Müəllim adı şərəfli olduğu qədər də məsuliyyətlidir

 

Müəllimlik olduqca  şərəfli peşədir.  Cəmiyyətdə müəllimlərə həmişə  böyük hörmət və sayğı olub.  Ulu öndər Heydər Əliyev müəllim adını  uca tutardı, müəllimliyi  bütün peşələrdən ən şərəflisi hesab edərdi.  Ulu öndər deyirdi:  “Həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin  ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər  şeydən yüksək tutubdur”.

  Ümummilli lider  Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərə hörmət və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxınlaşdırılması qayğısına qalıb. O deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”. Bu şərəfli  peşə sahiblərinin əməyi  yüksək qiymətləndirildiyindəndir  ki, ayrıca Müəllimlər Günü  təsis edilmişdir.     

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd qəbul edilmişdir.  1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində bu gün ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günüqeyd edilir.  

Azərbaycanda da bu tarix təntənəli şəkildə qeyd olunur. Hazırda ölkəmizdəki 4529 ümumtəhsil məktəbində təhsil alan 1 milyon 352 mindən çox şagirdin təlim-tərbiyəsi ilə 168 mindən çox  müəllim məşğul olur.  Müəllim öz peşəsini  sevməlidir. Əks halda, o, istədiyi nəticəni ala bilməyəcək.  Uzun illərin təcrübəsindən  aydın olub ki,  müəllimlik  olduqca  çətin peşədir.  Çünki sənə   cəmiyyətin  gələcək  sahiblərinin taleyi həvalə olunur. Müəllimlik elə peşədir ki, onun əməyindən bütün cəmiyyət bəhrələnir.  Ona görə də hər bir müəllim   öz çiyinlərində bu ağır yükü daşımağı bacarmalıdır. Çox şükürlər olsun ki, bu gün  dövlətimiz bu peşə sahiblərinə böyük qayğı və  diqqət  göstərir, onların əməkhaqları ilbəil artır,  qabaqcıl  yaşlı müəllimlərə Prezident təqaüdü verilir.  Nə qədər müəllimlərimiz  son illər “Əməkdar müəllim” fəxri adına layiq  görülmüş, “Tərəqqi” medalı ilə təltif olunmuşlar.

Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrətmiş müəllim tutur. Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən müdriklərimiz  müəllimə  həmişə hörmətlə yanaşıblar.

Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən böyük məsuliyyətdir.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun ən fəal iştirakçılarıdır.  Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Bu gün  ulu öndərin  təhsilə, müəllimə  qayğıkeş münasibəti dövlətimizin   siyasətində önəmli yer tutur. Dövlət başçısının  sərəncamı ilə  hər il “Ən yaxşı müəllim”  müsabiqəsi  keçirilir.  Qalib müəllimlərimiz 5000 manat məbləğində mükafatlandırılırlar. Uzaq  rayonlarda yaşayan müəllimlərimizə xüsusi müavinətlər verilir. Müəllimlərimiz   təcrübə keçmək üçün  dünyanın inkişaf etmiş ölkələrinə göndərilirlər.  Bu gün Azərbaycan müəllimləri 20-25 il  əvvəl olduğu kimi   uçub dağılmış, təmirsiz məktəblərdə  dərs demirlər. Onlar üçün çox  gözəl, rahat şərait yaradılmışdır, indi müəllimlərimiz müasir standartlara uyğun, hər cür şəraiti olan yeni məktəblərdə  işləyirlər. Son vaxtlar  təhsilə qayğı xüsusilə artmaqdadır. Təhsil Nazirliyinin  həyata  keçirdiyi yeni  islahatlar   müəllimlərin də  fəaliyyətinə öz təsirini göstərmişdir. İndi müəllimlərimizdən  daha  ciddi işləmək, təhsilin keyfiyyətini  yüksəltmək,  gələcəyin  sağlam düşüncəli  qurucularınıı  yetişdirmək  tələb olunur.

 

Yəhya ABBASOV,

 

 Bakıdakı  244 saylı  tam orta məktəbin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2013.- 5 oktyabr.- S. 7.