AZƏRBAYCAN:
sosial-iqtisadi
transformasiyanın
reallıqları və perspektivləri
2013-cü ilin sosial-iqtisadi mənzərəsi növbəti ilin də mühüm nailiyyətlərlə yadda qalacağından, Azərbaycanın ən yeni tarixinə dinamik inkişaf mərhələsi kimi yazılacağından xəbər verir. Cari ilin sosial-iqtisadi inkişafının ilkin yekunlarının təhlili göstərir ki, respublikamızda həyatın bütün sahələrində nəzərə çarpan dinamik inkişaf dönməzdir və ölkəmiz regional iqtisadi güc mərkəzi statusunu tam təmin etmişdir. Sözsüz ki, uğurların həlledici amili Azərbaycan dövlətinin inamla həyata keçirdiyi düzgün inkişaf strategiyasıdır. Məhz elə buna görə də 2013-cü ilin 9 oktyabr seçkiləri ümumxalq dəstəyi ilə müşayiət olundu və cənab İlham Əliyev yenidən ölkə Prezidenti seçildi.
Seçkilərdən
söz düşmüşkən bir məqamı xüsusi
vurğulamaq istərdim. Belə ki,
hər bir ölkənin tarixində mühüm rol oynayan, onun gələcək
inkişaf yolunu müəyyənləşdirən prezident
seçkilərində xalq
öz taleyini inandığı, etibar etdiyi şəxsə
bağlayır. Bu mənada Azərbaycan seçicilərinin
mütləq əksəriyyətinin 9 oktyabrda yenə tərəddüd
etmədən cənab İlham Əliyevi dəstəkləməsi
ölkəmizin keçdiyi sürətli inkişaf yolunun məntiqi
nəticəsidir. Azərbaycanın dünəni, bugünü
və sabahına sonsuz, sarsılmaz sədaqət - bu, cənab
İlham Əliyev şəxsiyyətini hər kəsə
sevdirən mühüm faktordur. Məhz əksəriyyət
tərəfindən qəbul edilmək, geniş siyasi spektrin
inamını qazanmaq və elektorat dəstəyə malik olmaq
kimi keyfiyyətlərin politoloji bir mənanı ehtiva etdiyini nəzərə
alsaq, cənab İlham Əliyevin yeni prezidentlik dönəmində
də böyük nailiyyətlər əldə edəcəyini
qətiyyətlə bəyan edə bilərik.
Prezident İlham
Əliyevin həmin seçkilərin
ilkin nəticələri ilə bağlı Azərbaycan
xalqına müraciətini bu gün də yaxşı
xatırlayıram: “Mənə böyük etimad göstərmiş,
yenidən prezident vəzifəsinə seçmiş doğma
xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək
istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə
xidmət edəcəyəm, daim Azərbaycanın dövlət
maraqlarını müdafiə edəcəyəm...”.
Cənab İlham
Əliyev müraciətində ötən 10 ildə
bütün sahələrdə uğurlar əldə
olunmasını belə diqqətə çatdırır. “Mən
çox fəxr edirəm ki, son illər ərzində
bütün təşəbbüslərim reallığa
çevrilibdir. On il bundan əvvəl - 2003-cü ildə xalqa
elan etmişdim və bəyan etmişdim ki, əgər mənə
etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə
sadiq qalacağam. Son on il ərzində bu siyasətə sadiq
qalaraq Azərbaycanın inkişafı, Azərbaycanın tərəqqisi
üçün çox böyük işlər
görülmüşdür. Müstəqilliyimiz dönməzdir,
sarsılmazdır.
Bu illər ərzində
müstəqil siyasətimiz istənilən sahədə
özünü göstərmişdir. Biz öz milli
maraqlarımızı lazımi səviyyədə müdafiə
edə bilərik, müdafiə edirik, edəcəyik. Mənim
üçün Azərbaycan xalqının, Azərbaycan
dövlətinin maraqları ən birinci yerdədir. Bu
maraqların müdafiə edilməsi üçün xalqla
iqtidar arasındakı birlik əsas şərtdir. Mən
bütün addımlarımda xalqın dəstəyini hiss
edirdim, bu dəstəyə güvənirdim. Əgər bu dəstək
olmasaydı, biz heç bir işi görə bilməzdik. Məhz
xalqla iqtidar arasındakı birlik, vəhdət Azərbaycanı
fərqləndirən amillərdən biridir...".
Bəli,
bu ilki seçkilərdə böyük səs
çoxluğu ilə cənab İlham Əliyevə göstərilən
etimad həm görülən işlərə verilən qiymət, həm də Azərbaycanın gələcək
inkişafı ilə bağlı xalqın arzu və istəklərinin
ifadəsidir.
Ötən 10 ilin uğurları
Prezident İlham
Əliyevin rəhbərliyi ilə
son on ildə Azərbaycanda əldə
edilən sosial-iqtisadi
uğurların əsasında dahi Heydər Əliyevin
siyasi kursu dayanır. Dövlət başçımız
ölkəyə rəhbərliyə başladığı
2003-cü ilin oktyabrından daim ulu öndərin siyasi kursuna sədaqətini
nümayiş etdirmiş, xalqın etimadını əməli
fəaliyyəti ilə doğrultmuşdur. Xalqımız və
müstəqil dövlətimiz üçün alternativsiz
olan bu siyasi kurs dövlət başçısının
uğurlu fəaliyyətini
şərtləndirən başlıca amildir.
Hazırda
iqtisadiyyatın dinamik
inkişafı,
görünməmiş yüksəliş, tərəqqi Azərbaycanın şəhər
və kəndlərinin simasını dəyişir, insanların həyat tərzini yeniləşdirir.
Geniş miqyaslı dövlət proqramları uğurla həyata keçirilir, xalqımızı
düşündürən sosial-iqtisadi problemlər həll
edilir. İstehsal və sosial infrastruktur obyektləri
yaradılır, yeni iş yerləri açılır. Təhsilə,
elmə, mədəniyyətə, səhiyyəyə, idmana
dövlət qayğısı artır. Aqrar sahədə
müsbət dinamika davamlı xarakter alır.
Ölkəmizin
dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir.
Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin
möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi
sistemində mühüm yer tutması onun dünya birliyində
nüfuzunu artırır. Dövlətimizin beynəlxalq
mövqelərinin daha da güclənməsi ölkəmizin
inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan
münaqişəsinin beynəlxalq hüquq prinsipləri və
normaları, xüsusən onların arasında təməl
prinsipi olan dövlətlərin ərazi bütövlüyü
əsasında sülh yolu ilə həll edilməsinə yeni
imkanlar açır.
Sözügedən
dövrün sosial-iqtisadi göstəricilərinə diqqət
yetirək. Ümumi daxili məhsul dinamikası son on ildə
ölkə iqtisadiyyatının 7 dəfədən çox
artdığını göstərir. 2003-2008-ci illərdəki
artıma səbəb neft sektorunda baş verən intensiv
hasilat idisə, 2008-2013-cü illərdə ÜDM-in artımında qeyri-neft sektoru
aparıcı rol oynamış və 2010-cu ildən etibarən
neft sektorundakı azalmaya baxmayaraq,
ölkə iqtisadiyyatı artım tempini qoruya
bilmişdir.
2003-2013-cü illərdə
qeyri-neft sektorunda məhsul istehsalı üç dəfədən
çox artmışdır. Azərbaycan bu
müddətdə milli iqtisadiyyatın artım tempinə
görə dünyada lider dövlətlərdən biri
olmuşdur. 2003-cü ildə adambaşına düşən
ÜDM 3 min 150 dollar idisə, bu
rəqəmin cari ilin sonuna qədər
11 min dollara çatması gözlənilir. Həmin göstərici ilə Azərbaycan
son 10 ildə dünya reytinqində 100 pillə irəliləyərək
orta gəlirli ölkələr sırasına daxil
olmuşdur. Bu dövrdə respublikanın tədiyyə balansı 2
milyardlıq defisitdən 15 milyard profisitə qədər
yüksəlmişdir.
Azərbaycanın son
on ildə strateji valyuta ehtiyatları 29 dəfə artaraq 50
milyard dollara çatmışdır. İşsizlik səviyyəsi
5,1 faizə endirilmişdir. Yoxsulluq 8 dəfə azalaraq 6 faizə
enmişdir. 3 milyon insan yoxsulluq səviyyəsindən azad
olmuşdur. Hazırda Azərbaycan yoxsulluğun səviyyəsi
ən aşağı olan 20 ölkədən biridir. Dünya
Bankının məlumatına görə, milli gəlirin ədalətli
bölgüsünə əsasən, respublikamız dünyada
ilk 25-ci sırada qərarlaşmışdır. Eyni zamanda,
ölkəmiz makroiqtisadi sabitliyə görə, dünyada 148
dövlət arasında ilk səkkizlikdədir.
Ötən
illər ərzində iqtisadiyyatın şaxələndirilməsi,
qeyri-neft sektorunun inkişafına önəm verilməsi, bu
sahədə ixrac potensialının
gücləndirilməsinin
nəticəsidir ki, 2003-cü ildə 1218 adda məhsul
ixrac edilirdisə, bu ilin ötən
aylarında 2273 adda məhsul
ixrac olunmuşdur. Son 10
ildə kənd təsərrüfatı və emalı məhsullarının
ixracı 9,4 dəfə, sənaye məhsullarının
ixracı isə 4,8 dəfə artmışdır.
Azərbaycanın bu
gün xarici dövlət borcu ÜDM-in 8,3 faizini təşkil edir və strateji
valyuta ehtiyatları xarici dövlət borcundan təxminən
10 dəfə çoxdur. Təsadüfi deyil ki, Dünya
İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti
İndeksi- 2013-2014" hesabatına əsasən, Azərbaycan
148 ölkə arasında 39-cu yerə yüksəlmiş və
ardıcıl 5 ildir ki, MDB ölkələri arasında
liderliyini qoruyur. Nüfuzlu beynəlxalq reytinq agentlikləri
”Standart & Poor’s", “Fitch Ratings” və “Moody’s” iqtisadi və
maliyyə böhranı illərində Azərbaycanın
reytinqlərini yüksəldərək investisiya səviyyəsində
dəyərləndirmişdir.
Biznes və investisiya mühiti getdikcə yaxşılaşır
Ötən
on ildə biznes və investisiya
mühitinin daha da yaxşılaşdırılması,
qanunvericiliyin təkmilləşdirilməsi,
stimullaşdırıcı şərtlərin və vergi
güzəştlərinin tətbiqi, sahibkarlığa
dövlət dəstəyinin genişləndirilməsi
regionların inkişafına öz töhfəsini
vermişdir. Sahibkarlara göstərilən xidmətlərin
elektronlaşdırılması və bu xidmətlərə
görə dövlət rüsumlarının və ödənişlərin
“online” rejimində elektron qaydada həyata keçirilməsi vaxt
itkisinin və əlavə xərclərin
qarşısını almışdır.
Hazırda Azərbaycanda
sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi
modellərinin—xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin
və biznes inkubatorların tətbiqi sahəsində
müvafiq tədbirlər həyata keçirilir. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq
strukturlarının yaradılmasının məqsədəuyğun
istiqamətləndirilməsi və
stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan
yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin
təklifinin sabit artımına dövlət tərəfindən
müvafiq şərait
yaradılmışdır. Ötən illərdə vergi
yükünün azaldılması və vergi
prosedurlarının asanlaşdırılması, dövlət
qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrində “bir pəncərə”
prinsipinin tətbiqi, sahibkarlıq subyektlərinə
güzəştli kreditlərin verilməsi özəl sektorun
inkişafını daha da sürətləndirmişdir.
Bu ilin ötən
dövrü ərzində Sahibkarlığa Kömək Milli
Fondunun vəsaitləri hesabına respublika üzrə
sahibkarlıq subyektlərinin 3935 investisiya layihəsinin maliyyələşdirilməsinə
263,6 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər
hesabına 11 mindən çox yeni iş yerinin
yaradılması nəzərdə tutulur.
Hazırda ÜDM-də
özəl sektorun payı durmadan aqrtır. Bu, artıq
geniş sahibkar təbəqəsinin formalaşması deməkdir. Məhz
elə bunun nəticəsidir ki, “Doing Business” hesabatında Azərbaycan
biznes mühitinin yaxşılaşdırılması sahəsində
ən islahatçı ölkə elan edilmiş, hesabatda
davamlı olaraq öz mövqelərini qorumuşdur.
Cənab İlham
Əliyev tərəfindən ölkəmizin davamlı
inkişafında, ictimai-siyasi və makroiqtisadi sabitliyin təmin
olunmasında, sosial məsələlərin həllində
özəl bölmənin roluna mühüm önəm
verilir. Son on ildə Azərbaycanda sahibkarlıq
fəaliyyətini tənzimləyən prosedur və
qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması,
sahibkarlığa dövlət maliyyə yardımı
mexanizmlərinin təkmilləşdirilməsi, ölkədə
ixrac rüsumlarının ləğvi özəl sektorun
yüksəliş tempini daha çevik etmişdir. Buna misal olaraq deyə bilərik ki, yerli
sahibkarlığın inkişaf etdirilməsi, onların
birbaşa vergi yükünün azaldılması məqsədi
ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi
22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir
vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi
sahibkarlar üçün isə 35 faizdən 20 faizə
endirilmiş, bir sıra fəaliyyət növləri
üçün xüsusi razılıq (lisenziya)
alınmasına görə dövlət rüsumunun məbləği
azaldılmışdır.
Sahibkarların
hüquqlarının müdafiəsi və əsassız
müdaxilələrin aradan qaldırılması istiqamətində
bu gün də mühüm tədbirlər həyata
keçirilir. “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının 2013-cü il 2 iyul tarixli qanunu bunun bariz
ifadəsidir. Bu qanunla Konstitusiyanın müvafiq
bəndlərinə uyğun olaraq, sahibkarlıq sahəsində
aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili
və aparılması qaydaları, yoxlamalar zamanı
yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin
hüquq və vəzifələri, sahibkarların hüquq və
maraqlarının müdafiəsi ilə bağlı tələblər
müəyyənləşdirilir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev andiçmə
mərasimində demişdir: “Son on il ərzində
sahibkarlığın inkişafı ilə bağlı
böyük addımlar atılmışdır. On ildə bir
milyard manat dəyərində güzəştli kreditlər
verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna yönəldilmişdir
və iş yerlərinin açılması, yerli
istehsalın artırılması, idxaldan
asılılığın azaldılması məqsədləri
güdülmüşdür. Belə olan halda
sahibkarlığın inkişafının, orta təbəqənin
yaradılmasının, yoxsulluğun azaldılmasının -
bütün bu məsələlərin təməlində
bizim düşünülmüş iqtisadi siyasətimiz və
siyasi xəttimiz dayanır.
Beləliklə,
ölkə iqtisadiyyatının şaxələndirilməsi
istiqamətində hesab edirəm ki, on il ərzində
çox böyük addımlar atılmışdır və
bu siyasət davam etdiriləcəkdir. Son on il ərzində Azərbaycan
bizim üçün yeni olan sahələrə investisiya
qoymağa başlamışdır. Azərbaycan kosmik dövlətlərin
sırasına daxil edilmişdir. Bəlkə on il bundan əvvəl
bu barədə danışmağa belə heç kimin fikri
yox idi. Ancaq bu gün bu reallıq onu göstərir ki, siyasi
iradə, peşəkar kadrlar və düzgün iqtisadi siyasət
olan yerdə istənilən məsələ öz həllini
tapa bilər".
Proqnozlar ölkə iqtisadiyyatının
gələcək uğurlarından xəbər verir
Beynəlxalq
Valyuta Fondu (BVF) 2013-2017-ci illərdə Azərbaycan iqtisadiyyatının
orta hesabla ildə 5,1 faiz, o
cümlədən, qeyri-neft sektorunun illik 8 faiz
artacağını proqozlaşdırır. Ölkə
iqtisadiyyatının növbəti dörd ili
üçün hökumətin makroiqtisadi proqnozu ilə
dünyanın ən önəmli maliyyə qurumu hesab edilən BVF-nin gözləntilərinin
təxminən üst-üstə düşməsi
proqnozların reallığa söykəndiyini deməyə əsas
verir.
Növbəti illərdə
qeyri-neft sektorunda artımın təmin edilməsi
üçün əsas məsələ
iqtisadiyyatın diversifikasiyasıdır. Bu məqsədlə
artıq bir sıra addımlar atılmaqdadır. Belə ki, müxtəlif iqtisadi sektorları əhatə
edən dövlət proqramlarının qəbul edilməsi,
vergi siyasətinin yumşaldılması, texnoparkların
yaradılması, sahibkarlığa kənar və subyektiv
müdaxilənin qarşısının alınması məqsədilə
qanunun qəbul edilməsi, rəqabət məcəlləsinin
hazırlanması 2014-cü ilin büdcəsində
subsidiya üçün nəzərdə tutulan məbləğin
2013-cü illə müqayisədə təxminən iki dəfə
artırılması, Mərkəzi Bankın daha loyal maliyyə-kredit
siyasəti yürüdəcəyi ilə bağlı
açıqlamaları və bütün bunlarla
yanaşı, növbəti illərdə də ölkədə
infrastrukturun müasirləşdirilməsi istiqamətində
dövlət siyasətinin davam etdiriləcəyi ilə
bağlı rəsmi mövqe qeyd etdiyimiz addımlar
sırasındadır. Bütün bunların fonunda tam əminliklə
demək olar ki, 2017-ci il üçün nəzərdə
tutulan iqtisadi hədəflərə nail olmaq
mümkündür.
Yuxarıda
xatırlatdığımız iqtisadi artım fonunda
2014-2017-ci illərdə əhalinin gəlirləri, orta
aylıq əməkhaqları da artacaq. Nəticədə
növbəti dörd ildə əhalinin gəlirləri orta
hesabla illik 4-7 faiz artaraq 2017-ci ildə təxminən 56 milyard
manata qədər yüksələcək. Eyni zamanda, nəzərə
alaq ki, 2013-cü il üçün əhalinin gəlirlərinin
ÜDM-dəki xüsusi çəkisi təxminən 70,1 faiz
proqnozlaşdırıldığı halda, 2017-ci ildə bu
göstəriçi 83,2 faizədək yüksələcək.
Bunu şərtləndirən əsas amil isə
növbəti illərdə qeyri-neft sektorunun ölkə
iqtisadiyyatında öz yerini möhkəmləndirməsi
olacaq. Çünki neft sektorunda calışanlarla müqayisədə
qeyri-neft sektorunda məşğul əhalinin təxminən 40
dəfə artıq olması bu sahədəki inkişafın
əhalinin daha böyük kəsiminin həyat şəraitinin
yüksəlməsini və gəlirlərinin artmasını
təmin edəcək. Bu müddət ərzində orta
aylıq əmək haqqının da təxminən 41 faiz
artaraq 618 manata çatması gözlənilir.
Proqnozlardan o nəticəni
çıxarmaq mümkündür ki, yaxın gələcəkdə
kənd təsərrüfatı, İKT, turizm kimi sektorlar daha
cox diqqət mərkəzində saxlanılacaq və bu sahələrdə
davamlı inkişaf təmin
ediləcək. Bütün bunlarla yanaşı, xüsusi
texnoparklar yaratmaqla daha cox elm tutumlu və rəqabətə
davamlı sənayenin də formalaşdırılması
istiqamətində işlər davam etdiriləcək. Beləlikə,
Azərbaycana məxsus brendlərin dünya bazarlarına maneəsiz
çıxışının təmin edilməsi
reallaşacaq.
İqtisadi proqnozlara
görə, 2014-cü ildə neft sektoru üzrə ÜDM 1,5
faiz azalacaq, qeyri-neft sektoru üzrə 10 faiz artacaqdır.
Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61,5
faiz, özəl sektorun ÜDM-də payı isə 83,2 faiz səviyyəsində
proqnozlaşdırılır.
2014-cü ildə iqtisadiyyata 18,4 milyard manat və ya 2,9
faiz çox investisiyaların yönəldilməsi gözlənilir.
Bu həcmin 9,7 milyard manatı və ya 52,7 faizi dövlət
investisiyalarının payına düşür. Bundan əlavə,
gələn il 30,7 milyard dollar həcmində mal ixracı və
11,5 milyard dollarlıq idxal proqnozlaşdırılır.
Ortamüddətli proqnozlara görə, 2015-ci ildə iqtisadi artım 5,8 faiz, 2016-cı ildə 4,8 faiz və 2017-ci ildə 6 faiz səviyyəsində gözlənilir. Eyni zamanda, 2015-ci ildə neft sektorunda 2,1 faizlik artım, 2016-cı ildə 3,2 faizlik azalma, 2017-ci ildə isə 1,5 faizlik artım proqnozlaşdırılır. Qeyri-neft sektoru üzrə iqtisadi artım 2015-ci ildə 8,1 faiz, 2016-cı ildə 8,6 faiz, 2017-ci ildə isə 7,8 faiz səviyyəsində gözlənilir.
Azərbaycan Avropanın enerji
təhlükəsizliyində əsas tərəfdaşdır
Avropanın enerji təminatında
ölkəmizin xüsusi çəkisi və strateji əhəmiyyəti
getdikcə yüksəlir. Artıq Azərbaycanın
iştirakı olmadan regionda hər hansı bir infrastruktur layihəsinin
reallaşdırılması mümkünsüzdür.
Çox mühüm coğrafi mövqedə yerləşən
respublikamız regionda əsas enerji resurslarına malikdir. Bundan
başqa, ölkəmiz Asiya ilə Avropa arasında həm də
təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal
əməkdaşlığa daha böyük maraq olduğu bir
dövrdə nəqliyyat, təhlükəsiz enerji dəhlizləri
daha çox əhəmiyyət daşımağa
başlayır. Azərbaycan yalnız enerji
daşıyıcılarının tranziti üçün təhlükəsiz
ölkə deyil, eyni zamanda, bunları hasil edən dövlətdir
və bizim nəhəng qaz potensialımız mövcuddur.
Neftin və qazın
irihəcmli nəqlini və xarici bazarlara ixracını təmin
etmək məqsədilə çoxşaxəli boru kəməri
infrastrukturu yaradılmışdır. Yeni neft
strategiyasının həyata keçirilməsinin ilk illərində
Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərlərinin
yenidən qurulması, daha sonra neftin və qazın etibarlı
və irimiqyaslı ixracını təmin etmək məqsədilə
Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft
və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz ixrac boru kəmərlərinin
tikilərək istifadəyə verilməsi Azərbaycanın
zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına
çatdırılmasında önəmli rol
oynamışdır. Xəzər dənizi ilə Aralıq dənizini
birləşdirən bu yeni enerji dəhlizi ölkənin tranzit
potensialının daha da güclənməsinə əlverişli
şərait yaradır.
Bakı-Tbilisi-Ərzurum
qaz kəmərinin fəaliyyətə başlaması ilə
respublikamız Qərbin mühüm qaz
ixracatçısına və qlobal enerji təhlükəsizliyinin
təminatçılarından birinə çevrilmişdir.
“Şahdəniz” yatağında qazın istismarının
genişlənməsi isə ölkənin daxili tələbatını
tam ödəməklə
yanaşı, beynəlxalq bazarlara da daşınmasını
təmin edəcəkdir. Bu, dövlətimizin iqtisadi qüdrətinin
durmadan artmasının bariz nümunəsidir. Hazırda respublikada hasil olunan təbii
qazın əsas hissəsi Xəzərin Azərbaycan sektorunda
yerləşən yuxarıda adını çəkdiyimiz
“Şahdəniz” strukturundan əldə edilir. Müstəqil Azərbaycanın
tarixində ilk dəfə olaraq iri qaz-kondensat yatağı
sayılan “Şahdəniz” 1999-cu ildə kəşf
olunmuşdur. Xarici tərəfdaşlarla birlikdə işlənilən
“Şahdəniz” yatağı dəniz akvatoriyalarında ən
iri qaz-kondensat yataqlarından hesab edilir. Yatağın
ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq
kondensat həcmində qiymətləndirilir. “Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsi
çərçivəsində hasil olunan qaza “Cənub qaz dəhlizi”
layihəsi üçün əsas mənbə kimi
baxılır. “Şahdəniz-2" layihəsi üzrə qazın
ixracına 2017-ci ildən başlanılması
planlaşdırılır.
Qeyd edək ki, 2015-ci
ildə ölkə üzrə neft hasilatının 50-55 milyon
tona, qaz hasilatının isə 30 milyard kubmetrə
çatacağı nəzərdə tutulur. Bu
isə regionun və Avropa İttifaqı ölkələrinin
enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın
rolunun qarşıdakı illərdə daha da artacağına
zəmanət verir. 2020-ci ilədək Avropanın enerji
istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizədək
hissəsinin idxal hesabına təmin ediləcəyi barədə
ekspert rəyləri fonunda Azərbaycanın təbii
qazının bu bazarlara nəqli böyük əhəmiyyət
kəsb edir.
Prezident İlham
Əliyev demişdir: “Şahdəniz-2”
layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər
bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən
ayrılmazdır. “Şahdəniz” layihəsinin
imzalandığı 1990-cı illərdə bu, belə
deyildi. Bu gün isə bu, artıq reallıqdır. Enerji təhlükəsizliyinin
əsas elementlərindən biri təbii qazdır. Hazırda vəziyyət
belədir və zənnimcə, növbəti illərdə
heç bir dəyişiklik baş verməyəcəkdir. Bu səbəbdən enerji təhlükəsizliyi və
enerjinin şaxələndirilməsi Azərbaycan kimi
istehsalçı ölkə, həmçinin tranzit və
istehlakçı ölkələr üçün eyni dərəcədə
vacibdir. Əminəm ki, biz istehsalçı, tranzit və
istehlakçı ölkələrin maraqlarının
düzgün balansına birlikdə nail ola biləcəyik.
Hamımız üçün faydalı əməkdaşlıq
formatı yaradılacaqdır...”.
Hazırda Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynayan bir ölkəyə
çevrilmişdir. “Şahdəniz-2” enerji layihəsinin
reallaşdırılması isə birbaşa xarici sərmayə
baxımından ən böyük layihə olacaqdır. Bu, Azərbaycanda
əlavə 10 min iş yerinin açılması deməkdir.
Ölkəmizdən kənarda isə
daha 20 min yeni iş yeri açılacaqdır.
* * *
Azərbaycan Prezidenti
İlham Əliyevin təsdiq etdiyi
“Azərbaycan-2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasında nəzərdə
tutulmuş tədbirlərin icrası nəticəsində
2020-ci ilədək ölkədə adambaşına
düşən ÜDM-in həcminin iki dəfədən
çox artaraq 13 min ABŞ dollarına
çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın
Dünya Bankının adambaşına düşən
ümumi milli gəlir təsnifatına görə “yuxarı
orta gəlirli ölkələr”, habelə BMT İnkişaf Proqramının
insan inkişafı ilə bağlı təsnifatına
görə “yüksək insan inkişafı ölkələri”
qrupunda üstün mövqelərə yüksəlməsi hədəflənir.
Respublikanın beynəlxalq iqtisadi münasibətlər
sistemində yüksək rəqabət qabiliyyətinə
malik ölkəyə çevrilməsi də qarşıya
qoyulmuş əsas vəzifələrdən biridir. Bu məqsədlə
respublikanın regionun ticarət mərkəzinə
çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına
düşən ixrac həcminin 1000 ABŞ dollarına
çatdırılması proqnozlaşdırılır.
2020-ci ilədək
inflyasiyanın məqbul səviyyədə saxlanılması,
daha çevik məzənnə rejiminə keçidin təmin
olunması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi
tədbirlərinin həyata keçirilməsi nəzərdə
tutulur. Neft-qaz sektorunun, neft-kimya sənayesinin modernləşdirilməsi,
qeyri-neft sənayesinin şaxələndirilməsi, alternativ və
bərpa olunan enerji mənbələrindən istifadə
imkanlarının genişləndirilməsi, aqrar sektorun
inkişafı, ərzaq təhlükəsizliyinin təmini,
ticarət və xidmət növlərinin genişləndirilməsi,
xarici ticarətin, investisiyaların strukturunun təkmilləşdirilməsi
prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə
etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə
ÜDM-in orta illik artım tempinin 7 faizdən yüksək
olması hədəflənir.
Yuxarıda
sadalananları yekunlaşdırıb deyə bilərik ki,
ötən 10 il ərzində milli iqtisadiyyatda kəmiyyət
dəyişikliklərinin keyfiyyət müstəvisinə
keçirilməsi təmin edilmiş, respublikamız MDB məkanında
ilk dövlət olaraq iqtisadi sahədə keçid
dövrünü başa vurmuşdur. Azərbaycanın investisiya
və sosialyönümlü mahiyyət daşıyan milli
inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət
göstəricilərinin əldə olunması, qeyri-neft
sektorunun inkişafı yolu ilə regionların tarazlı və
davamlı inkişafının sürətləndirilməsi, əhalinin
sosial rifah halının daha da yaxşılaşdırılması,
faydalı məşğulluğunun təmin edilməsi, yeni
iş yerlərinin açılması üçün milli
sahibkarlığın hərtərəfli dəstəklənməsi
kimi vacib məsələləri özündə ehtiva
etmişdir. Yeni neft strategiyasının
uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr
üçün cəlbediciliyinin qorunması, milli
iqtisadiyyatın müxtəlif sferalarına yönələn
sərmayələrin qeyri-neft sektoruna, regionların
inkişafına doğru istiqamətləndirilməsi, “qara
qızıl”dan əldə olunan gəlirlərin
respublikada güclü insan kapitalının
formalaşdırılması məqsədlərinə yönəldilməsi
ölkəmizin regional lider kimi qarşıdakı illərdə
daha böyük uğurlara imza atacağından xəbər
verir.
Elşad ABBASOV, “Embawood”
şirkətinin prezidenti
Xalq qəzeti.- 2013.- 31 dekabr.- S.7.