Azərbaycan İnsan Kapitalı İndeksi reytinqində 64-cü pillədə qərar tutmuşdur

 

Bu, ölkəmizdə həyata keçirilən  siyasi kursun mərkəzində insan amilinin dayanmasından xəbər verir

 

Ümumdünya İqtisadi Forumu (ÜİF) İnsan Kapitalı İndeksi (Human Capital Index) üzrə ilk reytinqini açıqlamışdır. 122 ölkənin yer aldığı reytinqdə bu indeks təhsil, səhiyyə, əlverişli mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluq kimi parametrlər nəzərə alınmaqla ölkələrin uzunmüddətli iqtisadi potensialının maksimal inkişaf imkanlarını qiymətləndirir.

İlk üçlükdə İsveçrə, FinlandiyaSinqapur qərarlaşmışdır. İlk onluqda isə Şimali Avropanın 7 ölkəsindən 6-sı, o cümlədən Almaniya (6-cı yer) və Böyük Britaniya (8-ci yer) yer almışdır.

Azərbaycan İnsan Kapitalı İndeksi reytinqində 64-cü pillədə qərar tutmuşdur. ÜİF-in məruzəsində Azərbaycan təhsil səviyyəsinə görə 71-ci, əlverişli mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluğa görə 55-ci yerdədir. Ölkəmizin ən zəif göstəricisi isə uzunömürlülükuşaq ölümünün səviyyəsində özünü göstərmişdir - 94-cü yer.

İnsan Kapitalı İndeksi reytinqində qonşu ölkələrdən Gürcüstan 77-ci, Ermənistan 73-cü, Rusiya 51-ci, Türkiyə 60-cı, İran 94-cü yerdə qərarlaşmışdır.

Azərbaycanın İnsan Kapitalı İndeksi reytinqində 64-cü pillədə qərar tutması təsadüfi deyil. Bu, ölkədə insanların sosial şəraitinin daha da yaxşılaşdırılması, insan kapitalının  prioritet məsələ kimi önə çəkilməsi ilə bağlıdır. Faktlara diqqət yetirək. Ötən 10 ildə həyata keçirilən iqtisadi siyasət nəticəsində əhalinin gəlirləri təxminən  6 dəfə artaraq  2012-ci ildə 34,7 milyard manat olmuşdur. Bu müddət ərzində sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər 9 dəfə, mülkiyyətdən gələn gəlirlər 45 dəfə, işçilərin əmək ödənişləri isə təxminən 7 dəfə artmışdır. Yoxsulluğun səviyəsi 49 faizdən 6 faizədək azalmışdır. Sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş vermişdir ki, buna da səbəb qanunvericilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması  və iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olmuşdur. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka,  həm də yığıma yönəldilən vəsaitlərin effektiv artımına səbəb olmuşdur.

Yeri gəlmişkən, orta aylıq əmək haqqının səviyyəsinə görə Azərbaycan Qafqazda birinci yerdədir. Bu, onu deməyə əsas verir ki, ölkəmizdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər öz səmərəsini verməkdədir.

Ötən il Azərbaycan vətəndaşları üçün baş verən daha bir mühüm hadisə də ölkəmizdə insan kapitalına necə önəm verilməsinin bariz ifadəsidir. Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli fərmanı ilə  keçmiş SSRİ dövründən qalan əmanətlərin dəyərinin müəyyən indeksləşmə qaydası ilə ödənilməsinə başlanılması oldu. Bu məqsədlə ötən il əmanətçilərə 500 milyon manat vəsait ödənilmişdir. Nəzərə alsaq ki, qaytarılacaq əmanətlərin məbləği təxminən bir milyard manat hesablanır, deməli, 2013-cü il ərzində də bu yolla 500 milyon manat vəsait əhalinin ailə büdcəsinə daxil olacaqdır.

Ölkəmiz hazırda inflyasiya dərəcəsinin aşağı səviyyəsinə görə dünyada 148 ölkə arasında 1-ci yerdədir, habelə ümumi yığımın ÜDM-dəki payına əsasən 10-cu, dövlət borcunun ÜDM-dəki xüsusi çəkisinə görə 13-cü və icmal büdcənin balansının ÜDM-ə faiz nisbətinə görə 15-ci yerdədir. Bundan başqa, son on il ərzində milli büdcə 19 dəfə artmışdır.

Azərbaycanda  insan kapitalına mühüm önəm verilməsini şərtləndirən ən mühüm amillərdən biri ölkənin maliyyə vəziyyətinin  getdikcə yaxşılaşmasıdır. Belə ki, ölkəmizin büdcəsi ildən-ilə artır. Bu isə sosial şəraitin yüksəlməsinə öz müsbət təsirini göstərir.  Yeri gəlmişkən, cari ilin büdcə layihəsində ümumi daxili məhsulun 5,3 faiz artımı dünya iqtisadiyyatını, ümumilikdə götürdükdə orta artım tempini iki dəfə üstələyir. Xatırladaq ki, Ermənistanın bu il üçün büdcə gəlirlərinin həcmi 2,2 milyard dollar, xərcləri isə 2,5 milyard dollar həcmində müəyyənləşdirilmişdir. Düşmən ölkə ilə Azərbaycanı müqayisə etdikdə böyük fərqin ortaya çıxdığının şahidi oluruq. Bütün bunlar isə 2003-cü ildən sonra Azərbaycanın sürətli inkişafını xarakterizə edən ən mühüm göstəricidir.

Büdcədən danışarkən, bir məqamı da qeyd etmək istərdik. Azərbaycan dövlətinin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq 2013-cü ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına, onun səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına  mühüm şərait yaratmışdır. Dövlət büdcəsinin xərclərinin sosialinvestisiya yönümlülüyü daim diqqət mərkəzində saxlanılır, əhalinin gəlirlərinin, pensiyaların artırılmasına mühüm əhəmiyyət verilir.

Dövlət büdcəsinin ölkənin sosial inkişafında oynadığı roldan danışarkən bir məqamı da vurğulayaq. 2003-cü ildə hər nəfərə düşən büdcə gəlirləri 147 manat idisə, 2013-cü il üçün bu rəqəm 2037 manat nəzərdə tutulmuşdur. Onu da xatırladaq ki,  yeni əsrin əvvəlində Azərbaycanın dövlət büdcəsi 1 milyard dollar idi. 2013-cü ildə isə büdcənin gəlir və xərcləri 24,4-25,2 milyard dollar civarında müəyyənləşdirilmişdir.  Bu da müstəqil Azərbaycan dövlətinin çox mühüm tarixi nailiyyətlərindən biridir. Belə bir büdcə siyasətinin reallaşması nəticəsində ölkəmiz qarşıdakı onilliklərdə bu göstəriciyə görə qabaqcıl ölkələrə yaxınlaşmaq imkanlarını reallaşdıracaqdır.

Azərbaycan dövlətinin neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Azərbaycanda inamla həyata keçirilən tədbirlər deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə dayanıqlı iqtisadi inkişaf tempini heçneft gəlirləri hesabına deyil, məhz bilik, müasir informasiya texnologiyaları, elmtutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının formalaşması sayəsində təmin edəcəkdir.  Son 10 ildə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasi kursun mərkəzində insan amili, əhalinin sosial problemlərinin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin  edilməsi məsələləri dayanır. İqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur.

Ümumilikdə, 2003-2013-cü illərdə minimum əməkhaqlarının artırılması barədə  dövlət başçısı tərəfindən 12 sərəncam imzalanmışdır. Nəticədə minimum əməkhaqqı 11,7 dəfə artırılaraq 2013-cü ildə 105 manata çatdırılmışdır.

Orta aylıq əmək haqqı 2003-cü ildə rəsmi statistikaya görə 77,4 manat, 2013-cü ilin 1 iyun tarixinə görə isə 408,8 manat təşkil etmişdir. Son 10 il ərzində əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 9 dəfə çoxalmış, pensiyalar 8,6 dəfə yüksəlmişdir (son artımlar nəzərə alınmadan).

Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçmiş, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan milli iqtisadiyyatımız Azərbaycan dövlətinin məqsədyönlü siyasəti nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Sözügedən dövrdə əhalinin həyat səviyyəsi də əhəmiyyətli dərəcədə yaxşılaşmış, 1,2 milyon yeni yeri açılmış, yoxsulluq  səviyyəsi 6 faizə  enmişdir.

Ölkəmizin irəli sürdüyü qlobal geoiqtisadi təşəbbüslər, yeni yerlərinin yaradılmasının prioritet vəzifə kimi qarşıya qoyulması, yoxsulluq səviyyəsinin getdikcə azaldılması, respublika vətəndaşlarının maliyyə imkanlarının mərhələlərlə və mütəmadi artırılması, çoxsaylı infrastruktur layihələri, ölkəmizin nəqliyyat yollarının şaxələndiyi məkana çevrilməsi, yol infrastrukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, idarəçilərin yeni kreativ sinfinin yaradılması Azərbaycan dövlətinin gələcək üçün formalaşdırdığı tədbirlər portfelidir.

Göründüyü kimi, nüfuzlu beynəlxalq təşkilatlar etiraf edirlər ki, Prezident İlham Əliyevin enerji resurslarından asılılığın azaldılmasına, innovasiyalı və ya başqa sözlə, “ağıllı” iqtisadiyyatın yaradılmasına yönəlmiş siyasəti,  qara qızıl”ın intellektual kapitala çevrilməsi aşkar  görünən, gözəçarpan və real nəticələr verir.  Milli iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində bu ilin ilk  yeddi ayında  qeyri-neft sektoru daha 10 faiz artmışdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 4 oktyabr.- S. 9.