Yeni ilə gülə-gülə

 

BAŞIN QARIŞIR...

 

A kişilər, sizi bilmirəm, mən bu qəzetləri oxuyanda beynim qaralır. Ha səhifələyirəm, o tərəf-bu tərəfə çevirirəm, bir şey anlaya bilmirəm. Biri yazır ki, hökumət yaxşıdır. Sonra da bir-birindən inandırıcı faktlarla sübut edir ki, yer üzündə belə gözəl hökumət yoxdur. O biri yazır ki, yox, hökumət pisdir. Sonra da bir-birindən inandırıcı faktlarla sübut edir ki, yer üzündə bundan pis hökumət yoxdur. Bunlara deyən gərək, a bala, başqa mövzu yoxdur? Gərək elə hökumətdən yazasınız?

Mətbuata azadlıq veriləndən bəri əli qələm tutan ağlına gələni yazır. Biri yazır, bu partiya yaxşıdır, o biri yazır, o partiya yaxşıdır. Hər ikisi də bir-birindən “İnandırıcı” faktlara söykənir. Partiyalara yazılmaq üçün ciyəri yananlar bilmirlər hansı partiya yaxşıdır?! Adam gərək bir partiyaya yazılsın, axı! Ta qədimdən deyiblər, partiyasız yaşamaq hər kişinin işi deyil!

Vallah-billah, elə şeylər yazırlar ki, adam xəcalətindən köynək-köynək tər tökür. O gün qəzetlərin birində oxuyuram ki, bəs, filan qadın iki min kişi ilə görüşüb. Heç dəxli var? Görüşüb görüşüb də, sənə nə var? Adam adamla görüşər də... Belə yerdə deyiblər ey, “pişiyin ağzı ətə çatmayanda”...

Bir də görürsən yazırlar, filan müğənni filan yerə istirahətə gedir. Ə, noolsun? Kimin hara getdiyinin camaata bir isti-soyuğu var?

Elə qəzet var, hər sayında bir “gözəlin” şəklini verir, üzlərini mürdəşir yumuşlar sirk klounlarına oxşayırlar. Heç bu qədər ənlik-kirşan sürtərlər?

Düzünü desəm, mənim üçün ən maraqlısı qəzetlərdəki “Ulduz falı”dır. Əlimə qəzet alan kimi, baxıram görüm, bu günüm necə keçəcək?! Bəzən, öz bürcüm haqqında elə şeylər oxuyuram ki, az qalır ürəyim partlasın, ölüm. Məsələn, yazırlar ki, “bu gün evdən bayıra çıxmaq olmaz, çıxsanız, başınıza hadisə gələcək”. Qorxumdan işə getmirəm. Qapını arxadan möhkəm-möhkəm bağlayıb, otururam evdə. Axşama sağ-salamat çıxanda sevinirəm...

Qəzetləri çox vaxt nəyə görə alırlar? Krossvorda görə. Adam var, gecə-gündüz krossvordun xanalarını doldurmaqla məşğuldur. Adamın beləsinə yaxşı mənada “paxıllığı” tutur. Düşünürsən ki, yəqin kişinin filan qədər pulu var, yoxsa, gecə-gündüz krossvordla məşğul olmazdı, gedib ailəsinə çörəkpulu qazanardı.

 

GƏRƏK YAZAM...

 

Təzə bir məktub almışam. Kişi qələmi götürüb, gözünü yumub, ağlına nə gəlib, yazıb göndərib mənə. Deyirdim yazmaqda mənə çatan olmaz, amma and olsun Yaradana, mən o məktubu oxuyanda başa düşdüm ki, həmin məktubu yazanın şagirdi olmağa belə layiq deyiləm!

Məktubda nə yazsa yaxşıdır? “Məəttəl qalmışam sizin işlərinizə. A kişi, başqa iş tapmadınız? Gərək elə ondan-bundan yazasınız? Başınızı salın aşağı, camaat necə, siz də elə, yaşayın. Beşgünlük dünyadır. Sizə nə dəxli var, it belə getdi, qurd belə gəldi? Bu partiyalardan nə qədər yazarlar? Gündə bir partiya yaranır, qoy yaransın də. Bəlkə elə bir partiya yaranacaq ki, hamısından güclü çıxacaq, xalqa bir gün ağlayacaq... Birdəfəlik başa düşün, bu millət heç zaman birləşə bilməz. Niyə? Qanımızda var. Allah bizi yaradanda, belə yaradıb. Birləşən olsaydılar, hərə bir partiya yaradıb, bir-birini rüsvay etməzdi ki! O Lenin idi, dedi sizə çörək verəcəyəm, acları bir yerə yığıb inqilab elədi. Görmürsən, indi üç adamın sözü bir-birinə düz gəlmir?

Məktubda daha sonra deyilir: “Yaltaqlardan yazmaqdan yorulmadın? Guya sən yazmaqla yaltaqlıq azalacaq? Kimdir sənin yazılarını oxuyan? Yaltaqlıqla çox şey qazanmaq olur, sənin yazılarını oxuyanlar nə qazanacaqlar, a bədbəxt”?

Görün, sonra nə yazır: “A kişi, sizdən əvvəl yazıb-pozanlar olub. Özün onları yaxşı tanıyırsan. Cəlil, Sabir, Əbdürrəhim bəy yazdılar. Nəyi düzəldə bildilər? Yaza-yaza axırı quru yurdda qaldılar. Birinin də beş quruş pulu olmadı. Siz yazmaqla düzələcək? Ay düzəldi ha! Bəzi vəzifəlilər var ha, camaatı get-gələ salmasalar, günlərlə qapı dalında saxlamasalar, yaşaya bilməzlər. İndi siz onlara necə işləməyi öyrədəcəksiniz? Keçmişdən qalma yazılmamış qayda-qanunlar var, deməli, belə olmalıdır. Ərizənin ki, üstünə yazıldı “xahiş edirəm, baxın” deməli, o ərizəyə baxılmayacaq. Gərək ərizənin üstünə yazılsın ki, “həll edin, mənə bildirin”. Bax, bu oldu iş.

Yazırsan ki, bəzi qadınlar niyə getdikcə lüt gəzməyə başlayırlar? Sənə nə var, ay xanəxarab? Öz gözəlliklərini nümayiş etdirirlər, burada nə var ki? Bir də bunun nəyi pisdir, axı? Özün də kişi xeylağısan...

O nədir, yazırsan ki, üç-dörd qız çıxıb səhnəyə adlarını da qoyublar “Başabəla qızlar”. Soruşursan ki, bunlar başqa ad tapa bilmədilər? A kişi, adam var, uşağına “Pambıq”, “Traktor”, “Çəltik” adı qoyur. Sənə nə var, öz uşağıdır, özü bilər. Hamı istəyir dəbə uyğun ad tapsın də...

Yazırsan ki, yeni nəsil muğama-zada qulaq asmır. A kişi, bilmirsən ki, muğamı başa düşmək üçün baş lazımdır? Heç çoxları bilmir “muğam” nə deməkdir, soruşsan gözünü döyə-döyə qalacaq. Çünki uşaqlıqdan öyrəniblər pop, caz, rok, rep... musiqisinə qulaq asmağa. Səhnədə tullanıb-düşməyən, köynək-köynək tər tökməyən müğənni müğənni sayılmır! Bu cavanlarınkı tullanıb-düşmək olsun. Burada xoşa gəlməyən nə var, axı?

Yazmaqdan yorulmursan? Son zamanlar qəzetlərdən yazırsan. Bilmirsən ki, səni yuyub, qara sərərlər? Yazırsan ki, hansı qəzeti əlinə alırsan, ayrı-ayrı məqalələrin başlığını oxuyan kimi bilirsən içində nə var. Görmürsən, qəzetlərdə kimin kimdən xoşu gəlmir, atasını yandırır. İndi istəyirsən sənin də atanı yandırsınlar?

Elə bilirsən sənin yazdıqlarını camaat bilmir? Camaat bilmir ki, indi əli qələm tutan qalın-qalın kitablar yazır? Puluna minnət, verir nəşriyyatlara, çap etdirir! Axırda da deyir ki, mənə gərək çoxdan “xalq yazıçısı” adı verəydilər. Yeri gəlmişkən, bu yaxınlarda hörmətli bir adam qohumunu gətirib yazıçılardan birinin yanına ki, bu uşaq yazı-pozu ilə məşğul olur, onu da birliyin üzvü edin,  daha da ruhlansın. Yazıçı dostumuz görüb ki, doğrudan da uşaqda istedad deyilən bir şey var, zəmanət verib, onu birliyə üzv qəbul ediliblər. Düz bir həftədən sonra hörmətli adam həmin yazıçı dostuna zəng vurub ki, görün ona fəxri addan-zaddan bir şey verdirə bilərsiniz? Yazıçı elə bilib ki, hörmətli adam zarafat edir. Soruşub:

- Başqa zarafat tapmadın?

Hörmətli adam da cavab verib:

- Nə zarafat? Puluynan deyil?

Bəlkə, sən də gecə-gündüz yazırsan ki, fəxri ad-filan alasan, hə?

Məktubu yazanın son məsləhəti: “Saçınız-saqqalınız ağarıb, başa düşün, indi yazı-pozu vaxtı deyil”!

Qalmışam ona nə cavab verim?! Axı, mən də yazmağın xəstəsiyəm. Gərək gecə-gündüz yazam. Yoxsa ürəyim partlayar...

 

AZAD “SƏNƏTKAR”

 

(Bir “yazı-pozu əhli” ilə söhbət)

...Küçədə rastlaşdıq. Qəzetimizə yazı vermişdi. Soruşdum:

- Çap olunsa, qonorarını hansı ünvana yazaq?

- Poçta. “Dovostrebovaniya”...

- Ev ünvanını niyə demirsən?

- Mən dəvəsi ölmüş ərəbəm, evim-zadım yoxdur.

- Bəs, harada yaşayırsan?

- Naməkanam...

- Arvad-uşağın da yoxdur?

- Ev olmayandan sonra arvadı neynirəm? Aydın məsələdir ki, arvadım yoxdursa, deməli, uşağım da yoxdur.

- Evlənmək fikrin necə, var?

- Yox.

- Niyə?

- Heç özümü dolandıra bilmirəm.

- Nə üzərində işləyirsən?

- Çox mövzular var...

- Heç yazırsan?

- Yox, beynimdədir hamısı...

- Niyə beynindəkiləri kağıza köçürmürsən?

- Nə mənası var, onsuz da çap etdirmək çətindir. Bir para kağız korlanır...

- Bir yerdə işləyirsən?

- Yox, azad sənətkaram!

- Bəs, necə dolanırsan?

- Allah ata-anamın canını sağ eləsin...

- Heç axırını düşünürsən?

- Hamının axırı necə, mən də elə...

- Başa düşmədim?

- Əşi, axırı ölümdür də...

 

MƏN SİZƏ XİDMƏT EDİRƏM

 

Şöbə müdiri Qurbanov direktor Əli Nadiroviçin kabinetinə gəldi:

- Çağırtdırmısınız, Əli müəllim?

- Hə, keç otur.

Qurbanov əyləşdi.

- Buyurun, Əli Nadiroviç!

- Sizin şöbədə işləyən oğlan var ha, adı da yadımdan çıxıb...

- Fazil, yoldaş direktor!

- Hə Fazildir-kimdir, necə işçidir, o?

Şöbə müdiri çiyinlərini çəkdi, dodağını büzdü. Bir söz deyə bilmədi. Daha doğrusu, “birdən direktorun adamı-zadı olar” – deyə düşündü. Direktor altdan-altdan Qurbanova baxıb dilləndi:

- Deyə bilmirsən pis işçidir?

Şöbə müdiri tez cavab verdi:

- Doğru deyirsiniz, işləməkdən başqa əlindən hər şey gəlir.

Direktor istehza ilə:

- Mən sizi sınayırdım, müdir! Fazil kimi işçi bizim idarədə yoxdur! İşin öhdəsindən gəlir, üstəlik, şöbənizin başqa işlərini də görür. Siz isə deyirsiniz...

Şöbə müdiri tələsik sözünü dəyişdirdi:

- Əli Nadiroviç, mən elə-belə... Yaxşı işçidir Fazil. Dedim, bəlkə...

- Bəs, Fuad necə, o da yaxşı işçidir?

- Yox, Əli Nadiroviç! Onun haqqında “yaxşı” deyə bilmərəm.

- Niyə? Bəs, bir neçə ay bundan əvvəl biz ona yaxşı işinə görə mükafat vermədik? Kişinin zəhmətini niyə itirirsiniz?

- Bağışlayın, Əli müəllim, çaşdım. Fuad həqiqətən yaxşı işçidir.

Əli Nadiroviç qəzəbləndi:

- Qurbanov! Bu nə deməkdir? Mən deyirəm filankəs “pisdir”, siz də deyirsiniz “pisdir”. Deyirəm “yaxşıdır”, siz də deyirsiniz “yaxşıdır”. Bəs indiyədək öz işçilərinizi tanımırsınız?

- Bilirsiniz, Əli Nadiroviç! – deyə, Qurbanov sözə başladı:

- Bir gün Teymurləng qonaqlıqda bişirilən plovu tərifləyib deyir ki, “Bəh-bəh, nə dadlı plovdur, bunu bişirənə mükafat!” Qonaqlıqda olan Molla Nəsrəddin onun sözlərini eşidib dillənir: “Bəh-bəh, doğrudan da çox dadlıdır, bunu bişirənə afərin!” Bir azdan Teymurləng “Bu nə plovdur, çağırın bunu bişirən aşbaza cəza verin!” – deyə, əsəbiləşir. Molla Nəsrəddin də qışqırır: “Belə də plov olar, bunu bişirənin başını bədənindən ayırmaq lazımdır!” Teymurləng mollanı çağırıb soruşur ki, “Ayıb deyil, molla? Bayaq plovu tərifləyirdin, indi pisləyirsən?” Molla cavab verir ki, “Hörmətli Teymurləng, mən sənə xidmət edirəm, plova yox ki!” İndi Əli Nadiroviç, mən sizə xidmət edirəm, işçilərə yox ki!...

 

Xeyrəddin QOCA,

yazıçı

 

Xalq qəzeti.- 2013.- 31 dekabr.- S.8.