Azərbaycan: sosial-iqtisadi
inkişafın dünya lideri
Ölkənin
iqtisadi, demoqrafik, sosial və ekoloji sahələrini xarakterizə
edən son 10
ilin rəsmi statistikası əsas makroiqtisadi göstəricilərin
sürətlə yaxşılaşmasını təsdiq
edir. Təsadüfi deyil ki, bu illər ərzində
qazanılan hər bir nailiyyət əvvəlki uğurlardan
daha möhtəşəm olmuş, Azərbaycan ilk dəfə
olaraq dünyanın “yuxarı orta gəlirli” və “yüksək
insan inkişaflı” ölkələr qrupuna daxil olmuş, sosial-iqtisadi
inkişaf sahəsində rekord göstəricilər
müşahidə edilmişdir. Beynəlxalq səviyyədə
qazanılan və qəbul olunan hər bir nailiyyət
nüfuzlu reytinq agentliklərinin nəşrlərində, beynəlxalq
təşkilatların hesabatlarında öz əksini
tapmışdır.
Makroiqtisadi sabitliyin qorunub saxlanılması və
inkişafı, iqtisadiyyatın şaxələndirilməsi,
regionların davamlı və tarazlı inkişafı cəmiyyətin
layiqli həyat səviyyəsinə yüksəlməsinə
yönəldilmişdir. Bunun nəticəsidir ki, ölkənin əsas makro
göstəricisi olan ümumi daxili məhsul son 10 ildə 3,4 dəfə
artmış və Dünya Bankının məlumatına əsasən,
Azərbaycan dünya ölkələri arasında ÜDM-in
artım səviyyəsinə görə lider mövqedə
olmaqla yanaşı, dünyanın orta artım göstəricisini
2,6 dəfə qabaqlamışdır.
Hazırda Azərbaycanın ümumi daxili məhsulu Cənubi
Qafqaz ölkələrinin məcmu ÜDM-nin 70 faizdən
çoxunu təşkil edir.
Əhalinin
hər nəfərinə düşən ÜDM-in həcmində
3 dəfə, qeyri-neft sektorunda isə 2,7 dəfə
artım olmuşdur. Adambaşına ÜDM-in həcmi
2003-cü ildə 889 ABŞ dolları olduğu təqdirdə,
2012-ci ildə 7491 ABŞ dollarına bərabər olmuş və
bu göstəriciyə görə 2003-cü ildə
dünyada 145-ci mövqeyə malik olan ölkəmiz son 10 ildə
60 pillə irəliləmişdir. Davos
Dünya İqtisadi Forumunun “2012-2013 Qlobal Rəqabətqabiliyyətlilik
İndeksi”nə görə Azərbaycan dünyada 46-cı,
MDB məkanında birinci yerdədir.
ÜDM-in artımı yalnız neft sektorunun deyil, həmçinin
qeyri-neft sektorunun artımına əsaslanmışdır. Ölkə
iqtisadiyyatının neft sənayesindən
asılılığının azaldılması
üçün aparılan dövlət siyasəti, regionların
sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının uğurlu icrası ölkədə neft
sektoru ilə yanaşı, qeyri-neft sahələrinin sabit
inkişafına zəmin yaratmış, 2003-2013-cü illəri
rəqabətqabiliyyətli yeni məhsul növlərinin
istehsalı, innovasiya xarakterli texnologiyaların tətbiqi,
müəssisələrin istehsal potensialının
artırılması kimi mühüm amillərlə səciyyələndirmək
olar. Bütün bu görülən işlərin nəticəsi
olaraq, qeyri-neft məhsullarının ixracı 6,5
dəfə artmış, qeyri-neft sektorunda olan son 10 ildəki
artım göstəricisinə görə isə ölkəmiz
dünyada ilk beşlikdə qərarlaşmışdır.
Son 10 ildə
iqtisadiyyatın inkişaf etdirilməsinə, müxtəlif
sosial və infrastruktur layihələrinin həyata
keçirilməsinə 109,8 milyard manat
(131,9 milyard ABŞ dolları) həcmində investisiya yönəldilmişdir.
İnvestisiyaların 50,6 faizi daxili mənbələr
hesabına maliyyələşdirilmiş, 49,4 faizi isə
xaricdən cəlb edilmişdir. Bu dövr ərzində istifadə
olunmuş investisiya vəsaitlərinin 40,7
milyard manatı (47,3 milyard ABŞ dolları) neft-qaz sektorunun
inkişafına, 69,1 milyard manatı (84,6 milyard ABŞ
dolları) və ya 63 faizi iqtisadiyyatın qeyri-neft sahələrinin
və maliyyə bazarının inkişaf etdirilməsinə
yönəldilmişdir.
2003-cü
illə müqayisədə ölkədə ümumi
investisiya qoyuluşlarının həcmi 5,1
dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilmiş
investisiyalar 14 dəfə artmış və 2012-ci ildə
müstəqillik dövründə rekord həddə - 25,8
milyard ABŞ dollarına çatmışdır. Bu göstəricinin artım səviyyəsinə
görə Azərbaycan MDB-də lider olmaqla yanaşı, digər
ölkələrin göstəricilərini dəfələrlə
qabaqlamışdır.
Ölkə
iqtisadiyyatının inkişafı və möhkəmlənməsi
prosesində investisiya mənbələrinin strukturunda da ciddi dəyişikliklər
baş vermiş və 2003-cü ildə investisiyaların
ümumi həcminin yalnız 22,1 faizi
ölkədaxili mənbələrdən maliyyələşirdisə,
2012-ci ildə daxili investisiyaların xüsusi çəkisi
60 faizə çatmışdır. 10 il ərzində 6 beynəlxalq
hava limanı, 4 avtovağzal kompleksi, 4 metro stansiyası, 14
elektrik stansiyası, 27 otel, 5 çörək istehsalı
zavodu, 12 konserv və meyvə şirələri zavodu, 2 şəkər
istehsalı zavodu, 10 süd emalı zavodu, 2 yem istehsalı
zavodu, 4 heyvandarlıq və 17 quşçuluq kompleksi, 3 kərpic
zavodu, 3 bentonit zavodu, 8 asfalt-beton zavodu, 2 sement zavodu, 2 tikiş
fabriki və s. obyektlər tikilib istifadəyə verilmiş, 6
müalicə diaqnostika və bərpa mərkəzi, 38
olimpiya-idman kompleksi, 5 stadion, 12 şahmat məktəbi, 5524
çarpayılıq xəstəxana, növbədə 6437 xəstəni
qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri,
408,2 min şagird yerlik ümumtəhsil məktəbi, 10387
yerlik məktəbəqədər təhsil müəssisələri,
3722 yerlik klub əhalinin sərəncamına verilmiş, 31
körpü, 8,4 min kilometrlik qaz kəmərləri, 726 kilometr
uzunluğunda yeni avtomobil yolları və s. çəkilib
istifadəyə verilmişdir.
Qeyd etmək
lazımdır ki, 2012-ci il müstəqillik illərində
xarici investorların da
ölkəmizdə ən yüksək fəallığı
ilə xarakterizə olunur. Ölkə iqtisadiyyatına yönəldilmiş
xarici investisiyaların həcmi əvvəlki ilə nisbətən
18,9 faiz artaraq 10,3 milyard ABŞ dolları
olmuşdur. 2003-2012-ci illər ərzində Azərbaycan
iqtisadiyyatına 64,1 milyard dollar həcmində
xarici sərmayə yatırılmışdır.
Ölkəyə investisiyaların cəlb edilməsi ilə
yanaşı, artıq 10 ildən çoxdur ki, Azərbaycan
başqa dövlətlərin iqtisadiyyatına sərmayə
yönəltməklə investisiyalarını ixrac edən
ölkələr arasında öz mövqelərini ilbəil
möhkəmləndirir. Belə ki, 2012-ci ildə investisiyaların
ixracı 1 milyard 129 milyon dollar təşkil edərək əvvəlki
ilin səviyyəsindən 2 dəfə çox olmuşdur.
2003-2012-ci illərdə Azərbaycan tərəfindən xarici
ölkələrin iqtisadiyyatlarına yatırılmış
birbaşa investisiyaların həcmi 7,4
milyard dollar təşkil etmişdir.
Dayanıqlı
inkişafın qeyri-neft sektoru hesabına təmin olunması məqsədilə
bu sahənin inkişafına yönəldilmiş vəsaitin
ümumi həcmi 11,1 dəfə
artmışdır.
Ölkə
sənayesində 2,8 dəfə artım
qeydə alınmışdır. Ötən 10
ildə yeni məhsul növlərinin istehsalı, innovasiya
xarakterli texnologiyaların tətbiqi davam etdirilmiş, yeni
müəssisələr yaradılmış, müəssisələrin
istehsal potensialı artırılmışdır.
Bütün bu görülən işlərin nəticəsi
olaraq, təkcə 2012-ci ildə istehsal olunmuş sənaye məhsulunun
həcmi ötən əsrin 50-60-cı illərinin 10 ili ərzində
istehsal olunmuş məhsula bərabər olmuş, son 5 ildə
isə 50-70-ci illərdə, yəni 20 ildə istehsal
olunmuş məhsula bərabər sənaye məhsulu istehsal
edilmişdir.
Ölkə iqtisadiyyatında, o cümlədən sənayedə
azad sahibkarlıq mühitinin formalaşması fərdi
sahibkarlıq kimi yeni təsərrüfatçılıq
formalarının sürətli inkişafına təkan
vermiş, qeyri-dövlət bölməsinin payı xeyli
yüksəlmişdir. Əgər müstəqilliyin ilk illərində sənaye
məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin
məhsulu 1,1 faizlik paya malik idisə,
növbəti illərdə aparılan məqsədyönlü
iqtisadi islahatlar nəticəsində bu göstərici
2003-cü ildə 56,8 faizədək artmış və
hazırda sənayenin ümumi məhsulunda 81,3 faiz təşkil
edir. Bütün bunlar sənayedə işgüzar fəallığın
artmasına, yeni iş yerlərinin açılmasına,
kiçik sahibkarlığın inkişafına güclü
təkan vermişdir. 2003-2012-ci illər ərzində xarici və
müştərək müəssisələrin sayı 29
faizdən çox artmış, hazırda sənaye sahəsində
30-dan çox dövləti təmsil edən 221 xarici
investisiyalı müəssisə fəaliyyət göstərir.
Kənd təsərrüfatı sahəsində ərzaq
təhlükəsizliyinin təmin olunması üçün
bitkiçilik və heyvandarlıq inkişaf etdirilmiş, ərzaq
məhsulları ilə özünü təminetmə səviyyəsi
daha da yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi
inkişafına və əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd
təsərrüfatı məhsulları
istehsalçılarının istifadə etdikləri
yanacağın, motor yağlarının və mineral gübrələrin
dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən
ödənilməsi, eləcə də dövlət büdcəsinin
vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması
məqsədilə yardım verilməsi, toxumçuluq və
damazlıq işləri üzrə müəyyən işlərin
görülməsi, aqroservis xidmətlərindən güzəştli
qiymətlərlə istifadə, Sahibkarlığa Kömək
Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri
üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı
məhsulları istehsalçılarına verilmiş güzəştli
kreditlər kənd təsərrüfatı istehsalı sahəsində
ilbəil dinamik inkişafın əldə edilməsini təmin
edən amillərdən olmuşdur. Bu illər ərzində
dövlət tərəfindən kənd təsərrüfatı
məhsulları istehsalçılarına 489,9
milyon manat yardım verilmişdir. Qeyd olunanların nəticəsində
kənd təsərrüfatının ümumi məhsulu son
10 ildə 1,5 dəfə, taxıl istehsalı 27,6 faiz, kartof
istehsalı 39,4 faiz, tərəvəz 24,8 faiz, bostan məhsulları
29,6 faiz, meyvə və giləmeyvə 56,7 faiz, üzüm
istehsalı isə 2,4 dəfə artmışdır. İri
buynuzlu mal-qaranın 24,5 faiz, xırda buynuzlu mal-qaranın 24
faiz artması heyvandarlıq məhsullarının
istehsalının dinamik artımına təsir etmiş, ət
istehsalı 53,9 faiz, süd istehsalı 47,3 faiz, yumurta 79,9 faiz,
yun istehsalı 36,4 faiz artmış, bir çox məhsullar
üzrə idxaldan asılılığımız azalaraq
özünütəminetmə səviyyəsinə yüksəlmişdir.
Kartof üzrə özünütəminetmə 98,2 faizə,
bütün növ tərəvəzlər üzrə 98,9
faizə, bostan məhsulları üzrə 100,1 faizə, meyvə
və giləmeyvə üzrə 125,7 faizə, qoyun əti
üzrə 98,7 faizə, quş əti üzrə 77,4 faizə
çatmışdır.
Son 10 ildə əhalinin rifah halının xeyli yüksəlməsi
nəticəsində insanların qida istehlakında da müsbət
meyillər müşahidə olunur. Əhalinin hər nəfərinə
ildə istehlak olunan tərəvəz və bostan bitkiləri
79,3 kq-dan 98,5 kq-dək, meyvə və giləmeyvə 55,4
kq-dan 74,8 kq-dək, ət və ət məhsulları 29,1
kq-dan 33,5 kq-dək, süd və süd məhsulları 271
kq-dan 294 kq-dək, yumurta 123 ədəddən 155 ədədədək,
bitki yağları 8,3 kq-dan 9,9 kq-dək artmış,
çörək istehlakı isə ilbəil
azalmışdır.
Son illərin ən davamlı inkişaf edən
infrastruktur sahələrindən biri nəqliyyat sektoru
olmuşdur.
Bu sahəyə davamlı və iri həcmli investisiyaların
yönəldilməsi nəticəsində nəqliyyatın hərəkət
heyətinin yeniləşməsi, körpülərin tikilməsi,
yeni avtomobil yollarının çəkilişi, yenidən
qurulması və s. işlər daha da sürətləndirilərək
davam etdirilmiş, strateji əhəmiyyətli layihələrin
səmərəli fəaliyyəti sahənin inkişafına
öz müsbət təsirini göstərmişdir. 10 il ərzində
nəqliyyat sektorunda yük daşınması 2,1
dəfə, nəqliyyatın xidmətindən istifadə
etmiş sərnişinlərin sayı isə 724,1 milyon nəfər
və ya 1,8 dəfə artmışdır. Nəqliyyat fəaliyyətinin
coğrafiyası daha da genişlənmiş, ayrı-ayrı nəqliyyat
növləri ilə beynəlxalq əlaqədə yük
daşınmasının həcmi artmış, nəqliyyatın
bütün növləri ilə bir ton yükün orta
daşınma məsafəsi 202,6 km-dən 427,3 km-ə
çatmışdır.
2013-cü
ilin əvvəlinə ölkədəki avtonəqliyyat vasitələrinin
sayı 1,1 milyonu keçməklə 10 il ərzində 678,5
min ədəd artmış və artımın əsas hissəsi
əhali tərəfindən alınmış avtomobillərin
hesabına əldə olunmuşdur. Bütün avtomobillərin
916,4 mini şəxsi minik avtomobilləridir.
2003-cü ildə hər 100 ailəyə 22 şəxsi minik
avtomobili düşürdüsə, hazırda hər 100 ailədən
46-sı minik avtomobilinə malikdir.
Təqdirəlayiq
haldır ki, dünya ölkələri, xüsusilə Avropa
İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat
əlaqələri genişlənmiş, Azərbaycanda hasil
olunan neft və təbii qazın dünya bazarlarına nəql
olunması üçün Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri
və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada
enerji təhlükəsizliyinin təmin olunmasına layiqli
töhfələr vermişdir. İstismara verildiyi dövrdən
(cari ilin 9 ayı da nəzərə alınmaqla) bu kəmərlər
vasitəsilə nəql edilmiş
neftin həcmi 238 milyon tonu, qazın həcmi isə 28
milyard kubmetri keçmişdir. Bununla
yanaşı, BTC neft kəmərinin tranzit potensialından
istifadə olunaraq Türkmənistan və Qazaxıstan nefti də
nəql edilmişdir. Avropa-Qafqaz-Asiya nəqliyyat
dəhlizinin fəaliyyəti uğurla davam etdirilmiş,
Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yolu layihəsinin əsası
qoyulmuş və yolun tikintisi davam etdirilmişdir.
Ölkənin sosial-iqtisadi həyatında mühüm
rol oynayan informasiya və rabitə sahəsindəki inkişaf
səviyyəsi - 9 dəfəlik artım iqtisadiyyatın digər
sahələri ilə müqayisədə daha qabarıq şəkildə
nəzərə çarpır. Mövcud informasiya və
rabitə sahələrinin intensiv və yüksək səviyyədə
inkişafını, yeni xidmət növlərinin, o cümlədən
mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül
tapması və genişlənməsi ilə səciyyələndirmək
olar. XXI əsrdə Azərbaycanda
informasiya cəmiyyətinə keçid və onun
qurulması, elektron hökumətin
formalaşdırılması və intellektual potensialın
inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə
hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi
ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi
nüfuz etmişdir. Hər 100 ailəyə düşən
telefon aparatlarının sayı 1,5 dəfə,
mobil telefon abunəçilərinin sayı 12,1 dəfə
artmış, hər 100 nəfərdən 70-i internet istifadəçisi
olmuşdur.
Davos
Dünya İqtisadi Forumunun sonuncu “Qlobal İnformasiya
Texnologiyaları-2012” hesabatında Azərbaycan “Şəbəkə
Hazırlığı İndeksi”nə görə əvvəlki
mövqeyindən daha 9 pillə irəliləyərək
dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlmişdir,
hər 100 nəfərə düşən internet istifadəçilərinin
sayına görə MDB-də 1-ci yerdə qərarlaşmışdır.
Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya
cəmiyyətinin ölçülməsi-2012” hesabatında
da Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə
155 ölkə arasında 68-ci yeri tutmuşdur.
Ölkəmiz
cari ildə daha bir tarixi nailiyyətə imza atmaqla 2013-cü il fevralın 8-də ilk telekommunikasiya peykini
orbitə çıxarmışdır.
Ticarət
sektorunda 2012-ci ildə 17,6 milyard
manatlıq əmtəə satılmış, son 10 ildə 3
dəfə artmışdır. Əhalinin həyat səviyyəsi
yüksəldikcə ölkə əhalisinin qeyri-ərzaq
mallarına tələbatı genişlənmiş, pərakəndə
ticarət dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq
mallarının xüsusi çəkisi 11,4
faiz artmışdır.
Ölkənin bütün rayonlarında xidmət şəbəkələrinin
genişləndirilməsi və inkişafı nəticəsində
əhaliyə göstərilən pullu xidmət göstəriciləri
də artmışdır. Son on ildə əhaliyə göstərilmiş
pullu xidmətlərin həcmi 3,8 dəfə
artaraq 5,8 milyard manatı keçmişdir.
Milli iqtisadiyyatın bazar prinsipləri əsasında
qurulmasının mühüm istiqamətlərindən biri
ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə
inteqrasiyasının təmin edilməsidir. Xarici ticarətin
liberallaşdırılması istiqamətlərində səmərəli
və davamlı tədbirlər kompleksinin
reallaşdırılması milli iqtisadiyyatın dünya təsərrüfat
sisteminə inteqrasiyasına əlverişli zəmin
yaratmışdır. Dövlət Gömrük Komitəsinin
məlumatlarına əsasən, son on il ərzində xarici
ticarət dövriyyəsi 8,8 dəfə,
o cümlədən idxal 5,8 dəfə, ixrac isə 11 dəfə artmışdır. Xarici ticarətin strukturu dəyişikliyə
uğradığı kimi, onun ticarət partnyorlarının
tərkibi də dəyişmişdir. Əgər
2003-cü ildə ticarət partnyorlarının sayı 124
ölkə olmuşdursa, 2012-ci ildə onların sayı
artaraq 155-ə çatmışdır. Ölkədə yeni texnoloji
avadanlıqların tətbiqinin genişlənməsini,
istehsal proseslərinin beynəlxalq standartlara uyğun yenidən
qurulmasını, informasiya və kommunikasiya texnologiyaları
sahəsinin ən müasir səviyyəyə
çatdırılmasını təmin etmək üçün əvvəlki
illərlə müqayisədə idxalın ümumi həcmində
respublikaya gətirilən maşın və mexanizmlər,
elektrotexniki avadanlıqlar və aparaturaların xüsusi
çəkisi artaraq 2012-ci ildə 27,2 faiz təşkil
etmişdir. Yerli istehsal sahələrinin yenidən
qurulması və uğurla həyata keçirilən aqrar
islahatların aparılması bir sıra yerli qida məhsullarının
istehsalının artmasına və ölkəmizə
idxalının azalmasına səbəb olmuşdur. Yerli məhsullar daxili bazarımızı zənginləşdirmiş,
əsas qida məhsullarına idxaldan
asılılığımızı azaltmışdır.
İqtisadiyyatın sürətlə inkişafı,
dünya ölkələri arasında nüfuzunun yüksəlməsi
ölkəmizə marağın artmasına səbəb
olmuş, respublikamıza gələn əcnəbilərin ildən-ilə
çoxalmasına, bir sözlə turizm fəaliyyətinin
genişlənməsinə şərait yaratmışdır.
Son illərdə
Azərbaycan Respublikası 15-dən çox xarici ölkədə təşkil
olunmuş beynəlxalq turizm sərgilərində iştirak
etmiş, 50-yə yaxın xarici və yerli turizm şirkətlərinin
iştirakı ilə Bakı şəhərində beynəlxalq
turizm sərgisi keçirilmişdir.
Ölkəmizin
paytaxtı və regionlarında müasir tələblərə
cavab verən “Holiday İNN”, “Meridian”, “Musado”, “Metropol”, “Abu
Arena”, “Ambassador”, “Park INN”, “Excelsior Hotel Baku”, “Hilton Baku”,
“Kempinski Badamdar”, “Cinar Hotel SPA Naftalan”, “Qafqaz Sport Hotel”, “El
Ressort”, “Lake Palace”, “JW Marriott Absheron Baku Hotel” “Four Seasons Hotels
and Resorts”, “Qafqaz Baku City Hotel Residences” kimi iri mehmanxanalar tikilib istifadəyə
verilmişdir.
Turizm
ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin
coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin
və eləcə də xalqımızın mədəni-tarixi
irsinin geniş miqyasda tanıdılmasını təmin etmək
məqsədilə Azərbaycanda 2011-ci il
“Turizm ili” elan edilmişdir.
2012-ci ildə
dövlət büdcəsinin bütün mənbələrdən
daxil olan gəlirləri 2002-ci ilə nisbətən 19 dəfə
artaraq 17,3 milyard manata, xərcləri isə 18,7 dəfə
artaraq 17,4 milyard manata çatmış, büdcə kəsirinin
ümumi daxili məhsulda xüsusi çəkisi 0,3 faiz təşkil
etmişdir.
Son on il ərzində
dövlət büdcəsi kəsirinin ÜDM-ə faiz nisbəti
beynəlxalq təcrübədə müəyyən
edilmiş 3 faizlik normadan xeyli aşağı olmuş (maksimum
2010-cu ildə 0,9 faiz), ümumən
büdcə kəsiri inflyasiya yaratmayan mənbələr
hesabına maliyyələşdirilmişdir.
Ardıcıl iqtisadi strategiyanın
reallaşdırılması sayəsində Azərbaycan iqtisadiyyatının
sabit və dinamik inkişafı bank-kredit sisteminin göstəricilərindən
də aydın izlənir. Belə ki, 2012-ci ilin sonuna bank-kredit
təşkilatları tərəfindən verilmiş kreditlərin
həcmi 2003-cü ildəki 670,3 milyon
manatdan 12,2 milyard manatadək yüksəlmişdir. Ayrılmış kreditlərdə qısa və
uzunmüddətli kreditlərin nisbəti tam əksinə dəyişmiş
və bu gün verilən kreditlərin 70 faizdən çoxunu
uzunmüddətli, yəni bir və ya bir neçə ildən
sonra qaytarılmalı olan kreditlər təşkil edir.
Xarici borcun ÜDM-ə nisbətinə görə ölkənin
vəziyyəti dünya ölkələri arasında daha əlverişli
olmuş, daha az öhdəliyi olan ölkələr
sırasında qərarlaşmışdır.
Azərbaycan
manatı möhkəmlənmiş, onun
etibarlılığı artmış və milli valyuta ilə
qoyulmuş əmanətlərin xüsusi çəkisi
2003-cü ildəki 7,5 faizdən 2012-ci ildə
58 faizədək artaraq 2013-cü il yanvarın 1-nə 5,1
milyard manata çatmışdır.
Əhalinin iqtisadi və sosial təminatının daha da
yaxşılaşdırılması və ölkə
iqtisadiyyatının sürətli inkişafının davam
etdirilməsi məsələləri büdcə siyasətinin
əsas istiqamətləri olaraq qalır. Belə ki, 2003-2012-ci illər
ərzində dövlət büdcəsindən əhalinin
sosial müdafiəsi və sosial təminatına çəkilən
xərclər 9,3 dəfə, iqtisadiyyatın inkişafına
yönəldilən vəsaitlər isə 50,8 dəfə
artmışdır.
Keçən
əsrin sonlarından başlayaraq iqtisadiyyatda müşahidə
olunan sabit artım sürəti ölkənin sosial
yönümlü inkişafını təmin etmiş, əhalinin
həyat səviyyəsinin yüksəldilməsi, yeni iş
yerlərinin açılması və məşğulluğun
artırılması üçün əlverişli şərait
yaratmışdır. Məhz 2003-2012-ci
illərdə əhalinin aztəminatlı təbəqələrinin
sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli
uğurlar qazanılmışdır. Bazar
iqtisadiyyatının inkişafı, sahibkarlığın
inkişaf etdirilməsi, əlverişli işgüzar
mühitin yaradılması istiqamətində atılan önəmli
addımlar əmək bazarı və məşğulluq sahəsində
irəliləyiş əldə etməyə imkan vermişdir.
Son 10 ildə
iqtisadi fəal əhalinin sayı 5,9 faiz, məşğul
əhalinin sayı isə 13,1 faiz artmışdır. Dövlət
məşğulluq xidmətləri orqanları tərəfindən
rəsmi işsiz statusu almış şəxslər də
daxil olmaqla ölkədə işsizlərin sayı 1,8 dəfə azalmış və işsizliyin
səviyyəsi 10 faizdən 5,2 faizə enmişdir.
2004-2012-ci
illər ərzində ölkədə 1127,4
min yeni, o cümlədən 822,8 min daimi iş yerləri
yaradılmışdır. Ölkənin iqtisadi və sosial
sahələrində muzdla çalışan işçilərin
2012-ci ildə orta aylıq nominal əmək haqqı 6,3 dəfə artaraq 398,4 manata
çatmışdır.
2003-2012-ci
illərdə ölkə əhalisinin gəlirlərinin nominal
həcmi 6,9 dəfə artmış,
2012-ci ildə hər ölkə sakini 2003-cü ildəki 58,4 manata
qarşı ayda orta hesabla 315,4 manat və ya 5,4 dəfə
çox gəlir əldə etmişdir.
2003-cü
ildə əhalinin gəlirlərinin cəmi 16,5
faizi yığıma yönəldilirdisə, 2012-ci il ərzində
əhali tərəfindən əldə edilən gəlirlərin
təxminən üçdə bir hissəsi əmanətlərin
və kapitalın artırılmasına yönəldilmişdir.
Minimum əmək haqqının ölkə üzrə
yaşayış minimumuna çatdırılması siyasəti
davam etdirilmiş, əmək siyasəti və əməyin
ödənilməsi sahəsində həyata keçirilən
islahatlar nəticəsində işləyənlərin orta
aylıq əmək haqqının ilbəil artması əhalinin
həyat səviyyəsinin yüksəldilməsini təmin
etmişdir.
Son 10 ildə ölkədə minimum əmək
haqqının məbləği 19,1 dəfə
artaraq 105 manata qaldırılmışdır.
Yoxsulluq həddi
2003-cü ildəki 35,8 manatdan 3,3 dəfə
artırılaraq 2012-ci ildə 119,3 manata
çatdırılmışdır. Yoxsulluq səviyyəsi
isə bu müddətdə 38,7 faiz bəndi
azalaraq 44,7 faizdən 2012-ci ildə 6 faizə enmişdir. Göründüyü kimi, yoxsulluq həddinin ilbəil
davamlı şəkildə artırılması ilə
yanaşı, yoxsul əhalinin sayı kəskin surətdə
azalmışdır.
Azərbaycanda
sahibkarlığın inkişafına diqqətin daha da
artması nəticəsində bazar iqtisadiyyatının əsasını
təşkil edən xüsusi mülkiyyət inkişaf etmiş, yeni müəssisə
və təşkilatlar yaranmışdır. Maneçilik
yaradan süni əngəllərin aradan qaldırılması,
vergi siyasətinin xeyli dərəcədə sadələşdirilməsi
də sahibkarlığın inkişafına öz müsbət
təsirini göstərmişdir.
Bu dövrdə
sahibkarlıq subyektlərinin, müəssisə və təşkilatların
sayı 2,7 dəfə artaraq 510
mini keçmişdir. Təsadüfi deyil ki, Dünya Bankı
və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan “Doing Business 2009” hesabatında Azərbaycan biznes
mühitinin yaxşılaşdırılması sahəsində
ən islahatçı ölkə elan edilmişdir.
Sosial sahələrdə ciddi uğurlar əldə
edilmişdir.
Ölkədə gənclərin ali və
orta ixtisas təhsilə kifayət qədər yiyələnməsinə
imkan verən dövlət və qeyri-dövlət təhsil
müəssisələrinin çoxşaxəli şəbəkəsi
yaradılmışdır. 2012/2013-cü tədris ilinin əvvəlinə
Azərbaycanın təhsil sistemində 52 ali və 59 orta
ixtisas təhsil müəssisəsi fəaliyyət göstərmiş,
onlarda müvafiq olaraq 145,6 min tələbə
ali ixtisas və 56 min tələbə orta ixtisas təhsili
alır. Son 10 ildə ali təhsil müəssisələrinin
kontingenti 21,3 faiz artmışdır.
Dövlət büdcəsindən təhsilin
inkişafına ayrılan vəsait ilbəil artır. 2003-cü ildə bu sahəyə
234,8 milyon manat ayrılmışdısa,
2012-ci ildə onun həcmi 1453,2 milyon manata
çatmışdır. Təhsil xərclərinə
büdcədən ayrılan vəsaitin nəzərəçarpacaq
dərəcədə artması ölkə
başçısının təhsili dövlət siyasətinin
əsas prioritetlərinin biri hesab etməsi ilə birbaşa
bağlıdır. 2003-2013-cü illərdə Azərbaycanda
7 yeni ali məktəb yaradılıb (Xarici İşlər
Nazirliyinin Diplomatik Akademiyası, Azərbaycan Turizm
İnstitutu, Dövlət Sərhəd Xidmətinin
Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialı, Fövqəladə Hallar
Nazirliyinin Akademiyası, Ali Neft Məktəbi, İnformasiya
Texnologiyaları Universiteti).
2012-ci il oktyabr ayının 1-i vəziyyətinə
ümumtəhsil məktəblərində 45,8
min ədəd kompyuter mövcud olmuş və hər 28
şagirdə orta hesabla bir kompyuter
düşmüşdür. Ümumi təhsil müəssisələrinin
1884-nün və ya kompyuteri olan məktəblərin 48,3 faizinin internetə çıxışı
vardır. Hazırda məktəblərin 87,2
faizi kompyuter və digər İKT avadanlığı ilə
təmin olunmuşdur.
2012/2013-cü tədris ilində 2270 azərbaycanlı gənc
dövlət xətti ilə xarici ölkələrin
aparıcı universitetlərində təhsil
almışdır. Son illərdə Azərbaycanın ali təhsil sisteminə
xarici ölkələrdə də inam artmış və bu ölkələrin vətəndaşları
ali təhsil müəssisələrimizə daha çox
etibar etməyə başlamışlar. Əgər
2003/2004-cü tədris ilində respublikamızın ali təhsil müəssisələrində 29
ölkədən 1984 əcnəbi tələbə təhsil
alırdısa, bü göstərici 2012/2013-cü tədris
ilində 46 ölkəni əhatə etməklə 3926 nəfərə
çatmışdır.
Bu gün dövlət siyasəti, bütün istiqamətlərdə
olduğu kimi, elmə olan münasibətində də
özünü göstərir. Bu məqsədlə
elm ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi
işinə çox böyük diqqət göstərilir,
elmi tədqiqatların iqtisadiyyatla uzlaşması
üçün konkret addımlar atılır.
2013-cü ilin əvvəlinə ölkədə
müxtəlif elmi-texniki xidmətləri həyata keçirən
140 elmi təşkilat və müəssisə fəaliyyət
göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat və
işləmələrlə 21 mindən çox mütəxəssis
məşğul olur və onların 70 faizi tədqiqatçılardır.
Mütəxəssislərin hər üç nəfərindən
birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi
vardır.
2013-cü ilin əvvəlinə Milli Elmlər
Akademiyasının 52 akademiki və 100 müxbir üzvü
olmuşdur.
Dövlət siyasətinin əsas prioritetlərindən
biri də mədəniyyət ocaqlarının maddi-texniki
bazasının möhkəmləndirilməsi, tarixi-mədəni,
ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub
saxlanmasından ibarətdir.
Bu istiqamətdə bir çox dövlət
proqramları qəbul edilmiş, Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə 2009-cu ildən başlayaraq Azərbaycan mədəniyyətinin
dünyada tanınmasına xidmət edən Beynəlxalq Musiqi
Festivalı keçirilir.
Avroviziya
Mahnı Müsabiqəsində cəmi 4 il iştirak edən
Azərbaycan Respublikasının bu layihədə qısa
müddətdə uğur qazanması və 2011-ci ildə 43
ölkə arasında birinciliyə yüksəlməsi, təmsilçilərimizin
221 səs qazanaraq müsabiqənin bir çox favoritlərini
geridə qoyması və nəticədə, Azərbaycan adının
Avroviziya Mahnı Müsabiqəsi tarixinə qalib ölkə
kimi yazılmasına nail olunmuşdur.
2013-cü
ilin əvvəlinə ölkədə 34,6 milyon kitab fondu olan
3389 kütləvi kitabxana, 2747 klub müəssisəsi, 227
muzey, 28 peşəkar teatr və 347 mədəniyyət və
istirahət parkı əhaliyə xidmət göstərmişdir.
Yüzlərlə kitabxana, muzey, teatr, mədəni-maarif
müəssisələri, tarix və mədəniyyət abidələri
təmir və bərpa edilmişdir. Mədəni İrsin qorunması
istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq
nəticəsində Qobustan Milli Tarixi-Bədii Qoruğu
YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil
edilmiş, nadir memarlıq nümunələrindən olan Azərbaycan
Milli Tarix Muzeyinin, Azərbaycan Dövlət Kukla
Teatrının və Nizami Kino Mərkəzinin binaları beynəlxalq
standartlara uyğun olaraq yüksək səviyyədə bərpa
edilmişdir. Min nəfərdən çox
yaradıcı şəxs təltiflərə, fəxri adlara
və xüsusi təqaüdlərə layiq
görülmüşdür.
Azərbaycanın milli-mədəni irsinin təbliği
və inkişafı sahəsində Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun təsis etdiyi “Muğam” jurnalının ilk
nömrəsinin və “Muğam-Antologiya” layihəsi çərçivəsində
bir sıra nəşrlərin, Moskvada çap olunan “Bakı”
jurnalının təqdimat mərasimləri
keçirilmişdir. Gənc istedadların üzə
çıxarılmasında müstəsna əhəmiyyət
kəsb edən “Muğam müsabiqəsi” ölkə ictimaiyyəti
və bütün azərbaycanlılar tərəfindən
böyük rəğbətlə qarşılanmış,
xalqımızın qədim və zəngin mədəni irsə
malik olduğunu bütün dünyaya nümayiş
etdirmişdir.
Xüsusi diqqət və
qayğının nəticəsi kimi son 10 ildə ölkədə
idman və bədən tərbiyəsi sahəsində sürətli
inkişaf prosesi müşahidə olunur.
İdmanın
maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün 10 il ərzində ölkənin
müxtəlif bölgələrində olimpiya idman kompleksləri
istifadəyə verilmiş, mövcud idman qurğuları,
stadionlar və digər idman meydançaları təmir edilmiş
və yenidən qurulmuşdur.
Cari ilin əvvəlinə
ölkədə idman qurğularının sayı 10 mini
keçərək 24,8 faiz artmış, olimpiya idman komplekslərinin
ümumi sayı 38-ə çatdırılmış, bir
sıra rayonlarda isə yeni olimpiya idman komplekslərinin təməli
qoyulmuşdur.
2003-2012-ci illərdə
idmançılarımız böyuk uğurlara imza
atıblar. 2012-ci ildə beynəlxalq yarışlarda
qazanılan medalların sayı 2002-ci ildəkindən 4,2 dəfə çox olmaqla 735-ə
çatmışdır. Bu medalların 255-i
qızıl, 244-ü gümüş, 236-sı isə
bürünc əyarlıdır. Olimpiya
idman növləri üzrə qazanılan medalların sayı
273-dür.
Səhiyyə və əhalinin sağlamlığı
dövlətin daim diqqət mərkəzində olmuşdur. Səhiyyə sisteminə
dövlət büdcəsindən ayrılan vəsaitin həcmi
ilbəil artmaqda davam etmiş, son 10 ildə bu vəsait 13,6 dəfə artırılmışdır. Bu dövr ərzində 500-dək tibb müəssisəsi
yaradılaraq və ya yeniləşərək əhalinin
istifadəsinə verilmişdir. Bunların arasında
Milli Onkologiya Mərkəzi, Akademik Z.Əliyeva adına Milli
Oftalmologiya Mərkəzi, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə
Mərkəzi, Respublika Perinatal Mərkəzi, Akademik M.Cavadzadə
adına Respublika Uroloji Xəstəxanası, Azərbaycan Tibb
Universitetinin klinikaları, Kliniki Tibbi Mərkəz, Respublika
Klinik Uşaq Xəstəxanası,
Uşaq Nevroloji Xəstəxanası və digərlərini
göstərmək olar.
Təkcə
2012-ci il ərzində təmir-tikinti işləri aparılan
84 tibb müəssisəsindən 38-də təmir işləri
başa çatdırılmış və onlar istifadəyə
verilmişdir.
Bu
dövrdə “Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə dövlət
qayğısı haqqında”, “Dərman vasitələri haqqında”,
“Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının dövriyyəsi haqqında”,
“İnsanın immunçatışmazlığı virusunun
törətdiyi xəstəliklə mübarizə
haqqında”, “Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərə dövlət
qayğısı haqqında” Azərbaycan Respublikasının
qanunlarının qəbulu, eləcə də səhiyyə
sahəsində digər qanunlara zaman-zaman əlavələr və
dəyişikliklər edilməsi vətəndaşların
sağlamlığının qorunması üçün
mühüm imkanlar yaratmışdır.
Səhiyyədəki islahatlar nəticəsində
2008-ci il fevralın 1-dən dövlət
büdcəsindən maliyyələşən tibb müəssisələrində
əhaliyə pulsuz tibbi xidmətlər göstərilir.
2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri
üzrə 11 proqram qəbul olunmuş və hazırda
onların həyata keçirilməsi uğurla davam etdirilir. Ümumilikdə
proqramların icrasına bu illər ərzində 387,7 milyon manat vəsait xərclənmişdir.
Qəbul edilmiş dövlət proqramlarına uyğun
olaraq şəkərli diabet, xroniki böyrək
çatışmazlığı, irsi qan və yoluxucu xəstəliklərdən
əziyyət çəkən xəstələr dövlət
hesabına pulsuz müalicə alır və dərmanlarla təchiz
olunur.
2013-cü
ilin əvvəlinə ölkədə 32,3 min həkim və
57,5 min orta tibb işçisi əhaliyə tibbi xidmət
göstərmiş, 539 xəstəxana, 1725 ambulator-poliklinika
müəssisəsi fəaliyyətdə olmuşdur. 2002-ci illə
müqayisədə həkimlərin sayı 11 faiz, əhaliyə
ambulatoriya-poliklinika yardımı göstərən müalicə
müəssisələrinin sayı 6,6 faiz
artmışdır.
Ölkədə sosial yönümlü siyasətin
gücləndirilməsi əsas məsələlərdən
biri olmuşdur. “2009-2015-ci illərdə Azərbaycan
Respublikasının sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət Proqramı”na
uyğun olaraq həyata keçirilən islahatlar nəticəsində
“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər
edilmişdir. Bu dəyişikliklərə uyğun olaraq 1 iyul
2011-ci il tarixindən etibarən pensiya təminatında
vahid prinsipin tətbiqinə başlanılmış, nəticədə
2006-cı il yanvar ayının 1-dək pensiyaya çıxan
900 min nəfərin əmək pensiyası yenidən
hesablanaraq orta hesabla 40 faizə qədər
artırılmışdır. Təyin olunmuş aylıq
pensiyaların orta məbləği isə son 10 ildə 8,6 dəfə
artaraq 152 manata çatmış və hazırda 168,8 manat təşkil
edir. Son 10 ildə yaşa görə pensiyaların orta
aylıq məbləği 9,1 dəfə, əlilliyə
görə 6,4 dəfə, ailə
başçısını itirməyə görə 7,4 dəfə
artmışdır.
Ölkə
vətəndaşlarının rifah halını
yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial
müdafiəsini gücləndirmək məqsədilə
2007-ci ildən başlayaraq hər il
yaşa görə əmək pensiyasının baza hissəsi
və sosial müavinətlərin məbləği
artırılır, pensiyanın sığorta hissəsi isə
inflyasiyanın səviyyəsinə uyğun olaraq indeksləşdirilir.
Pensiyaların minimum məbləği 20 manatdan
100 manata çatdırılmışdır.
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına
görə, 2012-ci ilin sonuna sosial müavinət təyin
olunmuş şəxslərin sayı 317,1 min nəfər, bir
nəfərə düşən orta aylıq məbləğ
isə 44,43 manatdır. 2007-ci illə müqayisədə
sosial müavinət alanların sayı 15,1
faiz, bir nəfərə düşən orta aylıq məbləğ
1,9 dəfə artmışdır.
Azərbaycan
Respublikasının “Ünvanlı dövlət sosial
yardımı haqqında” Qanununa uyğun olaraq, 2006-cı il iyul ayının 1-dən başlayaraq aztəminatlı
ailələrə dövlət tərəfindən
ünvanlı dövlət sosial yardımı verilir. 2012-ci
ilin sonuna 133,6 min ailənin 589,9 min nəfər
üzvünün hər biri orta hesabla ayda 25,81 manat
ünvanlı dövlət sosial yardımı
almışdır. 2007-ci ilə nisbətən ünvanlı
dövlət sosial yardımı alanların sayı 1,6 dəfə,
bir nəfərə düşən orta aylıq məbləğ
isə 1,5 dəfə artmışdır.
Ətraf mühitin mühafizəsi. İnsanların sağlam təbii
mühitdə yaşamaları və təbii sərvətlərdən
xalqın rifahının yaxşılaşması naminə
istifadəsi məsələləri ölkədə
aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən
biridir və 2010-cu il “Ekologiya ili” elan
edilmişdir.
Ekologiyanın və təbii mühitin
tarazlığının qorunması, əhalinin təmiz suya
və təmiz havaya olan ehtiyaclarını təmin etmək məqsədilə
ölkədə bir sıra tədbirlər həyata
keçirilmişdir. Belə ki, Hövsan aerasiya stansiyası yenidən
qurularaq genişləndirilmiş, kəndlərdə əhalini
təmiz içməli su ilə təmin edən modul tipli təmizləyici
qurğular quraşdırılaraq istifadəyə verilmiş,
yaşıllaşdırma işləri geniş vüsət
almışdır. Bakı şəhərinin
Balaxanı qəsəbəsində təbii sərvətlərə
və enerjiyə qənaət etməyə, ətraf mühitə
mənfi təsirlərin azaldılmasına imkan verən bərk
məişət tullantılarının çeşidlənməsi
və yandırılması zavodları istifadəyə
verilmişdir.
Ölkədə
xüsusi mühafizə olunan təbiət əraziləri
şəbəkəsinin genişləndirilməsi, nəsli kəsilməkdə
olan nadir bitki və heyvan növlərinin qorunub
saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə
2003-cü ildən başlayaraq Bakı və Abşeron
yarımadasının palçıq vulkanları qrupu, Eldar
şamı, Korçay dövlət təbiət qoruqları,
eləcə də Abşeron, Ağgöl, Göygöl,
Şahdağ, Şirvan, Akademik Həsən Əliyev adına
Zəngəzur, Hirkan, Altıağac və Samur-Yalama milli
parkları yaradılmışdır. 2013-cü ilin əvvəlinə
ölkədə ümumi sahəsi 209,1 min hektar olan 11 dövlət
təbiət qoruğu, sahəsi 322,3 min hektar olan 9 milli park və
sahəsi 361,2 min hektar olan 24 dövlət təbiət
yasaqlığı fəaliyyət göstərir. Xüsusi
mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin
10,3 faizini təşkil edir.
“Azərbaycan Respublikası ərazisində ceyranların
mühafizəsi, reintroduksiyası və tarixi
areallarının yenidən bərpası” layihəsi çərçivəsində
2010-2011-ci illərdə 100 baş ceyran, 2012-ci ildə layihənin
II mərhələsində isə 15 baş ceyran tarixi ərazilərə
buraxılmışdır. Buraxılmış
ceyran sürülərində təbii artım (balavermə)
müşahidə olunur.
Azərbaycan xalqının firavan yaşaması demoqrafik
proseslərə də öz müsbət təsirini göstərmişdir. Belə ki, 2003-2012-ci illərdə
ölkə əhalisinin sayı 1007,4 min nəfər
artaraq 9356,5 min nəfərə çatmışdır.
Əhalinin 53,1 faizi şəhər, 46,9
faizi kənd yerlərində yaşayır, 49,7 faizi kişilərdən,
50,3 faizi qadınlardan ibarətdir.
2012-ci ildə
təbii artım 119,5 min nəfər təşkil
etmiş və əhalinin hər min nəfərinə
hesabı ilə təbii artım göstəricisi 2003-cü
ildəki 7,9-a qarşı 13 olmuşdur. 2003-cü illə
müqayisədə doğulan körpələr
üçün gözlənilən ömür uzunluğu
göstəricisi 1,6 yaş artaraq 73,9 yaşa
çatmış, o cümlədən oğlanlar
üçün 71,3 yaş, qızlar üçün 76,6 yaş təşkil
etmişdir.
Əhalinin
22,3 faizi 0-14 yaşda 71,9 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və
yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər
ölkə əhalisinin 29,7 faizini təşkil
edir.
Ötən
il ərzində ölkədə 174,5 min
körpə doğulmuş və bu da əhalinin hər 1000 nəfərinə
hesabı ilə 2003-cü ildəki 13,9-dan 19-a qədər
doğulanların sayının artması deməkdir.
Hazırda uşaq doğmaq qabiliyyətinə malik olan hər
bir qadına bütün ömrü boyu orta hesabla 2,3 uşaq düşür və ölkədə
əhalinin təkrar istehsalı təmin olunur.
2012-ci ildə
rəsmi dövlət orqanları tərəfindən ölkədə
79,1 min nikah qeydə alınmış və
birinci nikaha daxil olanların orta yaş həddi kişilər
arasında 27,6, qadınlar arasında 23,7 yaş olmuşdur.
Ölkədə
gənclərin problemlərinin həllinə yönəldilmiş
dövlət siyasətinin həyata keçirilməsi, yeni
iş yerlərinin açılması və gənclərin
iqtisadiyyata daha çox cəlb olunması ilə əlaqədar
əvvəllər Azərbaycandan xarici ölkələrə
qazanc üçün getmiş gənclər vətənə
qayıdır, ölkədən gedənlərin sayı isə
ilbəil azalır.
Hörmətli oxucuların nəzərinə
çatdırdığım faktlar son 10 ildə
görülmüş işlərin cüzi bir hissəsidir. Bir çox ölkələrin
50-60 il ərzində keçdiyi yolu Azərbaycan
10 il ərzində qət etmişdir və bu yalnız
başlanğıcdır. Ölkəmizi
yaxın illərdə daha böyük nailiyyətlər
gözləyir və tam əminəm ki, həmin uğurlar
qazanılacaqdır.
Arif
VƏLİYEV,
Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin sədri
Xalq qəzeti.-
2013.- 3 oktyabr.- S. 3; 4.