Ortaq Türk tarixi” nə həsr olunmuş 1-ci Beynəlxalq Konfrans Şəkidə  baş tutdu

 

Şəkidə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəbbüsü ilə Ortaq Türk Tarixinin araşdırılması problemlərinə həsr olunmuş  1-ci Beynəlxalq Elmi  Konfrans keçirilib.

Konfransın keçirilməsi haqqında razılaşma hələ keçən ilin sentyabrında Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin Şəkiyə birgə səfəri  zamanı A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun təklifi ilə qəbul olunmuşdu.  “Şəki Palashotelinin konfrans zalında düzənlənən konfransı giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov konfransa qatılan nümayəndələri şəhər rəhbərliyi adından salamlamış və konfransın işinə uğurlar arzulamışdir. Konfransa moderatorluq edən akademik Yaqub Mahmudov Ortaq Türk Tarixinin araşdırılması və yazılması zərurəti, bu istiqamətdə indiyədək atılmış addımlar və  dünya türk tarixçiləri qarşısında duran vəzifələrdən  bəhs edən geniş məruzə ilə çıxış etmişdir.

 Konfransda iştirak edən millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev  türk sivilizasiyasının dünya miqyasında, xüsusilə də Avrasiya məkanında əhəmiyyətli tarixi rolundan söz açmış, türk xalqlarının gələcək taleyi baxımından tarixi-mədəni irsə əsaslanan ortaq dəyərlərin birgə elmi araşdırmalara cəlb olunmasının və bütün  türkdilli ölkələrdə təbliğinin zərurətindən, eləcə də çağdaş qlobal inteqrasiya proseslərində Türk Dövlətləri Birliyinin rolundan danışmışdır. Akademik Nailə xanım Vəlixanlı, fəlsəfə doktorları Tofiq Nəcəfli, Cəbi Bəhramov, Natiq Məmmədzadə, Vaqif Abışov, Çüntəkin Nəcəfli, Kamran İsmayılov, Nigar Abuşova, İlqar Niftəliyev, İradə Məmmədova  Nazim Mustafa ortaq türk tarixinin tədqiqinə dair elmi araşdırmaların müxtəlif  aspektləri barəsində çııxış etmişlər. Türkiyə Cümhuriyyəti tərəfindən  Türkiyə Atatürk Mərkəzinin rəhbəri Nihat Büyükbaş, professor Selma Yel, professor Cezmi Eraslan, professor Rəhilə Şükürova, professor Musa Bali, dosent Mustafa Budaq  dosent Kenan Olgun ortaq türk tarixi ilə bağlı apardıqları elmi araşdırmaların mövzusu, əhəmiyyəti və nəticələri barədə məruzələr etmişlər. Konfransda  Qazaxıstan Respublikasından professor Səttar Məcitovun, Özbəkistan Respublikasından professor Şohistaxon Uljayevanın, Qırğızıstan Respublikasından professor Dooletbek Saparaliyevin, Dağıstan Respublikasından tarix elmləri namizədi Rabadan Sultanbekovun Ortaq Türk Tarixinin tədqiqinə dair məruzələri də böyük maraqla dinlənilmişdir. İki gün davam edən konfrans Ortaq Türk Tarixinin yaradılması istiqamətində atılacaq ilk  addımların müəyyənləşdirilməsi və yaxın gələcəkdə görüləsi işlərin planının təsdiq olunması və bu istiqamətdə fəaliyyətlərə başlanılması  haqqında qərarları ilə işini başa çatdırmışdır.

 

Xalq qəzeti.- 2013.- 4 oktyabr.- S. 7.