Şairin məhəbbət dünyası

 

Azərbaycan ədəbiyyatının orta nəslinə mənsub olan şair Muxtar Qasımzadə poeziya aləminə gəldiyi gündən Vətən, torpaq və millət sevgisini özünəməxsus  poetik fikirlə nəzmə çəkir. İlk şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat və incəsənət”, “Bakı”, “Şərq qapısı” və digər  qəzetlərdə dərc olunan şairin ötən illər ərzində “Bu həmin sevgidir”, "Sənə sarı gələn səs", "Yaddaş çırağı". "Gülü xəlvət açan dünya", "Ədalət günəşi" və digər şeir kitabları nəşr olunmuşdur.

Yenicə çapdan buraxılmış “Nuhçıxandan gəlirəm” kitabında müəllif  yeni yazdığı və seçilmiş şeirlərini, məqalələrini “Yaddaş çırağı”, "Mən ayaq üstündə gəzən torpağam", "Nağıllar adası", “Günəş çəkə bilmirəm”, "Daşar, gözəllikdən daşar bu yerlər" adları altında oxuculara təqdim edir. Vətənpərvərlik, xalqın tarixi, qəhrəmanlığı, mədəniyyəti, doğma yurdun gözəllikləri, təbiəti, memarlıq abidələri, təmiz, saf məhəbbət duyğuları şairin dünyasının səsi və təlatümüdür.

 

Qorunub həmişə yer kürəsində,

Yaşayır hər kəsin öz nəfəsində.

Ürəyin məhəbbət xəritəsində,

Ən böyük dövlətdir Vətən sevgisi.

 

Ulu öndərimiz Heydər Əliyev demişdir ki,Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə yaşadan bir diyardır.Bu baxımdan şair-publisist M.Qasımzadənin tarixi abidələrimiz haqqında yazdığı şeirpoemalar oxucuda Vətənə, maddi və mənəvi sərvətlərmizə böyük məhəbbət hisslərini gücləndirir. "Əshabi-Kəhf", "Oğlan qala, qız qala", "Duz saray", "Əlincə", "Gülüstan", “Bəkir oğlu Əcəmi”, "Babək qalası", "Cavidin məqbərəsi önündə düşüncələr" və digər şeirləri, xüsusilə, “Gəmiqaya” poeması Azərbaycanımızın və ona bağlı olan Naxçıvan Muxtar Respublikasının məşhur tarixi və mədəniyyət abidələrinin şan-şöhrətinə, bu günümüzədək qorunmasına, dövlət tərəfindən böyük qayğı ilə bərpa edilib saxlanmasına  həsr ounmuşdur.

 Vətən,  xalq məhəbbəti, ulu yurdun ecazkar mənzərələri, füsünkar təbiətin gözəllikləri   şairin ilham aldığı həyatın əsas mövzularıdır. Bu şeirləri oxuduqca adam incə, həssas duyğulara qovuşur:

 

Batıb gül-çiçəyə lap dizə kimi,

Gözüm doyanacan gəzərəm burda.

Açılar bənizi göyün, yerin də,

Daşar, gözəllikdən daşar bu yerlər.

Dağların bir tənha, qərib yerində,

Könlümü o ki var oxşar dərələr...

 

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan buraxılmış yeni nəşrdə tanınmış şair M.Qasımzadənin şeir və poemaları ilə yanaşı, məqalələri, müəllifin yaradıcılığı haqqında  ədəbi tənqidin, alimlərin, ədəbiyyatşünasların, yazıçı və şairlərin rəy, fikir və düşüncələri öz əksini tapmışdır. Hələ ötən əsrin 80-ci illərinin  əvvəllərində Muxtar Qasımzadənin şeirləri “Sovetskaya pisatel”(Moskva) nəşriyyatının baş redaktoru, tənqidçi Yevgeni Xromovun, görkəmli şair Oleq Şestinskinin nəzər-diqqətni cəlb etmiş, akdemiklər Bəkir Nəbiyev, İsa Həbibbəyli, şairlərdən Cabir Novruz, Müzəffər Nəsirli, Hüseyn Razi, Fikrət Qoca, Vaqif İbrahim, Nüsrət Kəsəmənli, Elman Həbib və başqaları müxtəlif vaxtlarda öz məqalələrində Muxtar Qasımzadənin yaradıcılığı, şeirlərinin xüsusiyyətlərindəın bəhs etmişlər.

Hüseyn İbrahimovxalq yazıçısı: "Muxtar Qasımzadə az yazır, ancaq yaxşı yazır. O, ciddi poetik axtarışlar aparır. Deyilməmiş, necə deyərlər, əl dəyməmiş mövzular tapır. Ürəyinə yatmayan bir şeyi nəzmə çəkməkdən uzaqdır".

İsa Həbibbəyli – akademik: Şair M.Qasımzadənin şeirləri göstərir ki, sənətin vəzifəsini düzgün başa düşür, müəllif mövzu dairəsinin genişliyi ilə nəzəri cəlb edə bilir.”

Tanınmış, istedadlı şair, şeirləri müxtəlif dillərə tərcümə olunan M.Qasımzadəyə yeni yaradıcılıq uğurları və poeziya sənəti yollarında yeni yüksəliş arzulayırıq.

 

Afət SADIQOĞLU

 

Xalq qəzeti.- 2013.- 31 dekabr.- S.11.