İllərin qovşağında

 

Dünya  sonsuzdur. Onun tarixi də, yaşı da bitməz və tükənməzdir. İnsanlığın da yaşı az deyil.  Amma bu sonsuz dünyanın şüurlu məxluqu olan  İnsanın  özünün həyatı  bir pəncərədən baxıb keçmək” qədər qısadır. O qədər qısa ki, biz onu illərə, aylara , günlərə, hətta saatlara və dəqiqələrə də bölməyi  öyrənmişik. Zamanı niyə bölürük görəsən? Yəqin ki, İnsan ona nəsib olan həyat parçasını bacardıqca  düzgün və səmərəli dəyərləndirməyə çalışır.

 

Ona görə də onu qısa fraqmentlərə bölərək təftiş edir, keçdiyi həyat yoluna və əldə etdiyi həyat təcrübəsinə söykənərək növbəti mərhələnin  planınını cızır, məqsədlərini müəyyənləşdirir. Beləcə, İnsanlıq öz mövcudluğunu ibtidaidən aliyə və sadədən mürəkkəbə doğru təkamül etdirməklə həyatın özünüdurmadan dəyişməkdə və inkişaf etdirməkdədir.

Biz də dəyişirik, bizinkişaf edirik. Bizözümüzün, cəmiyyətimizin və dövlətimizin həyatını  zaman və məkan  ölçülərində hissələrə bölür, itirdiklərimizlə qazandıqlarımızı dəyərləndirməyə çalışırıq. Adətən, biz bunu bəlli zamanlardadaha çox hər dəfə başa vurmaqda olduğumuz illərin sonunda edirik. Bu gün də illərin qovşağındayıq. Hamımımız birlikdə daha bir il yaşlaşacaq və məntiqə görə daha bir qədər müdrikləşəcəyik. Amma hələlik  köhnə zamandayıq.  Zamanımız - 2013, məkanımız isə - əbədi Azərbaycandır.

Bu il müstəqil Azərbaycanımız bir yaş da böyüdü. Dövlətimiz bir qədər də möhkəmləndi. Onun bu il ərzində atdığı qətiyyətli addımlar millətin fəxarətini bir daha artırdı.  Bu ilin fevral ayının 7-də Azərbaycanın ilk süni peykinin səmaya ucalması  cəsarətli addım kimi tariximizə yazıldı.  Bu gün üzərində Vətənimizin adını və rəmzini daşıyan, sonsuz səmaların ucsuz-bucaqsız ənginliklərində öz trayektoriyasını cızan peykimiz nəinki Azərbaycana, Yer kürəsini məskunlaşdıran bəşəriyyətin böyük bir hissəsinə xidmət etməkdədir. 2013-cü ilin ən möhtəşəm nailiyyətlərindən biri olan bu hadisə Azərbaycanımızın şöhrətini dünyaya deyil, dünyanın başı üzərinə - Yer kürəsinin orbitinə yüksəltmiş oldu. İndiyədək cəmi 10 dövlətin təmsil olunduğukosmos ölkələri ailəsi”nə gəlişimiz hər bir azərbaycanlıya unudulmaz qürur hissi yaşatdı.  Beləcə, “Azerspace” xalqımız və dövlətimiz üçün 2013-cü ilin iftixar mənbəyinə çevrildi.

Bu il ölkəmizin ictimai-siyasi və həm də sosial-mənəvi həyatınıda baş verən  əhəmiyyətli  hadisələrdən biri də cəmiyyətimizin siyasi yetkinlik və vətəndaşlıq məsuliyyətinin ən dəqiq indikatoru sayıla bilən Prezident seçkiləri  oldu. Sentyabr ayından müxtəlif məzmunlu seçki sloqanlarının təqdim  olunması ilə başlayan, seçicilərə ünvanlanan siyasi çağırışlarla və get-gedə güclənən siyasi ehtiraslarla müşayət olunan  proseslər,  nəhayət, oktyabrın 9-da özünün kulminasiya həddinə çatdı və seçkiyə bir gün qalmış sakitləşərək seçicilərin  qərarını gözlədi. Bütün prosesi səbrlə, təmkinlə izləyən,  öz dövlətini və millətini sevən, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə çalışan  Azərbaycan seçiciləri öz qərarını Ana Yasamızda nəzərdə tutulduğu kimi, öz səsləri ilə ifadə və təsdiq etdilər. Bu seçkilər Azərbaycan vətəndaşlarının ölkənin və xalqın gələcəyini düşünmək baxımından siyasi yetkinliyə, yüksək məsuliyyət hissinə malik olduğunu göstərən növbəti bir sınaq oldu. Nəticə xalqla dövlətin, vətəndaşla Prezidentin millətin taleyi haqqında arzu və düşüncələrində, niyyət və ümidlərində həmrəyliyini və vəhdətini nümayiş etdirdi. Bütün millətlərin əldə etməyə can atdığı bu vəhdətin əsasında Heydər Əliyevin 90-cı illərdə Azərbaycanı bir dövlət kimi qoruyub saxlaya bilməsi və  son on ildə İlham Əliyevin onu dünyanın inkar edilməsi artıq heç cür mümkün olmayan bir dövlətə çevirməsi dururdu. Bu möhtəşəm vəhdət İlham Əliyevin dünya siyasətində apardığı çevik, qətiyyətli və cəsarətli siyasətindən, öz xalqına və millətinə sevgisindən, xalq qarşısında təvazökarlığından və xalqın ona sonsuz etimadından doğulmuşdu. Məhz belə bir  vəhdət Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etməyə qadirdir. Əvvəlki  on il ərzində dünya siyasətindəki mövcud reallıqları dəqiq qiymətləndirməklə, ölçülüb-biçilmiş, balanslaşdırılmış siyasət yolu ilə öz millətini və dövlətini tərəqqiyə və yüksək rifah cəmiyyətinə doğru inkişaf etdirməkdə İlham Əliyev Azərbaycana digər ölkələrin qibtə edə biləcəyi qədər böyük uğurlar qazandırmışdı. Azərbaycan vətəndaşı da özünün əsrlər boyu  dəyişməz məziyyəti olan haqq və ədalət hisslərinə sadiq qalaraq İlham Əliyevin öz əməyi hesabına qazandığı halal haqqını onun özünə çatdırdı və növbəti dəfə onu ölkənin Prezidenti seçdi. Azərbaycan  İlham Əliyevin yeni prezidentlik dövrü ilə daha böyük uğurlar əldə etmək üçün inkişafın yeni mərhələsinə qədəm qoydu.

Xalqın yüksək  etimadının doğrulması özünü çox gözlətmədi. İlin son ayı  möhtəşəm bir layihənin - XXI əsrin laylhəsi kimi qiymətləndirilən   “Şahdəniz -2”  Müqaviləsinin imzalanması ilə əlamətdar oldu. Ümumi dəyəri 45 milyard ABŞ dolları həcmində qiymətləndirilən və dünyanın indiyə qədər gerçəkləşdirilmiş enerji layihələri arasında kapital tutumuna görə ən irihəcmli layihə olan “Şahdəniz -2”  Azərbaycan qazının qardaş Türkiyədən keçməklə birbaşa Avropaya çatdırılmasını nəzərdə tutur. Layihə bu günə qədər beynəlxalq qurumlar tərəfindən təsdiq edilmiş 3 trilyon kubmetrdən çox qaz ehtiyatlarımızın ən azı 100 il ərzində Avropaya ixrac edilməsi üçün  unikal şərait yaradacaq  Azərbaycanı dünyada həm neft, həm də qlobal qaz ixracatçısı kimi tanıtdıracaq. Mərkəzi Asiyanın qardaş türk respublikalarının da gələcəkdə bu layihəyə qoşulması ehtimalı bu layihənin iqtisadi faydalılıq əmsalını dəfələrlə artıra bilər.  İqtisadi əhəmiyəti qədər siyasi əhəmiyyəti də əvəzsiz  olan bu layihə  Xəzər bölgəsi ilə Avropa ölkələri arasında əməkdaşlığı yeni müstəviyə çıxaracaq və Azərbaycanın qlobal məkanda rolununüfuzunu daha da artıracaqdır. Əgər 1994-cü ildə Azərbaycanda imzalanmış “Əsrin müqaviləsi” XX Əsrin ən önəmli layihəsi hesab edilirdisə, 17 dekabr 2013-cü ildə imzalanmış “Şahdəniz-2” layihəsi üzrə investisiya qərarı həm ölkəmiz üçün, həm də  bütövlükdə regionumuz üçün XXI əsrin ən nəhəng layihəsi oldu. Beləliklə, 2013-cü il Azərbaycanı bir daha qlobal siyasi-iqtisadi məkanın diqqət mərkəzinə gətirmiş oldu.

Əlbəttə, uğurlarımız sadaladığımdan daha çoxdur. Bütün bunlarla yanaşı, il ərzində iqtisadiyyatımızın davamlı inkişafı, əhalinin gəlirlərinin  artması, qeyri-neft sektorunun inkişafında əldə edilən nailiyyətlər, təhsil, səhiyyə və sosial müdafiə sistemimizdə baş verən irəliləyişlər və nəhayət, hər bir azərbaycanlının  daha təhlükəsiz və daha  təminatlı  əmin-amanlıq şəraitində  yaşaması bu ilin ümumi mənzərəsinin digər nikbin çalarlarıdır. İlin nikbin sonluğu isə dünya azərbaycanlılarının ən nikbin baxışlı öndəri Heydər Əliyevin həmrəylik çağırışının dünyanın hər tərəfindən gələn əks-sədaları ilə bitməkdədir. Əvvəlki onilliklər ərzində bayram etməyə alışdığımız “dünya zəhmətkeşlərinin həmrəyliyi” son nəticədə o insanların heç də həmrəy olmadığını    əslində belə bir həmrəylik üçün heç bir real əsasın da olmadığını göstərmişdi. Milli idealın və bu ideal uğrunda çarpışan ideyalogiyamızın mövcud olmadığı bir zamanda biz nədə həmrəy ola bilərdik?!. İndi dərk edirik ki, ortada heç bir real rəy olmadığından, əslində hamımız bir şeydə - məhz rəysizlikdə həmrəy idik. Bu isə həmrəylikdən daha çox həmrəngliyə bənzəyirdi.

İndi isə dünya azərbaycanlılarının həmrəyliyini bayram edirikbu həmrəyliyimizin əsasında bir çağırışla Vətənimizi parça-parça hissələrdən toparlayıb vahid bir gücə çevirməyə və Yer kürəsinin hər bir guşəsində qərar tutmuş soydaşlarımızı da  Azərbaycan amalı ətrafında səfərbər etməyə nail olmuş Heydər Əliyev zəkası durur. Yalnız bu il yox, elə 1993-cü ildən başlayaraq taleyimizdə yaşanan dönüşbu günə qədər davam edən yüksəliş də məhz Milli Həmrəyliyimizin bəhrəsidir. Həmrəylik də bir mədəniyyətdir. Dinləmək, başqalarına məxsus olan dünyagörüşünü və baxış bucağını bölüşmək, milli mənafeyimiz naminə ümumxalq yolunu seçmək, Vətən üçün düşünmək, el  üçün çalışmaq mədəniyyətidir  Həmrəylik. Həmrəylik elə bir idealdır ki, o ancaq az məsələlərdə mümkün olur. Amma buazlar xalqın tarixi taleyində çox böyük rol oynayan “az”-lardır və hər bir soydaşımızın qəlbində və şüurunda özünə yer tapan bu “az”-ların cəmindən  böyük bir  AZƏRBAYCAN  sevgisi yaranır. Deməli, Həmrəylik bir sevgidir.  Millətə, xalqa , dövlətə, bayrağa və nəhayət, insanın insana və İnsanlığa olan sevgisidir Həmrəylik.  Bu sevgi ilə də soydaşlarımız ilin son günündə ən xoş arzularla dolu nəzərlərini Ana Vətənə yönəldir və Azərbaycanımızla fəxr edirlər.  Beləcə, həyatımızın daha bir ilini başa vurmaqdaYeni ilə addımlamaq ərəfəsində - illərin qovşağındayıq. Ən xoş arzuların və niyyətlərin bir-birinə qovuşduğu bir zamanda Azərbaycanımıza və dünyanın bütün Azərbaycanlılarına  sevgi dolu Həmrəylik,  Yeni ildə isə yeni uğurlar, can sağlığı və səadət arzuları ilə.

 

Cavanşir FEYZİYEV,

millət vəkili, fəlsəfə doktoru 

 

Xalq qəzeti.- 2013.- 31 dekabr.- S.8.