazırda
biz bu məsələni
diqqətdə saxlayırıq və
Ümumrusiya Azərbaycanlıları
Konqresinin mərkəzi ofisində həmvətənlərimizə
hüquqi kömək göstərilməsi
məqsədilə təcrübəli hüquqşünaslardan
ibarət operativ qərargah fəaliyyət
göstərir. Rusiyada yaşayan azərbaycanlı
miqrantların hüquqi maarifləndirilməsi
istiqamətində də bir sıra tədbirlərin
həyata keçirilməsi planlaşdırılır. Biz hesab edirik
ki, meydana
çıxan problemlərin həlli üçün
ilk növbədə Rusiyada
yaşayan azərbaycanlıların hüquqi maarifləndirilməsi işini gücləndirmək lazımdır. Bununla əlaqədar Dövlət Komitəsinin
müvafiq şöbələri müxtəlif
təkliflər, ideyalar üzərində
işləyir. Eyni zamanda, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının daha da güclənməsi
istiqamətində də tədbirlər görmək
lazımdır. Paralel olaraq
Rusiyanın müvafiq dövlət
orqanları və hökumət strukturları ilə dialoqa xüsusi diqqət
yetirilməlidir. Yəni bu istiqamətlərin
hər biri üzrə ciddi
iş aparılmalıdır. Çünki onlardan biri olmayanda digərinin səmərəliliyi
də aşağı düşür. Biz işimizi bu cür qurmuşuq
və hesab edirik ki, Azərbaycan Respublikasının
Rusiyadakı səfirliyi, Ümumrusiya Azərbaycan
Konqresi ilə birlikdə bu
sahədə yaranan problemlərin aradan qaldırılmasına nail
ola biləcəyik.
- Növbəti illərdə fəaliyyət baxımından hansı planlar nəzərdə tutulmuşdur?
- Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Dünya
Azərbaycanlılarının III Qurultayında öz çıxışı zamanı qeyd etmişdir ki, hər bir vətəndaşımız məskunlaşdıqları
ölkələrin ictimai-siyasi həyatında
fəal iştirak etməlidir. Bizim də gələcək illərə dair ən prioritet vəzifələrimizdən
biri budur. Artıq bu istiqamətdə bir çox tədbirlər görülmüşdür.
Amma biz bunu daha da
genişləndirmək niyyətindəyik. Biz
çalışırıq ki, xarici ölkələrdə məskunlaşan
hər bir vətəndaşımız
yaşadığı cəmiyyətdə özünə etimad qazansın. Belə olan
halda, qarşımıza qoyduğumuz
məqsədlərə nail ola bilərik. Eyni zamanda, 2013-cü ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş Dünya
Azərbaycanlılarının Onlayn Forumu layihəsini genişləndirməyi
planlaşdırırıq. 2014-cü ildə Bakıda Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
ilə birlikdə II Cənubi Qafqaz Forumunun keçirilməsi nəzərdə tutulub.
Dövlət
Komitəsinin dəstəyi ilə yaradılmış xaricdə
yaşayan azərbaycanlılar üçün Azərbaycan dilini
tədris edən distant təhsil mərkəzinin
fəaliyyətinin əhatə dairəsini daha
da genişləndirmək də vəzifələrimiz
sırasındadır. Xarici ölkələrdə
fəaliyyət göstərən diaspor təşkilatlarının
təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi,
Ermənistanın Azərbaycana təcavüzü ilə
bağlı beynəlxalq aləmin məlumatlandırılması
və bu faktın dünya
dövlətlərinin parlamentlərinin, siyasi
dairələrinin müzakirəsinə çıxarılması
və Rusiyada yaşayan
soydaşlarımızın yaranmış problemlərinin həlli
ilə bağlı planlarımız var.
Azərbaycan Milli Elmlər Akademiyası ilə
birlikdə dünya azərbaycanlı alimlərinin
forumunun keçirilməsi ilə
bağlı məsləhətləşmələr
aparılır.
Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV
Xalq
qəzeti.- 2013.- 31 dekabr.- S.3.