Nəsimi rayonunda Beynəlxalq Müəllim Günü qeyd olunmuşdur

 

Nəsimi rayonunda Beynəlxalq Müəllim Günü münasibətilə tədbir keçirilib. Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin təşkil etdikləri tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq təhsil işçilərini əlamətdar gün ilə əlaqədar təbrik etdionlara şərəfli fəaliyyətlərində uğurlar arzuladı.

 O bildirdi ki, son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsildə də böyük uğurlar əldə olunub. Azərbaycanda ildən-ilə təhsilin səviyyəsi artır, müasir standartlara cavab verən tədris müəssisələri inşa edilir, mövcud məktəblərdə təmir və bərpa işləri görülür, onların maddi-texniki bazası möhkəmləndirilir, bu sahədə çalışan insanların maddi rifah halının yüksəlməsi istiqamətində mütəmadi olaraq lazımi işlər həyata keçirilir.

2012-2013-cü tədris ilində Nəsimi rayonunda da bu sahədə nailiyyətlər əldə olunub. Rayondakı 35, 46 saylı tam orta məktəblər və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksiİlin ən yaxşı məktəbi”, 8 müəllim isə “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibi olmuşlar. Bu il rayon məktəblərini bitirmiş 1224 nəfər ali təhsil müəssisələrinə daxil olmuşdur. Onlardan 58-i 600-dən, 20 nəfəri isə 650-dən yuxarı bal toplamış. 4 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. Müəllimlərin peşə bayramı ərəfəsində rayonun təhsil işçilərindən biri “Əməkdar müəllim” adına layiq görülmüş, ikisi isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Sonra bir qrup təhsil işçisinə əldə etdikləri nailiyyətlərə və rayonun ictimai həyatındakı fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu.

Tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Aytən Mustafayeva iştirak edirdilər.

Respublikanın tanınmış müğənnilərinin və H.Sarabski adına Mədəniyyət evi kollektivinin ifasında böyük konsert proqramı nümayiş etdirildi.

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2013.- 5 oktyabr.- S. 4.