Gənclərin uğurlu fəaliyyəti dövlətin uğurudur
Azərbaycanda gənclər siyasəti uğurla aparılır və bu siyasət çox uğurlu bir modeldir. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada fəaliyyət göstərən gənclər təşkilatları ölkəmizin ictimai -siyasi, mədəni həyatında aktiv olmasın. Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları bir çox uğurlu layihələrlə diqqət çəkirlər. On il ərzində 100-dən çox gənclər təşkilatı meydana gəlib.
Gənclər təşkilatlarının fəaliyyəti nəinki Azərbaycanda, ölkədən kənarda da aktivliyi ilə seçilir. Azərbaycan gənclər təşkilatları artıq beynəlxalq platformaların yaradılmasında iştirak etməklə yanaşı, digər ölkələrin QHT sektorunda seçilən təşkilatlarla əməkdaşlıq edir, nüfuzlu beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edirlər. Sözsüz ki, gənclərin bu cür uğurlu fəaliyyəti bizim uğurumuz, dövlətimizin müvəffəqiyyətidir.
Bilirsiniz ki, Azərbaycan Gənclər Fondu cənab Prezidentin sərəncamı ilə yaradılıb. 2011-ci ilin dekabrında ölkə başçısının sərəncamı ilə bu qurumun yaradılması, əslində, dövlətin gənclər siyasətinin daha bir uğurlu göstəricisidir. Qeyd edim ki, 1 il 6 ay ərzində 630 layihəni dəstəkləmişik. Sevindirici haldır ki, bizim layihələrdə altmışdan çox xarici ölkənin vətəndaşı da fəallıq göstərərək iştirak etmişdir.
Gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə təbliğinə yönəlmiş layihələrin dəstəklənməsi məqsədilə Gənclər Fonduna Prezidentin Ehtiyat Fondundan maliyyə ayrılması, gənclərin hər cür kreativ ideya və layihələrinin dəyərləndirilməsi, əlbəttə ki, gənclərə yaradılan seçim və imkanların genişliyindən irəli gəlir.
Regionlarda yaşayan gənclərin sosial fəallığının artırılması dövlət gənclər siyasətinin qarşısında duran vacib məsələlərdən biridir. Dövlətin gənclər üçün yaratdığı imkanlardan onlar maksimum faydalanmalıdırlar. Bu imkanlardan maksimum faydalanaraq həm özləri inkişaf etməli, həm də dövlətin inkişafının aparıcı qüvvələri olmalıdırlar. Mən xarici dövlətlərdə olarkən həmin dövlətlərdə reallaşdırılan gənclər siyasəti ilə, həmin dövlətin gənclərə yaratdığı imkanlarla maraqlanıram. Və tam əminliklə deyə bilərəm ki, Azərbaycan dövlətinin bu gün gənclərə yaratdığı şərait nəinki Şərqi Avropa, hətta Qərbi Avropanın bir sıra dövlətləri ilə müqayisə oluna bilər, hətta üstünlük təşkil edə bilər. Cənab Prezident tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yaradılmasında və icrasında məhz Azərbaycan gəncliyi iştirak edir.
İnanıram ki, Azərbaycanın uğurlu gənclər siyasəti bundan sonra da davam edəcək, biz gənclər cəmiyyətin ictimai həyatında aktivlik göstərməklə yanaşı, yüksək dünyagörüşlü, intellektual səviyyəli vətəndaşlar olmaqla, dövlətimizin möhkəmləndirilməsi və güclənməsinə töhfəmizi verəcəyik.
Fərhad HACIYEV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru
Xalq qəzeti.- 2013.- 1 oktyabr.- S. 10.