2014-cü il firavan

ölkədə xoşbəxt gələcək

 

Daha bir il tarixə qovuşdu. Məhz belə bir məqamda, tarixə qovuşan bu zaman çərçivəsində bizim üçün nəyin daha əlamətdar olduğunu aydınlaşdırır, yaşadığımız bu ili rəmzi olaraq yekunlaşdırır və gələcək haqqında düşünürük. Axı, növbəti ildə necə yaşayacağımız əksər hallarda başa vurduğumuz illərdə gördüyümüz işlərdən daha çox asılı olur.

Hər birimiz üçün bu il müxtəlif cəhətlərdən qiymətli olub. Amma başlıcası odur ki, müstəqillik ideallarını gerçəkləşdirməkdə davam edən Azərbaycan öz gələcəyini ləyaqətlə və qürurla qarşılayır.

Bu gün müxtəlif zümrələrdən olan insanları xoş sabaha olan inam, Azərbaycan adlı böyük bir ailənin üzvü olmaq məsuliyyəti birləşdirir. Biz son 20 ildə müstəqil ölkəmizin tərəqqisi və inkişafı yolunda  görülmüş müstəsna işlərdən, bu günün verdiyi imkanlardan çıxış edərək, gələcək planlarımızın sərhədlərini genişləndiririk...

Baxın, 22 il əvvəl Azərbaycanın dövlət müstəqilliyi bizə  şirin bir xəyal kimi görünürdü. Amma 22 ildən artıqdır ki, müstəqil, azad Azərbaycan həyatımızın, dünya tarixinin gerçək faktına çevrilib. 21 il əvvəl Azərbaycanın müstəqil ölkə kimi necə yaşayacağı çoxlarının düşüncəsində narahat suallar doğururdu. Azərbaycan isə ildən-ilə nəinki regionun, bütün dünyanın sürətlə inkişaf edən, tərəqqi tapan bir dövlətinə çevrilib. Bu, siyasət üçün, iqtisadiyyat üçün, bütövlükdə hər birimiz üçün çox böyük əhəmiyyət daşıyan  faktdır. Nəhayət ki, biz bütöv bir xalq olaraq tarixin verdiyi fürsətdən yararlanıb, ulu öndər Heydər Əliyevin və müasir zəmanənin lideri Prezident İlham Əliyevin misilsiz dövlət quruculuğu və idarəçilik diplomatiyaları sayəsində milli kimliyimizi, müstəqil yaşamaq haqqına sahib olduğumuzu və bu dünyanın siyasət müstəvisində yer tutmağa layiq olduğumuzu sübut edə bildik. Adımızı, ünvanımızı, milli-mənəvi dəyərlərimizlə birlikdə qlobal dünyanın siyasi atlasına əbədi həkk edə bildik.

Buna həm də bizim azərbaycançılıq fəlsəfəsi üstündə qurulan və gündən-günə möhkəmlənən həmrəyliyimiz, birliyimiz öz müstəsna töhfəsini verdi. Biz bir xalq olaraq yaxşı başa düşürük ki, ölkənin ləyaqəti nəyin bahasına başa gəlir və necə yüksək qiymətləndirilir. Bunu unutmamalı və bilməliyik ki, hələ bizi qarşıda çox böyük işlər gözləyir və onları yalnız birlikdə həyata keçirmək iqtidarındayıq. Bax, onda biz uşaqlarımızın və qocalarımızın gələcəyindən arxayın ola bilərik. Belə məqamda bir gerçəyi də unutmaq olmaz ki, biz bütün uğurlarımızla yanaşı, səhvlərimizi də onlara miras qoyuruq.

Azərbaycan üçün bu il həm ölkə daxilində, həm də xarici siyasətdə çox uğurlu il oldu. Bu ilin tarixə qovuşan hər günü bizi ümummilli lider Heydər Əliyev strateji xəttinin bələdlədiyi hədəflərə daha da yaxınlaşdırdı. Bunun üçün biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında çox gördük və müstəqilliyimizin iqtisadi təməlinin möhkəmləndirilməsi istiqamətində bir çox nailiyyətlərə imza atdıq. Bunlar təkcə iqtisadi inkişaf tempinin qorunmasına deyil, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına da öz töhfələrini verdi.

Dövlət başçısının hakimiyyətin səmərəliliyinin, onun xalq qarşısında məsuliyyətinin artırılması və açıq cəmiyyətin formalaşdırılması istiqamətində qəbul etdiyi qərarlar öz gerçək nəticələrini verməyə başlamışdır. Ölkənin iqtisadi potensialı ilə yanaşı, müdafiə potensialı və imkanları da artmışdır. Azərbaycan Prezidentinin prioritet elan etdiyi insanın intellektual və mənəvi inkişafı ilə bağlı bir çox  layihələr reallaşdırılmışdır. Bununla dövlətin daxili siyasətinin əsasını təşkil edən - hər bir insanın həyat şəraitinin yaxşılaşdırılması Azərbaycanın inkişafıdır,  xəttinə əməl olunmuşdur. Bütün bunlarPrezidentimizin yürütdüyü xarici siyasət strategiyası Azərbaycana beynəlxalq müstəvidə daha hörmətlə yanaşmağa, bu müstəvidə  bizimlə regionun şəriksiz lideri kimi hesablaşmağa imkan vermişdir.

...Yeni il artıq çoxdan Azərbaycanda da ən əziz, ən səmimi, ən sevimli bayramlardan birinə çevrilmişdir. Adətən deyirlər ki, Yeni ildə insanlar arzularına qovuşur. Xalqımızın bu gün  ən böyük arzularından biri gözəl Qarabağa, o əsrarəngiz doğma yurd yerimizə qovuşmaqdır. Tanrı bizi elə qarşıladığımız 2014-cü ildə bu istəyimizə qovuşdursun. Biz buna çox ümidliyik.

Yaşlı nəslə hörmət və qayğı istənilən cəmiyyətin yetkinliyininmüdrikliyinin nişanəsidir. Bəli, yaşlı nəslə qayğı və diqqət dövlətin vəzifəsidir, ancaq bu, onların yaxınlarının səmimiyyətini və istisini əvəz edə bilməz. Bütün xalqımızdan, xüsusilə yeni nəslin nümayəndələrindən ricam odur ki, bizim, sizin gələcəyinizi mümkün edən, gerçək edən insanları-ataları, anaları, babaları və nənələri unutmayın. Onlardan mehribanisti münasibətinizi, nəvazişinizi əsirgəməyin. Bu, Allaha da xoş gedər.

Yeni ili qarşılamağın çox nəcib ənənələri varyeni il bayramında bir-birimizə hədiyyələr veririk. Gəlin bu bayram günündə yaxınlarımıza, dostlarımıza ən qiymətli, ən əziz olanı - diqqət və qayğımızı, sevgimizi hədiyyə edək. İstərdim xalqımızın hər bir nümayəndəsinin xoş niyyətlə qurduğu planları və nəcib arzuları həyata keçsin. Hər birimizin işləri uğurlu olsun. Çünki bizim həyatımız, ölkənin, Azərbaycanımızın taleyi ümumilikdə bu işlərin cəmindən formalaşır.

Bütün xalqımıza sağlam həyat arzulayıram, çünki sağlamlıq yaşayıb-yaratmağın əsas şərtidir. Arzularınız tükənməsin, çünki onlar insana yaşamağayaratmağa stimul verir.

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

 

Xalq qəzeti.- 2013.- 31 dekabr.- S.6.