Sənətşünaslıq elminə qiymətli töhfə

 

Qarşımda çox nəfis şəkildə tərtib olunmuş bir kitab var. O, tədqiqatçı-rəssam Rafiq Quliyevin “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” adlı ciddi araşdırmalara söykənən elmi monoqrafiyasıdır. Kitab incəsənət tariximizin dəyərli bir mövzusuna- təsviri sənətdə tarix və şəxsiyyət mövzusuna həsr olumuşdur.

Rafiq Quliyev tədqiqatçı rəssamdır. O, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəzin şöbə müdiri, beynəlxalq festivallar laureatıdır, Azərbaycan Rəssamlar İtttifaqının üzvüdür. Onun əsərləri bu gün muzeylərimizin qiymətli eksponatları sırasındadır. Hansı janrda işləyirsə-işləsin onun rəsmlərində müasirlərimizin yaradıcılıq ruhu var, Azərbaycanımızın əsrarəngiz təbiət gözəlliyi var. Rəsm əsərləri ilə yanaşı, tədqiqat əsərlərində o, milli rəssamlıq sənətimizin tarixini, müsir vəziyyətini araşdırır, xüsusilə, təsviri sənət tariximizin öyrənilməsinə öz töhfəsini verir. Rafiq müəllimin “Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə” (2007), “Təsviri sənətdə insan dünyası” kitablarında sənətşünaslıq elminin dəyərli əsərlərindən hesab etmək olar. Rəssamın yeni kitabı onun sənətdə elmi axtarışlarının davamıdır.

Təsviri sənətdə tarix və şəxsiyyət mövzusu incəsənətin bu vaxta kimi tədqiq olunmamış sahələrindəndir, həm də müasir dövr üçün olduqca aktualdır. Müstəqil Azərbaycan tarixinin öyrənilməsi və tədqiqi üçün tarix və şəxsiyyət mövzusunda yaranan əsərlər zəngin material verir, onlarda dövrün təzadları öz bədii həllini tapır. Bu mənada bu əsərlərin konkret məna və mahiyyətini araşdırmaq, onlardakı müəllif fikirlərini açmaq böyük elmi əhəmiyyət daşıyır və tarixçi alimlərimiz üçün də zəngin material verir. Qobustan Tarixi Qoruğundakı daşüstü rəsmlərdən tutmuş ta bu dövrə qədər yaradılan tarixlə bağlı əsərlərin hər biri öz dövrünün mücəssəməsidir. Rafiq müəllim bu mövzulu əsərlərə konkret tarixilik baxımından yanaşır, onları təhlil edir, öz münasibətini bildirir. Müəllif qayaüstü rəsmlərdən danışarkən yazır: “ Qayaüstü rəsmlərin icra manerasındakı qeyri-adi stlizə və şərtiliklər göstərir ki, həmin rəsmlər qədim insanların hələ üzərindən sirr pərdəsi tam götürülməyən və bəlkə də nə vaxtsa mövcud olmuş ibtidai sənət intibahının bu günə çatmış görüntüləridir. ” Müəllif fikrindəki bu fakt, əslində gerçək həqiqəti əks etdirir. Kitabın strukturu rəssamlığın sahələri üzrə qurulmuşdur. “Ön söz əvəzi” ilə başlayan monoqrafiyada “Rəngkarlıq”, “Qrafika”, “Heykəltaraşlıq” bölmələrində tarix və şəxsiyyət mövzusu üzrə tədqiqatlar aparılmışdır. Təsviri sənətin tədqiqi ilə bağlı müəllif fikrinin mənzərəsini yaradanÖn söz əvəzi”ndə qayaüstü rəsmlərin, miniatür sənətinin , sonrakı dövrlərdə rəssamlığın inkişaf tendensiyaları barədə müfəssəl məlumatlar var. Bu gün bəşəriyyətin ortaq mənəvi sərvətinə çevrilən və dünyanın müxtəlif xalqlarına məxsus olan Misir ehramları, antiq yunan məbədləri, məşhur Cin səddi, “Mona Lizatablosu, “David” heykəli və digər heyrətamiz sənət inciləri sırasına birmənalı olaraq azərbaycanlı sənətkarların təxəyyülünün nəticəsi olan Qız Qalasını, Mömünəxatun türbəsi və Şəki Xan Sarayı, “Şeyx Səfi” xalısını, Təbriz sənətkarlarının yaratdıqları miniatürləri də daxil edə bilərik. Doğrudan da, Azərbaycanın bu sənət abidələri canlı tarixdirbu gün onlar tariximizin tədqiqi üçün zəngin material verirlər.

 “Rəngkarlıq” bölməsi rəssam Rafael Abbasovun 2003-cü idə çəkdiyi ulu öndər Heydər Əliyevin “Düşüncələr” adlı portreti ilə başlayır. Bu da təsadüfi deyil. Məhz ulu öndər Heydər Əliyev Azərbaycan təsviri sənətinin hamisi idi, onun bu portretində öz xalqının gələcək taleyi ilə bağlı düşüncələrə dalmış böyük bir tarixi şəxsiyyətin obrazı canlanır. Bu bölmədə müəllif tarix və şəxsiyyətlə bağlı Azərbaycanda yaradılan rəngkarlıq əsərlərini təhlil edir, onların müasir dövr üçün əhəmiyyətindən danışır. BuradaAbbas Mirzənin portreti( Allahverdi Avşar), “İravani. Rüstəm-Zal” (Mirzə Qədim”), Səki xan sarayının divar rəsmləri, “Nuhun məzarı”(Bəhruz Kəngərli), “Bibiheybət məscidi” (Əlibəy Hüseynzadə), “M.P.Vaqif” (Məhəmmədsəlim Turan), “Nizami Gəncəvi” (Qəzənfər Xalıqov), “Babək üsyanı” (Səttar Bəhlulzadə) Koroğlu” (Tahir Salahov) və onlarla tarixi hadisələr və şəxsiyyətlərə həsr olunmuş əsərlərin illüstrasiyaları öz əksini tapmışdır.

Azərbaycan xalqının qəhrəmanlıq tarixini əks etdirən əsərlərdən bəhs edən müəllif bu əsərlərin nəsillərin vətənpərvərlik duyğularının yaranmasında əhəmiyyətli rol oynadığını xüsusi olaraq diqqətə çatdırır. 20 Yanvar və Xocalı faciələrinə, Qarabağ müharibəsinə rəssamlarımız da biganə qalmamışlar. Rafiq müəllim bu əsərləri də özünün tədqiqat obyektinə çevirmişdir. “20 Yanvar”(K.Nəcəfzadə), “Qaçqınlar”(Aydın Tağıyev), “Şuşam mənim” (Elşən Hacıyev), “Xocalı” (Vaqif Ucatay) və onlarla başqa təsviri sənət əsərlərinə münasibət bildirən müəllif onların hər birində məna çalarları axtarır, xalqın düşdüyü faciələrə konkret münasibətini nəzərə çarpdırır.

Rafiq Quliyevin tədqiqatlarının ikinci bölməsi “Qrafika” adlanır. Bu bölmədə müəllif tarixin müxtəlif dövrlərində qrafika rəssamlığının incəsənətin əsas sahələrindən olduğunu qeyd edir. Bildirir ki, əlyazmalardan tutmuş güclü sənət əsərlərinə qədər qrafika janrında çox önəmli əsərlər yaranmışdır. Bu əsərlərdə də tariximizin izləri yaşayır, ayrı-ayrı görkəmli şəxsiyyətlərimizin portretləri öz bədii həllini tapır. Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab kimi rəssamların əsərlərində tarixi şəxsiyyətlər, müxtəlif mərasimlər əks olunmaqla, onlar haqqında çox zəngin təəssürat yaradır. M.M.Nəvvabın “Şuşada Aşura mərasimi”, “Əmir Teymurun portreti”, M.Q. İrəvaninin “Fətəli şahın portreti” əsərləri bu baxımdan çox dəyərlidir. Nəcəfqulunun, Əzim Əzimzadənin əsərlərində də tarixi yaddaşımızın yumorla dolu qrafik rəsmlərindən danışarkən müəllif bu əsərlərin əhəmiyyətini xüsusi olaraq nəzərə çarpdırır.

Kitabda rəssamlardan A.Babayevin, A.Hacıyevin,Y.Hüseynovun, R.Babayevin tarixi hadisələr və şəxsiyyətlər haqqında əsərlərinə də elmi şərh verilmişdir. Və nəhayət, müəllif kitabın 3-cü - “Heykəltəraşlıq” bölməsində bu sahədə öz tədqiqatlarını davam etdirir. Daş kitabələrdən başlamış heykəltəraşlığın müasir dövrünə qədər yaradılan çox qiymətli əsərləri müəllifin tədqiqat obyektinə çevirir. Burada müxtəlif zaman və məkan kontekstində bu əsərləri tədqiq edərək onlar haqqında öz mülahizələrini bildirir. Cəlal Qaryağdı, Fuad Qəhrəmanov kimi məşhur heykəltəraşların tarix və şəxsiyyətlər haqqında daş yaddaşımıza çevrilmiş qiymətli əsərləri tədqiqatın əsas obyektinə çevrilib. Bu bölmədə heykəltəraşlardan Xanlar Əhmədov və Nəriman Məmmədovun yaradıcılığında bu mövzunun əks olunma xüsusiyyətləri araşdırılır. Görkəmli tarixi şəxsiyyətlər Nizami Gəncəvi, Füzuli , Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Xurşidbanu Natəvan, Cəfər Cabbarlı və başqalarının paytaxtımızın küçələrini bəzəyən abidələri haqqında əsl sənətşünaslıq tədqiqatları aparıb. Bir sözlə, bu monoqrafiya Azərbaycan sənətşünaslığına qiymətli töhfədir.

 

 Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 3 oktyabr.- S. 5.