Azərbaycanın
Los Ancelesdəki Baş
Konsulluğu “erməni lobbisinin
biabırçı fiaskosu” adlı bəyanatla
çıxış etmişdir
Erməni lobbisi tərəfindən ötən həftə Azərbaycanın işğal altında olan ərazilərinə təşkil edilmiş qanunsuz səfər barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı bəyanat 200-dən çox müxtəlif ABŞ KİV-ləri tərəfindən dərc olunub. Bunların sırasında “Reuters” xəbər agentliyini və “YahooNews” xəbər portalını, “BusinessWeek” jurnalını, “Wall Street Journal”, “Boston Globe”, “Sacramento Bee”, “California Chronicle”, “Los Angeles Daily News”, “Kansas City Star” və “Pasadena Star-News” qəzetlərini xüsusilə qeyd etmək lazımdır.
Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, “Erməni lobbisinin biabırçı fiaskosu” (An Embarrassing Fiasco for the Armenian Lobby) başlıqlı bəyanatda bildirilir:
“Ötən həftə ABŞ-dakı erməni lobbisi böyük bir fiaskoya düçar oldu. Belə ki, Amerika Erməni Milli Komitəsinin (ANCA) öz gücünü göstərmək üçün Kaliforniyadan Azərbaycanın işğal altında olan torpaqlarına təşkil etdiyi səfər erməni lobbisi üçün növbəti biabırçı uğursuzluqla sonuclandı. Azərbaycan parlament nümayəndə heyətinin bu ilin mart ayında Kaliforniya Senatının rəsmi dəvəti ilə Kaliforniya paytaxtına olduqca uğurlu səfərindən sonra - o səfər ki, erməni lobbisi nə qədər çalışsa da, qarşısını ala bilmədi - lobbi bütün resurslarını səfərbər edərək Kaliforniya rəsmilərinin Azərbaycanın işğal altında olan ərazilərinə səfərini təşkil etməyə girişdi. Azərbaycan dəfələrlə bəyan edib ki, 20 ildən artıq Ermənistanın qanunsuz hərbi işğalı altında olan Dağlıq Qarabağ və ətraf 7 rayona Azərbaycan hökumətinin müvafiq icazəsi olmadan edilən istənilən səfər qanunazidd xarakter daşıyır. Bundan başqa, ABŞ Dövlət Departamenti də ABŞ vətəndaşlarını işğal altında olan ərazilərə səfərlərdən yayınmağa çağırır. Ancaq ANCA-nın da bəyan etdiyi kimi, “5 aydan artıq müddətdə aparılmış işə”, yüzlərlə telefon zəngi, görüşlər, eləcə də Kaliforniya rəsmilərinə göndərilmiş e-maillərə baxmayaraq, erməni lobbisi yalnız 3 qeyri-erməni siyasətçini səfərdə iştiraka razı sala bilib. Bu üç siyasətçidən biri isə Baş Konsulluğumuza müraciət edərək Dağlıq Qarabağ bölgəsinə səfər etmək üçün Azərbaycanın icazəsini xahiş edib. Bu fiaskonu ört-basdır etmək üçün ANCA nümayəndə heyətini etnik ermənilər hesabına doldurmaqdan başqa çarə görməyib. Nəticədə nümayəndə heyətinin 80%-i ermənilərdən ibarət olub. İndi bəlkə də ümid etmək olar ki, erməni lobbisi, xüsusilə də ANCA bu biabırçı uğursuzluqdan öz dərsini alacaq. Lobbi başa düşməlidir ki, öz irqçi anti-Azərbaycan təbliğatı ilə Amerika rəsmilərini asanlıqla yanıldaraq onları beynəlxalq hüququ pozmağa sövq edə bildikləri vaxtlar artıq çoxdan keçib.
Ancaq “Washington
Post” qəzetinin redaksiya
heyətinin 2010-cu ildə “xüsusilə iyrənc lobbi” adlandırdığı ANCA-nın xislətini
nəzərə alaraq, belə ümidlərin
əhəmiyyətsiz olduğunu güman etmək olar. ANCA Amerika ermənilərini təmsil etdiyini iddia etsə də,
faktiki olaraq Ermənistanın
korrupsiyalaşmış hökumətinin ABŞ-dakı təşviqat
şöbəsinə çevrilib. ABŞ-dakı böyük sayda məlumatsız erməni donorlardan
vəsait toplayan bu mənfi
reputasiyalı lobbi yalnız erməni diasporunun diqqətini Ermənistanı bürümüş dövlət
korrupsiyasından, geniş miqyaslı insan haqları pozuntularından, sosial ədalətsizliklərdən, ən vacibi isə bütün bu problemlər nəticəsində Ermənistanın
daimi mühacirət səviyyəsinə
görə dünyanın “aparıcı” dövlətlərindən
birinə çevrilməsi faktından yayındırmaqla məşğuldur.
Bu ciddi problemləri nəhayət, həll etmək
və öz vətəndaşları ilə
qeyri-insani rəftarına son
qoyması üçün Ermənistan rəhbərliyinə
təzyiq göstərmək əvəzinə ANCA və digər
radikal erməni təşkilatları bu hökuməti hər vəchlə dəstəkləməkdə
və hər il “humanitar
yardım” adı altında diaspordan milyonlarla dolları Ermənistana ötürməkdə
davam edir - o dollarlar ki,
sonradan Ermənistan hökumət rəsmilərinin
müxtəlif xarici bank
hesablarında peyda olur.
Bundan başqa, erməni
lobbisi Azərbaycan haqda
ABŞ-da yalanlar yaymaqda, eləcə də ABŞ qanunvericilərinə
ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycan əleyhinə, ABŞ-ın milli maraqlarına zidd olaraq, mövqe tutmaq üçün təzyiqlər
göstərməkdə davam edir. Ancaq buz
artıq tərpənib və erməni lobbisinin
bu son fiaskosu
Amerika ictimaiyyətində Azərbaycan və
onun ədalət uğrunda
yorulmaz mübarizəsi barədə artmaqda olan məlumatlılığın
növbəti bariz nümunəsidir".
Xalq qəzeti.- 2013.- 3 oktyabr.- S. 6.