XAÇMAZ -
muzeylər şəhəri
Azərbaycanın digər rayon və şəhərləri kimi, Xaçmaz da, hər şeydən öncə, özünün qədim tarixi, zəngin və rəngarəng təbiəti ilə diqqəti cəlb edir. Arxeoloqların müxtəlif illərdə Xaçmaz rayonu ərazisində apardığı tədqiqatlar nəticəsində erkən tunc dövründən başlayaraq son orta əsrlərədək geniş bir xronoloji çərçivəni əhatə edən çoxsaylı nadir abidələr aşkara çıxarılmışdır. Rayonun Mollaburhanlı və Şıxlar kəndləri ərazisində, habelə Canaxır və Sərkərtəpədə aparılan axtarışlar zamanı tariximizin ayrı-ayrı dövrlərinə və ayrı-ayrı problemlərinə aid bir sıra qiymətli tapıntılar əldə edilmişdir. Bundan əlavə, müxtəlif vaxtlarda və ayrı-ayrı yerlərdə təbii hadisələr və torpaq işləri görülərkən də bir sıra qiymətli tapıntılar üzə çıxmışdır.
Göründüyü kimi, Xaçmazda həm ölkə daxilindən, həm də xaricdən gələn turistlər üçün maraqlı görünə biləcək ünvanlar çoxdur. Amma əfsuslar olsun ki, uzun illər ərzində Xaçmazın qədim tarixi və zəngin mədəni irsin nə gələn qonaqlara, nə də geniş ictimaiyyətə arzuolunan səviyyədə təqdim olunmayıb. Arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş qiymətli tapıntıların xeyli hissəsi Bakıdakı ayrı-ayrı fondlarda, yalnız cüzi bir hissəsi isə Xaçmazdakı tarix-diyarşünaslıq muzeyində saxlanılmışdır. Bəli, heç yerdə nümayiş etdirilmədən sadəcə fondlarda saxlanılmışdır. Beləliklə, həmin tapıntılardan nəinki turistlərin və qonaqların, lap elə Xaçmaz əhalisinin də xəbəri olmayıb. Əslində, uzun illərdir ki, fəaliyyətdə olan tarix-diyarşünaslıq muzeyinin darısqal və uyğunlaşdırılmış köhnə binasında Xaçmazın qədim tarixini, zəngin təbiətini və rayonun keçdiyi inkişaf yolunu layiqli səviyyədə nümayiş etdirmək imkanı olmayıb. Keçən əsrin 30-cu illərində dəmir yolu stansiyasının yardımçı binası kimi inşa edilən, 80-ci illərədək rayon poçtamtı kimi istifadə olunan bu primitiv bina müstəqillik illərində bir neçə dəfə təmir və restavrasiya olunmasına baxmayaraq, Xaçmazın bugünkü görkəminə əsla uyğun gəlmirdi. Məhz bu səbəbdən də rayon icra hakimiyyəti Xaçmaz muzeyi üçün yeni bina tikmək qərarına gəldi. Bu məqsədlə Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli qərarı ilə rayona 2,6 milyon manat vəsait ayrıldı. 2013-cü ilin yanvar ayında “Şəxsiyyətlər muzeyi” ərazisində ümumi sahəsi 3150 kvadratmetr, layihə-smeta dəyəri 4,3 milyon manat olan üçmərtəbəli muzey binasının inşasına başlanıldı. Yeddi ay sonra, yəni iyul ayında muzeyin tikintisi tam şəkildə başa çatdırıldı. Tikintinin gedişi barədə iş icraçısı Aləddin Qasımov bunları bildirdi:
—Bu gün Xaçmaz sözün əsl mənasında, geniş tikinti, quruculuq və abadlıq meydanına bənzəyir. Rayonda, lap elə Xaçmaz şəhərinin özündə eyni vaxtda bir neçə çox mühüm obyektdə iş aparırıq. Tarix-diyarşünaslıq muzeyinin binası isə bizim üçün, necə deyərlər, bir növ zərbəçi tikinti obyekti hesab olunurdu. Burada hər gün orta hesabla 50-60 işçi çalışırdı, müxtəlif növdən olan 10-15 texnika işləyirdi. Elə vaxt olurdu ki, tikintidə çalışanların sayı 100 nəfərə çatırdı. Son 15 günü isə, ümumiyyətlə, ikinövbəli iş rejimində çalışmalı olduq. Başda icra başçımız, hörmətli Şəmsəddin Xanbabayev olmaqla rəhbər heyət isə, demək olar ki, üçnövbəli iş rejimində işləyirdi. Yerli ustalardan Tural, Əli, Zamin və Elmarla yanaşı, İbrahimin Bakıdan gətirdiyi daşyonanlar briqadasının hər bir üzvü də fədakarcasına işləyirdi. 24 metr hündürlükdə, olduqca çətin şəraitdə muzeyin günbəzinin bəzək işlərini böyük zövqlə işləmiş olan yerli ustalardan Zakir Farşidov və Ağəli Təhməzovun da fədakar əməyini qeyd etmək yerinə düşərdi. Bakıdan dəvət etdiyimiz dizayner, Şəkidən gələn şəbəkə ustaları da ümumi ahəngdən geri qalmadılar. İnanın, elə işçi var idi bəzən üç sutka dincəlmədən işləyirdi. Onu vf deyim ki, son illər Xaçmazda aparılan və hazırda daha geniş miqyasda davam etdirilən tikinti, abadlıq - quruculuq işlərinin hamısının layihə müəllifi icra başçımız Şəmsəddin Xanbabayevdir.
İyul ayının 19-da dövlət başçısı ölkənin şimal bölgəsinə səfəri çərçivəsində Xaçmaz rayonunda da oldu və orada bir sıra yeni obyektlərin, o cümlədən tarix-diyarşünaslıq muzeyinin açılış mərasimində iştirak etdi. Məlumat üçün bildirək ki, iki filial və yeddi şöbədən ibarət muzeyin birinci mərtəbəsində rəsm qalereyası, yerli rəssamlar üçün emalatxana və fond, ikinci mərtəbədə isə istiqlaliyyət bölməsi yerləşir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Xaçmaza səfərlərini əks etdirən fotoguşələr diqqəti cəlb edir. Muzeyin rəhbərliyi, elmi işçiləri, bələdçiləri və fond mühafizəçiləri üçün iş otaqları da binanın ikinci mərtəbəsində yerləşir. Axeologiya, etnoqrafiya, mədəniyyət, təsviri sənət, ideoloji tədris bölmələri isə muzeyin üçüncü mərtəbəsində yerləşir. Orada həmçinin müasir standartlara cavab verən konfrans zalı da mövcuddur.
Muzeyin direktoru Əli Sultanovun dediyinə görə, hazırda fondda 5000-ə yaxın eksponat saxlanılır. Həmin eksponatlar əsasən hədiyyə və ya satınalma yolu ilə əldə olunub. Arxeoloji tədqiqat yolu ilə rayon ərazisindəki abidələrdən aşkar edilən və hazırda Bakıdakı fondlarda mühafizə olunan maddi mədəniyyət nümunələrinin də Xaçmaz muzeyinə qaytarılması məqsədilə aidiyyatı təşkilatlara müraciətlər olub.
Xaçmazda tarix-diyarşünaslıq muzeyindən savayı, bir neçə digər muzey də fəaliyyət göstərir. Bunlardan Heydər Əliyev Mərkəzini, onun Xudat və Yalamadakı filiallarını, Xalça muzeyini, Döyüş şöhrəti muzeyini, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan muzeyi, Zərifə Əliyeva muzeyini, Xalqlar dostluğu muzeyini və nəhayət, Şəxsiyyətlər muzeyini xüsusi olaraq qeyd etmək istərdik. Bu muzeylərin bir qismi son illər yaradılıb. Onların hər biri üçün gözəl binalar inşa edilib, içərisi yüksək zövqlə dizayn edilib. Sovet dönəmindən qalma muzeylər isə əsaslı şəkildə yenidən qurulub. Beləliklə, Xaçmaz muzeylər şəhərinə çevrilib. Xaçmaz muzeyləri, demək olar ki, ilboyu fəal iş rejimində işləyir. Yəni, nə vaxt yolunuz düşsə, bu muzeylərdə yerli sakinlərdən, məktəblilərdən, turist və qonaqlardan ibarət qələbəliyin şahidi ola bilərsiniz.
Son illər Xaçmazda bir-birindən yaraşıqlı çoxsaylı binalar, sosial—məişət obyektləri, idman qurğuları və qoşa qapı kompleksləri tikilib, park, meydan, xiyaban və seyrangahlar salınıb. Xaçmazda, Xudatda neçə-neçə möhtəşəm abidələr ucaldılıb. Hansı ki, onların hər birinin özəlliyi, gözəlliyi və memarlıq xüsusiyyətləri barədə həm Xaçmazda, həm də Xaçmazdan çox-çox uzaqlarda hər kəs ürəkdolusu danışır. Bütün bu yenilikləri təkrar-təkrar seyr etdikcə, adam, sözün əsl mənasında, qürur hissi keçirir. Tam səmimi deyirəm, 8-10 il öncə bu və ya digər səbəb ucbatından Xaçmazı tərk etmiş insanlardan kimsə bu gün yenidən oraya dönsə, doğulduğu, boya-başa çatdığı o şəhəri əsla tanımaz. Bəli, Xaçmaz son illər həqiqətən tanınmaz dərəcədə dəyişib.
Bu yaxınlarda yolum qonşu Dağıstana düşmüşdü. Sərhədyanı rayonlarda, Dərbənd və Mahaçqalada oldum. Axırıncı dəfə təqribən 25 il öncə olduğum o yerlərdə sovet dönəmindən sonra sanki heç nə dəyişməyib. Yeni tikilən binaların sayı olduqca azdır. Həm Dərbənddə, həm də Mahaçqalada tək-tək binalar var ki, son illər fasadına əl gəzdirilib. Sərhədyanı rayonların qəsəbə və kəndlərində daha miskin görkəmlə qarşılaşdım. Bütün bunlar müstəqillik illərində Azərbaycanda olan inkişafın miqyasını daha aydın dərk etmək üçün yaxşı müqayisə obyektidir. Sərhədin o tərəfi ilə bu tərəfi arasında bilirsiniz nə qədər fərq hiss olunur?! Bu fərqi duymaq üçün təkcə Xaçmaz rayonunda qazanılan uğurları göz önünə gətirmək kifayətdir.
Mən yuxarıda Xaçmazı muzeylər şəhəri kimi təqdim etdim. Amma nəzərə alsaq ki, orada tikilən bir-birindən yaraşıqlı binalar, parklar, meydanlar, xiyabanlar, bənzəri olmayan möhtəşəm abidə-komplekslər—bütün bunlar bütövlükdə Xaçmaz şəhərinin son illər muzey-şəhərə çevrildiyindən xəbər verir. Ədalət naminə onu da etiraf etməliyik ki, Xaçmaz rayonunun timsalında müşahidə olunan dinamik inkişaf Azərbaycanın digər regionları, şəhər və rayonları üçün də xarakterik göstəricidir. Dövlət başçımızın sözləri ilə desək, “Biz Xaçmaz rayonunun timsalında bu gün Azərbaycanda apardığımız siyasətin nəticələrini görürük”.
Təbiidir ki, güclü iqtisadiyyatı olmayan heç bir dövlət qısa zaman ərzində belə möhtəşəm uğurlar qazana bilməz. Özü də nəzərə almaq lazımdır ki, bütün bu uğurlar müharibə şəraitində əldə olunub. Təsəvvür edin, məcburən hərbi sahəyə ayrılan Ermənistanın dövlət büdcəsindən artıq olan milyardlarla vəsait də iqtisadiyyatın inkişafına, tikinti və quruculuq işlərinə yönəlmiş olsaydı, görün onda nələr baş verərdi! Bu məqamı yada salmaqla diqqəti Xaçmazın iqtisadi uğurlarına yönəltmək istərdim. Əlbəttə, bu sahədə ciddi irəliləyiş və uğurlar olmasaydı, digər sahələrdə də işlər belə rəvan getməzdi. Hər şeydən öncə, onu deməliyəm ki, ölkə Prezidentinin təşəbbüsü ilə hazırlanan və qəbul olunan Regionların Sosial-İqtisadi İnkişafına dair ikinci Dövlət Proqramının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Xaçmaz əsaslı şəkildə yeniləşib. Ötən müddət ərzində rayonda sənaye və kənd təsərrüfatı istehsalının həcmi artmış, elektrik, istilik, qaz və su təchizatı hiss olunacaq dərəcədə yaxşılaşmış, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin və idman qurğularının tikintisi və yenidən qurulması istiqamətində mühüm işlər görülmüşdür. Dövlət Proqramı çərçivəsində rayon üzrə ümumilikdə 7004 yeni iş yeri, o cümlədən 4046 daimi iş yeri açılmışdır. Təkcə 2013-cü ilin birinci yarısında 759 yeni iş yeri açılmışdır ki, onların da 605-i daimi iş yeridir. 2013-cü ilin birinci yarısında ümumi məhsul istehsalının həcmi 103,6 milyon manat təşkil etmişdir. Rayon üzrə adambaşına düşən pul gəliri 620 manata, orta aylıq əmək haqqı isə 274,3 manata yüksəlmişdir. Rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 16,2 milyon manat təşkil etmişdir. Yarım il ərzində rayon üzrə ümumi sahəsi 6162 kvadratmetr olan yeni mənzillər tikilib istifadəyə verilmişdir. Ölkə Prezidentinin 27 mart tarixli sərəncamı ilə ayrılmış 3,7 milyon manat vəsait hesabına 10 kilometr uzunluğunda olan Qımılqışlaq-Mollaburhanlı avtomobil yolunun tikintisi başa çatdırılmışdır ki, bu da 6 min əhalinin yaşadığı 9 kəndi əhatə edir. Prezidentin 9 aprel tarixli sərəncamı ilə Xudat şəhərinin sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə 500 min manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına 155 ailə içməli su ilə təmin edilmiş, 3 binanın dam örtüyü yenilənmiş, 2 küçəyə asfalt örtüyü vurulmuş, 3200 kvadratmetr səki tikilmiş, şəhərin işıqlandırma sistemi yenidən qurulmuşdur. İl ərzində həyata keçirilməsinə başlanılmış iri layihələrdən biri də Xaçmaz şəhəri və ətraf kəndlərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsidir. “Azərsu” Səhmdar Cəmiyyətinin və Yaponiya Əməkdaşlıq Təşkilatının birgə həyata keçirməkdə olduqları bu layihə əsasında hazırda Xaçmaz şəhərində 2000 və 3000 kubmetr su tutumu olan 2 anbar tikilməkdədir.Rayon iqtisadiyyatının ənənəvi sahələrindən olan kənd təsərrüfatı və emal sənayesi sahəsində də ciddi uğurlara imza atılmışdır. Təbiidir ki, bütün bu uğurlar nəticə etibarı ilə rayon əhalisinin sosial rifah halının da əsaslı şəkildə yüksəldiyindən xəbər verir.
Son vaxtlar rayonda görülən mühüm əhəmiyyətli işlər və əldə olunan uğurlar barədə uzun-uzadı danışmaq olar. Amma güman edirəm ki, yuxarıda yığcam şəkildə olsa da, barəsində bəhs olunanlar Xaçmazın ümumi inkişaf dinamikası barədə kifayət qədər aydın təsəvvür əldə etmək üçün yetərli hesab edilə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Xaçmaz şəhərini 2013-cü il üçün “Əfsanələr paytaxtı” elan edərkən heç də yanılmamışdır. Həqiqətən, son illər Xaçmazın mədəni siması o dərəcədə yeniləşmişdir ki, onu öz gözləri ilə görməyənlər, bəlkə də haqqında deyilənləri və yazılanları əfsanə kimi qəbul edə bilər. Amma bir daha təkrar edirəm ki, Xaçmaz yenilikləri öz təravəti və miqyası ilə əfsanəyə bənzəsə də, sözün tam mənasında, bütünlüklə həyat reallıqlarından ibarətdir.
Son olaraq görülən müsbət işlərin əsas təminatçısı və baş təşəbbüskarı olan insanların xidməti barədə bir neçə söz deməklə qeydlərimi yekunlaşdırmaq istərdim.
Bəri başdan deyim ki, son illər Xaçmazda aparılan bütün tikinti və abadlıq işlərinin, demək olar ki, hamısının təşəbbüskarı və layihə rəhbəri məhz icra başçısı Şəmsəddin Xanbabayevdir. İş icraçısı A.Qasımovun söhbət əsnasında bildirdiyi kimi, elə tarix-diyarşünaslıq muzeyinin də layihəsi Şəmsəddin müəllimə məxsusdur.
Bundan əvvəlki yazılarımda ötəri də olsa, xaçmazlıların hörmətlə “ağsaqqal” deyə müraciət etdiyi Şəmsəddin müəllimin şəxsiyyəti və rəhbər işçi kimi iş üslubu barədə müəyyən mülahizələr bildirmişəm. Ənənəyə sadiq olaraq bu qeydlərimdə də bəzi məqamlara toxunmaq istərdim. Birincisi, Şəmsəddin müəllim olduqca peşəkar, işgüzar, həm də son dərəcə yaradıcı bir insandır. O, Heydər Əliyev idarəçilik məktəbini keçmiş təcrübəli kadrdır. İkincisi, o, son dərəcə sadə və səmimi bir insandır. Rayonda hər kəslə onun özünə uyğun dildə danışmağı xoşlayır. Üçüncüsü, o, Heydər Əliyev şəxsiyyətinə və ideyalarına son dərəcə sadiq insandır. Bu yerdə əvvəllər bir sıra rəhbər vəzifələrdə işləmiş Nazim İbrahimovun “Zerkalo” qəzetində dərc olunmuş bir fikrini olduğu kimi oxuculara təqdim etmək istərdim. O yazır: “Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə onun ətrafında olan ən layiqli, ən nəzakətli, ən təmiz və ən sadiq insanlardan biri məhz Şəmsəddin Xanbabayev idi”. Həmin fikrin davamı olaraq demək istərdim ki, Ş.Xanbabayev elə bu gün də rayon və şəhər icra hakimiyyəti başçıları arasında vəzifə borcunu sonadək vicdanla həyata keçirən, işə yaradıcı münasibəti ilə seçilən, mümkün resursları və ictimaiyyətin səylərini maksimum dərəcədə səfərbər etməyi bacaran, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə icra edən, Heydər Əliyev ideyalarına sadiqliyi ilə digərlərinə nümunə olan təcrübəli və işgüzar kadrlardan biridir.
Şəmsəddin müəllimin özünə gəldikdə isə o, əldə edilən bütün uğurları ulu öndər Heydər Əliyevin və Prezidentimizin adı ilə bağlayır: “Biz ulu öndər Heydər Əliyevin çox böyük uzaqgörənliklə müəyyən etmiş olduğu strateji yolla gedirik. Əldə etdiyimiz bütün uğurların mayasında dövlət başçımızın rəhbərliyi ilə Heydər Əliyev siyasi kursunun dönmədən həyata keçirilməsi durur. Rayon rəhbərliyinin xidməti isə sadəcə olaraq ulu öndərin ideyalarına sadiqlik göstərərək, möhtərəm prezidentimizin tövsiyə və tapşırıqlarını vicdanla icra etməkdən ibarətdir”.
Bəli, ölkə rəhbərinin tapşırıq və tövsiyələri harada ardıcıl və düzgün həyata keçirilirsə, orada mütləq böyük uğurlar qazanılır. Necə ki, Xaçmaz rayonunda bir-birinin ardınca yeni-yeni uğurlara imza atılır.
Q.CƏFƏROĞLU,
Azərbaycan Respublikasının əməkdar
jurnalisti
Xalq qəzeti.- 2013.-
5 oktyabr.- S. 3.