Yeni illə yeniləşən xoş

ovqatlı həmrəylik bayramı

 

Doğma Vətənimiz Azərbaycan Respublikasında, eləcə də dünya azərbaycanlılarının yaşadıqları bütün ölkələrdə xalqımız, millətimiz ümummilli liderimiz dahi Heydər Əliyevin iradəsi ilə əsası qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramını və 2014-cü təqvim ilinin gəlişini xoş ovqatla qarşılamağa köklənib.

 

Qəlbi təmiz, sülhsevər, hamıya xoşbəxtlik arzulamağı bacaran Azərbaycan xalqı daim xoş ovqatlı olmağa layiqdir. Üzdəniraq bədxahlardan fərqli olaraq, dünyanın hansı  məkanında sülhsevər xalq varsa, onların hamısı belə ovqata layiqdir. İnsansevərlik, sülhsevərlik hər bir xalqa onun genetik kodundan, o xalqın yetişdirdiyi  milli liderlərin cəsarətindən, dahiyanəliyindən ötürülərək irsi xarakter alır.

Belə liderlərin ön cərgəsində dayanan ulu öndərimizin iti zəkasının, onun Azərbaycana, Azərbaycan xalqına olan dərin məhəbbətinin məhsulu olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü millətimizin birliyinin yaranmasına, inkişaf etdirilməsinə, gələcək nəsillərə çatdırılmasına, dünya durduqca yaşamasına ən böyük tarixi çağırış oldu. Bunun sayəsində dünyanın hər yerində təşəkkül tapmış Azərbaycan diasporu öz sözünü deyə bildi. Ümummilli liderimizin çətinliklərə sinə gərərək yaratdığı bu sarsılmaz birlik indi hamımızın qürur mənbəyinə, fəxarət məbədinə  çevrilib. Xalqımız bu birliyin möhkəmliyini, dəyərini, qiymətini son on ildə həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda görülən böyük işlərin nəticələrində daha yaxından duyur, hiss edir. Çünki, yola saldığımız onillikdə ölkəmiz ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin yerinə yetirdiyi cahanşümul işlər sayəsində dünyanın inkişaf etmiş ölkələri sırasında özünə layiqli yer tutmuşdur. Bu inkişafın, tərəqqinin fonunda Azərbaycan Tibb UniversitetiPrezidentimizin göstərdiyi diqqət və qayğı sayəsində həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Universitetimizin bu illərdə ən müasir avadanlıqlarla, tibbi cihaz  alətlərlə təchizatı, tədrisin, elmi tədqiqat və müalicə işlərinin yüksək səviyyədə aparılmasına imkan verən şəraitə malik dörd  möhtəşəm klinika ilə təmin edilməsi qarşımızda geniş üfüqlər açmışdır. Sonuncuunikal Tədris-Cərrahiyyə Klinikası kollektivimizə bu il sentyabr ayının 12-də hədiyyə edilmişdir. Regionda və MDB ölkələrində analoqu olmayan bu əzəmətli klinikanın açılışında ölkə Prezidenti cənab İlham Əliyev və onun xanımı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak edərək kollektivimizə, bütün səhiyyə işçilərinə, tələbə  gənclərimizə öz xoş arzularını yetirdilər. Bu qayğıdan ruhlanan kollektivimiz həm üzümüzə gələn yeni ildə, həm də sonrakı illərdə daha böyük ruh yüksəkliyi  ilə  fəaliyyət göstərəcəyinə, tibb təhsilinin keyfiyyətini daha da yüksəldəcəyinə, xalqımızın sağlamlığı keşiyində möhkəm dayanacağına əminlik yaradır. Heç bir tərəddüdsüz və fəxrlə deyə bilərik ki, yola saldığımız 2013-cü ilin ən böyük tarixi hadisəsi bu ilin oktyabrın  9-da ölkə prezidenti  seçkilərində Azərbaycan xalqının cənab İlham Əliyevə yenidən göstərdiyi möhkəm iradənin, məhəbbət və rəğbət hissinin parlaq nümayişi oldu. Bu isə dahi Heydər Əliyev ideyalarının daim yaşayacağının əyani təzahürü deməkdir. Bugünkü fürsətdən istifadə edərək möhtərəm Prezidentimiz İlham Əliyev başda olmaqla xalqımızı, millətimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramı və Yeni ilin  mübarək gəlişi münasibətilə Azərbaycan Tibb Universitetinin kollektivi adından, eləcə də öz adımdan səmimi qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, səadət, xoşbəxtlik arzulayıram.

 

Əhliman ƏMİRASLANOV,

Azərbaycan Tibb Universitetinin rektoru,

akademik, Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2013.- 31 dekabr.- S.4.