Tarixdə izi və sözü olan fədakar alim

 

Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətin “Xalq qəzeti”nə müsahibəsi

 

Qədim əlyazmalar və daş kitabələr tarixçinin ən etibarlı bələdçisidir. Onlar səbirli tədqiqatçını həqiqətə, dəqiq və nadir tarixi mənbələrə doğru aparır. Ancaq bu çətin və əzablı yol insan ayağı dəyməyən yerlərdən, uçurumlu dağlardan, dərin dərələrdən, ot basmış orta əsr qəbiristanlıqlarından keçir. Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Məşədixanım Nemət 60 ildən çoxdur ki, bu çətin tədqiqat yollarındadır. Azərbaycanın ilk epiqrafçı alimlərindən olan bu fədakar insan daş kitabələri oxumaqla tariximizə, mədəniyyətimizə əvəzsiz töhfələr vermişdir. Epiqrafik sənədlərin toplanması nə qədər çətindirsə, o sənədlərin üzünün köçürülməsi və oxunması, şərh edilməsi də bir o qədər mürəkkəb və zəhmətli prosesdir.

 

Məşədixanım Nemət Azərbaycanın tarixi ərazisini qarış - qarış gəzərək ərəb qrafikasının müxtəlif xətləri ilə babalarımızın daşlara həkk etdikləri daş salnamələri vərəqləmiş, ölkənin iqtisadi-siyasi, sosial-mədəni, memarlıq, sənətşünaslıq, islam fəlsəfəsi problemlərinə dair yeni və dəqiq sənədlərlə tariximizi zənginləşdirmişdir. Görkəmli tədqiqatçı 2500-dən artıq epiqrafik abidəni toplayaraq onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. Bu elmi fəaliyyətin nəticəsi kimi 12 monoqrafiyanı, 200-dən çox elmi məqaləni və 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nu oxuculara təqdim etmişdir.

Məşədixanım Sədulla qızı Nemət (Nemətova) 1924-cü il yanvarın 5-də Bakının 2-ci Zabrat kəndində doğulub. 1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun (indiki BDU) şərqşünaslıq fakültəsini bitirib. Azərbaycan EA-nın Tarix İnstitutunun aspirantı olan M.Nemət 1954-cü ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.

90 illik yubileyini gələn il qeyd edəcəyimiz cəfakeş alimin uşaqlıq və gənclik illəri ağır, keşməkeşli bir dövrə təsadüf edir. Məşədixanımla söhbətə də o illərin kədərli xatirələrini vərəqləməklə başladıq...

- Əvvəlcə ondan başlayım ki, ermənilər babam Nemət kişini 1918-ci ildə qətlə yetiriblər. Şəhərdə qarışıqlıq başlayanda bizim ailə də Zabrat kəndindən Ləhiş bağlarına qaçıb. Həmin vaxt babam xəstə imiş. Minik tapa bilmədiklərinə və arvad-uşağı təhlükəyə atmaq istəmədiklərinə görə onu apara bilməyiblər. Səhəri gün axşam atam babamı aparmağa gələndə görüb ki, ermənilər kişini doğrayıblar. Onu elə gecə ikən kənd qəbiristanlığında dəfn edirlər...

Babamdan 300 başa yaxın qoyun - quzu, geniş əkin sahəsi qalmışdı. 1936-cı ildə kolxoz yaradılanda bütün malımızı, mülkümüzü əlimizdən aldılar. Sovet təbliğatına uyanlar bizə düşmən kimi baxır, təhqir edirdilər. Dözülməz vəziyyət yaranmışdı. 20 yaşlı qardaşımın ürəyi partladı, 3 ay keçməmiş anam öldü. Daha sonra bu müsibətlərə və haqsızlıqlara dözə bilməyən atam dünyasını dəyişdi. Böyük qardaşım Əlimuxtarın iki uşağı vardı. O, zavodda işləyir, ayda cəmi 200 rubl maaş alırdı. Atam öləndən sonra iki baçı və bir qardaşını da öz himayəsinə götürdü. Bu azmış kimi mən də məktəbdən ayrılmaq istəmirdim. 1938-1939-cu illərdə orta məktəbdə təhsil pullu idi, oxumaq üçün ildə 200 rubl ödəmək lazım idi.

Qardaşımın zavoddan aldığı maaş isə ailəmizin çörək puluna çatmırdı. Qonşumuz Pərixanımın köməyi ilə kəndimizin klubunda işə düzəldim. Onda 15 yaşım vardı və ayda 175 rubl əmək haqqı alırdım. Dərs qurtaran kimi qaça - qaça özümü işə çatdırırdım. Nə isə, yavaş - yavaş ailə vəziyyətimiz düzəlirdi. Ancaq bu xoşbəxtlik də uzun sürmədi, 1941-ci ildə müharibə başlandı və 31 yaşlı Əlimuxtarı da cəbhəyə apardılar. Qardaşımdan cəmi bir məktub aldım, axırı bu sözlərlə bitirdi: “Atam, qardaşım, bacım! Xanımı və uşaqları sənə tapşırıram!” Az sonra Əlimuxtar Stalinqrad döyüşlərində həlak oldu və 7 baş ailənin bütün ağırlığını mən çəkməli oldum. Kəndimizdəki klub bağlandığı üçün Maştağa qəsəbəsindəki tikiş fabrikində işə girdim. İki il də orada işlədim. Aldığım məvaciblə həm bacı - qardaşımı, həm də Əlimuxtarın ailəsini dolandırırdım.

Amma ali təhsil almaq həvəsi məni rahat buraxmırdı. Bir hadisə bu prosesi xeyli sürətləndirdi... Qardaşım arvadı Xanım məni özümdən 14 yaş böyük qohumumuza ərə vermək istəyirdi. Mən etiraz etdim, o da hirslənib məni evdən qovdu. Elə həmin il - 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olundum. Ancaq mən şərqşünaslıq fakültəsində oxumaq istəyirdim. Qış imtahan sessiyasında bu istəyim də reallaşdı: şərqşünaslıq fakültəsinin tələbələrinin böyük bir qismi imtahanlardan kəsilib qovulduqları üçün fakültədə bir neçə yer boşaldı və məni həmin boş yerlərdən birinə keçirdilər.

Tələbəlik illərimiz də çətin dövrə düşmüşdü. Universitetə qışda da əsgər remenindən hazırlanmış sürütmə ilə gedirdim. Yaxşı insanlara min rəhmət! Fakültəmizin dekanı professor Mübariz Əlizadə mənim katibə kimi işə qəbul olunmağıma kömək etdi. Aybaay aldığım 175 rubl məvacib əməlli - başlı əlimdən tutdu. Oxuduğuma və həm də işlədiyimə görə Zabrata gec çatırdım. Bir axşam kəndin itləri üstümə düşdü və qorxduğuma görə iki ay xəstə yatdım. Bunu eşidən Mübariz müəllim tələbə yataqxanasında mənə yer də aldı.

Fakültəmizin müəllimi Fazil Babayev Respublika Radio Verilişləri Komitəsinin fars şöbəsində tərcüməçi işləyirdi. Onun köməyi ilə orada makinaçı vəzifəsinə işə düzəldim. Aylıq məvacibim 170 rubldan 800 rubla qalxdı. 1948-ci ildə AMEA-nın Tarix İnstitutunun aspiranturasına daxil olandan sonra topladığım pulla ata evimizin bir otağını təmir etdirib Zabrata köçdüm.

— Epiqrafika tarix elminin ən çətin sahələrindən biridir. Bu sahədə çalışanlar qışın soyuğunda, yayın istisində ot basmış qəbiristanlıqlarında günlərlə tədqiqat aparmalı olurlar. Necə oldu ki, bu çətin sahəni seçdiniz?

Mənə bu sualı verənlər çox olub. Hətta rayonlarda deyirdilər ki, bu qədər oxumusan, bəs belə çətin sahəni niyə seçmisən? Heç yadımdan çıxmaz, hörmətli akademiklərimizdən biri - o, bizim şöbənin müdiri idi - mənim iş planımı imzalamırdı ki, mən buna razı ola bilmərəm, cavan gəlin xaylağı, düşəcəksən rayon-rayon, kənd-kənd köhnə qəbristanlıqlara, xarabalıqlara ki, iş bilmişəm, abidə öyrənirəm. Camaat da sənin tamaşana duracaq. Ərəb-fars dilini bilən üçün Bakıda o qədər rahat iş var ki. Sən də başını sal aşağı, işlə.

Mən isə dediyimdən dönmədim, “rahat işlə məşğul olanlar tapılacaq”, - dedim. Sonra da əhvalatı direktorumuz Əlövsət Quliyevə danışdım. Məni diqqətlə dinləyəndən sonra qətiyyətlə dedi: “Çox düz edirsən, - dedi. - Ancaq təkcə Şamaxıya yox, sən Azərbaycanın qədim tarixi ərazilərinə - Gürcüstana, Ermənistana, Dərbəndə getməlisən!” Allah Əlövsət müəllimə qəni-qəni rəhmət eləsin, mənə düzgün istiqamət verdi və mən həmin ərazilərdəki abidələri daha böyük diqqətlə öyrənməyə başladım.

Bu proses zamanı bir həqiqəti də başa düşdüm ki, bizim xalqın tarixinin böyük bir dövrünü heç bir orta əsr tarixçisi kitab kimi yazmasa da, xalq özü həmin tarixi daş lövhələrə həkk edib: abidələr üzərində kitabələr yazıb, bir sıra siyasi-iqtisadi məsələlərə, mədəniyyət tarixinə dair çox zəngin və dəyərli salnamələr yaradıb.

1968-ci ildə “Epiqrafik abidələr və onların Azərbaycanın ictimai-iqtisadi tarixinin öyrənilməsində əhəmiyyəti (XIV-XIX əsrlər)” adlı doktorluq dissertasiyasını müdafiə edib, tarix elmləri doktoru alimlik dərəcəsi alandan sonra həmkarlarımdan biri: “Doktor da oldun, indi nə edəcəksən?” - deyəndə cavab verdim ki, hələ görüləsi işlər çoxdur. Həqiqətən, tədqiqatı, elmi araşdırmaları vacib olan abidələr kifayət qədər idi və çox şadam ki, onların bir neçəsini “danışdıra” bildim, əsl tarixi həqiqətlərin üzə çıxmasına yardımçı oldum...

– Leninqradda nəşr edilən “Epiqrafika Vostoka” jurnalı 1967-ci ildə çıxan 18-ci nömrəsində yazırdı: “Məşədixanım Nemətovanın nəşr etdirdiyi kitabələr Azərbaycanın maddi və mənəvi mədəniyyəti, incəsənəti və bədii sənətkarlığı ilə məşğul olan tarixçilər tərəfindən böyük maraqla qarşılanır”. Doğrudanmı keçən əsrin 70-ci illərində zəngin ənənələri olan rus şərqşünaslıq elmi Sizi ciddi tədqiqatçı kimi qəbul edirdi?

– 1976-cı ildə Moskvada çapdan çıxmış “İstoriçeskaya ensiklopediya” kitabında professor V.A.Kraçkovskayanın məqaləsində son 200 ildə X.D.Fren, N.M.Xanıkov (Rusiya), M.Amari (İtaliya), O.Tixsen (Prussiya), F.Kodera (İspaniya), A.Şevçenko, Ş.Bosselar, R.Vasse (Fransa) və bir neçə sovet alimlərinin sırasında mənim də adım qeyd olunmuşdur. Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, onların arasında mənim kimi 2500 kitabəni oxuyub, elmin müxtəlif sahələrində tədqiqat aparan alim çox azdır. Mən 1948-ci ildən başlayaraq, Dərbənddən tutmuş İrəvana və Borçalıya qədər Azərbaycanın bütün tarixi ərazisini gəzmişəm, ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb-fars-türk dillərində olan kitabələri oxuyub tədqiq etmişəm.

Müxtəlif tarixi hadisələrdən söhbət açan daş salnamələrin hər biri - inşaat kitabələri, epitafiyalar, ictimai və dövlət sənədləri, xatirə abidələri bizə üzərində yaşadığımız torpağa vətəndaşlıq hüququ verməklə bərabər, həm də tariximizi orijinal məlumatlarla zənginləşdirir. Bir qədər obrazlı desək, epiqrafik sənədlər əsrlərin sədası, tarixi yaradanların maddi izləri və onların əlləri ilə daşlara həkk olunmuş Azərbaycan tarixinin monumental səhifələridir.

– Sizin epiqrafik tədqiqatlarınıza əsasən bir sıra memarlıq abidələrinin tarixi və təyinatı sonradan dəqiqləşdirilmişdir...

Təyinatı və tarixi dəqiqləşdirilən abidələrdən, ilk növbədə, Şəmkir qülləsini qeyd etmək istərdim. Abidənin özü zəmanəmizə gəlib çatmayıb, yalnız təsviri qalmışdır. Memarlar bu abidənin minarə, tarixinin isə XII əsrə aid olduğunu iddia edirdilər. Ötən əsrin 70-ci illərində ərazidə qaz kəməri çəkilərkən 3 metr dərinlikdə kufi xətti ilə yazılı bir abidə aşkar olunmuşdu. Mən həmin kitabədəki yazını oxuyandan sonra bunun Şəmkir bürcünün kitabəsi olduğunu dəqiqləşdirdim. (İnşa tarixi h. 493=1099/1100, təyinatı - gözətçi bürcü). Həmin yazı hazırda Azərbaycan Tarixi Muzeyindədir.

Qız qalasının yazısı da vaxtilə səhv oxunduğundan, onun “qüllə” - yəni “qala” əvəzinə “qübbə” (“günbəz”) oxunması, Məsud Davudun isə mərtəbələrarası günbəzlərin inşaatçısı kimi təqdim edilməsi sonda yanlışlığa gətirib çıxarmışdı. Həmin yazı mənim tərəfimdən oxunduqdan sonra, bu abidənin orta əsrlərdə müdafiə qalası olduğu təsdiqləndi.

– Siz elmi tədqiqatlarınızla həm də XIII-XIV əsrlərdə yaşamış neçə-neçə naməlum memarı, daşyonma sənəti məktəblərini və onların ustalarını elmi ictimaiyyətə tanıtmısınız...

XII əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər memarlıq və sənətşünaslıq tarixində məlum olan inşaatçı-usta, memar, xəttat, həkkakların siyahısına Bakı-Abşeron üzrə 105 nəfərin, Şəki-Zaqatala bölgəsi üzrə siyahıya isə 137 nəfərin adı əlavə edilmişdir. Mənim tədqiqatlarımdan sonra digər bölgələrdə də xeyli belə əlavələr olmuşdur.

Vaxtilə memarlar Həkəri və Araz çaylarının hövzəsində yerləşən bir sıra abidələrin yerli feodallara məxsusluğu və onların XIII-XIV əsrlərə aid olduğunu iddia edirdilər. Abidələrin üzərindəki yazılar mənim tərəfimdən oxunduqdan sonra müəyyənləşdirildi ki, Zəngilanın Məmmədbəyli kəndindəki türbədə böyük alim Yəhya bəy Hacı Məhəmməd dəfn olunmuşdur. Yazıda türbənin tikilmə tarixi (h. 704/1305-ci il) və Qarabağ memarlıq məktəbinin banisi Əli Məcdəddinin adı vardır. Beləliklə, XIII-XIV əsrlərdə yaşayıb, fəaliyyət göstərmiş və Avropanın qapısı olan Anadolunu Çinlə birləşdirən, Araz boyu Azərbaycandan keçən qədim İpək Yolu üzərindəki Füzuli, Zəngilan, Cəbrayıl, Zəngəzur (Səlim keçidi), Ələyaz və Dərələyəzdə yerləşən memarlıq abidələrinin memarı Əli Məcdəddinin adı memarlıq tarixinə yazıldı.

Abşerondakı XIII-XIV əsrlərə aid (Buzovna, Şağan, Yeni Suraxanı) üç türbə üzərində ərəbcə yazılmış kitabələrə əsasən xristian Suriya nəsranilərinin Abşeronda yaşamaları, türkləşmələri və Azərbaycan xalqının təşəkkülündə iştirak etmələri mənim tədqiqatlarımdan sonra sübut olunmuşdur. Gürcü tədqiqatçıları İlisu sultanlarını gürcü İlisen mauravlarının davamçıları, avarlar isə onların avar olduqlarını sübut etməyə çalışırdılar. Mən isə İlisu Came məscidinin kitabəsinə İlisu sultanlarının məzar daşlarında olan kitabələrə əsasən onların ərəb sərkərdəsi Əbu Nəbran nəslindən - onların Əlibəy Şami (Suriya) övladları olmalarını müəyyənləşdirdim.

Ərəb sərkərdəsi Əbu Müslüm xilafətin Qafqazı istilasından sonra Suriyadan qohumlarını Qafqaza köçürüb, hərəsini bir əyalətə hakim təyin etmişdi. Sonra isə Azərbaycan ərazisinə köçürülmüş həmin ərəblər türkləşmişlər. Azərbaycanda ərəblərlə əlaqədar kənd adları indi də qalmaqdadır.

- Sizin epiqrafik tədqiqatlarınız bədnam qonşularımızın torpaq iddialarına da tutarlı cavab olmuş və türklərin Qafqazın aborigenlərindən olduğunu bir daha təsdiqləmişdir. Ermənilərin bu təqdiqatlara münasibəti necə oldu?

– 1961-ci ildən Zəngəzurda Urud abidələrinin tədqiqinə başlamışam. Həyat yoldaşım Ağakərim Quliyev keçmiş Lenin rayonu icraiyyə komitəsində baş mühəndis işləyirdi. Allah rəhmət eləsin, yaxşı insan idi. Çox çalışdı ki, məni bu ekspedisiyalardan çəkindirsin, ancaq bacarmadı. Hər yay məzuniyyətini, bir ay da öz hesabına götürüb mənimlə tədqiqata gedərdi. Uruda da birlikdə getdik. Birinci dəfə bizə dəyib-dolaşan olmadı. Sonrakı səfərlərimizdə isə izləndiyimizi açıq-aşkar hiss edirdik. Bir dəfə içərisində iki nəfər oturmuş bir maşın bizi Urud qəbiristanlığına qədər gətirdi və bizim maşından bir qədər kənarda dayandı. Sonra iki qoca erməni yanımıza gələrək bizdən çıxıb getməyi tələb etdi. Kənddən bir dəstə azərbaycanlı gələndən sonra bizdən əl çəkdilər. Mənsə heç nəyə məhəl qoymadan abidələrin surətini çıxarırdım. Axşama yaxın sürücümüz narahatlıqla dedi ki, getmək lazımdır, nəsə bunların pis niyyəti var. Biz tərpəndik, bizi izləyən maşın da arxamızca. Həmin maşın bizi düz Azərbaycanın sərhədinədək ötürdü.

Zəngəzurun Urud kəndində üzə çıxarılan və XIV-XVII əsrlərə aid edilən qoç heykəlli və sənduqə formalı məzar daşları, iki abidə üzərində yazılmış “Avladi ağvan” (alban övladları) sözləri Zəngəzurda yaşamış alban tayfalarının türkləşməsini və İslamı qəbul etməsini təsdiqləyir. Abidələr üzərindəki qədim türk tayfalarına məxsus onqonların (tanrıların) - maral üzərində oturdulmuş ov quşları, Tibet yak öküzləri, şaman təsvirləri onların hələ İslamı qəbul etməzdən çox-çox əvvəl türkləşməsini göstərir. Onlar İslamı qəbul etdikdən sonra bir müddət qədim inanclarını saxlamış, sonra isə bunu təsviri sənətə keçirmişlər.

Urud kəşflərinə qədər tarixi ədəbiyyatda belə bir fikir mövcud idi ki, xristian olan alban tayfaları xilafətin Qafqazı istilası zamanı İslamı qəbul etməsinlər deyə, qriqorian xaçını qəbul edib erməniləşdilər, gürcü xaçını qəbul edib gürcü oldular. Urud abidələri isə indiyə qədər tarixi ədəbiyyatda mövcud olan türk elementinin Qafqaza gəlmə olduğu konsepsiyasını alt-üst etdi və sübut olundu ki, türklər Qafqazın aborigenləridir. Zəngəzur, Laçın, Kəlbəcər, habelə Armazisxevidə (Gürcüstan), Qobustan tərəfdəki Qarabağ və digər qəbiristanlıqlarda aşkar etdiyim XIV-XIX əsrlərə aid at, qoç heykəlli və başdaşı formalı məzar daşlarında türk tayfalarına məxsus tamqaların, şamanların təsvirləri əsasında Cənubi Qafqazda türk tayfalarının yayılma arealını və beləliklə, Azərbaycanın tarixi ərazisini müəyyənləşdirmişəm.

Urud abidələrinə həsr olunmuş tədqiqatların 1981-ci ildə çapdan çıxan “Memorialnıye pamyatniki Azerbaydjana” kitabında verilmişdi. Kitab çapdan çıxan kimi keçmiş SSRİ-nin müxtəlif təşkilatlarına, Sov. İKP MK-ya imzalı-imzasız məktublar axmağa başladı. Əsas məzmunu da bu idi ki, M.Nemət qardaş xalqlar arasında təfriqə salır, proletar beynəlmiləlçiliyi prinsipini pozur və s.

Erməni tarixçiləri A.D.Papazyan, A.A.Xaçaturyan və A.A.Akopyan isə açıq hücuma keçdilər. Mən onlara tutarlı dəlillərlə cavab verdim. A.D.Papazyanın “Zəngəzur heç vaxt Azərbaycan ərazisinə daxil olmayıb” iddiasının yanlış olduğunu isə onun çap etdirdiyi sənədlər əsasında sübut etdim və göstərdim ki, Zəngəzur Naxçıvana, Naxçıvan isə Azərbaycana daxildir.

Yeri gəlmişkən, onu da deyim ki, erməni millətçiləri rəhmətlik Ziya Bünyadovla bərabər, mənim də başıma mükafat kəsmişdilər. Bunu az qala, Mahaçqalada icra edəcəkdilər. 1989-cu ildə burada keçirilən elmi konfransda mən də məruzə etdim. Ermənilər və onların sadvalçı tərəfdarları üstümə hücum çəkdilər. Kumık dostum, tarix elmləri doktoru Adil Gerey yanıma gəlib həyəcanla dedi: “Məşədixanım, bunların fikri başqadır. Gəl deyək ki, sabah Dərbəndə ekskursiyaya gedəcəksən, axşam da səni Bakıya yola salaq”. Elə də etdik. O vaxtdan daha Dağıstana getməmişəm.

– Epiqrafikanın bir fənn kimi respublikada yaradılması və tədrisi də Sizin adınızla bağlıdır. Yetirmələrinizin və davamçılarınızın bu sahədəki fəaliyyətindən razısınızmı? Onlara nələri tövsiyə edərdiniz?

– İndiyədək epiqrafika üzrə iki, Qız qalaları tarixi üzrə bir nəfər elmlər namizədi hazırlamışam. Əgər epiqrafika elmi üzrə mütəxəssislərin dünya üzrə barmaqla sayıldığını nəzərə alsaq, bu, az deyil.

Mən Hafizi, Sədini, Ömər Xəyyamı əzbərləyə-əzbərləyə fars dilini öyrənmişəm. Amma yanımda işləyənlər hər cür şəraitləri, təcrübəli müəllimləri olsa da, işin öhdəsindən gələ bilməyiblər. Ona görə də başqa sahələrə keçiblər. Nə qədər ağır olsa da, deməliyəm ki, hazırda  epiqrafika sahəsində güvənəcəyim davamçılarım azdır. Ancaq ümidimi üzməmişəm. Bilirəm ki, çətin epiqrafist peşəsinə qatlaşacaq tarixçilərimiz də yetişəcək. Deyirlər ki, türklər tarix yazmayıblar, tarix yaradıblar. Ancaq daş kitabələrimiz babalarımızın bizə qoyub getdikləri ən qiymətli tarixi mənbələrdir. Hələ oxunmamış neçə-neçə kitabələrimiz var. Cavanlar onları oxuyub tariximizi zənginləşdirməli, bu torpağın, bu Vətənin əsl sahibi olduqlarını təsdiqləməlidirlər.

– Həyatda qazandığınız uğurlara görə özünüzü kimə borclu bilirsiniz?

Bunun üçün ilk növbədə, qarşıma çıxan xeyirxah insanlara, öz zəhmətsevərliyimə, bir də Ulu Tanrıya borcluyam. İnsan öz əməyinin bəhrəsini görəndə hədsiz dərəcədə sevinir, fərəhlənir... Ötən əsrin 80-ci illərində Moskva və Leninqradda çıxan bir sıra jurnallarda məqalələrim dərc olunurdu. Bir məqaləmin çapı çox gecikdiyinə görə, Moskvaya getməyi qərara aldım. Oğlum Fuadı da özümlə götürdüm. Bakının mülayim havasından birdən-birə Moskvanın 25 dərəcə şaxtasına düşmüşdüm. Ona görə də başımı o vaxt dəbdə olan böyük bir şalla möhkəm-möhkəm bağlamışdım. Axtarıb “Pismennıe pamyatniki Vostoka” jurnalının redaksiyasını tapdıq. Baş redaktoru soruşduq. Onun otağına girib Bakıdan gəldiyimi və burada məqaləm olduğunu dedim. O isə heç mənim üzümə baxmadan rus dilində: “Sizin məqaləniz çap olunacaq”, – deyib öz işi ilə məşğul olmağa başladı. Az sonra yerimdən tərpənmədiyimi görüb başını qaldırdı. Mən artıq şalı başımdan açıb saçlarımı qaydaya salırdım. Diqqətlə üzümə baxıb “siz kimsiniz” deyə soruşdu. Mən adımı, soyadımı deyəndə yerindən sıçrayıb ayağa qalxdı. Heyrətlə üzümə baxıb soruşdu: “Siz, həqiqətən, Məşədixanım Nemətovasınız?” Mən bu mənzərəni çox adi qarşıladım. Onun mənə olan münasibətinin yazılarıma görə olduğunu başa düşüb daxilən qürur hissi keçirdim və bildim ki, imzama görə məni tanıyanlar, hörmət edənlər var. Həmin duyğular sonralar bu misralara süzüldü:

Var idim, izim qaldı,

Od idim, közüm qaldı,

Tarixin daş yaddaşında,

Mənim də sözüm qaldı...

Sizi qəzetimizin kollektivi və oxucuları adından qarşıdan gələn bayramlar, ən əsası 90 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayırıq. Maraqlı söhbətə görə çox sağ olun!

 

Müsahibəni apardı:

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 31 dekabr.- S.9.